ZÜLAL MÖCÜZƏSİ
HARUN YƏHYA
MÜNDƏRİCAT
ÖN SÖZ
GİRİŞ: HƏYATIN GERÇƏK MƏNŞƏYİ
CANSIZ ATOMLARI ZÜLALLARA ÇEVİRƏN QÜSURSUZ TƏRTİBAT
HÜCEYRƏDƏKİ BƏNZƏRSİZ İSTEHSAL: ZÜLAL SİNTEZİ
ORQANİZMİN YORULMAYAN MEXANİZMLƏRİ: ZÜLALLAR
TƏKAMÜL NƏZƏRİYYƏSİNİN ƏN ÇIXILMAZ MƏQAMI: ZÜLALLAR NECƏ ƏMƏLƏ GƏLİB?
NƏTİCƏ
TƏKAMÜL YALANI
ÖN SÖZ
Müəyyən bir mövzu barədə məlumatı az olan insanın və ya həmin mövzu ətrafında çox düşünməyən insanın həmin mövzu barədə yanlış təsəvvürü ola bilər. Yaxud da o, başqaları tərəfindən səhv yönləndirilə bilər. Məsələn, bir televizorun iş prinsipi, mexanizminin hansı hissələrdən təşkil olunması haqqında dərin biliyə malik olmayan və ya bu sahə ilə maraqlanmayan bir insan üçün televizor sadəcə olaraq filmlərə baxdığı, xəbərləri izlədiyi bir vasitədir. O, televizora təsvirin və səsin çatdırılması, təsvirin ekranda yaranması, peyk əlaqələrinin təmin edilməsi, başqa ölkədən gələn təsvirin əvvəlcə kosmosa qalxması, sonra evindəki televizor cihazının içərisinə heç bir əngəl olmadan, səsi və rəngi ilə birlikdə necə çatdırıldığını, içindəki mexanizmlərin, istehsalında istifadə edilən materialların funksiyasını, pult idarəetməsinin hansı məntiqlə işlədiyini bilməsə və bunlar haqqında fikirləşməsə, bu cihazdakı texnoloji xariqələri də qiymətləndirib dərk edə bilməz. Televizoru sadəcə olaraq istədiyi proqramları seyr edə bildiyi elektrik cihazı kimi görəcək.
Zülallarla əlaqədar kitabın giriş hissəsində: “Televizorla bağlı gətirilən misal nə üçündür?” - deyə düşünənlər ola bilər. Burada məqsəd insanların bəzi mövzularda məlumat və ya fikir kasadlığının mühüm məsələlərdə yanlışlığa və ya səthi yanaşmaya gətirib çıxaracağını, insanların bəzi mövzular barədə düşünmədikləri zaman ən vacib məsələlərdən xəbərsiz qalacaqlarını vurğulamaqdır. Bəlkə televizorun necə işlədiyi barədə məlumatdan xəbərsiz olmaqla və ya bu məsələ üzərində düşünməmiş olmaqla insan çox şey itirmiş olmur. Lakin yer üzərində həyatın necə başladığı və necə davam etməsi barədə düşünməmək, bu mövzuda irəli sürülən həqiqətə zidd iddialara gözübağlı inanmaq, bir insanın ən böyük itki və səhvlərindən biri ola bilər. Bu səbəbdən, insanlar həyatın necə başlamasına dair sual üzərində düşünməlidirlər.
Bu kitabda həyatın təməl daşı sayılan zülalların bəzi xüsusiyyətləri izah edilməklə insanlara həyatın necə başladığına dair sualın yalnız bir həqiqi cavabı veriləcəkdir. Bu cavab belədir: həyat üstün və güclü bir Yaradıcı olan Allahın yaradışı ilə başlamışdır.
Bu açıq-aydın həqiqətdən xəbərsiz olanlara Quranda bu şəkildə müraciət edilir:
Məgər insan ilk əvvəl onu heç bir şey deyilkən yaratdığımızı xatırlamırmı? (Məryəm surəsi, 67)
GİRİŞ: HƏYATIN ƏMƏLƏ GƏLMƏSİNİN GERÇƏK MƏNŞƏYİ
Canlı aləmin ən təməl vahidi olan hüceyrəyə işıq mikroskopu altında baxıldığı 19-cu əsrdə alimlər hüceyrəni qara bir ləkə kimi görürdülər. Bəziləri hüceyrəni içi maye ilə dolu bir plazma olduğunu, bəziləri isə onun jeleyə oxşayan bir maddə olduğunu hesab edirdi. Həmin dövrdə istifadə edilən və günümüzün imkanları ilə müqayisə edildikdə çox primitiv bir cihaz sayılan işıq mikroskopunda gördükləri təsvirə görə, hüceyrəni çox sadə bir maddə hesab edən 19-cu əsr alimləri hüceyrənin təsadüfən və özbaşına yaranmasını iddia edən bir nəzəriyyə irəli sürdükdə, həmin nəzəriyyə dərhal qəbul edildi.
