VERGİ SİSTEMİNİN ELEKTRON HÖKÜMƏT LAYİHƏSİNƏ İNTEQRASİYASI
İlyasov Ramin Adgözəl oğlu
Azərbaycan Respublikası Vergilər Nazirliyinin əməkdaşı, Dövlət vergi müfəttişi
Azərbaycan Dövlət İqtisad Universitetinin magistrantı
ramin7@inbox.ru
Xülasə
Tədqiqatın məqsədi – Vergi sisteminin elektron hökümət layihəsinə inteqrasiyasının əhəmiyyətinin tədqiqi
Tədqiqatın metodologiyası – Ümumiləşdirmə və sistemli yanaşma metodu
Tədqiqatın nəticələri - Azərbaycan Respublikasının vergi sisteminin elektron xidmətlərinin inkişafına, modernləşdirilməsinə və Elektron hökümət portalına inteqrasiyasına xidmət edən istiqamətlər təkliflər edilmişdir.
Tədqiqatın məhdudiyyətləri – Azərbaycan Respublikasında vergi sisteminin elektron inkişafı aspektləri daha geniş tədqiqat tələb edir.
Tədqiqatın praktiki əhəmiyyəti – Respublikanın elektron vergi sisteminin inkişafının davamı və yeni mərhələ - Elektron hökümət portalına keçidi üçün elmi mənbə kimi istifadə edilməsi
Tədqiqatın orijinallığı və elmi yeniliyi – Mütərəqqi elektron vergi sisteminin perspektiv inkişafı istiqamətlərinin müəyyən edilməsi və elmi cəhətdən əsaslandırılmasıdır.
Açar sözlər: Vergi sistemi, elektron hökümət, elektron xidmət
1.Giriş
Azərbaycan Respublikasında həyata keçirilən çox şaxəli islahatlar yeni inkişaf modelinin formalaşdırılmasına, onun dünya iqtisadiyyatına inteqrasiyasına, həm neft, həm qeyri-neft sektorlarının dinamik inkişafına, əhalinin rifahının yaxşılaşdırılmasına, iqtisadiyyatın tarazlı və mütənasib tərəqqisinə səbəb olmuşdur.
Dünyada gedən böhran proseslərinə və bir sıra aparıcı ölkələrdə iqtisadi artım sürətinin aşağı düşməsinə baxmayaraq, dövlətimizin çevik və işlək mexanizmlər üzərində qurulmuş uğurlu fəaliyyəti nəticəsində son illər iqtisadi artım tempinə görə lider mövqedə olan milli iqtisadiyyatımızda, çox az ölkələrin nail olduğu, artıq nümunə göstərilən yüksək dayanıqlıq və sabitlik təmin edilmişdir. Dövlətin səyi və qətiyyəti nəticəsində ölkə iqtisadiyyatının hərtərəfli inkişafı, xüsusilə, real sektora xarakterik olan yüksək artım tempi və aparılan islahatlar müasir dövrdə də vergi sisteminin inkişafına təkan vermiş, gələcək inkişaf üçün yeni perspektivlər və imkanlar müəyyənləşdirmişdir.
Qlobal informasiyalaşdırma və ümumdünya informasiya cəmiyyətinin formalaşdırılması sahəsində ən çox nəzərə çarpan tendensiya kimi elektron hazırlığın artımı və elektron-hökumətlərin inkişafının sürətlənməsini göstərmək olar. Bu tendensiyaların müntəzəm monitorinqi bir çox beynəlxalq və milli təşkilatların əsas diqqət mərkəzindədir.
Elektron hökumət – informasiya cəmiyyətinə xas olan dövlət idarəçiliyidir. O, informasiya-telekommunikasiya texnologiyalarının (İKT) imkanlarına və vətəndaş cəmiyyətlərinin dəyərlərinə əsaslanır. Vətəndaşların tələbatlarına, iqtisadi effektivliyə, vətəndaş nəzarəti üçün açıq olmasına və təşəbbüsə yönəlik olması ilə xarakterizə olunur. Müxtəlif ölkələrdə və ilk növbədə ABŞ-da və Böyük Britaniyada e-hökumətə ümumilikdə dövlətin fəaliyyətinin effektivliyinin artırılmasına yönəlmiş bir konsepsiya kimi baxılır. Başqa sözlə desək e-hökumətin mahiyyəti onda ibarətdir ki, müxtəlif pilləli dövlət strukturları müasir informasiya texnologiyalarında istifadə edərək istehlakçılara bilavasitə informasiya və xidmət təklif edir. E-hökumətin təklif etdiyi xidmətinin istehlakçıları vətəndaşlar, qeyri-dövlət təşkilatları və ya dövlət strukturları ola bilər.
Ölkəmizdə “elektron hökumət”in formalaşdırılması beynəlxalq təcrübəyə əsaslanır və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramının (Elektron Azərbaycan)” təsdiq edilməsi haqqında Sərəncamı, “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 23 may 2011-ci il tarixli Fərmanı və digər normativ hüquqi aktlarla fəaliyyət üçün hüquqi baza yaradılmışdır.
