Xiv mövzu: Ailədaxili münasibətlərin şəxsiyyətin formalaşmasinda rolu plan



Yüklə 31,68 Kb.
səhifə1/6
tarix02.01.2022
ölçüsü31,68 Kb.
#42256
  1   2   3   4   5   6
mövzu 14. Ailədaxili münasibətlərin şəxsiyyətin formalaşmasinda rolu


XIV Mövzu: Ailədaxili münasibətlərin şəxsiyyətin formalaşmasinda rolu

PLAN:

1. Ailənin mənəvi əsasları və Psixoloji mühiti.  

2.Ailənin funksiyaları, tipləri və quruluşu. 

3. Ailədə tərbiyənin prinsip və metodlarından istifadə 



4. Ailə münasibətlərinin pozulması nəticələri . 

Ailənin mənəvi əsasları və Psixoloji mühiti.  Cəmiyyətin mənəviyyatı xeyli dərəcədə ailələrdən asılıdır. Ailə cəmiyyətin özəyidir. Ona görə də dövlət maraqlıdır ki, ailələr möhkəm, nikah uğurlu olsun, ailədə uşaqlar düzgün tərbiyə alsınlar. Bu da təbiidir. Ailədə tərbiyə olunmuş gənclər sabah cəmiyyətdə fəaliyyət göstərəcək, təhsil alacaq, müxtəlif vəzifələr tutacaqlar. Onlar mənəviyyatca nə qədər sağlam olsalar, cəmiyətin dayaqları bir o qədər sağlam olar. Deməli, cəmiyyətin, dövlətin möhkəmliyi, qüdrətli olması xeyli dərəcədə ailələrin möhkəmliyindən, bu ailələrdəki mənəvi və psixoloji iqlimin sağlamlığından çox asılıdır. Ər və arvadın bir-birinə qarşılıqlı məhəbbəti, bir-birini qarşılıqlı anlaması, səmimiyyət, birinin digərinin sevincinə, kədərinə şərik olması, qarşılıqlı kömək, bir-birinin sağlamlığı qayğısına qalması, eyni zamanda öz övladlarını sevmələri, valideynlər və uşaqlar arasında qarşılıqlı anlama şəraitinin olması, ata-anaların öz oğul və qızlarının gələcəyi, uğurları naminə çalışmaları, uşaqların öz valideynlərinə hörməti və onların nüfuzunu qorumaları ailənin mənəvi əsaslarını təşkil edir. Ailənin hər bir üzvü ailənin şərəfini qorumalı, onu nümunəvi ailə kimi tanıtmalıdırlar. Ailədə kişi bir ər və ata kimi məsuliyyət daşıyır və mənəvi borca malikdir. Kişinin öz həyat yoldaşına xeyirxah münasibətindən danışarkən V.Q.Belinski yazırdı: “Arvad bizim məşuqəmiz deyil, dostumuzdur, həyat yoldaşımızdır. Ona görə də o, lap qocalıb qarı olduqda da biz onu sevməli və ona hörmət etməliyik.” Məhz belə səmimi münasibət, qarşılıqlı məsuliyyət hissi hökm sürdükdə ailə öz vəzifələrini uğurla həyata keçirə bilir. Qadının da bir həyat yoldaşı kimi (arvad) və ana kimi öz borcu, məsuliyyəti vardır. Atalarımız təsadüfən deməmişlər: “Kişi gətirməyi, qadın yetirməyi bacarmalıdır”, “Kişi fəhlədir, qadın bənna”. Ailədə “mən” hissi “biz” hissinə çevrilməlidir. Ailə dövlətin himayəsi altındadır. Hazırda cəmiyyətimizdə, ailədə mənəvi münasibətlərin yeni tipi formalaşmışdır. Ailənin əsaslandığı ən mühüm prinsiplər kimi, məhəbbət, borc, qarşılıqlı anlama və hörmət, ata-anaların öz övladlarının qayğısına qalması və onların tərbiyəsinə fikir verməsidir. Ölkəmizdə əksər ailələr niyyətə, mənafeyə görə deyil, qarşılıqlı məhəbbət əsasında qurulur. Valideynlərin arasındakı qarşılıqlı hörmət və səmimiyyət eyni zamanda uşaqlar üçün ən nümunəvi tərbiyə məktəbinə çevrilir. Biz göstərdik ki, ailə gənclərin qarşılıqlı sevgisi əsasında yaranır. Lakin gəlin etiraf edək: ailənin möhkəm olması üçün təkcə məhəbbət kifəyət deyil. Mümkündür ki, madii mülahizə əsasında qurulan ailə, məhəbbətə görə yaradılan ailədən daha uğurlu və möhkəm olsun. Maddi çətinliklər, xarakterlərin, temperament tiplərinin fərqli olması, məqamların, mənafelərin uyğun gəlməməsi, hövsələsizlik, kənar şəxslərin ailənin işlərinə qarışması ər-arvadın məhəbbətini soyuda bilir. Əlbəttə, bu məhəbbət güclü, möhkəm deyilsə. Lazımdır ki, ər və arvad ailə qarşısındakı borcunu aydın anlasın, məsuliyyətini dərk