1859-cu ildə “Növlərin mənşəyi” adlı kitabı ilə təkamül nəzəriyyəsini irəli sürən Çarlz Darvin canlı aləmin ibtidai mühitdə özbaşına və təsadüfən əmələ gələn sadə bir hüceyrədən təkamül yolu ilə inkişaf etdiyini iddia etmişdir. Bu iddiaya görə, şüursuz və cansız atomlar təsadüf nəticəsində birləşərək qüsursuz bir layihəyə və canlılıq üçün lazım olan bütün xüsusiyyətlərə malik olan hüceyrəni formalaşdırmışdır. Eyni təsadüflər bu ilk hüceyrəni hansı yolla olması məlum olmadan təkamülə məruz qoymuş və müəyyən zaman çərçivəsində kompyuter mühəndislərini, professorları, sənətkarları, dahiləri meydana gətirmişdir.
Hüceyrənin və ona daxil olan maddələrin nə qədər mürəkkəb, müfəssəl və üstün layihəyə malik olmasından xəbərsiz olan elm adamlarının bir çoxu bu qədər məntiqdən kənar və cahil iddiaları ehtiva edən təkamül nəzəriyyəsinə kor-koranə inandılar. Çünki bu nəzəriyyə bir yandan da 19-cu əsrdə güclənən materialist düşüncəyə bir Yaradıcının varlığını inkar edərək və “Təsadüf nəzəriyyəsini” irəli sürərək əhəmiyyətli şəkildə dəstək verirdi.
Bununla belə, 20-ci əsrin xüsusən ikinci yarısından sonra sürətlə inkişaf edən elm və texnologiya təkamül nəzəriyyəsinin həqiqətlərə tamamilə zidd olan, əsassız və elmi sübutu olmayan, uydurma bir ssenaridən ibarət və ya ibtidai dövr mifologiyasını xatırladan bir aldatma olmasının aşkarlanmasına səbəb oldu. Ancaq materialist düşüncəsinə və bir Yaradıcının varlığını danmalarına dəstək olan bu nəzəriyyədən ayrılmayan bəzi elm adamları böyük mühafizəkarlıq və bağlılıqla təkamül nəzəriyyəsini müdafiə etməyə və həyatın mənşəyini açıqlayan yeganə elmi həqiqət kimi insanlara təlqin etməyə davam etdilər.
Təkamülçülər insanların əksəriyyətinin elmi mövzularda təfsilatlı məlumata sahib olmamasından və gündəlik həyatda belə mövzular barədə düşünməyə imkan tapmamasından yararlanaraq bir növ təkamül hipnozu etdilər. Ən ağlasığmaz iddialarını, ən inanılmaz nəzəriyyələrini, saxtakarlıq yolu ilə düzəltdikləri saxta dəlillərini, bolluca latın sözləri ilə bəzədikləri öz aləmlərində “çox elmi” amma içi bomboş məqalələrini, kitablarını təkamülün qəti olaraq bir həqiqət olduğu yalanına insanları inandırmaq üçün istifadə etdilər.
Bu gün insanların bir çoxu təkamül nəzəriyyəsinin sübut olunmuş elmi nəzəriyyə olduğunu hesab edir. Təkamül nəzəriyyəsinin iddialarının nə qədər məntiqsiz və ağıla zidd olduğunu isə ayırd edə bilmirlər. Halbuki, nəinki hüceyrənin, hüceyrəni təşkil edən tək bir zülal molekulunun belə nə qədər mürəkkəb bir layihəyə, xırdalıqlarına qədər və incə hesablanmış bir plana sahib olduğunu, tək bir zülalın meydana gəlməsi üçün eyni anda yüzlərcə mühitin, yüzlərcə molekulun, fermentin bir yerdə mövcud olmasının vacibliyini bilən bir insan üçün təkamül nəzəriyyəsi inanılması tamamilə imkansız bir cəfəngiyatdır. Bu kitabda bəhs edildiyi kimi, tək bir zülal molekulu belə, qəti olaraq təsadüfən meydana gələ bilməz və yalnız ağıl, şüur və iradə sahibi bir güc tərəfindən inşa ediləbiləcək qədər qüsursuz quruluşa malikdir.