Beynəlxalq təcrübəyə əsaslanaraq, vətəndaşların dövlət orqanları ilə təmaslarının daha rahat və münasib şəkildə təşkili üçün dövlət orqanlarının göstərdiyi elektron xidmətlərin vahid məkanda “www.e-gov.az” portalında cəmləşdirilmişdir. “Bir pəncərə” prinsipi əsasında yaradılmış portal vasitəsilə hər bir istifadəçi dövlət qurumları tərəfindən təqdim olunan e-xidmətlərdən yararlana bilər.
Vergi ödəyicilərinə göstərilən elektron xidmətlərin spektrinin genişləndirilməsi, e-xidmətlərdən istifadənin kütləviləşdirilməsi müasir dövrün ən aktual məsələlərindən biridir. Burada məqsəd perspektivdə vergi ödəyiciləri ilə canlı (fiziki) əlaqə formalarını məhdudlaşdırmaq və bu sahədə müasir informasiya texnologiyalarından istifadə etməklə, vergi orqanları tərəfindən göstərilən xidmətlərin elektron formada tətbiqinin genişləndirilməsinə nail olmaqdan ibarətdir, bu istiqamətdə səmərəli tədqiqatların aparılmasına ehtiyac vardır. Bu baxımdan “Vergi sisteminin elektron hökümət lahiyəsinə inteqrasiyasi” mövzusu olduqca aktualdır.
2.Azərbaycan Respublikasının vergi sisteminin elektron sistemə keçidinin müasir vəziyyəti.
Hazırda Azərbaycanın vergi sistemində modernləşdirmə siyasəti uğurla davam etdirilir. Bu tədbirlər Azərbaycanda vergi sisteminin inkişafına, vergi siyasətinin formalaşmasına və dinamik iqtisadi inkişafın əldə olunmasına yardım edir. Odur ki, Respublikanın vergi sistemində aparılan islahatlar davam etdirilməli və vergi sistemi üstün inkişaf edən sahəyə çevrilməlidir. Müasir dövrdə inkişaf etmək üçün elektronlaşmaq əsas prioritetlərdən məsələlərdən biridir. Göstərilən qanunlar qəbul olunmamışdan əvvəl belə Vergilər Nazirliyi xidmətlərini vergi ödəyicilərinin ixtiyarına buraxmağa başlamışdı.
Vergi sistemində son illər ərzində apardığımız islahatların əsas xətti xidmətin texniki baxımdan inkişafına nail olmaqla bütövlükdə vergi xidmətinin bütün sahələrində uğurun təmin edilməsinə nail olmaqdan ibarətdir. Vergilər Nazirliyi “Elektron hökumət” layihəsinin tərkib hissəsi hesab ediləcək xidmətlərin elektronlaşdırılması prosesinə 2005-ci ildən başlayıb, vergi sistemində vergi inzibatçılığının təkmilləşdirilməsi üzrə geniş bir Dövlət Proqramı həyata keçirilib.
Beynəlxalq maliyyə institutları, eləcə də xarici tərəfdaşlarla aparılan dialoqun və geniş təcrübə mübadiləsinin nəticəsi olaraq öncə vergi sisteminin mobil, geniş diapazonlu texniki imkanları özündə cəmləşdirə bilən texnoloji bazası yaradılıb. 2006-cı ildə vergi inzibatçılığı proseslərinin elektron qaydada aparılmasına imkan verən Avtomatlaşdırılmış Vergi İnformasiya Sisteminin (AVİS) tətbiqinə nail olunub. Bu vahid informasiya məkanında məlumatların saxlanılması və emalı imkanı yaradıb, elektron sənəd dövriyyəsini, operativ informasiya mübadiləsini təmin etməyə imkan verib. 2007-ci ildə ölkəmizin ən böyük dövlət portallarından biri olan Vergilər Nazirliyinin İnternet Vergi İdarəsi portalı istifadəyə verildi və bəyannamələrin elektron variantda göndərilməsinə başlandı. İnternet Vergi idarəsinin fəaliyyətə başalaması ilə Vergilər Nazirliyi elektron xidmətlərin göstərilməsində uğurlu addımlar atdı ki, bu da daima mükafatlandırıb, mükafatlar sırasında “İnformasiya azadlığı” 2006, 2007, 2008, 2009, 2010, 2012; “Humay mükafatı”; “Avrasiya HI”, “Netty” 2005, 2008; “Milli Net” 2009-u göstərmək olar. Bütün bu mükafatlar İnternet Vergi İdarəsinin elektron xidmətlərinin yüksək göstəricisindən xəbər verir.
Tətbiq etdilən informasiya texnologiyaları sayəsində bir çox dövlət qurumları, eləcə də əksər banklarla elektron əlaqə sistemi yaradılıb və onlayn rejimdə məlumat mübadiləsi həyata keçirilir. Bunlar son illər ərzində elektron xidmətlər sahəsində həyata keçirdiyimiz islahatların yalnız bir qismidir. İndi isə tətbiq edilən əsas elektron islahatları nəzərdən keçirək.
2.1.Avtomatlaşdırılmış Vergi İnformasiya Sisteminin tədqiqi.
Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi (AVİS) – “Azərbaycan Respublikasında vergi inzibatçılığının təkmilləşdirilməsi Dövlət Proqramının (2005-2007-ci illər)” vergi xidmətinin inkişafına verdiyi mühüm töfhələrdən biridir. Vergilər Nazirliyinin AVİS layihəsinin təqdimatı 17 mart 2006-cı ildə Azərbaycan Respublikası hökuməti üzvlərinin, Milli Məclisin deputatlarının, Azərbaycanda fəaliyyət göstərən xarici diplomatik korpusların, beynəlxalq təşkilatların, işguzar birliklərin, yerli və xarici şirkətlərin təmsilçilərinin, kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə keçirilmişdir.