etsin. Məhəbbət bir-biri qarşısında borc və məsuliyyət daşımaqla sıx surətdə bağlıdır. Ər-arvadlıq və ailə borcu çox mühüm mənəvi sərvətdir. Valideynlər oğullarına həyat yoldaşı axtaranda qızın ailəsinə mənəvi dəyərlər baxımından yanaşır.Onun ata-anasının, bacı-qardaşlarının ailədə, cəmiyyətdə, məhəllədə, işdə mövqeyi necədir, tərbiyələri necədir; ər-arvadin bir-birinə, uşaqlarına münasibətləri, ailənin tərbiyəvi potensialı, mənəvi və psixoloji iqlimi necədir? Qıza elçi gələndə də oğlan evi barədə məlumat toplayırlar. Bu da təbiidir. Valideynlər qızlarının necə bir ailədə yaşayacağını, bu ailədə qarşılıqlı münasibətlərin əxlaq normalarina uyğun qurulub-qurulmadığını bilmək istəyirlər. Oğlanın özünün və valideynlərinin ailə borcuna necə əməl etdiklərini, ailə qarşısında məsuliyyət daşıyıb-daşımadıqlarını aydınlaşdırmaq istəyirlər. Ailədə xoş, səmimi münasibət, bu və ya digər problemlə bağlı ər və arvadın bir-biri ilə məsləhətləşməsi, lazim gələrsə, ailənın digər üzvlərinin-oğlanların və qızların, baba və nənənin fikrini öyrənmək ailənin mənəvi dayaqlarını möhkəmləndirir. Gəlin nəticə çıxaraq. Ailədə mənəvi atmosferin uğurlu olması bizim hər birimizdən asılıdır. Lakin ər və arvad müəyyən bir qərara gəldikdə, hər şeydən əvvəl ailənin mənafeyini, uşaqların taleyini düşünməlidirlər.

Əgər ailəni insan mənəvi və psixoloji baxımdan rahatlıq, dinclik tapdığı yer kimi qəbil etsək, o (ailə), böyük hərflə yazılmalı olan Evdir. “Ailə” və “ev” sinonim kimi insanların şüuruna həkk olunub. Biz ailə deyəndə evimizi, evimiz deyəndə ailəmizi düşünürük. Tərkibinə, həyat tərzinə, maraqlarına və bu maraqları ödəmə imkanlarına görə bir-birindən fərqlənən ailənin çox müxtəlif tipləri vardır. Bundan başqa, ailənin hər bir üzvü öz maraq dairəsinə, adət və zövqlərə, estetik və gözəllik haqqında özəl təsəvvürlərə malikdir. Yaşla bağlı dəyişikliklər və fərqlər insanın öz evinə, mənzildə yaşama şəraitinə verdiyi tələblərdə əlavə təshihlər aparmasına səbəb olur. Evdə psixoloji iqlimin hökm sürməsi üçün ailə üzvləri arasında psixoloji uyuşma mövcud olmalıdır. İlk növbədə ailə həyatının başlanğıcında ər-arvad bir-birinə uyğunlaşmalıdırlar. Kişi bir ailədə, qadın başqa ailədə böyüyüb. Onlara ata evində verilən tərbiyə, göstərilən pedaqoji təsirlər müxtəlif ola bilər. Mümkündür ki, birisi həmişə qayğı ilə əhatə olunub, maddi ehtiyacın nə olduğunu bilməyib, necə deyərlər, ona güldən ağır söz deyilməyib, əlini ağdan-qaraya vurmayıb, tələbi dərhal ödənilib, digəri isə, maddi sıxıntı da çəkib, uşaqlıqdan valideynlərinə öz işlərində kömək edib, acı söz də eşidib, danlaq da görüb. Ailəni ilin fəsillərinə bənzətsək, onun da qışı, baharı, yayı, payızı var. Qış insanı üşütdüyü kimi, ailədə münasibətlər gərgin olsa, bu, ailəni üşüdəcək, ər-arvadın əlini işdən soyudacaq. A.S.Ekzüperi hələ vaxtilə deyərdi: “Bir-birinə baxmaq yox, bir istiqamətə baxmaq-məhəbbətin mənası belədir!” Burada kişi və qadın həmrəyliyi, eyni məqsəd, eyni amal üçün çalışmaq istəyi öz əksini tapıb ki, psixoloji uyuşma üçün bu vacibdir. Hegelin belə bir fikri var: “Ailənin yaradılmasının əsasları təbii meyldən deyil, təsadüfi ehtirasdan və müvəqqəti şıltaqlıqdan yüksək duran qadın və kişi arasındakı mənəvi və əxlaqi əlaqədən ibarətdir.” Bu sözlərdə dərin həqiqət var. Ailənin psixoloji iqlimi qeyd olunan cəhətlərlə sıx surətdə bağlıdır. Uşaqlar bir-birinin ardınca dünyaya gəldikcə ailə genişlənir, yeni münasibətlər yaranır. Bu münasibətlərin düzgün tənzim və idarə olunması ailənin mənəvi və psixoloji əsaslarını möhkəmləndirir. Ailədə