Bəzi insanlar: “Zülalı bizdən daha yaxşı tanıyan elm adamları necə olur ki, hələ də təkamül nəzəriyyəsini müdafiə edirlər?” - deyə haqlı olaraq soruşa bilərlər. Bundan əvvəl də bəhs etdiyimiz kimi, təkamülçülər təkamülü elmi nəzəriyyə olduğu üçün deyil, yaradılışı və bir Yaradıcının varlığını inkar etdiyi və materialist fəlsəfəsinə dəstək verdiyi üçün müdafiə etməkdədirlər. Və bunu da tez-tez etiraf edirlər. Məsələn, Sidney Universitetindən təkamülçü antropoloq Dr. Maykl Volker belə demişdir:
Bir çox elm adamı və texnologiya üzrə mütəxəssisin Darvinin nəzəriyyəsinə dillərilə xidmət göstərməsinin tək səbəbinin bu nəzəriyyənin bir Yaradıcının varlığını rədd etməsi olduğunu qəbul etmək məcburiyyətindəyik.1
Başqa bir dünya şöhrətli təkamülçü alim Fred Hoyle isə həyatın təsadüfən başlanmasının imkansızlığını belə etiraf etmişdir:
Hər şeydən əvvəl həyatın təsadüflər nəticəsində yaranması ehtimalı o qədər azdır ki, bu iddianı qəbul etmək heç bir məntiqə sığmır.2
Bu qabaqcıl təkamülçü alimlərin də etiraf etdiyi kimi, həyatın təsadüfən və özbaşına başladığını iddia etmək məntiqdən kənardır və bu alimlər sadəcə Yaradıcının varlığını inkar etmək üçün bu məntiqdənkənar iddialarını müdafiə etməyə davam edirlər.
Bu kitabda oxuyacağınız məlumatlar canlı aləmin əsası olan zülallar haqqındakı məlumatın sadəcə çox kiçik bir bölümüdür. Ancaq oxuyacağınız məlumatların hər hansı biri 150 ildən bəri davam edən təkamül hiyləsinin nə qədər məntiqdən kənar və inanılmaz olduğunu göstərmək üçün kifayətdir.
Hər bir zülal molekulundakı qüsursuz layihə, hər birinin son dərəcə mürəkkəb quruluşu, zülalın sintezində qeyri-adi təşkilat və mükəmməl üsul, zülalların aralarında funksiya bölgüsü və hər birinin digərlərindən fərqli strukturlarının funksiyaları ilə qüsursuz uyğunluğu canlı aləmin ən kiçik parçalarının belə təsadüfən formalaşdıra bilməyən üstün yaradılışa sahib olduqlarını göstərir. Kainatda ən kiçik bir zülal molekulunu təşkil edən parçalardan ən böyük qalaktikalara qədər hər şey üstün yaradılışın, sonsuz zəka və gücün əsəridir. Bütün bu əsərlərin sahibi isə hamımızı yoxdan var edən uca Rəbbimizdir. Təhsilli və zəkalı olmalarına baxmayaraq, bəzi insanların bu qədər açıq bir həqiqəti özlərini anlamazlığa vuraraq inkar etmələri isə ayrıca bir möcüzədir. Quranda belə insanlara bu cür xitab edilir:
Allahı necə inkar edirsiniz ki, siz ölü idiniz, O sizi diriltdi. O, sizi yenə öldürəcək, sonra yenə də dirildəcək və daha sonra siz Ona tərəf qaytarılacaqsınız. Yer üzündə nə varsa, hamısını sizin üçün yaradan, sonra səmaya üz tutaraq onu yeddi qat göy halında düzəldib nizama salan Odur! O, hər şeyi biləndir! (Bəqərə surəsi, 28-29)
DÜŞÜNÜLMÜŞ TƏRTİBAT, YƏNİ YARADILIŞ
Allahın yaratmaq üçün layihə qurmağa ehtiyacı yoxdur.
