Ex Caelis Oblatus – Göy üzünün hədiyyəsi
Umberto Eko “Təhkiyə meşələrində altı gəzinti” kitabında ədəbiyyatın Düma və Coys arasındakı həssas və incə məqamında gəzişir. Düma ilə Coys arasında qalan oxucu və ədəbiyyatşünaslar üçün olduqca konseptual fikir irəli sürür: “Həyat Üç muşketyor”dan daha çox ““Uliss”ə bənzəyir. Halbuki biz həyatı Coysun bir təhkiyəsi, nəql etməsi kimi deyil, Dümanın təhkiyə forması, əhvalatı kimi qəbul edir və yaşayırıq”.
Umberto Eko “Sıfır sayı” romanında bu iki qütbü birləşdirir. “Sıfır sayı” həm kütləvi, həm elitar, həm əyləncəli, həm də ciddi bədii nümunədir. Publisistika və bədiiliyin sərhədləri isə “postmodern vəziyyət” yaradır. “Sıfır sayı” romanında məlumat, bilgi müharibəsindən doğan mediatik populizmin mahiyyəti, qara tərəfləri ehtimal kontekstindədir. Romanın postmodern elementləri Jan Bodliyarın “Tam ekran” adlandırdığı hiperhəqiqət və transreal məzmunla da kəsişir. Pastiş, parodiya, poststruktural elementlər gümansız və inamsız bir toplumun, istehlak cəmiyyətinin qara media ilə idarə olunması sarkazm və yumorun dili ilə tənqid olunur. Çünki video, interaktiv ekran, multimedia, internet, virtual gerçəkliklə qarşılıqlı təsir və əlaqə bizi hər tərəfdən təhdid edir. Hər yerdə məsafələr bir-birinə qarışır, hər yerdə məsafə yoxa çıxır. Artıq cinsiyyətlər arasında, zidd qütblər arasında, aksiyaların baş qəhrəmanları arasında, subyektlə obyekt arasında, həqiqətlə həqiqətin surəti arasında bir məsafə yoxdur. Bu anlayış, dərketmə xaosu, əks qütblərin bu toqquşması, mümkün və mütləq dəyər mühakiməsinin artıq heç bir yerdə olmadığını sübut edir: Nə sənətdə, nə əxlaqda, nə də siyasətdə. Məsafənin aradan qaldırılması hər şeyi eyniləşdirir, adiləşdirir.
“Sıfır sayı” romanı Ekonun digər romanları ilə müqayisədə həcmcə kiçikdir. Əsər maraqlı bir mövzuda yazılmışdır; “Adriatik sahilində onlarla hotelin, qocalar və kimsəsizlər üçün tikilmiş istirahət evlərinin, haqqında çox şey danışılan bəzi ticarət sövdələşmələrinin, gecə saat on birdən sonra verilişlərə başlayan və sadəcə hərraclar, alış-verişlər və açıq-saçıq şoular göstərən bir-iki yerli televiziya kanalının” və “iyirmiyə qədər mətbuat orqanının” sahibi olan Komendator Vimerkate adlı bir adam şantaj yolu ilə pul qoparmaq məqsədi ilə bir layihə tərtib edir. Layihə ondan ibarətdir ki, “Sabah” adlı bir qəzet digər bütün qəzetlərdən fərqli və oxucuları öz istədikləri istiqamətdə yönləndirəcək materiallar dərc edəcək, bununla Vimerkatenin nəzərdə tutduğu adamları narahat edəcək. Lakin layihə hələlik üzə çıxmayacaq, qəzetin yalnız 12 buraxılışı, 12 sıfır sayı həmin adamlara təqdim ediləcək və Vimerkate ilə razılaşmadıqları təqdirdə qəzet çap olunaraq nələrə səbəb olacağı aydın şəkildə göstəriləcəkdir. Vimerkatenin qəzet layihəsini tapşırdığı Simei obrazı isə ölkənin ən uğursuz mətbuat nümayəndələrini bu qəzetdə toplamaqla bərabər, qəzetdə bu bir il ərzində baş verən hər şeyi kitab halında yazmaq və özlüyündə bu materialı Vimerkateyə qarşı istifadə edə bilmək məqsədi ilə Kolonnaya müraciət edir. Bu uğursuz jurnalistlər Maya Frezia, Romano Braggadocio, Kambria, Luicidi, Palatino və Kostanza idi. Maya Frezia filologiya fakültəsini yarıda qoymuş, dedi-qodu jurnallarında işləyən, vəzifəsi şou-biznes dünyasını izləmək olan 28 yaşlı subay bir qızdır. Gündəlik qəzetin daha ciddi məslələrdən bəhs edəcəyini düşünərək “Sabah”a qoşulur. Kambria həbslər, avtomobil qəzaları nəticəsində baş verən ölümlərlə bağlı yazılar yazan, lakin uğursuz olan bir jurnalistdir. Luicidi “heç kəsin heç vaxt adını eşitmədiyi” nəşrlərdə çalışmışdı. Palatino tapmaca jurnallarında işləmişdi. Kostanza bəzi qəzetlərdə korrektor kimi çalışmışdı.