Vergi sistemində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi sahəsində ən mühüm nailiyyətlərdən sayılan AVİS-in əsas məqsədi büdcənin mədaxil hissəsinin tam və vaxtında formalaşdırılması, çevik və səmərəli vergi inzibatçılığının həyata keçirilməsi üçün effektli informasiya dəstəyinin təmin edilməsidir.Sistemin əsas üstünlüklərindən biri digər qurumların informasiya sistemləri ilə (İdarələrarası Avtomatlaşdırılmış Məlumat Axtarış Sistemi, Baş Xəzinədarlıq, Dövlət Statistika Komitəsi, Dövlət Gömrük Komitəsi, Dövlət Sosial Müdafiə Fondu, Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Maliyyə Nazirliyi, Azərbaycan Dövlət Miqrasiya Xidməti, Mərkəzi Bank, kommersiya bankları və s.) effektiv qarşılıqlı məlumatlar mübadiləsi imkanının olmasıdır. [4][6]
Sistem müxtəlif şəbəkə mühitində (Internet/Intranet) özündəki məlumatların icazəsiz girişinə və müdaxiləsinə qarşı yüksək dərəcədə müdafiəni təmin etmək şərti ilə fəaliyyət göstərir. AVİS-də yüksək təhlükəsizlik tədbirləri təmin edilmişdir. Bunlara aşağıdakılar aiddir: [4][5]
-
istifadəçinin vəzifə səlahiyyətlərindən asılı olaraq məlumatlara baxma imkanına məhdudiyyət qoyulması;
-
istifadəçinin vəzifə səlahiyyətlərindən asılı olaraq sistemin funksiyalarına baxma imkanı;
-
məlumatların icazə verilməmiş baxışlardan və ehtiyatsızlıq nəticəsində məhv edilməkdən qorunması;
-
ştatdankənar vəziyyətlərdə məlumatların təhlükəsizliyinin qorunması;
-
etibarlılıq-mbu və ya digər fövqəladə hallarda məlumatların və proqramların saxlanması və s.
Eyni zamanda, AVİS vasitəsilə borcların qruplaşdırılması və vergi ödəyicilərinə bildirişlərin göndərilməsinin avtomatlaşdırılması təmin edilmişdir. AVİS - Elektron Hökumətin nümunəvi sistemi kimi beynəlxalq “İTMagazine” jurnalı redaksiyası və Layihənin İdarə Edilməsi Azərbaycan Assosiasiyası tərəfindən 2007-ci ilin İntellekt mükafatına layiq görülmüşdür. [4][5]
2.2 .İnternet Vergi İdarəsi
Vergi inzibatçılığının inkişafında əlamətdar hadisələrdən biri də respublikamızda ilk dəfə elektron bəyannamələrin tətbiqinə başlanılması ilə əlaqədardır. Vergilər Nazirliyi tərəfindən Bəyannamə Tərtibatı Proqramının (BTP) hazırlanaraq vergi ödəyicilərinə pulsuz şəkildə paylanılması, vergi bəyannamələrinin elektron formada təqdim olunmasını təmin etmək üçün 2007-ci ildə e-taxes.gov.az - İnternet Vergi İdarəsinin yaradılması vergi inzibatçılığının təkmilləşdirilməsi sahəsində atılmış mühüm addımdır.
Hazırda İnternet Vergi İdarəsi vasitəsilə aşağıdakı elektron xidmətlərin göstərilməsi həyata keçirilir: “Elektron Bəyannamə (e-Bəyannamə)”, “Sahibkarlıq subyektlərinin “Bir pəncərə” prinsipi ilə dövlət qeydiyyatı (o cümlədən fərdi sahibkarın on-layn qeydiyyatı)”, “ƏDV-nin depozit hesabı”, “Banklarla elektron mübadilə (Banlarla e-Mübadilə)”, “Elektron vergi hesab-fakturası”, “On-layn kargüzarlıq” [4].
2.2.1. Elektron Bəyannamə
E-Bəyannamə sistemi vergi bəyannamələrinin elektron formada vergi orqanına göndərilməsini nəzərdə tutur: [5][17]
-
bəyannamələrin off-layn rejimdə BTP vasitəsilə tərtib edilməsi və on-layn rejimdə İnternet Vergi İdarəsi vasitəsilə göndərilməsi (2007-ci il);
-
sadələşdirilmiş verginin bəyannaməsinin BTP proqramından istifadə etmədən on-layn rejimdə İnternet Vergi İdarəsi vasitəsilə tərtib edilməsi və göndərilməsi (2009-cu il).
Bu sistemin hesabına vergi ödəyicisi vergi orqanına gəlmədən və vergi orqanının əməkdaşı ilə kontakta girmədən, tam şəffaf şəkildə, onun üçün rahat olan mühitdə və istədiyi zaman bəyannaməni tərtib edərək internet vasitəsilə təqdim etmək, öz şəxsi hesab vərəqəsinə baxa bilmək və büdcəyə olan borcları barədə məlumatlar əldə etmək imkanına malik olur.