Kitab boyu bəzi məqamlarda istifadə olunan “tərtibat” sözünün düzgün başa düşülməsi vacibdir. Allahın qüsursuz layihə yaratmış olması Rəbbimizin əvvəlcədən plan qurduğu, daha sonra yaratdığı anlamına gəlmir. Hər kəs bilməlidir ki, yerlərin və göylərin Rəbbi olan Allahın yaratmaq üçün hər hansı bir plan qurmağa ehtiyacı yoxdur. Allahın layihələndirməsi və yaratması eyni zamanda olur. Allah bu cür nöqsanlardan münəzzəhdir.
Allah bir şeyin, ya da bir işin olmasını istədikdə onun olması üçün yalnız: “Ol!”- deməsi kifayətdir. Ayələrdə belə buyurulur:
Bir şeyi (yaratmaq) istədiyi zaman (Allahın) buyurduğu ona ancaq: “Ol!”- deməkdir. O da dərhal olar. (Yasin surəsi, 82)
Göyləri və yeri icad edən Odur. Bir işin yaranmasını istədiyi zaman, ona yalnız: “Ol !” – deyər, o da olar. (Bəqərə surəsi, 117)
CANSIZ ATOMLARI ZÜLALLARA ÇEVİRƏN QÜSURSUZ TƏRTİBAT
Bildiyimiz kimi, bütün canlılar hüceyrələrdən təşkil olunmuşdur. Məsələn, insan bədəni təqribən 100 trilyon hüceyrədən ibarətdir. Hər hüceyrə isə fasiləsiz olaraq canlının həyatı boyu ehtiyacı olan hər bir maddəni sintez edir. Canlıların hüceyrələrini yüksək texnologiya ilə təchiz edilmiş bir fabrik təsəvvür etsək, bu kitabın mövzusu olan zülallar, bu fabrikin maşınları, divarları, tavanı, pilləkənləri, qapıları və hətta mismarları olacaqdır. Qısaca olaraq demək olar ki, zülallar hüceyrələrin həm inşaat materialı, həm də çox mürəkkəb maşınlarıdır. Bu səbəbdən də bir-birindən fərqli bir çox funksiyanı yerinə yetirən zülallar canlı aləmin əsas vahidi olaraq qəbul edilirlər.
Məsələn, saç, dırnaq və tüklərdə sərt toxuma meydana gətirən keratin adlı maddə zülaldır. Bəzi zülallar əzələləri sümüyə bağlayan vətərlərdə olan möhkəm neylonabənzər bir maddəni təşkil edirlər. Dərinin hamarlığını, elastikliyini və sümüklərin möhkəmliyini təmin edən isə kollagen adlı bir başqa zülaldır. Arteriyaları əhatə edən kauçukabənzər elastik maddəni təşkil edən yenə də zülaldır. Torlu qişaya işıqla təsir etdikdə, görmə hissini yaradan isə rodopsin adlı zülaldır. Bu vaxt başqa zülallar də göz büllurunu əmələ gətirən şəffaf maddəni sintez edirlər. Hüceyrənin içərisinə molekulların giriş-çıxışını təmin edən xüsusi daşıyıcı zülallar vardır. Bütün canlı aləmin məlumatını özündə daşıyan DNT molekulu zülallar olmadan nüsxələnə (transkripsiya prosesi) bilməz, məlumat sintez edə və hüceyrələrin bölünməsi təmin edə bilməz. Yəni zülallar canlıların ən kiçik həyat vahidi olan hüceyrələrin həm quruluşlarında, həm də çoxsaylı proseslərin yerinə yetirilməsində müxtəlif funksiyaları yerinə yetirirlər. Bəzi digər zülallar da hüceyrədəki kimyəvi reaksiyaların sürətini milyardlarla dəfə artıraraq katalitik funksiyası yerinə yetirir. Qrup halında fəaliyyət göstərərək hüceyrənin bütün kimyəvi hissələrini bərpa edirlər. Zülalların bərpaetmə xassəsi ilə yanaşı, parçalama xassəsi də vardır. Bu xüsusiyyətlərini istifadə edərək hüceyrələrdə olan böyük molekulları hüceyrənin istifadə edə biləcəyi sadə birləşmələrə parçalayır və hüceyrəni enerji ilə təmin etmək üçün lazım olan reaksiyaların alınmasını təmin edirlər. Əzələlərdəki dartılma hərəkəti üçün lazım olan elementləri təmin edən, yenə də əzələ hüceyrələrindəki xüsusi zülallardır.
