Mövzu: 3. Məktəbəqədər yaş dövründə şəxsiyyətin inkişafı və tərbiyəsi. Uşaq şəxsiyyətinin formalaşmasında kollektivin rolu.
PLAN:
1. İnsan şəxsiyyətinin sosial mahiyyəti haqqında. Şəxsiyyətin formalaşmasında irsiyyətin mövqeyi
2. Şəxsiyyətin formalaşmasında mühitin rolu. Şəxsiyyətin tərbiyənin rolu
3. Məktəbəqədər yaş dövründə tərbiyənin vəzifələri.
4. Kollektiv şəxsiyyətin formalaşmasının əsas amili kimi.
5. Kollektivin sosial-psixoloji səciyyəsi, dəyərləri. Pedaqoji kollektiv və uşaq kollektivi.
6. Məktəbəqədər tərbiyə müəssələrində kollektivinin təşkili və tərbiyəsi.
ƏDƏBİYYAT:
1. Azərbaycan Respublikasının Təhsil Qanunu. Bakı, 2000.
2. A.Həsənov. Məktəbəqədər pedaqogika, Bakı, 2000.
3. Ə.Seyidov. Pedaqogika tarixi, Bakı, 1968.
4. S.Əfəndiyeva, A.Cəfərova. Uşaq bağçasında tərbiyə işinin təşkili,
Bakı, 1970.
5. Q.İ.Şukinanın redaksiyası ilə, Məktəb pedaqogikası, Bakı, 1983.
6. R.Mursaqulova. N.Rüstəmova.Məktəbəqədər pedaqogika.Bakı-2012.
1. Şəxsiyyət anlayışı fəlsəfə, sosiologiya, estetika, etika və s. elmlərlə yanaşı pedaqogikanın da tədqiqat obyektinə daxildir. Bu problemi şəxs və fərd anlayışı ilə eyniləşdirmək olmaz. Şəxs bioloji və sosioloji xüsusiyyətlərin birliyidir. Şəxsiyyət isə adamın malik olduğu yalnız sosioloji keyfiyyətlərin məcmusudur. Bu keyfiyyətlər təbii və ictimai amillərin, eləcə də tərbiyəvi təsirlərin sayəsində təşəkkül tapır və inkişaf edir. Buna görə şəxsiyyətdən bəhs edən elmlərin hər biri onun müəyyən cəhətlərini öyrənir.
Adamlar malik olduqları fərdi xüsusiyyətləri və xarakter əlamətlərinə görə bir-birindən fərqlənirlər. Müxtəlif adamların, o cümlədən, uşaqların qabiliyyətlərini, maraq və meyllərini, əxlaqını müqayisə edərkən fərdi fərqlər daha aydın nəzərə çarpır. Bu xarici görünüşdə, daxili əlamətlərdə və dünyagörüşündə özünü daha qabarıq göstərir. Məsələn, uşaqların bəziləri hər hansı məsələnin izahını, söhbətin məzmununu tez başa düşdükləri halda, başqaları bunu bir qədər gec başa düşürlər. Bəzilərində hafizə məktəbəqədər dövrdə iti olur, digərləri öyrəndiklərini tez unudurlar. Bəzi uşaqlar ailədə yaşlılara qayğı ilə yanaşır, yaşıdları ilə mehriban və səmimi davranır, davranış qaydalarını gözləyir, digərləri isə əksinə, şıltaq və ərköyün olurlar.
Uşaqlar fiziki inkişafı və sağlamlığına görə də fərqli xüsusiyyətlərə malik olurlar. Səmərəli yemək, yatmaq, oyaq qalmağın düzgün təşkil olunması, habelə təmiz havadan, sudan, günəşdən istifadə edilməsi bütün ailələrdə eyni səviyyədə olmadığına görə, bəzi uşaqların səhhətində qüsurlar da nəzərə çarpır. Buna görə məktəbəqədər dövrdən uşaqların yeməyi düzgün təşkil olunmalıdır.
Uşaqların fiziki və zehni inkişafında yuxunun da özünəməxsus əhəmiyyəti vardır. Erkən yaşlı uşaqların gec və çətin yatması onların narahatlığına səbəb olur. Bu çox zaman əlverişli olmayan xarici şəraitin və düzgün olmayan tərbiyənin nəticəsində baş verir.
Şəxsiyyətin normal inkişafı üç mühüm faktorun təsiri ilə müəyyənləşdirilir. Bunlar aşağıdakılardır: tərbiyə, sosial mühit və irsi əlamətlər.
