Soyqırıma yol açan xəyanətlər
Millətimizin taleyinə yazılan amansızlığın bəlkə də ən birincisi onun ermənilərlə
qonşuluqda yaşaması, öz ərazisində, öz torpağında bu namərdlərə yer verməsidir. Məşhur tarixçi
V.L.Veliçko yazırdı: "Ermənilər haqqında çox-çox qədimlərdən pis bir fikir yaranıb və şübhəsiz,
bu, əsassız deyildir. Ona görə ki, əsas olmasaydı, bütöv bir xalq haqqında həm də müxtəlif
dövrlərdə belə bir fikir yarana bilməzdi". Məhz belə bir mənfur təbiətə malik olan ermənilər
həmişə xalqımıza, millətimizə qarşı müxtəlif soyqırımlar, terror aktları, repressiyalar həyata
keçiriblər.
Xocalı fəlakəti də məhz Ermənistanın türk millətinə qarşı yeritdiyi soyqırımı siyasətinin
tərkib hissəsidir. Bu faciə zamanı şəhid olmuş, əsir və girov düşmüş, qətlə yetirilmiş insanların
rəqəmlə ifadə olunmuş siyahısına baxanda adamın varlığından gizilti keçir. Lentə köçürülmüş
məqamları sadəcə seyr etmək də mümkün deyildir. Çünki tükürpədici "mənzərələr" adamın
varlığına vahimə gətirir. İnsan adlanan bəşər övladı bu dərəcədə qəddarlığı necə bacarır?
Təbiətdə yaşayan heyvanlar belə, öz cinsinə qarşı amansız olmurlar. Bu səbəbdən də bəşər
tarixində heç bir xeyirxah əməlin yiyəsi olmayan ermənilər haqqında pis fikirlər mövcuddur.
Gözəl Qarabağımızın dilbər guşələrindən biri olan Xocalı ötən əsrin əvvəllərində də
dəfələrlə erməni daşnakları tərəfindən yandırılıb, viran edilib. Amma sonuncu soyqırımının
nəticələri daha ağlagəlməz, daha dəhşətli olub. Neçə illərdir ki, biz bu fəlakətin ağrı-acıları ilə
nəfəs alır, onun başvermə səbəblərini araşdırır, müəmmalar qarşısında çırpınır və bir sualın
cavabını axtarırıq. Bu fəlakət baş verməyə bilərdimi?
Bəllidir ki, ermənilər bütün zamanlarda millətimizə diş qıcırdanda bu başıbəlalı Xocalı
coğrafi mövqeyinə görə əsas hədəflərdən birinə çevrilib. 1988-ci ildə Xocalının da başı üstünü
fəlakət almışdı. Amma həmin il ermənilər bunu törətməyə cəsarət edə bilmədilər. Birinci ona
görə ki, Xocalı xocalılılar tərəfindən inamla qorunurdu.
İkinci də, daşnaklar içimizdəki satqınların sifətlərinə hələ tam bələd deyildilər. Bu, o
zamanlar idi ki, yerli əhalini silahlandırmaq əvəzinə əlindəki, ovucundakı ov tüfənglərini də
alırdılar. Xocalıya qədər ermənilər millətimizin gözünü qorxutmaq üçün bir sıra ağır
əməliyyatları həyata keçirdilər. Məsələn, 1988-ci ilin fevralında ermənilərin indi dillərinin əzbəri
olan Sumqayıt hadisəsini törətdilər. 1989-cu ilin payızında Qərbi Azərbaycandan 300 minə yaxın
soydaşımızı minbir işgəncə ilə qovdular. Respublikamızın ovaxtkı rəhbərləri, başda Vəzirov
olmaqla, bu binəsib soydaşlarımıza qarşı son dərəcədə biganə və soyuq münasibət göstərdilər.
Dağ şəraitində yaşamış insanların Dağlıq Qarabağda məskunlaşmasına imkan vermədilər. Oraya
üz tutanları da Dağlıq Qarabağdan çıxardılar.
1990-cı ilin yanvarında sovet ordusunun köməyi ilə paytaxtımızda faciə törədildi. Dinc
əhali qətlə yetirildi, Bakı gülləbaran edildi. Vəzirov milləti qan içində qoyub qaçdı. Nazirlər
Sovetinin sədri Ayaz Mütəllibov tökülən qanları ayaqlayaraq Moskvaya getdi, qayıdanda da heç
nə olmayıbmış kimi ən yüksək kresloda əyləşdi. Belə insanların yadına millət, vətən düşməzdi.