Yuxarıda sadalananlar minlərlə zülal növlərindən sadəcə bir neçəsinə aid xüsusiyyətlərdir. Siz bu sətirləri oxuduğunuz zaman belə bədəninizdəki hər zülal növü həyatınızı sağlam şəkildə davam etdirə bilməniz üçün fasiləsiz olaraq fəaliyyət göstərir. Baxdığınız sətirləri oxuya bilmənizdən başlayaraq yemək yemənizə, bədəninizin inkişafına, xəstəliklərə qarşı müqavimətli olmanıza qədər bir çox ehtiyacınız hüceyrələrinizdə dayanmadan fəaliyyət göstərən zülallar tərəfindən qarşılanır. Sadəcə insan orqanizmində deyil, bitkilərdən tutmuş heyvan növlərinə və ən sadə bakteriyalara qədər bütün canlıların həyatı üçün zəruri olan fəaliyyətlərin hamısı zülalların hesabına reallaşır.
Kitab boyu bəhs ediləcəyi kimi, müəyyən sayda atomların birləşməsindən meydana gələn bu möcüzəvi molekullar bir-birləri ilə qüsursuz uyğunluq içində böyük ağıl və şüur nümayiş etdirərək inanılmaz funksiyaları yerinə yetirirlər. Bundan sonra izahı veriləcək hər bir məsələdə ağıl və vicdan sahibi hər bir insanın özünə verə biləcək mühüm sual doğur: cansız atomların birləşməsindən meydana gələn şüursuz, ağıl və bacarıqlarının olmaması gözlənilən zülal molekulları necə olur ki, qeyri-adi bir ağıl, təşkilatçılıq və məsuliyyət hissi ilə bütün bu işləri həyata keçirə bilir? Səmimi düşünən hər bir insan cavabın kainatdakı bütün varlıqların ən kiçiyindən tutmuş ən böyüyünə qədər sonsuz güc və elm sahibi olan Allah tərəfindən qüsursuz yaradılmasını görəcək və Allahın nəzarəti və əmri altında olduğunu qavrayacaqdır. Allahın bütün varlığın hakimi olduğu qeyd edilən bir ayədə belə xəbər verilib:
Mən, Rəbbim və Rəbbiniz olan Allaha təvəkkül etdim. Elə bir canlı yoxdur ki, (Allah) onun kəkilindən tutmuş olmasın. Həqiqətən, Rəbbim ədalətlidir. (Hud surəsi, 56)
Şüursuz atomlardan ibarət olan şüurlu zülallar
Arxa səhifədə gördüyünüz şəkil sitoxrom-c adlı zülalın atom quruluşunu göstərir. Millimetrin milyonda beşinə bərabər ölçüdə olan bu zülal təqribən 1000 atomun birləşməsindən meydana gəlmişdir. Şəkildən göründüyü kimi, bu atomların aralarındakı təşkilatçılıq və bir-birləri ilə birləşmə formaları olduqca mürəkkəbdir.
İndi isə bu şəklə baxaraq düşünək. Təkamülçülər bu 1000 atomun təsadüfən, bu şəkildə göründüyü kimi bir-biriləri ilə birləşdiyini iddia edir və bu təsadüfi birləşmələrin nəticəsində təsadüfən canlının həyatı üçün çox mühüm funksiyalara malik olan sitoxrom-c zülalının meydana gəldiyini deyirlər. Bundan əlavə, həmin 1000 atomun içində dəmir, karbon, azot kimi bir sıra növ atom mövcuddur. Yəni sitoxrom-c zülalını formalaşdırmaq üçün lazım olan müxtəlif atomlar müəyyən sayda, müəyyən vaxtda, müəyyən bir yerdə mövcud olmalı və sonra lazımi yerlərdən bir-biriləri ilə ayrı-ayrılıqda, şəkildə göründüyü kimi ən uyğun kimyəvi rabitələrlə birləşməlidir. Beləliklə, təkamülçülərin çox məntiqsiz və ağıla sığmaz iddialarına görə, bunların hamısı təsadüfən baş verməlidir, amma canlı aləm üçün çox mühüm olan zülal buna baxmayaraq, artıq formalaşmış olmalıdır.