2. İrsiyyət nəzəriyyəsi orta əsrlərdə yaranmışdır. Bu dövrdə uşağın inkişafında irsiyyət əsas götürülür və belə hesab edilirdi ki, uşaq hər bir qabiliyyət və xasiyyəti hazır şəkildə ata və anasından irsən götürür. Bu nəzəriyyə orta əsrlərdə hakim olan dini əqidələrlə əsaslandırılırdı. Dini ehkamlara əsaslanaraq sübut etməyə çalışırdılar ki, hər hansı bir insan anadan olarkən taleyi alnına yazılır. Məsələn “Yazılanı pozmaq olmaz”, “Quyuya su tökməklə quyu sulu olmaz” və s. Sonrakı illərdə insan xarakterini irsi əlamətlərlə izah edən alimlər meydana gəldi. ABŞ-da E.Torndayk, C.Dyun və başqaları buna misal ola bilər. Torndayk yazır ki, orqanizmdəki genlər adamın həm fiziki, həm də əqli keyfiyyətlərini təyin edir.C.Dyunin əqidəsinə görə, uşağın inkişafı anadangəlmə instinkt və qabiliyyətlər əsasında mümkün olur.
Kapitalizmin inkişafı ilə əlaqədar irsiyyət nəzəriyyəsinə qarşı etirazlar gücləndi. XVII əsrdə böyük slavyan pedaqoqu Y.A.Komenski uşağın taleyində irsiyyətin rolunu şişirtməyə qarşı çıxır və hamının təhsil almağa qadir olduğunu və bu işdə müəllimin, tərbiyəçinin rolunu yüksək qiymətləndirirdi. XVIII əsrdə isə ingilis pedaqoqu C.Lokk “Ağ lövhə” nəzəriyyəsini irəli sürərək, irsiyyəti tamamilə inkar edir, tərbiyənin vəzifəsini həddindən artıq şişirdirdi. Lokka görə, uşaq doğolarkən onun beyni ağ lövhə kimi tərtəmiz olur. Rus mütəfəkkiri V.Q.Belinski Lokkun nəzəriyyəsinə qarşı çıxaraq qeyd edirdi ki, uşaq doğularkən onun beyni “ağ lövhə” deyil, orada təbii imkanlar mövcud olur. Onu da qeyd etmək lazımdır ki, təbii imkanlar hələ hazır qabiliyyətlər deyil, qabiliyyətlərin əmələ gəlməsi və inkişafı üçün xüsusi qüvvəyə malik olan bir varlıqdır. Məsələn, anadan doğulan uşaq nitq imkanı ilə doğulur. Yəni onun boğazının, dilinin, damağının quruluşu və eləcə də sinir sisteminin inkişaf səviyyəsi, danışmaq və danışılanı başa düşmək imkanına malikdir. Eləcə də uşaq yazı yazmaq imkanı ilə doğulur. Çünki onun xırda əl əzələlərinin vəziyyəti, ağlının inkişaf səviyyəsi sonralar yazmaq qabiliyyətinin yaranamsı üçün imkan verir. Şübhəsiz, bütün təbii imkanların hamısı irsi olaraq nəsildən-nəslə keçir. Lakin bu o demək deyildir ki, hər şeyi həll edən irsiyyətdir. Uşaqlar doğularkən valideynlərindən zahiri fizioloji əlamətləri və psixoloji imkanları özləri ilə gətirirlər. Lakin bu keyfiyyətlərin şəxsiyyət səviyyəsində formalaşması üçün sosial amillər, ictimai mühit və tərbiyə prosesi xüsusi həlledici qüvvəyə malikdir. Deməli, irsiyyət vasitəsilə uşağa keçən hazır qabiliyyətlər deyil, hər uşağa məxsus olan ümumbəşəri təbii imkanlardır.Uşağın irsən gətirdiyi təbii fizioloji psixoloji imkanların qabiliyyətə çevrilməsi üçün şərait və tərbiyə həlledici əhəmiyyətə malikdir.
3. Şəxsiyyətin inkişafında mühitin də xeyli rolu vardır. Bu məfhum fərdin həyatı və inkişafın əlaqədar olduğu xarici şəraitin hamısını əhatə edir. Uşaq ictimai mühitdə doğulur, burada yaşayır, böyüyüb boya-başa çatır. İctimai mühitdə aparıcı yeri insanlar tutur. İctimai mühit analyışı insanların ictimai həyatını, cəmiyyətdəki ictimai münasibətləri, siyasi və mədəni həyatı və s. əhatə edir. Əlbəttə, uşaq bu mühitin təsirinə məruz qalır. Lakin fərdi xüsusiyyətlərdən asılı olaraq mühitin təsirinə müxtəlif formada məruz qalırlar. Yəni eyni mühit ayrı-ayrı uşaqlara müxtəlif şəkildə təsir göstərir.