Onları maraqlandıran ancaq və ancaq öz ətrafları və can atdıqları hakimiyyət, kreslo davası idi.
Azərbaycan torpaqları isə ermənilər tərəfindən kənd-kənd, rayon-rayon işğal edilirdi. Bu yerdə
yadıma bir əhvalat düşür. Bir kişi Əzrayılla dostluq edirmiş. Bir gün ondan xahiş edir ki, bilirəm,
nə vaxtsa canımı alacaqsan, amma məni xəbərdar et, sonra. Əzrayıl da ona söz verir. Vaxt ötür,
əvvəlcə bir qonşu, sonra o biri qonşu rəhmətə gedir. Qəfildən Əzrayıl kişinin başının üstünü
kəsdirir: "Canını almağa gəlmişəm". "Bəs niyə məni xəbərdar etmədin?" - deyə kişi gileylə
soruşur. Əzrayıl gülür: "Nə qəribə adamsan, yan-yörəndəki qonşuların hamısı vəfat etdi, bəs
bunlar xəbərdarlıq deyildi?"
Niyə xatırladım bu hadisəni? Xocalıdan öncə, məhz fevral ayında onun ətrafında olan
kəndlər ermənilər tərəfindən dağıdılır, yandırılır, külü sovrulurdu. Cəmilli, Meşəli, Quşçular,
Qaradağlı... kimi kəndlər yandırıldı, əhalisi qətlə yetirildi. O zaman bu bölgədə olan müxbirlər
yazırdılar, qəzetlərə informasiyalar ötürürdülər: Xocalı təhlükə qarşısındadır. Nəhayət, bu
şəhərin uzun sürən mühasirəsi, yollarının bağlanması niyə bir kimsəni ayıltmadı? Niyə ölkə
rəhbəri bu şəhərin müdafiəsini təşkil etmədi, niyə bu insanların harayı eşidilməz oldu? Bax bu
sualların cavabları o zaman əməli şəkildə həyata keçirilsəydi, əlbəttə, Xocalı soyqırımı baş
verməyə bilərdi. Amma təəssüf ki, bu soyqırımının elə dəhşətlə həyata keçirilməsində rəhbər
mövqedə olanların xəyanəti özü yol açdı.
Faciədən xeyli əvvəl Azərbaycan televiziyasının müxbiri Qulu Məhərrəmli Xocalıda
olarkən Milli Ordunun burada yerləşdirilmiş 15-20 nəfərinin komandiri, baş leytenant Aqil
Quliyevlə görüşüb. Aqil Quliyev cəbhədə baş verən uğursuzluqların səbəblərindən danışaraq
respublika prezidenti Ayaz Mütəllibovun göstərdiyi laqeyd və biganə münasibətə öz hiddətini
bildirib. "Əgər tezliklə əncam çəkilməsə, baş verə biləcək fəlakətin miqyasını sözlə ifadə etmək
çətin olacaq" - deyib. Təəssüf ki, o zaman teleşirkətin rəhbərliyində əyləşənlər də Ayaz
Mütəllibova xidmət göstərən dinsiz, imansız, duyğusuzlar idi. Onlar həmin çıxışın ekranda
getməsinə icazə vermədilər. Faciə baş verəndən çox sonra 1994-cü ildə biz ilk dəfə o kadrı
ekranda gördük. Artıq nə Xocalı var idi, nə də eks-prezident Ayaz Mütəllibov Azərbaycanda idi.
Bu haqlı ittihamların sahibi Aqil Quliyev də qəhrəmancasına həlak olmuşdu. Xocalıda göstərdiyi
igidliyə görə Aqil Quliyev ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görüldü.
İndi Şəhidlər xiyabanında uyuyan Əlif Hacıyev, Tofiq Hüseynov, İnqilab İsmayılov, Hikmət
Nəzərli də Aqil Quliyev kimi vətən qarşısında öz borclarını ləyaqətlə yerinə yetirərək Xocalı
uğrunda həlak olmuşlar. Onlar da məhz ölümlərindən sonra Azərbaycanın Milli Qəhrəmanı adını
qazanmışlar.
Qarabağın aran elləri Ağdamdan keçərək hər yay Xocalıya, Şuşaya üz tutardılar. İndi
Şuşada ermənilər yaşayır, Xocalı bayquşlar yuvasına çevrilib. Min illik qədim yaşayış yerlərimiz
erməni tapdağı altında əzab çəkir. Amma bu yaraların qaysaq tutacağına, nə vaxtsa sağalacağına
inanırıq.
Flora Xəlilzadə
Azərbaycan.-2009.-22 fevral.-S.3.