psixoloji iqlim ailə üzvlərinin birgə fəaliyyətinin, onların şəxsiyyətlərarası münasibətlərinin nəticəsində yaranır. Lakin ər-arvad, ata-ana, övladlar və b. arasında qarşılıqlı münasibət daha çox həsslərə əsaslanır. Buna görə də ailənin həyatında psixoloji iqlim xüsusilə mühüm rol oynayır. Ailə üzvləri arasında qarşılıqlı anlama, qarşılıqlı hörmət və qayğı, bir-birinə dayaq durmaq, qarşılıqlı yardım, mehribanlıq, səmimiyyət, tələbkarlıq başlıca mənəvi normaya çevrilməlidir. Bunsuz ailədə psixoloji iqlim bərqərar olmaz. Nuklear (sadə) ailədə ailənin psixoloji iqlimi ər-arvad və uşaqlardan asılı olur. Qarşılıqlı münasibətlər düzgün qurulsa, problem baş qaldırmır. Mürəkkəb ailə şəraitində əlavə problemlər ortaya çıxır. Ər-arvad və uşaqlardan savayı, ailədə baba-nənə, kişinin qardaşı və bacıları (qayın və baldız) olur. Burada qarşılıqlı münasibətlərin qurulması müəyyən çətinliklərlə müşayiət olunur. Bədii ədəbiyyatdan və həyat təcrübəsindən görünür ki, qayınata-gəlin münasibətləri gəlin-qayınana münasibətlərinə nisbətən ixtilafsız ötüşür. Qayınata bir çox hallarda hətta gəlinin müdafiəsində dayanır, gəlinlər də qayınatalarını özlərinə arxa, dayaq hesab edir, problem yarananda ondan kömək istəyir. Qayınatanın belə mövqeyi onun kişi xarakterindən irəli gəlir, təbiət tərəfindən ona verilmiş yüksək səviyyədən gəlinin gözləri qarşısında enmək istəmir, hətta bəzən gəlin-qayınana arasında yaranmış xoşagəlməz münasibətlərlə bağlı öz həyat yoldaşına acıqlanır da. Gəlin-qayınana münasibətləri həmişə söhbət mövzusu olmuşdur. Diqqət yetirək: “Gəlin mənim süpürgəmdir, harda qoysam durmalıdır”, “Yanan anadır, yeyən qayınana”, “Gəlinin dini yox, qayınananın imanı” və s. (Azərbaycan atalar sözlərindən). Baldızlarla müqayisədə qayın və gəlin münasibətləri də sakit ötüşür. Baldıza gəldikdə isə, ailədə gəlin-qayınana ixtilafları yaranmışsa, baldızlar analarının tərəfində dayanır, qardaşı arvadları ilə dilləşirlər. Baldız-gəlin münasibətləri də ailənin psixoloji iqliminin pisləşməsinə səbəb olur.
*Daxili funksiyalar bununla əlaqəlidir ki, ailə, sosial qrup olaraq, təşkilat şəklində fəaliyyət göstərir və bir sıra vəzifələri ICRA edir: təsərüffat-məişət, tərbiyəvi, istehlak və idarəetmə.
Cəmiyyətdə ailə münasibətlərinin tarixi formaları müxtəlif olmuşdur. Bu formaların təbii və sosial tərəflərinin ifadə tərzi də bir-birindən fərqlənmişdir.
İnsan birliyinin ilkin formalarından biri olan ailə özündə bilavasitə fərdi və kollektiv başlanğıcları birləşdirir, bununlada sosial idealların və davranışın meyarının mənbəyi kimi çıxış edir. Ailə uşağın dünyagörüşünü formalaşdırır, onun əxlaqının, mənəvi aləminin sosial mədəni özəyini yaradır. O, tarixi ənənələrin vacib ünsürlərindən biri olaraq, yeni nəsildə şüur stereotipləri, davranış və hərəkət qaydaları haqqında təsəvvürlər yaradır, sosial təcrübəni nəsildən nəsilə ötürür.
Sosial- fəlsəfi fikir tarixində ailə problemi həmişə maraq doğurub. Məsələn “Kitabi-Dədə Qorqud” eposunda türk xalqlarının ailə- nigah münasibətlərinin təsviri mühüm yer tutur: 7- 9-cu əsrləri əhatə edən bu eposda ailə, kişi-qadın münasibətləri, valideyn, övlad, ailə və cəmiyyət haqqında çox maraqlı ideyalar irəli sürülmüşdür. Bu ideyalarda həm ümumbəşəri, həm də real milli-etnik, o cümlədən dini, hüquqi, məişət problemləri öz əksini tapmışdır. Burada o dövrün ailə münasibətlərini həm konkret, real hadisələrin təsvirində, həm də ayrı-ayrı qəhrəmanların öyüd nəsihətlərində öyrənmək olur. Bu münasibətlərin əsasını həm də dini təsəvvürlər (şəriət) təşkil etmişdir.