Mühitin şəxsiyyətə təsiri haqqında məşhur pedaqoqların fikirlərində müəyyən fərqlər də vardır. Məsələn, fransız pedaqoqu J.J.Russonun fikrinə görə uşaqla uzun-uzadı söhbət aparmağın, onu öyüd-nəsihətlə yormağın mənası yoxdur. İstənilən əxlaqi keyfiyyəti uşaqda görmək üçün onu müvafiq mühitə salmaq lazımdır. Həmin mühit özü istədiyini uşağa aşılayacaqdır. Azərbaycan filosofu Siracəddin Mahmud Əbubəkr oğlu Urməvi sübut edirdi ki, insanın xasiyyəti irsi deyil, həyatda formalaşır. O qeyd edirdi ki, “Atası xristian olan uşağı müsəlman tərbiyə etsə, müsəlman olar”.Bu pedaqoqların üstün cəhəti onda olmuşdur ki, onlar şəxsiyyətin formalaşmasında irsiyyətə, fatalizmə qarşı çıxaraq mühitin təsirinə üstünlük vermişlər.
Bütün bunlardan belə bir nəticə çıxarmaq olaq: madam ki, insan mühitin təsirinə məruz qalır, onda mühit elə qurulmalıdır ki, insan orada həqiqi insanlığını dərk etsin, oradakı nəcib keyfiyyətləri özündə birləşdirə bilsin.
Bəşər tarixi praktik olaraq sübut etmişdir ki, şəxsiyyətin inkişafında tərbiyənin rolu əvəzsizdir. Əvvəlcədən düşünülmüş, planlaşdırılmış, məqsədyönlü təşkil edilmiş tərbiyə işi güclü təsir qüvvəsinə malikdir. Y.A.Komenski, K.A.Helvetsi, R.Ouen və bir çox başqaları şəxsiyyətin inkişafında tərbiyəyə üstünlük verdikləri kimi, fransız materalistləri Helvetsi, Didro, Russo tərbiyənin təsirinə daha çox aludə olmuş, hətta onu həddən artıq şişirtmişlər. Helvetsiyə görə, tərbiyədə elə təsir qüvvəsi vardır ki, o hər şeyi yaradır. Didro isə Helvetsiyə nöqsan tutaraq qeyd etmişdir ki, tərbiyə hər şey deyil, çox şeydir.
Məhəmməd Peyğəmbər Əleyhissəlam hədislərinin birində deyir: Heç bir ata övladına gözəl tərbiyədən qiymətli hədiyyə verə bilməz.
Müəyyən dövrlərdə şəxsiyyətin inkişafında gah tərbiyə və mühit əsas götürülmüş, irsi əlamətlər inkar edilmiş, gah da irsiyyətə və mühitə üstünlük verilmişdir. Onu da qeyd etmək lazımdır ki, tərbiyə daim eyni tərzdə həyata keçirilmir. Daim məzmunu zənginləşir və mürəkkəbləşir, forması dəyişir, rəngarəng yollarla uşaq şəxsiyyətinə təsir göstərir.
Uşaq şəxsiyyətinin inkişafı müxtəlif mərhələlərdən keçir. Hər bir mərhələ əvvəlki ilə sıx əlaqədə olub, sonrakı nailiyyətlər üçün əsas rolu oynayır. Tərbiyənin varisliyi əvvəlki zəmində tərbiyə keyfiyyətlərinin qazanılması ilə əlaqədardır. Eyni zamanda, tərbiyə heç də uşağın inkişafını süni formada sürətləndirməlidir. Buna görə də məktəbəqədər pedaqogika bu yaşlı uşaqların hərətərəfli inkişafını təmin etmək üçün yaş xüsusiyyətlərini nəzərə alır və onun həyat haqqında anlayışlarını tədricən zənginləşdirir.Uşaq şəxsiyyətinin inkişafında, xarakter xüsusiyyətlərinin formalaşmasında tərbiyə elmi aparıcı mövqeyə malikdir.
Tərbiyə bəşəriyyətin yaranma tarixindən mövcud olan bir prosesdir. Hələ bəşəriyyətdə dövlər quruluşu mövcud olmamışdan qabaq tərbiyə anlayışının məqsədyönlü məzmununu tayfaların, qəbilələrin başçıları, müdrik ağsaqqallar tərəfindən müəyyən edilən adət-ənənələr təşkil etmişdir. İctimai-iqtisadi münasibətlər inkişaf etdikcə dövlət quruluşunun yaranmasına səbəb olur. Dövlətçilik yaranandan sonra uşaqların tərbiyə olunması strateji əhəmiyyətli bir iş kimi dövlətin himayəsinə keçmişdir.