Bundan başqa, təkamülçülər sadəcə sitoxrom-c zülalının yaranması üçün deyil, canlı aləm üçün zəruri olan minlərlə zülalın yaranması üçün eyni təsadüf nağılını təlqin edirlər. Karbon, azot, dəmir və fosfor kimi şüursuz, cansız heç bir şeydən xəbəri olmayan atomların fərqli nisbətlərdə və fərqli biçimdə birləşərək canlı aləm üçün zəruri olan bütün zülalları meydana gətirdiklərini iddia etmək ağıl və məntiqə tamamilə ziddir.
Millimetrin milyonda beşinə bərabər ölçüdə sahəni əhatə edən bu kiçik strukturların canlı orqanizmin bədənində üzərinə götürdükləri vəzifələrin yerinə yetirilməsi zamanı isə şüursuz atomların bu qədər vacib quruluşları təsadüfən inşa etdiklərini iddia etməyin daha da böyük bir məntiqsizlik və ağılsızlıq olduğu başa düşülür.
Məsələn, bəzi zülallar saçları, dırnaqları və heyvan tüklərini təşkil edən teflona bənzər maddədən təşkil olunmuşdur. Bəziləri əzələləri sümüklərə bağlayan vətərləri təşkil edir. Bundan başqa, hüceyrəyə gələn məlumatı gətirən də, məlumatları alan və qiymətləndirən də zülallardır. Hüceyrə daxilinə giriş və çıxışlara nəzarət edən qapılar və nasos sistemləri də zülallardır. Kimyəvi reaksiyaları sürətləndirən yenə də zülallardır. Hemoqlobin adlı zülal qandakı oksigeni toxumalara daşıyır. Transferin adlı zülal isə qandakı dəmiri daşıyır. İmmunoqlobulinlər bakteriya və viruslara qarşı orqanizmi qoruyan zülallardır. Fibrinogen və trombin isə qanın laxtalanmasını təmin edir. İnsulin orqanizmdəki şəkər mübadiləsini tənzimləyən zülal növüdür.
Bəzi canlılarda insan orqanizmində olmayan, lakin həmin canlının həyatı üçün olduqca əhəmiyyətli olan başqa zülallar da var. Məsələn, bəzi balıqların qanında mövcud olan antifriz zülalı həmin balıqların qanını donmaqdan qoruyur. Böcəklərin qanadlarının hərəkətini təmin edən rezilin zülalı demək olar unikal elastik xassəyə malikdir. Sadəcə 20 amin turşusunun, başqa sözlə, bir neçə yüz atomun birləşməsindən meydana gələn bu molekulların bu qədər müxtəlif xüsusiyyətlərə malik olması misli görünməmiş bir hadisədir. Atomların birləşərək bu qədər çox əhəmiyyətli işləri görən, ağıl nümayiş etdirən, təşkilatçılıq qabiliyyətinə malik olan, ən lazımlı yerdə, ən zəruri qərarı verib və həmin qərarı icra edə bilən quruluşlarının təsadüfən formalaşmış olması tamamilə imkansızdır. Düşünməli bir məsələ də təxminən oxşar atomlardan əmələ gələn zülalların funksiya və fəaliyyətlərinin bu qədər müxtəlif olmasıdır. Zülallar əksər hallarda oxşar atomlardan təşkil olunurlar. Ancaq bu atomların sayının və sıralanma ardıcıllığının müxtəlif olması həmin zülal molekuluna fərqli funksiya və bacarıq verir. Belə həqiqətləri təsadüflərlə izah etmək qeyri-mümkündür. Əslində, təkamülçülər də bunu etiraf edirlər. Məsələn, Türkiyənin qabaqcıl təkamülçülərindən olan prof. Əli Dəmirsoy sitoxrom-c zülalının yaranması üçün belə deyir:
“Bir sitoxrom-c zülalının düzülüşünü təşkil etmək üçün ehtimal sıfır deyiləcək qədər azdır... Ya da əmələ gəlməsi bizim təsvir edə bilməyəcəyimiz fövqəltəbii güclər tərəfindən icra edilmişdir. Sonuncunu qəbul etmək elmi məqsədə uyğun deyildir. Belə olan halda, birinci fərziyyəyə baxılmalıdır”.3