Demokratik jurnalistikanın əsas qaydası hadisələrin yanaşmalardan ayrı tutulmasıdır. Sıfır sayı olaraq adlandırılan bu qəzetdə isə bunun tam əksinin necə hiss etdirmədən həyata keçirələcəyi toplantılarda bir-bir müzakirə edilib müəyyənləşdirilir: “Böyük anqlasakson qəzetlərinə baxın. Məsələn, bir yanğın ya da avtomobil qəzasından bəhs edirlərsə, özlərinin nə düşündüklərini açıq şəkildə söyləməzlər. Bunun üçün bir şahidin, yoldan keçən adamın, ictimaiyyəti təmsil edən birinin fikirlərini dırnaq içində xəbərə daxil edərlər”. Yəni burada deyilənə əsasən, jurnalistin oxucunu öz fikrinə inandırmaq üçün çox bəsit bir yoldan istifadə etməsi kifayətdir. O, hər mövzuda bu misaldakı kimi davrana bilər. Gördüyümüz kimi, mətbuat orqanlarının cəmiyyəti necə aldatdıqları, istədikləri kimi yönləndirdikləri aydın şəkildə göstərilir. “Unutmayın ki, indiki dövrdə bir ittihamı təkzib etmək üçün əksini sübut etməyə ehtiyac yoxdur, ittiham edən şəxsi qaralamaq, etibardan salmaq lazımdır”. Bunun səbəbi, müasir oxucunun xəbərlərdən daha çox şəxslərlə, onların həyatı, işi, görünüşü ilə maraqlanmasıdır. Buna görə də, bir insanın dediklərini təkzib etmək üçün onun fikirlərinin əksini sübut etmək lazım deyil, onunla bağlı hər hansı xoşagəlməz faktın üstünü açmaq kifayətdir. Beləliklə, “biz ətrafımızda baş verənləri izləyən zaman, Umberto Eko önümüzə qoyulan xəbərlərə niyə şübhə ilə baxmalı olduğumuzu israrla izah edir”. “Qəzetlər yalan danışır, tarixçilər yalan danışır, bu gün televiziya da ancaq yalan danışmaqla məşğuldur”. Bəzən bu transpopulist vəziyyətin yalan olduğunu dərk etmir və inanırıq, bəzən isə yalan olduğunu bilə-bilə inanmaq istəyirik.
Həyatın “Tam ekran”da bu qədər saxta və çılpaq görünüşü belə bir təsəvvür yaradır ki, keçmişdən bu günə heç nə dəyişmir. Standart bir həyat tərzi, dünyagörüşü var. Ancaq yazı, şeir, ədəbiyyat belə deyil. Hər an, hər saat, hər gün, hər əsr və hətta hər era dəyişir, insana rəngli bucaqlardan baxır, dəyərləndirir, həyata müxtəlif mənalar qazandırır...
Roman “Bu səhər krandan su axmırdı” cümləsi ilə başlayır, bu cümlə 6 iyun 1992-ci ildə deyilir. Heç 20 səhifə oxumamış zaman dəyişir və hadisələr bundan 2 ay əvvələ, 6 aprel 1992-ci ilə aparılır və süjet davam edir. Yalnız sonlara yaxın təhkiyəçi ilk cümləni dediyi günə qayıdır. “Və səhər yuxudan oyandıqda krandan su axmırdı”. Zaman sıçrayışları fonunda sənət və məsuliyyət tezisi qavranılır.
Son jurnalist obrazı Romano Braggadocioda müəllif maraqlı bir priyomdan istifadə etmişdir. Braggadocio deyir: “Babam kimsəsiz, atılmış bir uşaq olub, bildiyiniz kimi belə hallarda bələdiyyə işçilərindən biri o uşağa bir soyad uydururdu. Sadist bir adam olsaydı, uşağa hətta Ficarotta soyadını verə bilərdi. Babamın bəxtinə düşən məmursa, yəqin yarısadist olub, ya da müəyyən bir mədəniyyətə sahib olub”. Romanonun soyadı ilə bağlı bu motiv Ekonun öz həyatından alınmışdır. Belə ki, Umberto Ekonun babası da kimsəsiz və atılmış bir uşaq olub və ona da Romanonun babası kimi soyad verilib. Umbertonun babasına isə üç sözün abreviaturasını soyad kimi veriblər: Ex Caelis Oblatus – (ECO) – yəni “göy üzünün hədiyyəsi”.