Tərbiyənin məqsədi kimsə tərəfindən uydurulmur. O, xalqın, dövlətin və millətin obyektiv həyat şəraitindən və tələbatından asılıdır. Respublikamızda uşaq bağçalarında və məktəblərdə tərbiyənin məqsədi dövlətimizi qoruya bilən və onun gələcək inkişafını təmin edə biləcək yüksək milli mənəvi intellektə malik olan hərtərfli kamil nəsil yetişdirməkdir. Şübhəsiz şəxsiyyətin hərtərəfli inkişafını yalnız tərbiyənin tərkib hissələrindən ( əqli, fiziki, əxlaq, əmək, estetik, ekoloji) səmərəli istifadə etməklə həyata keçirmək olar.
Əqli tərbiyə insan intellektinin inkişafında ən mühüm əlamətdir.Onun vasitəsilə uşaqlar elmi biliklərə yiyələnir, təbiəti, cəmiyyəti, əməyi, iqtisadiyyatın başlıca qanunlarını, ictimai və siyasi həyatı, bütövlükdə dünyanı dərk edir, yüksək mənəviyyata sahib olur.Əqli tərbiyə prosesində uşaq fantaziyasının inkişaf etdirilməsinə, hafizə və diqqətin formalaşdırılmasına, uşaqların söz ehtiyatının zənginləşməsinə,onların rabitəli,düzgün nitqə yiyələnmələrinə dəqayğıgöstərilməlidir.
Fiziki tərbiyə hərtərəfli və ahəngdar inkişafın mühüm keyfiyyətlərindəndir. Fiziki tərbiyənin vəzifəsi yetişən nəsli əməyə, Vətənin müdafiəsinə hazırlamaq, orqanizmin sağlamlığına, iradi keyfiyyətlərin və əqlin formalaşdırılmasına kömək etməkdir. Məktəbəqədər yaş dövründə uşaqların fiziki sağlamlığına xüsusi diqqət yetirilməlidir.
Uşaqları məktəbəqədər yaş dövründən başlayaraq sadə əxlaqi keyfiyyətlərə yiyələndirməyin çox mühüm əhəmiyyəti var. Uşaq dil açmağa başalayanda ona salam verməyi, əl ilə görüşməyi, nəvazişlə sağ ol deməyi öyrədirlər. Bu cür nəvaziş, şən münasibət uşaqlarda sadə əxlaqi keyfiyyətlərin məhkəmlənməsinə səbəb olur. Uşaqlarda böyüklərə hörmət, nəzakətli münasibət, mədəni davranmaq vərdişləri tədricən tərbiyə edilir, doğruçuluq, sadəlik, mehribançılıq, dostluq, yoldaşlıq kimi əxlaqi keyfiyyətlər inkişaf etdirilir. Məktəbəqədər yaşlı uşaqların əxlaq tərbiyəsini vaxtında başlayıb, pedaqoji yolla düzgün aparmaq lazımdır.
Məktəbəqədər yaş dövründə əmək tərbiyəsi uşaqlarda əməyə, əmək adamlarına rəğbət hissi yaratmaq, əmək məhsullarından qənaətlə istifadə etmək, işgüzarlıq, çətinlikdən qorxmamaq, dözümlülük, qayğıkeşlik, özünə xidmət və faydalı işindən fərəhlənmək kimi nəcib əxlaqi keyfiyyətləri tərbiyə edir. Bu yaşlı uşaqlar sadə əməklə məşğul olmaq vərdişlərinə yiyələnirlər.
Uşaq bağçasında estetik tərbiyənin vəzifəsi uşaqlara cəmiyyətdə, təbiətdə gördüklərini, insanların yaratdıqları maddi nemətləri qiymətləndirməyi, onların başa düşə bildikləri incəsənət əsərlərindəki gözəlliyi duymağı və hiss etməyi öyrətməkdir. Bunun üçün uşaqları təbiətin qoynuna çıxarmaq, bədii əsərlərlə, musiqi və rəsm əsərləri ilə tanış etmək mühüm əhəmiyyət kəsb edir. Estetik tərbiyə həm də uşaqların yaradıcılıq qabiliyyətini inkişaf etdirir, onlarda bədiii estetik zövqün formalaşmasında mühüm rol oynayır.