Böyük şair, mütəfəkkir N.Gəncəvi ailənin cəmiyyətdə rolunu yüksək qiymətləndirirdi; onun məişət-istehlak və tərbiyəvifunksiyasından bəhs edən şair eyni zamanda insanlarda yüksək əxlaqi, ümumbəşəri keyfiyyətlərin aşılanması yollarını axtarıb göstərmişdir. Nizami öz əsərlərində həm də cəmiyyətdə qadınların rolunu yüksək qiymətləndirmişdir.
Görkəmli şair, filosof M.Füzuli feodal rejiminin sosial ədalətsizliyinə qarşı çıxış etmiş, əmək bölgüsünə uyğun cəmiyyətin sosial strukturunda baş verən prosesləri təhlil edib, cəmiyyətin inkişaf qanunları, qadınların cəmiyyətdə rolu, sülh və müharibə, dövlət siyasəti, ailə haqqında ibrətli fikirlər irəli sürmüşdür. Füzulinin məhəbbət aləmində kişi və qadın arasındakı sevgidən bəhs edilir: şairin təsvirində məhəbbət-azadlıq, ədalətlilik və müstəqillik deməkdir, çünki əsil məhəbbət insanları cəhalətdən, feodal zülmündən uzaqlaşdırır, daha mükəmməl olmağa imkan yaradır.
Görkəmli filosof, astronom N. Tusi ailədə sosial funksiyaların yerinə yetirilməsində sosial mühiti qiymətləndirərkən, yazmışdı: “İnsan yaşamaq üçün öz əzəli, təbii ehtiyaclarını ödəməlidir, bunun üçün də cəmiyyətdə birləşməli, fəaliyyət göstərməlidir”. Cəmiyyətdə insanın təbii sığınacağı ailədir. Ailədə həm nəsil artırılır, həm də ev-eşik qorunub saxlanılır, həm də ailə üzvləri lazımi tərbiyə alır. Tusi, ailənin yaranmasında adət-ənənə, idarəçilik vərdişlərinin, sosial psixoloji mühitin rolunu xüsusi olaraq qeyd edirdi. O, ailədə idarəetmə funksiyasının icrasında əsas rolu ailə başçısına aid edir. Ev sahibi ailənin maddi təminatına, vacib məsələlərin həllinə, tərbiyə işlərində mükafatlandırma və cəzalandırma, əmək bölgüsünün təşkilinə cavab verməlidir. Tusi münasibətlərin idarəetmə baxımından tənzimlənməsi problemlərini də nəzərdən keçirmiş, məişət–istehlak funksiyasının vacibliyindən bəhs etmişdir. Bu funksiyaların ən vacib olduğunu sayan Tusi onların həyata keçirilməsi yolunu yüksək əxlaqi dəyərlərə əsaslanmaqda görürdü. 
Digər görkəmli filosof S.Urməvi etik məsələlər sırasında ailə münasibətlərinin struktur və idarəolunması problemlərini də araşdırmışdır. Ailə üzvləri bir-birilə qarşılıqlı məsuliyyət və hörmət şəraitində davranmalıdırlar. Tərbiyə sosiallaşma prosesində ailə, müəllim və mühitin rolunu qeyd edən filosof hesab edirdi ki, ictimai münasibətlərin iştirakçısı olan hər bir şəxs öz fəaliyyətində dil, təfəkkür və triadasından vəhdət halında istifadə etməlidir.
Qədim yunan fəlsəfəsində ailə probleminə Aristotel belə münasibət bildirib: “Ailə insanların birgə yaşayışın ilk təbii formasıdır, tarix boyu dəyişilməyib qalandır”. Ailənin üç ikitərəfli hissəsi və bu hissələrə uyğun üç münasibətlər forması var: quldar və qul, ər və arvad, valideyn və övladlar. Hakimiyyət qul üzərində, arvad və uşağın üzərində olur. Belə hakimiyyət bir növ monarxiyaya bənzəyir. Arvadın hakimiyyətdə olması təbiətə ziddir: Susmaq qadına yaraşıq verir (Sofokl). Qadına bu cür münasibət təbii idi. O dövrün cəmiyyətində qadın mədəniyyət, təhsil, ictimai işlər, siyasətdən tamamilə uzaqlaşdırılmışdı. Platonun ailə haqqında təsəvvürləri ideal dövlət quruluşundan irəli gəlirdi. O qeyd edirdi ki, ailə münasibətlərini bütövlükdə dövlət tənzim edir. Onun təlimində təbəqələşməyə və sosial struktura uyğun cəmiyyətin bəzi üzvləri ailə qurmaq imkanından məhrum edilirdi. Ailə quranlar isə bütün həyatını, uşaqların tərbiyəsini uşaqların mənafeyinə həsr etməlidirlər.
Tarixin bütün dövrlərində ailə ictimai inkişafın əsas xüsusiyyətlərini özündə əks etdirmişdir, ictimai fikir isə bu xüsusiyyətləri ifadə etməyə çalışmışdır. Məsələn, İ.Kant “Kişi və qadınlarda gözəllik və əzəmət” əsərində qadınlarda gözəl olan xüsusiyyətlərin sırasında incəliyi, yumşaqlığı, dostluqda sədaqətliliyi, üzügülərliyi, zarafatcıllığı, gözəlliyə, bəzəyə, zərifliyə meyilli olmasını qeyd edirdi. 