Eyni zamanda, E-Bəyannamə sistemi, vergi orqanı ilə vergi ödəyiciləri arasında əlaqələrin tamamilə şəffaflaşmasına gətirib çıxarmışdır. Ölkəmizdə elektron bəyannamə sisteminin tətbiqi vergi ödəyicilərində böyük maraq doğurmuşdur. Hazırda əlavə dəyər vergisi (ƏDV) ödəyicilərinin 99 faizindən, digər vergi ödəyicilərinin isə 90 faizindən çoxu bəyannamələrini elektron formada təqdim edirlər. [7][13]
2.2.2. Elektron vergi hesab-fakturası
“Vergi qanunvericiliyi və inzibatçılığının təkmilləşdirilməsi üzrə 2009-2012-ci illər üçün Strateji Plan” çərçivəsində ƏDV sahəsində vergi inzibatçılığının daha da müasirləşdirilməsi məqsədilə 2010-cu il yanvarın 1-dən etibarən elektron vergi hesab-fakturalarının tətbiqinə başlanılmışdır. Bu sistemin tətbiqi ilə təqdim edilmiş mallara, göstərilmiş xidmətlərə və görülmüş işlərə görə vergi hesab-fakturaları elektron formada təqdim edilir. Vergi inzibatçılığının şəffaflığı baxımından əhəmiyyətli olan bu sistem həm də vergi ödəyiciləri üçün müsbət nəticə vermişdir.
Elektron vergi hesab-fakturaları vergi xidməti orqanları ilə vergi ödəyiciləri arasında əlaqələrə keçidi elektron daşıyıcılar vasitəsilə təmin etmiş, vergi orqanlarının işini əhəmiyyətli dərəcədə asanlaşdırmış və vergi nəzarətini gücləndirmiş, eyni zamanda, vergi ödəyicilərinin öz vaxtına və maliyyə vəsaitlərinə qənaət etməsinə imkan vermişdir.
Elektron vergi hesab-fakturalarının tətbiqi nəticəsində kağız sərfiyyatı minimuma endirildiyindən il ərzində 20 tona yaxın kağıza qənaət edilmişdir. Eyni zamanda, bu sistemin tətbiqi saxta hesab-fakturalardan istifadə etmək cəhdlərinin də qarşısını birdəfəlik almışdır. İqtisadi inkişaf səviyyəsinə görə yaxın dövlətlərlə müqayisədə Azərbaycanda ilk dəfə elektron vergi hesab-fakturaların tətbiqi ölkəmizin hərtərəfli inkişafının əyani göstəricisi olmuşdur [13].
2.3.Sahibkarlıq subyektlərinin “Bir pəncərə” prinsipi ilə dövlət qeydiyyatı
2007-ci il 29 dekabr tarixində Vergilər Nazirliyinin Xüsusi Rejimli Vergi Xidməti Departamentində “Bir pəncərə” sisteminin təqdimatı keçirilmiş və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tədbirdə iştirak etmişdir. 2008-ci ildən başlayaraq respublikada sahibkarlığın inkişafına, azad rəqabət prinsipinin formalaşmasına dəstək olaraq sahibkarlıq fəaliyyəti subyektlərinin qeydiyyatının «bir pəncərə» prinsipi üzrə təşkili təmin edilmişdir. Elektron hökumətin əsas elementlərindən olan «bir pəncərə» sistemi məlumatların bir mərkəzdə cəmləşdirilməsini, vergi qeydiyyatı da daxil olmaqla, iqtisadi strukturlarda aparılan bütün qeydiyyatların təmamilə sinxronlaşdırılmasını nəzərdə tutur. «Bir pəncərə» sisteminin tətbiqi ilə qeydiyyat prosedurlarının sayı azalmış və vaxt itkisinin qarşısı alınmışdır. Qeydiyyatın bu prinsip üzrə aparılması sahibkarlıq sektoruna marağın güclənməsinə və biznesin inkişafına təkan vermişdir. Digər tərəfdən, «bir pəncərə» sisteminin tətbiqi investisiya mühitini daha da yaxşılaşdırmış, sahibkarların dövlət qurumlarından asılılığını azaltmış, çoxpilləli qeydiyyat prosedurlarını xeyli sadələşdirmişdir, Azərbaycan Respublikasında kommersiya hüquqi şəxslərin qeydiyyatı prosedurlarının (biznesə başlama) sayı 13-dən 5-dək, sərf edilən müddət isə 53 gündən 8 günədək, o cümlədən sırf qeydiyyatın aparılmasına sərf edilən müddət 3 günədək azaldılmışdır [7].
2.4.ƏDV-nin depozit hesabı
Azərbaycan Respublikası vergilər nazirinin 3 noyabr 2008-ci il tarixli əmri ilə təsdiq edilmiş “Vergi qanunvericiliyi və inzibatçılığının təkmilləşdirilməsi üzrə 2009-2012-ci illər üçün Strateji Plan” çərçivəsində vergidən yayınma hallarının qarşısının alınması və ƏDV üzrə inzibatçılığın təkmilləşdirilməsi məqsədilə 1 yanvar 2008-ci il tarixdən ƏDV-nin depozit hesabının tətbiqinə və müvafiq proqram təminatının istifadəsinə başlanılmışdır. [3][4]
Bu hesabın tətbiqi əsasən 2 istiqamətdə işlərin yerinə yetirilməsini nəzərdə tutur: [4]
-
ƏDV-nin büdcəyə ödənilməsi, digər vergi ödəyicilərinin sub uçot hesablarına köçürülməsi, Dövlət Gömrük Komitəsinə ödənilməsi;
-
digər vergilərin dövlət büdcəsinə ödənilməsi (yalnız ƏDV ödəyiciləri üçün).