Ekoloji tərbiyə insanlara təbiətdən istifadə etmək işində məsuliyyət hissi aşılayır. Gəhc nəslin ekoloji tərbiyəsi müasir mərhələdə daha çox əhəmiyyət kəsb edir. Uşaqların ətraf mühiti qoruması, təbiətə qayğı və məhəbbət ruhunda tərbiyə edilməsi işini məktəbəqədər tərbiyə müəssisələrindən başlamaq əsas vəzifə kimi qarşıya qoyulmuşdur. Uşaqlar məktəbəqədər yaş dövründən başlayaraq, anlaq səviyyələrinə və güclərinə müvafiq təbiətin qorunması işlərinə cəlb olunmalıdırlar ki, məktəb illərində bu sahədə daha səmərəli iş görə bilsinlər. Bu məqsədlə məktəbəqədər yaş dövründə uşaqlara təbiət haqqında maraqlı söhbətlər etmək və torpağın, suyun, havanın insan həyatındakı əhəmiyyəti barədə maraqlı məlumatlar vermək lazımdır.
Məktəbəqədər yaş dövründə uşaqların ekoloji tərbiyəsində valideynlərin qüvvəsindən də səmərəli istifadə etmək lazımdır.
Kollektiv insan həyatını təşkil etməyin səmərəli formalarından biridir.O,şəxsiyyətin formalaşması ücün əlverişli sosial mühit rolunu oynayır.Kollektiv nəzəriyyəsi sahəsində görkəmli mütəxəssis A.S.Makarenko kollektivin insana güclü təsirini qeyd edərək deyirdi ki,ən yaxşı oğlanlar pis təşkil olunmuş kollektiv şəraitində çox tezliklə vəhşi heyvancıqlara çevrilirlər.Yaxşı təşkil edilmiş kollektivdə isə təlim-tərbiyə sahəsində əsl möcüzələr yaratmaq olar.Böyük pedaqoq özü məhz kollektiv sayəsində belə möcüzə əldə etmişdi:16 illik pedaqoji fəaliyyəti ərzində 3 mindən artıq nəzarətsiz,gələcəyə ümidini itirmiş,cinayət yoluna düşmüş uşağı düzgün həyata qaytara bilmiş,onlardan gözəl vətəndaşlar yetişdirə bilmişdi.O, ”kollektivdə, kollektiv ücün və kollektiv vasitəsilə tərbiyə” prinsipini özünün başlıca fəaliyyət prinsipi kimi səciyyələndirirdi.Məktəb kollektivinə düzgün rəhbərliyi təmin etmək ücün onun mahiyyətini yaxşı bilmək və pedaqoji-psixoloji əsaslarına yiyələnmək lazımdır.
Kollektiv və onun əlamətləri. ”Kollektiv” sözü latınca coxluq,qrup,insan birliyi menasını verir.Kollektiv müəyyən əlamətlərinə görə təsadüfi insan yığınından (sərnişinlər,tamaşacılar və s.)fərqlənir.Kollektivin əlamətlərinə ictimai faydalı məqsəd,birgə fəaliyyət,təşkilatlanma,qarşılıqlı asılılıq,ictimai rəy kimi əlamətlər aiddir.Təsadüfi insan qrupu bu elamətlərə malik deyildir.Birgə fəaliyyət göstərən oğru,quldur dəstəsi cəmiyyətə zidd məqsədlər güddüyü ücün kollektiv hesab edilə bilməz.Göstərilən əlamətlərdən cıxış edərək kollektivə belə tərif vermək olar: kollektiv ictimai-faydalı məqsədlər naminə birgə fəaliyyət göstərən(1), qarşılıqlı asılılıq münasibətlərinə daxil olan(2), özünü idare orqanlarına (müvəkillərə)(3) və ictimai rəyə malik olan (4) insanları mütəşəkkil birliyi,yüksəl təşəkkül tapmış sosial qrupdur(5).
Bu tərifdən göründüyü kimi,kollektivin yaranması və yaşaması ücün göstərilan şərtləri ödəmək lazımdır.Kollektiv sosial qrupdur.Sosial qrup ünsiyyət təlabatı ilə bağlı yaranan insan birliyidir.Hər bir kollektiv qrup sayılır.Lakin hər qrup kollektiv deyildir.Sosial qrupun kollektive cevrilməsi asan olmur,müəyyən səviyyələrdən kecir.Sosial qrupun kollektivə dogru hərəkəti-kollektivin inkişaf səviyyələri hansılardır? Pedaqoji-psixoloji ədəbiyyatda bunla bağlı 6 səviyyə nəzərdən kecirilir.
Dostları ilə paylaş: |