Braggadocio da bu yalanlar dünyasında yaşayanlardan biridir. O, Mussolininin öldürüldüyü vaxt onun həqiqətən ölmədiyini, özünün əvəzində oxşarının güllələndiyini düşünür. Bu həqiqəti araşdırmaq yolunda davam edərkən ölkənin 50 illik tarixi hadisələri nəzərdən keçirilir. (Əvvəl də qeyd etdiyim kimi, hadisələr 1992-ci ildə cərəyan edir. Buna görə, Braggadocionun araşdırmalarında 40-cı–90-cı illər tarixindən danışılır.) Braggadocio “Şübhələnmək, daim şübhələnmək lazımdır, yalnız bu yolla həqiqəti tapa bilərsən”, fikrinə inanırdı. Bu yol üzrə irəliləyərkən atdığı daşlardan biri hədəfə dəydi və buna görə də öldürüldü. Əslində onun dedikləri bəlkə də yanlış idi, ya da başqalarının da təxmin edə biləcəyi, şübhələnə biləcəyi hadisələr idi. Lakin özünün də dediyi kimi “Faktlar ayrı-ayrılıqda heç bir şey deməz, amma bir yerə topladıqda sənə ilk baxışda məlum olmayan bir şeyi göstərər”. Braggadocionun da etdiyi təxminən bu idi. Lakin bu işə Simei və hadisələrin təhkiyəçisi Kolonna da qarışmışdı. Hətta Vimerkateyə də xəbərdarlıq gəlmişdi. Buna görə də, Vimerkate qəzeti bağlayır. “Sabah” öz ömrünü başa vurur. “Sabah” bu gün ölür”. Simei isə çarəni şəhərdən çıxmaqda tapır. “Ya ortada bir axmaqlıq var və bu bizi maraqlandırmır. Ya da etibarlı bir fikir var və böyük ehtimalla kimsə bu fikri gec-tez ifadə edəcəkdir”. Bu dəfə fikri ifadə edən Braggadocio olur və bunu həyatı ilə ödəməli olur.
Romanın ən maraqlı tərəfi Kolonna-Maya xəttidir. Kolonna 50 yaşında, Maya isə 28 yaşında olmalarına baxmayaraq, onlar bütün bu yalanların, uğursuz iş həyatının içində bir-birlərini tapır, bir-birlərinin uğuru olurlar: “- İki uğursuzun belə xoş bir görüşündən daha böyük bir uğur ola bilməz”. Maya müdafiəsiz bir qızdır, bu səbəbdən öz iç dünyasına sığınmışdır, başqalarının dünyasında nələr baş verdiyini bilmək istəmir, bunun səbəbi, bəlkə də, nə vaxtsa o dünyalar tərəfindən yaralanmasıdır. O qədər qeyri-adi xüsusiyyətlərə malik və məncə, əsərin ən maraqlı surətidir ki, hətta Braggadocio onun qəribə xüsusiyyətlərini autizmin ilk əlamətləri hesab edir və bu fərziyyəsinin həqiqət olub-olmaması əsərdə aydınlaşmır. Yenə ehtimallar...
Maya belə bir bağlı dünyaya Kolonnanı qəbul edir. Kolonna da eyni zamanda qadınlara bağladığı qapılarını Mayaya açır: “Otuz ildən çox idi ki, heç kəsə belə sözlər deməmişdim. May ayı idi və mən otuz ildən sonra baharın gəlişini sümüklərimdə hiss edirdim”.
Su kranı ilə bağlı uzun müddət davam edən şübhələrdən Kolonnanı xilas edən də nəhayət Maya olur. Onun bir xeyli düşünüb gəldiyi qənaətə görə Braggadocionun öldürüldüyü gün Kolonnanın evində işləyən xadimə su kranının axıtdığını görür və ümumi kranı bağlayır. Gecə evə gəlib bir stəkan su ilə dərman atan Kolonna isə boruda qalmış su ilə stəkanını doldura bilir və başqa heç bir iş görmədən yatır. Yəni evə heç kəs daxil olmamış və Kolonna təhlükə altında deyil. Hər halda bu da bir ehtimaldır və nə qədər məntiqə yaxın olsa da, real variant olmaya da bilər. Seçimi Kolonna edir və Mayaya inanmağı, onun ehtimalını özünün hər cür ehtimalından üstün tutmağı seçir. Hər an şübhə ilə yaşamaq ən pis faktla yaşamaqdan belə pisdir. Maya Kolonnanı bu məchulluq uçurumundan çəkib çıxarır və yalnız bundan sonra onlar həyatlarına davam edə bilər: “Mənə dincliyi, özümə inamı, ya da ən azından məni əhatə edən dünyanın inamsız sükunətini qaytaran Maya oldu. Əgər çox şey tələb etməsən, həyata dözmək olar”.
“Sıfır sayı” Ekonun “Fuko kəfkiri”, “Ərəfə adası”, “Baudolino”, “Şəhzadə Loananın sirli alovu”, “Praqa qəbiristanlığı” və “Qızılgülün adı” romanlarının ədəbi-fəlsəfi yekunudur. Bu estetik kilid və açar rolunu oynayan roman ömür çevrəsi qapanan Ekodan - “Göy üzünün hədiyyəsi”ndən qalan sonuncu ədəbi mirasdır.
Ülvi BABASOY
Dostları ilə paylaş: |