Vergi qanunvericiliyinə görə mal (iş, xidmət) əldə edən şəxslər hesab- fakturada göstərilən malın dəyərini hesablaşma hesabına, hesablanmış ƏDV-ni isə ayrıca depozit hesaba, yəni satıcının ƏDV sub-uçot hesabına köçürürlər. Bu sistem ƏDV-nin hərəkəti və əvəzləşdirilməsi, habelə, ƏDV üzrə dövlət büdcəsinə ödənişlə bağlı vergi ödəyicilərinin bütün əməliyyatları üzrə vergi orqanları tərəfindən səmərəli nəzarəti həyata keçirməyə imkan yaratmışdır.
Vahid depozit hesabının tətbiqi vergi ödəyicilərinə banka getmədən başqa ödəyicilər, büdcə və gömrük orqanlarına ödənişlərin həyata keçirilməsinə imkan vermiş, vergi ödəyicilərinin ƏDV üzrə inzibati yükünün azaldılmasına da şərait yaratmışdır.
2.5.Banklarla elektron mübadilə
AVİS-in tətbiqi Vergilər Nazirliyinə digər dövlət strukturları və qurumlarla məlumat mübadiləsinin aparılması üçün geniş imkanlar yaratmışdır. Bu imkanlardan daha səmərəli istifadə etmək məqsədilə 2008-ci ildə Vergilər Nazirliyi ilə Mərkəzi Bank və banklar arasında “Elektron sənəd mübadiləsi” haqqında kollektiv saziş imzalanmışdir. Sazişdə bank idarələrinin elektron mübadiləyə qoşulma mexanizmi müəyyənləşdirilmişdir.Hal-hazırda Vergilər Nazirliyi və bank idarələri arasında hesabların açılması üçün şəhadətnamə-dublikatlar, həmçinin hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması üçün sərəncamlar elektron qaydada banklara göndərilir. İndiki dövr üçün Vergilər Nazirliyi ilə elektron sənəd mübadiləsi olan bankların sayı 38-dir. [18]
2.6.On-layn kargüzarlıq
2010-cu ildə Vergilər Nazirliyinin tətbiq etməyə başladığı innovativ texnologiyalardan biri də “On-layn kargüzarlıq” sistemidir. Elektron hökumət quruculuğunun əsas tərkib hissələri sayılan “vətəndaş-dövlət”, “biznes-dövlət” və “biznes-biznes” münasibətləri məhz bu sistemin vasitəsi ilə müasir beynəlxalq standartlar səviyyəsində təşkil edilmişdir.[4]
Yeni texnologiyalara söykənən on-layn kargüzarlıq sisteminin tətbiqi nəticəsində ölkə vətəndaşları bütün müraciətlərini kompüter və ya mobil telefon vasitəsilə internet üzərindən vergi orqanına göndərə bilirlər. Müraciət edən vətəndaş bu sistem üzərindən vergi orqanına göndərdiyi bütün məktubların vergi orqanı daxilində hərəkətini on-layn rejimdə izləyə və birbaşa icraçı ilə telefon əlaqəsi yarada bilir.
“On-layn kargüzarlıq” sistemində bir sıra ərizələrin elektron formada təqdim edilməsi imkanı da yaradılmışdır. Bundan başqa, elektron kargüzarlıq sistemi vasitəsilə vergi ödəyiciləri öz aralarında yazışmaq imkanı da əldə etmişlər.
2.7. Elektron təlim xidmətləri
AVİS-də yaradılan imkanlardan və müasir informasiya-kommunikasiya texnologiyalarından istifadə edilməklə vergi orqanlarının əməkdaşları tərəfindən vergi orqanları qarşısında qoyulmuş vəzifələrin layiqincə yerinə yetirilməsi, Vergilər Nazirliyinin strateji məqsədlərinin tam mənimsənilməsi və vergi inzibatçılığı proseslərinin yüksək səviyyədə həyata keçirilməsinin təmin olunması məqsədilə Vergilər Nazirliyinin Tədris Mərkəzində ənənəvi təhsil forması ilə yanaşı elektron və kombinə edilmiş (ənənəvi və elektron təhsil formalarından birgə istifadə olunmaqla) təhsil formalarından istifadə olunur. Təhsilin bu formalarının həyata keçirilməsi üçün AVİS-də müvafiq altsistem yaradılmışdır
Elektron təhsil internet və saytlardan istifadə etməklə təhsil materiallarının mənimsənilməsi üsulu olub auditoriya daxilində təhsilin məhdudiyyətlərini aradan qaldırmağa kömək edərək, çoxsaylı istifadəçiləri cəlb etməyə, kursların təkmilləşməsini vaxtında və çevik şəkildə həyata keçirməyə və fərdi təlim proqramı seçməyə imkan verir [12].
