Məzdəkilər hərəkatı — Məzdəkin rəhbərliyi ilə 481 – 529– ci illərdə Sasani zülmünə və feodallara qarşı baş vermiş hərəkat, erkən orta əsrlərin ən mühüm ictimai və tarixi hadisələrindən biri idi
Maniçiliyin təsiri altında yaranmış Məzdəkilər hərəkatı özünəməxsus spesifik xüsusiyyətlərə malk olmuşdur.
V əsrin sonunda meydana çıxmış məzdəkilər hərəkatı başqa sosial hərəkatlar kimi cəmiyyətin sayca çox cüzi hissəsini təşkil edən yüksək təbəqənin xalq kütlələrini hədsiz istismarı və əsarət altına salması zəminində genişlənib artdı.
Məzdəkilər hərəkatının səbəblərini araşdırarkən, hər şeydən əvvəl, o dövrün sosial və iqtisadi vəziyyətini təhlil etmək lazımdır. Əhalinin dörd zümrəsindən ən çox istismar olunanı - əkinçiləri, maldarları, sənətkarları və ticarətlə məşğul olanları öz tərkibində birləşdirən "vergi verənlər" zümrəsi idi.
Kəndli və şəhər icmaları o zaman tənəzzül dövrünü keçirirdilər. İri torpaq sahibləri, necə olursa olsun, icmaların və xırda sahibkarların torpaqlarını ələ keçirməyə çalışırdılar. Geniş torpaq sahələrinin bir ovuc sahibkarın əlində toplanması prosesi gedirdi.
Torpaq sahiblərinin, dövlətin və kahinlərin istismarına məruz qalan əhali gücçatmaz vergiləri ödəməli olurdu. Bununla yanaşı, şahənşahın çoxlu canlı və maddi ehtiyatlar tələb edən fəal xarici siyasətini də nəzərə almaq zəruridir. "Vergi verən" zümrə ilə əyanlar arasında günü-gündən dərinləşən ziddiyyət şəraitində Bamdadın oğlu Məzdəkin başçılıq etdiyi hərəkat meydana çıxdı. Getdikcə genişlənən bu hərəkata maniçilik ideyası da az təsir etməmişdi. Lakin xeyrin şər üzərində qələbəsinin mümkünlüyünü inkar edən maniçilərdən fərqli olaraq məzdəkilər son məqamda xeyrin qələbəsinə inanırdılar.
Hər hansı şəxsi mülkiyyəti inkar edən məzdəkilər bərabərliyi təbliğ edirdilər. Hərəkat on illərlə davam etdi, bir çox iri torpaq sahibi öldürüldü, onların torpaqları və əmlakı isə bölüşdürüldü. Hərəkatın başlanğıcında Sasani Şahənşahı I Qubad (488-531) iri feodalların gündən-günə artan təsirinə qarşı mübarizəsində məhz bu hərəkatdan istifadə etməyə çalışırdı. Ancaq məzdəkiliyin yüksələn qüdrəti şahənşahın taxtı və daxili siyasəti üçün birbaşa təhlükəyə çevrildiyindən bu hərəkatın sonu qaçılmaz idi. VI əsrin birinci yarısında hərəkat amansızcasına yatırıldı, onun ardıcılları təqiblərə məruz qaldı, əmlakları şah xəzinəsinə verilməklə müsadirə olundu. Təqiblərdən baş götürüb qaçmağa çalışan məzdəkilər Azərbaycanın, Deyləmin, Təbəristanın dağlıq yerlərində sığınacaq tapdılar.
Məzdəkilər hərəkatı ərəfəsində quraqlıqlar və təbii fəlakətlər nəticəsində ardı-arası kəsilmədən aclıqlar baş vermişdi. Beləliklə hərəkatın başlanması üçün iqtisadi və ictimai amillər meydana gəlmişdi.