Qadınların qismətinə “gözəl düşüncə”, kişilərin payına isə “dərin ağıl” düşür. Əsil məhəbbət, həqiqi gözəl hiss və duyğular, yüksək əxlaq da mənəviyyata əsaslanmalıdır. 
“Qadına qarşı olan məhəbbət ümumiyyətlə məhəbbətin əsasıdır. Qadını sevməyən insanları da sevməz” deyən L.Feyerbax da məhəbbətin zəkanın və təbiətin universal qanunu olduğunu qeyd etmişdir. Məhəbbət insan üçün ən ali və ilkin qanundur. İnsanların birgə yaşayış qaydalarını ilahiləşdirən Feyerbax qadın-kişi məhəbbətinə nigaha da dini məna verirdi.
Ailə problemi müasir dövürdə çox elmlər o cümlədən sosiologoya tərəfindən öyrənilir. Ən çox öyrənilmiş sahələr ailənin reproduktiv funksiyası, qadının peşə fəaliyyəti və ictimai vəzifələri, ailə uşaqların tərbiyə olunması, valideynlər və uşaqların münasibətləridir.
Ailə bütün fəaliyyət sahələrində həm ictimai həm də fərdi funksiyaları yerinə yetirir. Ailənin funksiyaları tarixi kateqoriyalardır, ənənəvi və müasir xarakter daşıyır.
Ailənin mənəvi funksiyasının sosial – psixoloji təhlilini aparanlardan biri də E.From (1900-1980) olmuşdur. O ömrü boyu dünyanın totalitarizm kabusundan azad olunması uğrunda mübarizə aparıb, yalançı ideologiyaları ifşa edib, ümumbəşəri dəyərlərin əbədiliyini, dönməzliyini sübut etməyə çalışmışdır. From sülh və məhəbbət uğrunda, düşmənçilik və aqressiv nadanlığa qarşı çıxış edirdi.
Sosial psixologiya, psixoanalitika sahəsində qazandığı geniş təcrübə E.Froma insan psixikasının formalaşmasında bioloji və sosial başlanğıcların nisbətinə yeni baxış yaranmağa imkan verdi. 1956-cı ildə dərc etdiyi “Sevmək sənəti” əsərində o, öz başlıca mövzularından birinə texniki sivilizasiyanın neqativ aspektləri, təbii sərvətləri tənzimləyən istehlakı probleminə müraciət edərək, insan psixikasının formalaşmasında sosial amillərin rolunu neofreydizm mövqeyindən qiymətləndirməyə cəhd edir. O göstərirdi ki, insan öz həyatında müəyyən seçim qarşısında qalır: aqressivlik və yaxud tabeçilik? yalnız ağıl zorakılığa, sonu olmayan, düşüncəsiz dağıdıcı fəaliyyətə son qoya bilər. “Sevmək sənəti”- E.Formun ən çox oxunan kitabıdır. Froma görə nə qədər ki, “sağlam cəmiyyət” qrulmayıb, nə qədər ki, tənhalıq, real problemlərdən illüziyalı, narkotik alkoqol dünyasına qaçmaq cəhdləri vardır, bir o qədər də məhəbbət, sevmək eşqi möcüzələr yaratmağa qadirdir, çünki bu hiss qorxu, inamsızlıq ilə mübarizə apara bilər.
Həkim – psixoanaltik E.From qeyd edirdi ki, sevmək- həm sevilmək, həm də sevməyi bacarmaq deməkdir. Sevilmək üçün kişilər adətən çalışırlar ki, işləri uğurlu olsun, güclü, dövlətli olsunlar. Qadınlar isə çalışırlar ki, xarici görnüşü, paltarı fiqurası gözəl olsun: həm kişi, həm də qadın ədəb ərkanı öyrənir, maraqlı söhbət aparmağa çalışır, kömək etməyə can atırlar, təvazökar olurlar və s. insanlar düşünürlər ki sevmək asandır, sevgi obyektini tapmaq çətindir. From isə göstərirdi ki, sevmək bacarıqdır məhəbbət gərək kor olmasın. Xoşuna gəlmək hələ daimi sevmək demək deyildir. Sevmək sənətinin nəzəriyyəsi və paktikası vardır. Hər ikisini tədqiq etmək olar; lakin üçüncü tərəf də nəzərə alınmasa sevmək sənətinə yiyələnmək mümkün deyildir. Bu insanın gecə-gündüz özünü, öz qüvvə və bacarığını sevgiyə həsr etməsidir. İnsan sevilmək və sevmək ehtiyacı duyur, lakin onun üçün daha vacib prestij, hakimiyyət, pul, şan–şöhrət olur, bütün enerjisini bu sahələrə sərf edir, çünki buradan fayda götürə bilir, məhəbbət isə yalnız mənəviyyata və qəlbə lazımdır.