2.8 .İstehsal fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri barədə məlumatların əldə edilməsi
Azərbaycan Respublikası Vergilər Nazirliyinin 2008-ci il 26 dekabr tarixli Kollegiyasının qərarının icrası məqsədi ilə vergi orqanlarının əhatə etdiyi ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri barədə “Məlumat bazası” yaradılmışdır. Bu da Nazirlər Kabinetinin 24.11.2011-ci il tarixli 191 saylı qərarı ilə "Elektron xidmət növlərinin Siyahısı"na daxil edilmişdir.
“İstehsal fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri barədə Məlumat bazası” vergi orqanlarının əhatə dairəsinə daxil olan ərazilərdə faktiki istehsal fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri, onların istehsal etdiyi məhsulların növü və ticari adı, istehsal sahəsinin faktiki fəaliyyət göstərdiyi ünvan barədə geniş və operativ məlumat əldə etməyə imkan verir.[19]
2.9 .Nəzarət-kassa aparatlarında elektron məsafədən ötürmə qurğuları
"Nəzarət-kassa aparatlarına elektron məsafədən ötürmə qurğularının tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 28 dekabr tarixli 266 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında nəzarət-kassa aparatlarının satışı, istismarı, servis texniki xidmət və təmiri qaydaları haqqında Əsasnamə"yə əlavələr və dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 noyabr 2009-cu il tarixli 185 nömrəli Qərarının icrasının təmin edilməsi məqsədilə 2010-cu ildən etibarən nağd hesablaşmaların aparılması üzərində nəzarət tədbirlərinin gücləndirilməsi və bu sahədə müasir informasiya texnologiyalarının tətbiqinin genişləndirilməsi məqsədilə vergi ödəyicilərinin nəzarət-kassa aparatlarının yaddaşındakı məlumatların GPRS şəbəkəsi vasitəsilə vergi orqanlarının məlumat bazasına ötürülməsinə başlanılmışdır.
Nağd hesablaşmaların tətbiq edildiyi sahələrdə universal elektron məsafədən ötürmə qurğuları tətbiq olunmaqla nağd hesablaşmalar barədə məlumatların operativ şəkildə vergi orqanlarının məlumat bazasına ötürülməsi vergi nəzarətinin səmərəliliyinin və vergi ödəyicilərinin fəaliyyətində şəffaflığın daha da artırılmasına imkan yaratmışdır.
Bundan başqa, NKA-ya müdaxilə olunduqda qurğu tərəfindən onun işi dayandırılır, həmçinin, fəaliyyətini dayandırmış vergi ödəyicilərinin nağd hesablaşma əməliyyatlarının aprılmasına nəzarət olunur. GPRS-in tətbiqi vergi ödəyicisinə məxsus obyektlərə gedərək onlarda xronometrajların aparılması zərurətini kəskin azaldır ki, bu da, ödəyicilərin vaxtına qənaət edir, aparılan vergi yoxlamalarının səmərəliliyini yüksəldir.
Nəzarət-kassa aparatlarına elektron məsafədən ötürmə qurğularının tətbiqi vergi ödəyicilərinin vergi orqanları ilə əlaqəsinin asanlaşdırılmasına və vergi inzibatçılığında müasir elektron nəzarət mexanizmlərindən geniş istifadə edilməsinə imkan yaratmışdır.
2.10 Vergi orqanı əməkdaşlarının fəaliyyətində korrupsiya və digər hüquqpozma halları barədə məlumatın onlayn verilməsi.
Bu xidmət vətəndaşların vergi orqanları əməkdaşlarının qanunsuz hərəkətlərindən birbaşa və operativ qaydada şikayətetmə proseslərini əhatə edir. Xidmət ödənişsizdir və istənilən hüquqi və fiziki şəxslər bu xidmətdən istifadə edə bilərlər.
Elektron xidmət Vergilər Nazirliyinin rəsmi internet səhifəsinin «E-xidmətlər» bölməsi www.taxes.gov.az ünvanında təqdim edilir. Xidmətin göstərilməsi üçün vətəndaş tərəfindən müraciət formasının doldurulması tələb olunur.
İstifadəçi www.taxes.gov.az internet səhifəsində «Müraciətlər» bölməsinə daxil olaraq «Onlayn müraciət» altmodulunu seçərək «Vergi orqanı əməkdaşlarının fəaliyyətində korrupsiya və digər huquqpozma halları barədə məlumat ver» başlığını seçir. Bu zaman yeni pəncərə açılır və oradakı müraciət forması istifadəçi tərəfindən doldurulur və «OK» düyməsi sıxılır. Müraciət formasının məlumatları «feed-back» vasitəsilə onlayn rejimdə qəbul edilir.
Vətəndaş tərəfindən müraciət formasının doldurulması zamanı istifadəçinin VÖEN-i və ya adı, atasının adı, soyadı, elktron poçt ünvanı, ev, iş, mobil telefon nömrəsi, eləcə də müraciətin məzmunu göstərilmədikdə və ya səhv məlumatlar daxil edildikdə xidmətin göstərilməsindən imtina edilir.
Əgər formanın məzmunu bütün tələblərə cavab verirsə, müraciət nazirliyin Aparatı tərəfindən rəsmi qeydiyyata alınır. Müraciətin araşdırılmasının nəticəsi müraciət edən vətəndaşın qeydiyyat zamanı göstərdiyi elktron poçt ünvanına göndərilir. Müraciət Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi (AVİS) vasitəsilə qeydiyyata alınır və icra müddəti göstərilir.
