II. "İctimai təsərrüfat" nəzəriyyəsi. "Azad icmalar" nəzəriyyəsi Avropada böyük təkamülə səbəb oldu. O, özündən sonra bir sıra nəzəriyyələrin meydana gəlməsinə şərait yaratdı. Digər tərəfdən həmin dövrdə Avropa ölkələrində istehsalın artması feodalları və yenicə meydana gəlməyə başlayan kapital sahiblərini daha da varlanmaq üçün müstəqil fəaliyyət göstərməyə təhrik edirdi. Belə bir şəraitdə əyalətlərin mərkəzdənqaçma və müstəqillik meyli siyasi istiqamətdən daha çox iqtisadi istiqamətə meyil edirdi. Bu zaman icmaların daha çox iqtisadi müstəqilliyi ön plana çıxırdı. Buna uyğun olaraq "Azad icmalar" nəzəriyyəsinin yerinə, həmin ideyaları iqtisadi-təsərrüfat istiqamətində dəstəkləyən "ictimai təsərrüfatçılıq nəzəriyyəsi "meydana gəldi. Bu nəzəriyyənin əsas ideoloqları olan Qurke və Şeffnerə görə yerli özünüidarəetmə yerli təsərrüfat işlərinin tənzimlənməsi və həyata keçirilməsidir.
Yuxarıda qeyd edilən hər iki nəzəriyyə özlərinin birtərəfliliyi (icmaların üstünlüyü) və antaqonistliyi (icmaların dövlətə qarşı qoyulması) ilə, ideya və reallığı əlaqələndirə bilmədikləri üçün çox inkişaf edə bilməmiş, tezliklə onların yerini başqa ideya, baxışlar və prinsiplər tutulmuşdur. Digər tərəfdən isə bu nəzəriyyələrə görə dövlət özlərini idarə edən (müstəqil) ayrı-ayrı icmalardan ibarət olmalı idi ki, bu da ümumdövlət və ictimai mənafe baxımından heç vaxt mümkün ola bilməz və ya olması da məqsədəuyğun deyil.
III. "Dövlətçilik" nəzəriyyəsi. İcmanın dövlətə qarşı qoyulması ideyası tədricən aradan çıxmağa başladı. Yerli özünüidarəçiliyə, mərkəzi və yerli hakimiyyətlər arasında dövlət işlərinin (ictimai xidmətlərin) idarəçiliyi sahəsindəki vəzifələrin bölgüsünün təzahürü kimi baxmağa başladılar.
Getdikcə belə bir fikir formalaşdı ki, yalnız mərkəzi hakimiyyət ölkənin bütün işlərini və effektiv idarəetməni həyata keçirə bilməz, çünki onun bürokratik aparatı yerlərdəki problemləri dəqiq və vaxtında aradan qaldırmağa, həmçinin yerli sakinlərin mənafeyini, maraqlarını həyata keçirməyə qadir deyil.
Məsələn, böyük ictimai fikir xadimi Con Stüart Mill yazırdı: "Hökumət tərəfindən qəbul edilən hər bir yeni vəzifə, onsuz da vəzifələrlə həddən artıq yüklənmiş bir təsisat üçün yeni, əlavə yükdür. Belə bir vəziyyətin təbii nəticəsi o olur ki, ya həmin vəzifə heç bir zaman yerinə yetirilmir, ya da hər bir vəzifə pis yerinə yetirilir. Vəzifələrin mərkəzi və yerli orqanlar tərəfindən rasional bölündüyü ölkələrdə isə bu cür hallar aradan qaldırılmış olur".
Beləliklə, yerli özünüidarəetmə sahəsində tədricən "icma" nəzəriyyəsinin yerinə "dövlətçilik" nəzəriyyəsi gəldi. Həmin nəzəriyyənin baniləri görkəmli alman alimləri Lorens Şteyn və Rudolf Qeneyst olmuşdur. Onların fikrincə, yerli özünüidarəetmə seçki əsasında seçilmiş yerli orqanların, həmin ərazidə onlara aid qanunlar əsasında (çərçivəsində) və həmçinin, yerli şəraitin xüsusiyyətlərini nəzərə alaraq ictimai həyatın mühüm sahələrini tənzimləmək fəaliyyətidir. Bu fəaliyyət mərkəzi hakimiyyətin daimi müşahidəsi altında olmalı, yerli özünüidarəetmənin işinə qarışmağın, onu nəyəsə məcbur etməyin yolu, sadəcə məhkəməyə müraciət etməkdən keçməlidir.