From hesab edirdi ki, məhəbbət insan mövcudluğu probleminə olan bir cavabdır. İnsan tənhalıq zindanından uzaqlaşmağın yeganə yolunu sevmək və sevilməkdə görür. Fərdlərarası ünsiyyət yaratmaq insanlarda olan ən böyük tələbat, ən böyük qüvvədir. From insanların birləşmək ehtiyacının ödənilməsinin bir neçə formasını göstərir: yetkin, həqiqi məhəbbət və yetkin olmayan formalar –(idtiifaqlar): bunun da passiv forması bir tərəfin digərinə tam tabe olmasıdır (mazoxizm), aktiv forması isə-sadizm; şəklində tənhalıqdan qaçmaq, gördüyü əməllərdən özündə qüvvə toplamaqdır. 
Bunlardan fərqli olraq, sevgi hər iki tərəfin fərdi xüsusiyyətlərinin saxlanılması şərti ilə onları tənhalıq, izolyasiyası hissindən qurtarmaq deməkdir. From başa düşür ki, həqiqi məhəbbət çox nadir hadisədir.
Ailə gəlib birdən-birə bugünki səviyyəyə çatmamışdır. O öz inkişafında bir neçə tarixi mərhələdən keçmişdir.
Lap qədimlərdə insanlar arasında cinsi münasibətlər heyvanlarda olduğundan çox az fərqlənirdi. O dövürdə ərlərin və arvadların ümumiliyi hökm sürüdü. Cinsi əlaqələrdə heç bir məhdudiyyət qoyulmurdu. Yalnız bir müddət keçdikdən sonra münasibətlər tənzim olunmağa başlandı, əvvəlcə yaxın qohumlar arasında, sonra isə qəbiləsinin daxilində cinsi əlaqələr qadağan edildi. Cəmiyyət formalaşıb inkişaf etdikcə bu sahədə müəyyən irəliləyişlər baş verdi. İbtidai icma dövründə qrup nigahı əsas yer tuturdu. Ər və arvad qəbilə daxilində yaşayırdılar. Uşaqlar əsasən də analarını və onların yaxın qohumlarını tanıyırdılar. Bir müddət keçdikdən sonra kişilər evləndikləri arvadın qəbiləsi daxilinə köçüb orada yaşamağa başladılar. Sonralar cüt (ikili) nigah yaranmağa başladı. İlk dövrlərdə ailənin öz təsərrüfatı yox idi və o təsərrüfat funksiyası həyata keçirmirdi. Ər ilə arvad bərabər hesab olunurdu. Matriarxat (ananın hökmranlığı) qadın əməyi (əkinçilik) kişi əməyindən (ovçuluq) daha səmərəli hesab olunurdu. Maldarlığın genişlənməsi, əkinçilikdə qoşqu qüvvələrinin tətbiqi, ağır əmək növləri və alətlərinin yaranması ilə əlaqədar olaraq kişi əməyinə tələbat artdı. Bunun nəticəsində matriarxat patriarxat (atanın hökmrankığı) ilə əvəz olundu. Qadın ərə getdikdən sonra ərinin yanına köçüb yaşamağa başladı. Beləliklə uşaqlar atanın adını daşıdı, monoqam (tək nigahlı) ailə formalaşdı bu, hadisə cəmiyyətdə xüsusi mülkiyyətnin meydana gəldiyi dövrə quldarlıq quruluşuna təsadüf edir. Xüsusi mülkiyyət yarandıqdqn sonra qadının ərinə sədaqəti məsələsi daha ciddi əhəmiyyət aldı. Bu dövrdə hüquqi qnunları, əxlaq normaları və dini ehkamlar ailədə kişinin ağalığını möhkəmləndirməyə, arvad tərəfindən nigahın pozulmasını qadağan etməyə yönəlmişdi. Əgər əvvəllərdə qız özünə ər seçməkdə müəyyən qədər müstəqil idisə sonralar nigah münasibətləri də alqı-satqı obyektinə çevrilməyə başladı. 
Bütövlükdə quldarlıq dövründə qullar ailə qurmaqdan məhrum idilər. Quldarlar arasında isə təknigahlılıq çox vaxt çoxnigahlılığa çevrilirdi.
Feodalizmdə ailə münasibətləri və nigah cəmiyyətinin silki qurluşunun güclü təsiri altında mövcud olmuşdur. Bu dövrdə ailədə ərin hökmranlığı bir qədər zəifləyir, çünki ev təsərrüfatının aparılmasında və uşaqların tərbiyəsində qadının rolu artmağa başlayır. Kəndli ailəsindı ümumi qadın hüquqsuzluğu özünü göstərsə, bəzi hallarda zəhmətkeş anaya, evin xanımına rəğbətlə yanaşılırdı. 
Kapitalizm cəmiyyətində monoqam ailə daha da inkişaf edir. Bu dövrdə qadının iqtisadi münasibətləri inkişaf etdikcə ailə münasibətləri də təkmilləşir, yeni mərhələyə yüksəlir.
