1. "Azad icma" nəzəriyyəsi. Yuxarıda qeyd etdik ki, yerli özünüidarə haqqında ilkin fikir və ideyalar alman hüquq məktəbinin nümayəndələri Qneyst, Şteyn və Lobanda məxsusdur. Bu alimlərin yerli özünüidarəetmə haqqında fikirlərinin formalaşmasına Fransa və Belçika hüquq sistemlərinin böyük təsiri olmuşdur. Çünki XIX əsrin II yarısında Fransa idarəetmə sistemində icmaların rolu getdikcə artırdı. Belə bir şəraitdə Fransa parlamentində icmalarda özünüidarəetmənin təşkili və bu sahədə islahatlar haqqında müzakirələr aparılırdı. İlk dəfə rasional yerli idarəçilik haqqında fikirlər Belçikada, məhz bu müzakirə zamanı irəli sürülmüşdür. Sonralar, demək olar ki, bu fikirlər özünün inkişafının ən yüksək mərhələsinə çatmış, dünyada ilk dəfə Konstitusiya səviyyəsində Belçika qanunvericiliyində təsdiq edilmişdir. Bu Konstitusiyada qanunverici, icra və məhkəmə hakimiyyət ilə birlikdə yerli özünüidarə hakimiyyəti də nəzərdə tutulub. Məhz Avropada baş verən yerli özünüidarə sahəsindəki bu müsbət inkişaf "azad icma" nəzəriyyəsinin meydana gəlməsinə səbəb oldu. Digər tərəfdən "icmaların təbii hüquqları" nəzəriyyəsi adlanan bu konsepsiyanın mahiyyətini icmaların primatlığı (üstünlüyü) ideyası təşkil edir. Bu nəzəriyyənin tərəfdarlarına görə tarixən bəşər sivilizasiyasının ilk rüşeymləri icmalar olmuş, onlar birinci meydana gəlmiş, buna görə də onlar təbiətcə müstəqildirlər. Dövlət onlardan sonra yaranmış, o, icmaları yaratmamış, sadəcə tanımış və etiraf etmişdir. Buna görə də, icmalara məxsus məsələləri icmalar özləri həll etməli, bir sözlə, icma idarəçiliyini müstəqil şəkildə həyata keçirməlidirlər. İcma idarəçiliyini həyata keçirən şəxslər seçilməli, onlar dövlətə deyil, icmaya tabe olmalı və bu idarəçiliyin hüquqi subyekti isə icma olmalıdır.
"Azad icmalar" nəzəriyyəsini araşdırarkən belə bir fikir aydın nəzərə çarpır: onlar icmaları dövlətə qarşı qoyur, icmaların ilk olaraq meydana gəldiyini iddia edərək, onların dövlətdən üstünlüyünü qeyd edirlər.
Lakin "azad icmalar" nəzəriyyəsi həmin dövrdə Avropa ictimai fikrində yerli idarəçilik sisteminin inkişafına ciddi təkan verdi. Bir sıra dövlətlərin konstitusiyalarına (Belçika, Fransa, Almaniya) bu nəzəriyyəyə əsaslanaraq müddəalar daxil edildi. Beləliklə, icmalar nəzəriyyəsi bu gün də yerli özünüidarəetmənin fundamental prinsipləri sayılan aşağıdakı prinsipləri müəyyən etdi:
1. İcma orqanları seçki əsasında formalaşdırılmalı.
2. İcmalar, dövləti vəzifələri deyil, özlərinəməxsus və dövlət tərəfindən onlara verilən məsələləri həll etməli .
3. Yerli özünüidarəetmə orqanları dövlət idarəetmə orqanlarına daxil edilməməlidir.
4. Dövlət idarəçilik orqanları icmaların (yerli özünüidarəetmə orqanlarının) işlərinə qarışmamalıdır.