İstifadəçi elektron xidmətlə bağlı onu razı salmayan istənilən məsələ barədə inzibati qaydada yuxarı səlahiyyətli orqana və məhkəməyə şikayət edə bilər.[2]
2.11 Vergi orqanı əməkdaşlarının qeyri-etik davranışı barədə məlumatın onlayn verilməsi
Vergi orqanı əməkdaşlarının qeyri-etik davranışı barədə Vergilər Nazirliyinə məlumat verilməsi proseslərini əhatə edən bu xidmət də ödənişsizdir. Hüquqi və fiziki şəxslər üçün nəzərdə tutulan xidmət Vergilər Nazirliyinin rəsmi internet səhifəsinin «E-xidmətlər» bölməsi www.taxes.gov.az, www.e-gov.az ünvanında təqdim edilir.
İstifadəçi tərəfindən müraciət formasının doldurulması zamanı onun adı, soyadı və atasının adı, elektron poçtu, ev ünvanı və telefon nömrəsi və müraciətin məzmununun göstərilməsi tələb olunur.
İstifadəçi səhifənin müvafiq bölməsində təqdim edilmiş xüsusi formada «Adınız, soyadınız, atanızın adı», «Email, poct ünvanınız və telefon nömrəniz», «Məlumatınız» qrafalarını dolduraraq «OK» düyməsi ilə onları təsdiqləyir.
İstifadəçinin telefon nömrəsinin təsdiqlənməsi üçün həmin şəxslə əks-əlaqə saxlanılır, nömrə təsdiqlənmədikdə bu barədə ona xəbərdarlıq göndərilir və müvafiq məlumatlar elektron poct və ya faks vasitəsilə ondan alınır. Təsdiqlənmiş məlumat Vergilər Nazirliyinin müvafiq struktur bölməsinin elektron ünvanına daxil olur və Vergilər Nazirliyinin səlahiyyətli mütəxəssisi formanın məzmunu ilə tanış olur.
Xidmətin göstərilməsindən müraciət formasında vətəndaşın adı, atasının adı, soyadı, elektron poçtu və ev ünvanı, telefon nömrəsi, müraciətin məzmunu düzgün göstərilmədiyi təqdirdə imtina edilir.
Təsdiqlənmiş məlumat Vergilər Nazirliyinin müvafiq struktur bölməsinin elektron ünvanına daxil olur və nazirliyin səlahiyyətli mütəxəssisi formanın məzmunu ilə tanış olur. Formanın məzmunu bütün tələblərə cavab verdikdə həmin müraciət Vergilər Nazirliyinin Aparatı tərəfindən rəsmi qeydiyyata alınır. Müraciətin araşdırılmasının nəticəsi istifadəçinin qeydiyyata alınan zaman göstərdiyi e-mail ünvanına göndərilir. İstifadəçi elektron xidmətlə bağlı onu razı salmayan istənilən məsələ barədə inzibati qaydada yuxarı səlahiyyətli orqana və məhkəməyə şikayət edə bilər.[20]
2.12.Vətəndaşların internet üzərindən videoqəbulu
Azərbaycan Respublikası Prezidentinin “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 23 may 2011-ci il tarixli 429 nömrəli Fərmanın icrası ilə bağlı Vergilər Nazirliyi tərəfindən göstərilən elektron xidmətlərin genişləndirilməsi istiqamətində görülən tədbirlər nəticəsində 2011-ci ilin oktyabr ayından başlayaraq vergi ödəyicilərinin videoqəbuluna başlanılıb. Bu xidmət vergi ödəyicilərinin Vergilər Nazirliyinin məsul vəzifəli şəxsləri ilə birbaşa video əlaqə yaratmasını nəzərdə tutur.
Vətəndaşların internet üzərindən videoqəbulu xidmətinin tətbiqi vətəndaşların lüzumsuz vaxt və maddi itkiyə yol vermədən, vergi orqanlarının vəzifəli şəxsləri ilə kontaktda olmadan və şəffaf şəraitdə Vergilər Nazirliyinin vəzifəli şəxslərinə birbaşa müraciət etmələrinə imkan yaratmışdır. Bu məqsədlə respublika ərazisində yaradılmış 30-dan artıq xidmət terminallarında xüsusi kabinələr ayrılmış və videoçəkilişin həyata keçirilməsi üçün kabinələrdə müvafiq texniki vasitələr quraşdırılmışdır.
Videoqəbulda iştirak etmək istəyən vergi ödəyicisi www.taxes.gov.az/vqebul/ internet-ünvanda qeydiyyatdan keçir və videoqəbulun göstərilməsinə dair ümumi qaydalarla tanış olur.
Vergilər Nazirliyinin Aparatının vəzifəli şəxslərinə müraciət etmək istəyən vətəndaşlar üçün Vergilər Nazirliyinə gəlmədən Azərbaycan Respublikasının istənilən ərazisindən həmin ərazidə yaradılmış xidmət terminalı vasitəsilə Nazirliyin vəzifəli şəxslərinin videoqəbulunda iştirak etmək imkanları yaradılmışdır. Eyni zamanda videoqəbulda iştirak etmiş vətəndaş ona verilmiş cavabı yazılı formada da tələb edə bilər.