Ailənin əsasını ər ilə arvad arasında rəsmi qaydada bağlanmış nigah əlaqələri təşkil edir. Onların biri digərində öz həyatının tamamlayıcısını tapır. Nəticədə ər ilə arvadın həqiqi uyğunlaşması baş verir. Qeyd edək ki, ailədə şəxsiyyətlərarası uyuşma çox çətin və incə məsələdir. Həyatda, əmək fəaliyyətində, təhsildə, komunikasiya prosesində bir-biri ilə ünsiyyətdə olan insanların bir-birilə uyuşma səviyyəsi müxtəlif olur. Şəxsiyyətlərarası uyuşma ünsiyyətdə, birgə fəliyyətdə və yaxud ailədə qarşılıqlı qəbuletmə deməkdir. O dəyərlər oriyentasiyasının optimal əlaqələndirilməsinə, sosial və əxlaqi mövqelərə, zövq ümumiliyinə, temperament və xarakter göstəricilərinə, emosional və intellektual tərəflərə əsaslanır. Ailədə ərlə arvadın bir-birilə uyuşması, qarşılıqlı razılıq və qane olma, psixoloji, fzioloji və digər incəliklərlə bağlıdır. Ailədə şəxsiyyətlərarası uyuşma olduqda qarşılıqlı rəğbət, münasibətlərin gələcəkdə də etibarlı olacağını təminat verir.
Ailənin əsasını nigah təşkil edir. Nigah ər ilə arvad arasındakı münasibətləri və onların qarşılıqlı öhdıliklərini hüquqi yolla rəsmləşdirən müqavilədir. Nigah sevgiyə və inama arxalandıqda daha möhkəm olur. Vaxtıilə hegel deyirdi ki, iki müxtəlif cinsin nümayəndəsi arasında nigah adlanan əlaqə sadəcə olaraq təbii heyvani əlaqə və hətta mülki müqavilə də deyildir. O hər şeydən əvvəl ər ilə arvadın ikisini bir şəxsə çevirərək qarşılıqlı sevgi və inam əsasında yaranan mənəvi ittifaqdır.
Nigahın emosional-psixoloji, mənəvi və estetik dayaqları sevgi münasibətləridir. Lakin nəzərdə tutulmalıdır ki bəzən nigah sevgidən kənarda və sevgi isə nigahdan kənarda ola bilir. Arximed deyirdi ki, sevgi elə bir teoremdir ki, onun hər gün sübut olunmağa ehtiyacı vardır. Sevgi– dərin və sabit yaşantılarda, fikrin və işin daim sevdiyi adama yönəlməsində, ona doğru azad, təmənnasız və fədakarcasına can atmasına ifadə olunan fərdi seçim hissidir.
Sevgi cismani yaxınlıqdan daha çox mənəvi emosional ülfətə ehtiyacdan törəyir. O şəxsiyyətin formalaşmasına, özünüreallaşdıra bilməsinə və yaradıcı imkanlarının üzə çıxarılmasına güclü təsir göstərir. 
Sevginin mənəvi estetik əsasları bunda ifadə olunur ki,insan özünə digər cinsdən mənəvi dayaq tapır, bu isə onun həyat enerjisinin artmasina, uzunmüddətli sevinc hissinin möhkəmlənməsinə müsbət təsir edir.
Ailənin gələcəyini müəyyən edən mənəvi psixoloji, sosial-iqtisadi siyasi və digər amillər daim ictimiyyətin, dövlətin sosial siyasətinin diqqət mərkəzində olmalıdır.

2 Ailənin funksiyaları, tipləri və quruluşu.



Gec -tez oğlanlar evlənməli, qızlar ərə getməlidirlər. Bu çox mühüm həyati zərurətdir. Ona görədə onlar özlərini ailə həyatına hazırlamalıdırlar. Siz artıq bilirsiniz ki, nigaha daxil olmaq üçün yetkinlik yaşına çatmaq, müəyyən ümumtəhsil və peşə səviyyəsi, seçdiyiniz şəxslə özünüz arasında ər-arvadləq və ailə borcu kimi məsələlərdə yekdil fikrin mövcudluğu, etik-psixoloji mədəniyyətə yiyələnmə, evdarlıq qabliyyətinin, ailənin müstəqil maddi həyatını qurmaq üçün kifayət qədər hazırlığın olması, tərbiyə etməyi bacarmaq və s. lazımdır. Ailə - nigah, yaxud qan qohumluğna əsaslanan kiçik qrupdur. Ailə üzvləri bir-birinə məişət birliyi, mənəvi cavabdehlik və qarşılıqlı köməklə bağlıdır. Ailə yaxın qohumların (kişi və qadının, valideyinlərin və uşaqların və s.) birlikdə yaşadıqlaı qrupdur. Lakin buna adi qrup kimi baxmaq doğru deyildir.O, kiçik sosial qrupdur və cəmiyyətin ilkin özəyidir. Ailənin bir sra tarixi formaları (“Punaula” ailəsi, ikili ailə və monoqam ailə) mövcud olmuşdur. Ölkəmiz, o cümlədən dünyanın əksər ölkələri üçün monoqam (təknigahlıq) ailə forması səciyyəvidir. Cəmiyyətimizdə monoqam ailə ər-arvadın qarşılıqlı məhəbbətinə, hörmətinə, səmimiyyətinə onların bir-biri, eləcədə uşaqlar qarşısında borc daşımasına əsaslanır. Ailənin özünəməxsus funksiyaları vardır. Funksiya (funtio-latın sözüdür) mənası icra, fəaliyyət deməkdir. Ailənin funksiyaları dedikdə onun həyat fəaliyyətinin başlıca istiqamətləri nəzərdə tutulur. Bu baxımdan onun aşağıdakı funksiyalarını fərqləndirmək olar: reproduktiv, təsərrüfat-iqtisadi, tərbiyə, bərpaedici və s. Ailənin funksiyaları qarşılıqlı əlaqədədir. Onlar, hər şeydən əvvəl ailənin sosial mahiyyətini əks etdirir. Ailə cəmiyyətin sosial əsasıdır. O öz üzvlərinin müxtəlif tələbatı (şəxsi və ümumailə, yəni qrup) ilə yanaşı cəmiyyətin bir sıra mühüm tələbatını- əhali artımı tələbatını yerinə yetirir. Bu isə ictimai tələbatdır. Ailənin funksiyaları məhz buradan irəli gəlir. Ailənin funksiyaları ictimai-tarixi xarakter daşıyır. 
