XAN KƏHRİZİ
Xan kəhrizi – Horadiz kəndində suyu bol olan kəhrizlərdən biridir. Xan kəhrizi Rzalılar məhəlləsinin, Qozlu çay kənarında yer səthinə çıxır. Xan kəhrizin toponimi “Xan” və “kəhriz” sözlərindən ibarət olub, “Xana məxsus olan kəhriz” mənasındadır. Bundan başqa belə bir məna verir ki, “Xan kəhrizi”, “Baş kəhriz”, yəni: Horadiz kəndində ən yuxarı hissəsində olduğu üçün bu kəhrizə belə ad vermişlər. Onun mənbəyi Hüngütlü sıra təpəliklərin altından götürərək, qrunt sularını yer səthinə çıxarmaq üçün yeraltı şaquli quyularla və üfiqi lağımlarla Qozlu çay boyunca, peşəkar kankanlardan Həsən, Şirin, Ağalar Şirinovlar, Qəmbər İsmayılov, Kərim Kərimov, Cabbar Hacıyevin tərəfindən 1955-ci ildə ən son kəhriz kimi inşa edilib.
Xan kəhrizin suyu soyuq, şəffaf və yüngüldür. Bu kəhrizin suyu ətraf həyətyanı sahələrin və Qozlu çayın üstündən dəmir boru ilə keçərək Dullar məhəlləsinindəki həyətyanı bağları da suvarırdı.
İBƏ BULAĞI
İbə bulağı – Horadiz kəndindən şimal-qərbdə, Teşnək əkin sahəsinin Cəbrayıl rayonu ilə həmsərhəd olan yerdə üzə çıxan bulaqdır. Aşağı Aybasanlı kəndində bu qəbilədən olan İbə (İbrahim) adlanan və xalq arasında əziz sayılan müqəddəs ziyarətgah da qeydə alınmışdır. Füzuli rayonunun Yuxarı Seyidəhmədli kəndi ərazisində İbə bulağı, ocaq və ziyarətgah yəqin ki, xalq arasında tanınmış İbrahim kişinin adı ilə bağlıdır.
İMAM BULAĞI
İmam bulağı – Horadiz kəndində qeydə alınan hidronimlərdən biridir. İmam bulağı İmam Pirinin yaxınlığında 100 metr şimal- qərbdə yerləşir. Bulaq yeraltı suların yer üstünə təbii çıxışıdır. İmam bulağı hidroniminin tərkibindəki “İmam” sözü şiə məzhəbinin başçısı qəbul edilmiş Həzrət Əli və onun övladlarına verilən ad mənasındadır.
Dostları ilə paylaş: |