Dəmirsoy kitabının başqa bir fəslində isə sitoxrom-c zülalının təsadüfən əmələ gəlmə ehtimalı üçün deyir: “Bir meymunun bəşər tarixini heç bir səhvə yol vermədən yazı maşınında yazması ehtimalı qədər azdır”. 4
Bir meymunun yazı maşınında səhvsiz bəşər tarixini yaza bilməyəcəyinə görə, sitoxrom-c zülalının da təsadüfi yaranması qəti olaraq mümkün deyil. Lakin Dəmirsoyun ilk sitatında qeyd edildiyi kimi, təkamülçülər üçün fövqəltəbii gücləri qəbul etmək elmi məqsədə uyğun deyildir. Yəni təkamülçü alimlərin “elmi məqsədi” (!) Allahın varlığını inkar etmək və materializmi müdafiə etmək olduğu üçün, sitoxrom-c zülalının təsadüfən əmələ gəlməsi fərziyyəsini qəbul etmək məcburiyyətində qaldıqlarını iddia edirlər. Bu, o qədər məntiqsiz bir iddiadır ki, əgər üzərində bir az düşünülərsə, təkamülçülərin nə qədər böyük yanlışlığın içində olmalarını görmək üçün kifayət edər. Məsələn, bir nəfər sizə Taksim Meydanındakı bir daş yığımının şiddətli küləyin təsirindən möhtəşəm bir insan heykəlinə çevrildiyini desə... Və yaxud da bir qayalığa çırpılan iri dalğaların bu qayalıqda təsadüfən İordaniya-Petradakı daş işləmələrinin ən gözəl nümunələri olan daş məqbərələrini inşa etdiyini desə, həmin adamın ağlı və səmimiyyəti haqqında nə fikirləşərdiniz? Göründüyü kimi, təkamülçülər bütün bu qeyri-mümkün fərziyyələrdən daha da ağılasığmazını qəbul edəbiləcək qədər böyük məntiq və ağılın düşkünlüyü içərisindədirlər. Gözlərini açıq-aydın həqiqətlərə bağlamaları, onların böyük hissəsinin anlama və qavrama qabiliyyətlərini əngəlləmişdir. Zülal molekullarının canlı aləm üçün üstün ağıl, bilik və gücə sahib olan Allah tərəfindən planlaşdırılmış və yaradılmış olması çox açıq həqiqətdir. Təsadüflər heç bir zaman mürəkkəb dizayn meydana gətirə bilməz. Zülallar kimi üstün bir tərtibatlı molekulların təsadüfən meydana gəlməsini demək daş yığınlarının küləyin əsməsi ilə bir heykələ və ya dalğaların çırpılması ilə memarlıq baxımından bir möcüzəyə çevrildiyini iddia etməkdən daha da məntiqsiz və ağıla ziddir.
Zülalların funksiyalarına uyğun olan qüsursuz tərtibatları
Maddələr atomlarındakı nizama müvafiq xüsusiyyətlərə malikdir. Hər maddə molekul adlanan xüsusi atom qruplarından təşkil edilmişdir. Canlıların quruluş və sistemlərini formalaşdıran molekulların atomları da canlı aləm üçün xüsusi olaraq nizamlanmışdır. Bu, olduqca, mühüm bir məsələdir. Çünki əlinizdəki kitabdan oturduğunuz kresloya, öz bədəninizdən tutmuş çiçəklərinizə qədər hər bir varlıq atomlardan təşkil olunmuşdur. Yalnız atomların müxtəlif formalarda qruplaşmaları və təşkil olunmaları ilə canlı və cansız maddələr bir-birindən tamamilə ayrılırlar.
Zülallar canlı aləmi formalaşdıran dörd böyük ana molekul qrupundan biridir (digərləri isə nuklein turşuları, lipidlər və karbohidratlardır). Hər molekul qrupunda atomlar müxtəlif şəkillərdə düzülürlər. Belə düzülüşün sayəsində müxtəlif xüsusiyyətlər qazanır və bu xüsusiyyətlərə görə də özlərinə öhdəlik götürürlər.