Ailənin reproduktiv funksiyası onun həyatının mühüm bir sahəsini- uşaqların doğulması sahəsini əhatə edir. Valideynlər neçə uşaq istəyirlər? Onlar ailənin inkişafını necə planlaşdırırlar? Bu suallar ilk baxışda nə qədər sadə görünsə də, ailənin reproduktiv funksiyasının məzmununu əsasən aydın ifadə edir. Ailədə uşaqların sayı onun həyat tərzinin mühüm göstəricisidir. Ailənin inkişafı da uşaqların dünyaya gəlməsi ilə bilavasitə bağlıdır. Ailənin ikinci funksiyası təsərrüfat-iqtisadi funksiyadır. Bu funksiya ailənin mövcud olması üçün maddi şəraitin təmin edilməsi, ailə üzvlərinin maddi və bir çox başqa tələbatlarının ödənilməsi, ev təsərrüfatı ilə məşğul olmaq, ailə büdcəsinin qaydaya salınması, ailənin idarə olunması, ailə üzvlərinin sağlam və gümrah olmalarına qarşılıqlı köməyin göstərilməsin kimi əsas cəhətləri özündə birləşdirir. Ailənin tərbiyəvi funksiyası olduqca mühümdür. Ailədə həm yaşlılar, həm də uşaqlar tərbiyə olunurlar. Ailənin gənc nəslin tərbiyəsinə təsiri xüsusilə böyük rola malikdir. Ona görə də ailənin tərbiyəvi funksiyası üç cəhətlə bağlıdır: a) tərbiyənin ailənin yaşlı üzvlərinə verilməsi; b) ailə kollektivinin özünün ailənin hər bir üzvünə uzunmüddətli, məqsədyönlü, sistemli və müntəzəm tərbiyəvi təsiri; c) uşaqların öz valideynlərinə daimi təsiri. Bu, valideynlərin özünütərbiyə ilə fəal surətdə məşğul olmalarına şərait yaradır. Ailə hər bir insan üçün sağlamlaşdırıcı, psixoterapevtik mühitdir. Ailənin bərpaedici funksiyası bu cəhəti nəzərə alır. Biz öz dərd-sərimizi ailədə yaddan çıxarırıq. İşdə, iclaslarda nə qədər yorulsaq belə, evə gələn kimi, uşaqlarımız üstümüzə qaçıb qucağımıza atılan kimi, yaxud qızımızın, oğlumuzun uğurlarını eşidən kimi könlümüz açılır, gözlərimizdə dünyanın mənası dəyişir, nikbin ruh bizi bürüyür. Həyat yoldaşımızın qulluğumuzda durması, sevinc və xoş sözlərlə bizi dindirməsi bizə xoş ovqat bəxş edir, istər-istəməz düşünürük: həyat, sən necə də gözəlsən! Ailənin sadə və mürəkkəb olmaqla iki başlıca tipi vardır. Demoqrafların qənaətincə, hazırda ən geniş yayılmış ailə tipi nuklear ailə sayılır. Nuklear ailə sadə ailədir. Nuklear latınca nus-leus nüvə deməkdir. O, iki nəsildən – ata-ana və uşaqlardan ibarət olur. Əgər uşaqlardan hər hansı biri evlənirsə (ərə gedirsə) və valideynləri ilə birlikdə yaşayırsa, bu vaxt ailənin tipi dəyişir, nuklear ailə mürəkkəb ailəyə çevrilir. Mürəkkəb ailə üç və yaxud daha çox nəsildən - baba-nənə, ata-ana və uşaqlardan ibarətdir. 

 3. Ailədə tərbiyənin prinsip və metodlarından istifadə. Tərbiyənin prinsiplərindən istifadə. Valideyn ailədə uşaqlarını tərbiyə edərkən bəzi prinsipləri əsas tutmalıdır. Qısaca bu prinsiplərə diqqət yetirək.




Yüklə 31,68 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin