Bir Xışma Xəyalam-Qoşu Esmira MEHİ Tebriz-Turuz-1012
Bir Xışma Xeyalam
Qoşu
Esmira Tebriz-Turuz-1012
TİTRLƏR KİMİ... Xatirələrin dəftəridir gözlərim. Ağına qara, qarasına ağ həriflərlə yazıldı ömürlüyüm. Arada su saldı göz yaşları o xatirələrin üstünə. Ömrün küləkləri suçəkən kimi çəkdilər bir dəftər nəmi. Bütün ömrüm su ilə suçəkənin arasında keçdi. O aralıqda vərəqlər kiprik-kiprik səhifələnir. Gözlərimin ağı-qarası hüsnüxətt kimi yazılır. Elə tez yazılır ki... Lap könə filmlərdəki oxuya bilmədiyim titrlər kimi... Oxuya bilmirəm daha, oxuya bilmirəm gözlərimi. Oxuya bilən varmı köhnə filmlərin titrlərini? Onda oxuyun gözlərimdən bir köhnə film kimi- MƏN adlı xatirəni. O QƏDƏR UZAQSAN... O qədər uzaqsan, o qədər yaxın Əlimi uzatsam, çata-çatmaya. Adın yağış kimi ömrümə yağır- Yağıb ürəyimdə yata-yatmaya.
Bir yolu olmayan yoldu bu yollar, Qırılmış qanaddı, qoldu bu yollar, Daha şirinlikdən çıxıb xəyallar_ Bir də şirinliyə bata-batmaya. Mən həsrət qaldığım Söz dəlisiyəm, Adımı ağlayan göz dəlisiyəm, Bu yerdə Allahın Söz ölüsüyəm- SÖZümü göylərə ata-atmaya. DİLİMİN UCUNDA... Dilimin ucunda qalıb bu şeir Dilimin ucundan asmışam onu. Çəkib ürəyimdən sözləri bir-bir Dilimin ucuna yazmışam onu. Hələ oxunmamış Sözdü bu ömür, Bir ucu burdadır, bir ucu harda. Məni şair edən bir şeir ölür- Dilimin ucundan asdığım darda. O şeri heç zaman yazmayacağam, Oxuyan deyiləm, eşidə kimsə. O şeri özümə oxuyacağam- Son nəfəs dilimin ucuna gəlsə. Məni o şeirlə aparsın ölüm, Şeirdən başlasın elə son yolum. Hərə bir sevginin şairi olur- Mən də ölümlərin şairi olum. GÖZÜMƏ BİR ÇÖP DÜŞÜB Gözümə bir çöp düşüb Üfür, ay külək, üfür. Gəl, gözümün içini Süpür, ay külək, süpür. Çıxart çöpü gözümdən Gözlərim ağrımasın. Su boğaza çıxanda Ümid çöpə qalmasın. Silənsən, süpürənsən Zamanı da anında. Bir çöp kimi dəyəri Yoxdu bu dünyanın da. Ömür də kibrit çöpü Yandımı, qurtarandı. Sel gələndə ağzında Çör-çöpü aparandı. Çıxsa bu çöp gözümdən Ağrım çöplə çıxacaq. Bəs qəlbimin gözündən Çöpü kim çıxaracaq. Gözümə bir çöp düşüb Üfür, ay külək, üfür. Gəl, məni də çöp kimi Süpür, ay külək, süpür. ƏGƏR SORUŞSAYDINIZ... Əgər həyətimizdən soruşsaydınız- məni adax-adax, diz-diz, ayaq-ayaq tanıtdırardı. Ya həyətimizin ortasından axan kəhrizdən xəbər alsaydınız- məni dalğa-dalğa, ləpə-ləpə ovuc-ovuc anladardı. Ya da o arxın qırağındakı şivərək söyüdə desəydiniz- məndən budaq-budaq, yarpaq-yarpaq xatirələr danışardı. Və o xatirələrin içində bir boş həyət qaldı, susuzluqdan kəhrizi quruyan bir arx çatladı, bir söyüd qurudu. O söyüdün budağından bir uşaqlıq asıldı. O xatirələrin hamısı ölüm adlı. Ölümlər yaşayır o xatirələrdə, o xatirələr də ölümlərdə yaşayırlar. Ən yaxşısı siz məni ölümlərdən xəbər alın Məni ölümlər yaxşı anladarlar. KEÇƏNLƏRDƏ... HURİYYƏ... ...əmimin nəmli xatirəsinə Keçənlərdə... Bir nəmli melodiya vardı... Su kimi süzülərdi, yağış kimi yağardı, içimizə axardı. Hər gecə onu qonşu binanın arxasında, şam ağacının altında, gitarada cavan oğlan çalardı. Çaldıqca da arada işıqlı evlərin birinə baxardı. O evlərin birində Huriyyə adında bir dəlicə qız yaşayardı. Oğlan ona baxdıqca dilini çıxardardı, gözünü bərəldərdi, nə bilim eyy... yüz hoqqa verərdi. Gah da oğlanın başına ovuc-ovuc su atardı. Oğlan suya batardı, oğlan heyyy islanardı, gitaranın simlərindən sanki yaşlar damardı, gitara ağlayardı. Qızsa elə gülərdi, uğunardı, gedərdi... Gitaranın nəmi qurumamış yuxarıdan yenə su tökərdi. Hər gecə su içində oğlan evə dönəndə anası deyinərdi. Hər gecə gecəyə bir nəmli melodiya yayılardı, gitara ağlayardı. Keçənlərdə... Bir nəmli melodiya vardı... Onu bir oğlan çalardı... Əsgər gedib döndüyündə sevdiyi qız yoxuydu, sevdiyi qız yuxuydu. Taa eyvandan baxmırdı, oğlana su atmırdı, gitaranı ağlatmırdı. Taa o qız orda yaşamırdı. O qız yüngül həyatlarda, əyri-üyrü yollarda qalmışdı. O qız siqaret tüstülərində, maşın sürətlərində yaşayırdı. Taa o qız ölmüşdü... Taa oğlan da gitara çalmırdı... Heç gitaranı əlinə də almırdı. Sonra da oğlan günün birində uşaqlıq dostunu, gənclik dostunu nəmli gitarasını sulara atdı. O melodiyanı sular uddu... Mən onda çox uşağıydım... O qədər çənəmi o oğlanın dizinə söykəyib o melodiyaya qulaq asmışdım ki... O oğlan mənin əmim idi. Həyatda yoxdu indi. Of, əmi o bəstə mənim içimdədi.... O melodiya məndədi..... Sən gitaranı sulara atıb evə dönəndə bütün gecəni yatmadın haaa... Bax, mən də yatmadım onda. Sən ağlaya-ağlaya, göynəyə-göynəyə, barmaqlarını bir-birinə döyə-döyə qırıq-qırıq sözlər deyirdin gecəyə: -Səni bir daha çalmayacağam Huriyyə, Mən səni necə çalım Huriyyə? Mən o zaman bildim ki, bildim ki.... Sənin bəstələdiyin o nəmli notların adı Huriyyədi... Keçənlərdə... Bir gitara qərq oldu sularda. İndi inləyə-inləyə yosun-yosun həsrət çalır gecəyə. Xatirələrdə bir nəmli melodiya köklənib bir qəmli sevgiyə, nəmli sevgiyə.. Yayılır o ötən günlərə, itən günlərə. Yayılır yaddaşımı döyə-döyə. Bir qız xatirə, bir oğlan xatirə, Huriyyə, Huriyyə.... Keçənlərdə.... bir nəmli melodiya....
BİR UCDAN...
Bir ucdan ələnib gedir Bu dünyanın ələkləri... Corab hörür, papış tikir Bu dünyanın kələkləri... Hey oynadıq quru adla Var olmadıq yox umudla İndi qırıq qol-qanadla- Ta neynirik lələkləri... Söz deyirik, sözdən yazır Üzdən yazır, gözdən yazır Çiynimizdə bizdən yazır Çiynimizin mələkləri... Yol gedirik, yol süpürür Sağ kürüyür, sol süpürür Öl gətirir, ol süpürür- Bu dünyanın küləkləri... ANAM-BACIM, TUT AĞACI Kəsmə-kəsmə tellərinə, budam-budam qollarına, qırım-qırım əllərinə baxım, baxım- qoy ağlayım acı-acı- Tut ağacı. Baharına qış düşdümü, qar yağdımı? Nübarının çiçəyinə qor yağdımı? İndi sənin kötük bəxtin mənim kötük ürəyimə bir dağdımı? Anam-bacım, Tut ağacım. Bir də sənin yarpaqların açmayacaq. Quşlar səndə yuva qurub, o yuvadan uçmayacaq. O dev kölgən olmayacaq, dev kölgəndə o cırtdan qız qaçmayacaq. İndi sənin dev həsrətin mənə qucaq açır, açır- Tut ağacı. Bir kötüyün qalıb daha- daha söz yox, deyim sənə. məndə üz yox deyim sənə. Sən də kötük, mən də kötük - nəyim var ki, verim sənə- xatirələr xıncım-xıncım xəyallara qapı açır- Tut ağacı. Biz illərin itiyiyik, edamların kötüyüyük- Anam-bacım, Qoy ağlayım acı-acı- Tut ağacı, tut ağacı. UŞAQLIQ ŞƏKLİM Mən uşaq olanda bizim kənddə şəkilçəkən yoxuydu. Və mənim uşaqlıq şəklim yoxdu. Goyləri, yerləri gözümə şəkil kimi çəkirdim. İndi həmin şəkillərə baxıram bir-bir. Bu dağlardı, ağaclardı, quşlardı. Bu buludlardı, küləklərdi, yağışlardı. Hara baxıram hər yerdə uşaqlığımın şəkillərini görürəm. Ağlı qaralıyam, gah da göyqurşağı kimi rəngbərəngəm. Lap indi, lap indi bilmişəm ki, Dünya mənim UŞAQLIQ şəklimdi.