Molekullardakı atomların düzülüşü o qədər həssas və əhəmiyyətlidir ki, çox qısa zamanda tək bir zülal molekulunun atomları lazımi qaydada düzülmədikdə orqanizmdə bərpa oluna bilməyən zərərlər meydana gələ bilər. Misal olaraq, görmə hadisəsini göstərə bilərik. Ən müasir kameralardan belə daha çox üstün texnologiyaya malik olan gözdə görmə hadisəsinin həyata keçməsi üçün bir çox zülal öhdəlik daşıyır. Bu, kamerada təsvirin əldə olunması üçün nəzərdə tutulan bir çox tərkib hissənin öz işini görməsinə oxşayır. (Ancaq burada qeyd edilməlidir ki, göz və kamera sistemləri arasında bir bənzərliyin olmasına baxmayaraq, kameranın hissələrinin heç vaxt gözdəki zülalların əmələ gətirdiyi aydınlıq və mükəmməllikdə bir təsviri yarada bilməyəcəyi aydın şəkildə sezilir. Bu hal bu gün ən son texnologiya ilə istehsal olunan kameralara da şamil edilir). Bu tərkib hissələrdən birinin korlanması kamerada təsvirin əmələ gəlməsinə mane olacaqdır və ya korlanmasına səbəb olacaqdır. Eyni şəkildə, görmə prosesində öhdəlik daşıyan zülalların biri belə lazımi molekulyar quruluşa malik olmazsa, görmə prosesi bir anda korlana bilər. Məsələn, rodopsin gözün işığa qarşı reaksiyasını təmin edən bir zülaldır. Rodopsinin quruluşundakı ən kiçik pozuntu bu prosesin pis işləməsinə səbəb olur. Eyni qaydada, torlu qışadakı koni hüceyrələrdə rəngli görməni təmin edən zülalların quruluşlarındakı pozuntu da rəngli görməyə mane olar. Başqa bir misal, gözü ultrabənövşəyi şüaların zərərli təsirindən qoruyan melanin zülalı öz vəzifəsini yerinə yetirməzsə, gözdə katarakta xəstəliyi əmələ gələr.
Yuxarıdakı misallardan göründüyü kimi, zülallara təyin edilən vəzifələri yerinə yetirə bilmək üçün onlar ən uyğun molekulyar quruluşa malik olmalıdırlar. Bu məqsədlə, zülalları təşkil edən amin turşularının molekulları da ən uyğun şəkildə nizamlanmış olmalıdır. Amin turşuların quruluşunda da zülallarda olduğu kimi, müfəssəl bir tərtibat və qüsursuz bir proses hakimlik edir.
Amin turşularının düzülüş forması
Zülallar amin turşuları adlı molekullardan təşkil olunurlar. Amin turşuları zülallara nisbətən daha kiçik molekullar olmalarına baxmayaraq, olduqca mürəkkəb bir quruluşa sahibdirlər. Amin turşularını təşkil edən atomlar üç ayrı qrup şəklində olur; amin qrupu, karboksil qrupu və yan zəncir qrupu (və yaxud radikal qrup).
Bütün amin turşularında amin və karboksil qrupları eynidir. Bir amin turşusunun digərindən fərqləndirən xüsusiyyət molekula uc hissədən birləşən yan zəncir qrupudur. Bu yan zəncir qruplarının hər amin turşusunda müxtəlif olması səbəbindən hər bir amin turşusu digərindən fərqli xassələrə malik olur.
Necə ki, hər hansı bir maşının quruluşunda müxtəlif materiallar istifadə edilir, eləcə də bədənimizdəki çox mürəkkəb vəzifələri yerinə yetirməsi üçün zülal maşınlarında da fərqli səciyyəvi xüsusiyyətlərə malik olan materiallar olmalıdır. Məhz amin turşuların yan zəncir qruplarındakı atomların forması, sayı və sıralanması, elektrik yüklərinin müxtəlif olması amin turşularına fərqlilik qazandırır və bu müxtəlif materiallardan da özləri də müxtəlif olan zülal maşınları istehsal olunur. Məsələn, yan zəncir qruplarının “+” və ya “-” elektrik yüklü olması, yaxud da yüksüz olması amin turşusu molekulunun suda əriyib əriməməsini təmin edir.
Bu şəkildə müxtəlif səciyyəvi xüsusiyyətlərə malik olan amin turşularının müxtəlif düzülüşdə bir-birinin yanında gəlmələri zülalın orqanizmdə heyrət doğuracaq qədər müxtəlif vəzifələri yerinə yetirə bilməsini təmin edir. Lakin canlılarda mövcud olan amin turşularında olduqca məxsusi bir məqam müzakirə mövzusudur. Təbiətdə 200-dən artıq amin turşusunun mövcud olmasına baxmayaraq, zülallar bu amin turşularının sadəcə 20-sindən təşkil olunur.
Dostları ilə paylaş: |