Bunlarla yanaşı vətəndaşların vergi orqanlarında qəbulu əyani şəkildə həyata keçirildiyi hallarda onların xüsusi ayrılmış otaqlarda qəbulunun videoçəkilişlə müşayiət olunmaqla həyata keçirilməsi üçün imkan yaradılmışdır.
2.13 Asan İmza xidməti
“Asan İmza” xidməti – elektron xidmətləri həyata keçirən istifadəçinin mobil telefon vasitəsilə autentifikasiyasını, sənədin elektron imzalanmasını və imzalayan şəxsin şəxsiyyətinin müəyyən edilməsini (identifikasiyasını) təmin edən xidmətdir. “Asan İmza” SİM kartlarını mobil operatorların (hələlik yalnız “Azercell”) müştəri xidmətlərindən və ya Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ASAN Xidmət Mərkəzlərindəki mobil operator nümayəndəsindən əldə etmək olar. Bundan sonra Vergilər Nazirliyinin Vergi ödəyicilərinə xidmət mərkəzlərində, Ərazi Vergi İdarələrinin və Departamentlərinin vergi ödəyicilərinə xidmət şöbələrində və ya ASAN xidmət mərkəzlərindəki Vergilər Nazirliyinin nümayəndəsindən müqavilə bağlayaraq elektron imza üçün təkmil sertifikat almaqla “Asan İmza” xidmətini aktivləşdirmək olar. ASXM-in istismara verilməsi İnternet Vergi İdarəsində istifadəçi səlahiyyətlərinin idarə edilməsi sisteminin yaradılmasına (bu sistem, bir VÖEN-lə bağlı əməliyyatların eyni vaxtda qeyri-məhdud sayda istifadəçi tərəfindən həyata keçirilməsinə imkan verir), hüquqi və fiziki şəxslərin online qeydiyyatı, POS-terminalların qeydiyyatı, elektron vergi-hesab fakturalarının göndərilməsi, ƏDV-nin depozit hesabı və s. xidmətlərdə «Asan İmza»nın tətbiqi həyata keçirilməsinə imkan yaradıb.
2.14 Vergilər Nazirliyinin Elektron Hökümət portalında istifadəsi mümküm olan elektron xidmətlər
Elektron xidmətlərin vətəndaşların ixtiyarın verilməsində, dövlət orqanlarının informasiya açıqlığı üzrə hazırladığında Vergilər Nazirliyi həmişə öndə gedib və dəfələrlə İnformasoya Azadlığı mükafatı ilə təltib olunub. Vətəndaşların istifadəsinə Elektron hökümət portalında hal-hazırda Vergi sisteminə aid aşağıdakı elektron xidmətlərdən istifadə etmək mümkündür:
-
Hüquqi adın yoxlanılması - Bu xidmət vasitəsilə hər hansı hüquqi adın istifadə edilib-edilməməsini yoxlamaq olar.
-
Xəzinadarlığı orqanlarında vergi və rüsumlar köçürüləcək hesablar - Bu xidmət vasitəsilə Xəzinadarlığı orqanlarında vergi və rüsumlar köçürüləcək hesabatlar qeyd olunur.
-
Kommersiya qurumların dövlət reyestri məlumatları - Bu xidmət vasitəsilə Kommersiya qurumların dövlət reyestri məlumatlarını əldə etmək olar.
-
Oxşar hüquqi adların axtarışı - Bu xidmət vasitəsilə oxşar hüquqi adların siyahısına baxmaq olar .
-
Pos-terminal qeydiyyatı - Bu xidmət vasitəsilə Pos-terminalı qeydiyyatdan keçirtmək olar.
-
Şəxsin imza səlahiyyətləri haqqında məlumat - Bu xidmət vasitəsilə şəxsin imza səlahiyyətləri haqqında məlumatları əldə etmək olar.
-
Vergi ödəyicisinin ətraflı axtarişi - Bu xidmət vasitəsilə vergi ödəyicisinin VÖEN-ni əlavə etməklə vergi ödəyici haqqında ümumi məlumat əldə edə bilər.
-
Vergi ödəyicisinin tarix üzrə borcu - Bu xidmət vasitəsilə vergi ödəyicisinin müəyyən zaman aralığında borcu olub – olmadığını yoxlamaq olar.
-
VÖEN-ə görə ödəyicinin axtarılması – Bu xidmət vasitəsilə vergi ödəyicisinin VÖEN-ni daxil etməklə ödəyicinin adını və vəziyyətini öyrənmək olar.
-
VÖEN-ə və ya ada görə ödəyicinin axtarılması .
Vergilər Nazirliyi öz xidmətlərini “Elektron Hökümət” portalında təqdim etdiyindən vətəndaşlar tərəfindən bu xidmətlər artan ardıcıllığla istifadə olunur.Cədvəl 1-dən göründüyü kimi 2013-cü ilin yanvar ayında aylıq Vergi e-xidmətindən istifadə 674 nəfər idisə iyul ayında bu göstərici artıq 1564 nəfərə çatmışdır. Əgər statistik göstəricilər bu templə davam etsə 2013-cü ilin dekabr ayında aylıq istifadənin sayının 2200 nəfər olacağını gözləmək olar. [2][21-27]
Cədvəl 1
2013-cü ilin yanvar-iyul ayları üzrə “Elektron Hökümət” portalı vasitəsilə təqdim olunan e-xidmətlərdən istifadə barədə statistik məlumat
Dostları ilə paylaş: |