Alman tədqiqatçıları da, öz növbəsində, hesab edirlər ki, özünüidarəetmə dövlət və cəmiyyətin elə bir harmonik birləşməsini təşkil edir ki, bu, siyasi tərəfdən hakimiyyətin tarazlığı, hüquqi tərəfdən isə hüquqi dövlət adlandırılır.
Yerli özünüidarəetmənin dövlətçilik nəzəriyyəsinin tərəfdarlarından biri də Rudolf Qeneystdir. O göstərirdi ki, yerli özünüidarəetmə yerli sakinlər tərəfindən seçki əsasında formalaşdırılan orqanların dövlət funksiyalarını yerinə yetirməsidir. Yerli özünüidarəetmə orqanları, ilk növbədə, dövlətin onlara tapşırdığı işləri həyata keçirməli, sonra isə yerli məsələlərlə məşğul olmalıdır. O, yerli özünüidarəetmə orqanlarının müstəqil fəaliyyət göstərməsinin qarantını, onların bu vəzifələri təmənnasız həyata keçirməsində görürdü. Çünki mərkəzdən (dövlət tərəfindən) maliyyələşməyən orqan və ya vəzifəli şəxs, dövlətdən maliyyə asılılığında olmadığı üçün daha müstəqil fəaliyyət göstərə bilər. Bu fikirləri daha da inkişaf etdirən digər alman alimi Yelleinkə görə yerli özünüidarəetmə dövlət idarəçiliyindən fərqli olaraq peşəkar məmurlar tərəfindən deyil, müəyyən bölgədə xüsusi hörmətə və nüfuza malik şəxslər tərəfindən həyata keçirilir. Belə şəxslər yuxarıların müəyyənləşdirdiyi "oyun qaydaları" ilə deyil, sakinlərin mənafeyini əks etdirən və yalnız qanunlarla məhdudlaşdırılan bir çərçivədə fəaliyyət göstərirlər. Ona görə də onlar nisbətən daha sərbəst, müstəqil və çevik fəaliyyət göstərə bilirlər. "Dövlətçilik" nəzəriyyəsinin banilərindən olan Lorens Şteyn yerli özünüidarəetmə orqanlarına məxsus funksiyaları iki qrupda birləşdirirdi:
1. Təbii və ya sərbəst (azad) funksiyalar; o, bu funksiyalara yerli özünüidarəetmələrin müstəqilliklərindən və ya muxtarlığından doğan funksiyaları aid edirdi. Məsələn, əsasən yerli əhəmiyyətli xidmətlərin həyata keçirilməsi və bunlarla bağlı məsələlər.
2. Dövləti və ötürülən funksiyalar; bu funksiyalar dövlətin bütöv bir tam kimi mahiyyətindən irəli gəlir və elə funksiyalardır ki, həyata keçirilməsi ictimai xarakter daşıyır.
"Dövlətçilik" nəzəriyyəsinin Rusiyada tərəfdarları məşhur rus alimləri N.Lazerevski, Qradovski, Bezabrozovdur. Onlar yerli özünüidarəetmə orqanlarına dövlətin bir hissəsi kimi baxır. N.Lazerevski 4 əsas müddəanı formalaşdırmışdır.
1. Özünüidarəetmə - dövlətdən ötürülən hökumət hüquqlarının həyata keçirilməsidir.
2. Özünüidarəetmə - dövlət idarəetməsinin yerli məsələlərinin icra edilməsindən ibarət fəaliyyətdir.
3. Özünüidarəetmə - dövlət idarəetməsi məsələlərini dövlətin özünün icra etməsidir.
4. Özünüidarəetmə orqanları dövlətin özünün nümayəndələri və orqanlarıdır. Yerli özünüidarəetmənin "dövlətçilik " nəzəriyyəsinin bir çox müsbət cəhətləri olsa da, onun çatışmayan cəhətləri çox idi. Çünki "dövlətçilik" nəzəriyyəsinə görə - yerli özünüidarəetmə orqanları dövlət orqanlarının yerlərdəki filiallarına çevrilir, onların funksiyaları isə praktiki olaraq dövlət orqanlarından fərqlənmir, yerli özünüidarəetmə orqanları dövlətin daimi müşahidəsi və nəzarəti altında olur. Bu isə onların müstəqilliyinə xələl gətirir.
Bütün bu çatışmazlıqlara görə "dövlətçilik" nəzəriyyəsi get-gedə zəifləşmiş və artıq müasir dövrdə dövlətsiz "vətəndaş cəmiyyəti" qurmağa meyilli dövrdə inkişaf perspektivləri görünmür.