Məşhur Çexoslovakiya şərqşünası O. Klimanın qeyd etdiyinə görə Məzdək hərəkatı heç də dinin təsiri altında baş verməmişdir. [1]
Şəhristaninin yazdığına görə , Məzdək öz çıxışlarında deyirdi ki, "Allah bütün insanları bərabər yaratmışdır. Lakin bir qrup insanlar bütün sərvətləri öz əllərində toplayaraq varlanmışlar. Həmin sərvətləri onların əlindən alaraq bütün insanlar arasında bərabər şəkildə bölmək lazımdır. " (Şəhristani, səh. 291)
496-cı ildə quraqlıq nəticəsində baş verən qıtlıq Məzdəkilər hərəkatının başlamasına təkan verdi, onlar mülkədarlara hücum edir, onların mülklərini ələ keçirir və öz aralarında bölürdülər. Bu səbəbdən də məzdəkilər tezliklə yoxsul kütlə tərəfindən rəğbətlə qarşılandı. İqtisadi-siyasi cəhətdən ağır vəziyyətdə olan ölkəni xilas etmək məqsədi ilə I Qubad (488-531) onlarla sazişə girib, müqavilə bağlamalı oldu. Lakin bütün bunlara baxmayaraq Sasanilər dövlətində və eləcə də həmin dövlətin vassalı olan Atropatena ərazisində feodal zülmünə və Sasanilərin hakimiyyətinə qarşı xalq hərəkatı daha da genişləndi. V əsrin 80 – ci illərindən başlayaraq Məzdəkilər hərəkatı feodal istismarına qarşı güclü xalq hərəkatına çevrildi.
Belə bir şəraitdə mərkəzi hakimiyyət böyük torpaq sahələrinə malik olan din başçıları və əyanların özbaşınalıqlarının qarşısını almaqda da aciz idi. Ona görə ki, istər ruhanilər, istərsə də mülkədarlar mərkəzi hakimiyyətlə razılaşmadan müəyyən işlər görürdülər. Bu hal isə istər-istəməz Qubadı narahat edirdi.
Məzdəkilər hərəkatına Məzdək Bamdadan rəhbərlik edirdi. O, ilk dəfə ö təlimini Həmədan yaxınlığında yaymağa başlamışdı. Hərəkatın əsas hərəkətverici qüvvəsini öz ağalarına qarşı mübarizə aparan kəndlilər təşkil edirdi. Həmçinin qullar və nökərlər də onlara qoşulmuşdu.
Məzdəkilərin ölkə daxilində böyük nöfuz qazanıb, çoxlu tərəfdar toplamaları, yuxarı təbəəni bərk təşvişə salmışdı. Ona görə də onlar məzdəkilərə qarşı nifrət bəsləyən bacarqlı bir şəxsin hakimiyyət başına gətirilməsinin tərəfdarı idilər.
Nəhayət 529 – cu ildə iri feodallar I Qubad və I Xosrov başda olmaqla hərəkatı yatıra bildilər. Üsyan başçıları, o cümlədən Məzdək öldrüldü. Bütün ölkədə məzdəkilərin kütləvi qırğını başlandı. Bu qırğınlarda səksən min nəfərə qədər adam öldürüldü.[2]
Məzdəkilər hərəkatı nəticəsində iri kahinlər dövlət rütbələri sırasında birinci yeri itirdilər və dünyəvi vəzifə sahibləri birinci plana çəkildilər. Ümumilikd hərəkat pis təşkil edilmiş, kortəbii bir hərəkat idi. Üsyançılar hərəkatın inkşaf qanunlarını düzgün başa düşmürdülər. Bütün kəndli hərəkatlarında olduğu kimi, məzdəkilərin də aydın bir proqramı yox idi. Onlar heç bir iqtisadi və siyasi tələblə çıxış etmirdilər. Daha doğrusu çevrilişin məqsədini qarşıya qoymamışdılar.
Kəndli hərəkatının başıçıları və iştirakçıları istismarın ictimai, iqtisadi bərabərsizliyin əsas səbəbi olan istehsal vasitələri üzərində xüsusi mülkiyyəti aydın görmürdülər. İstismardan azad olmaq üçün hansı mübarizə metodlarına əl atmağın lazım olduğunu bilmirdilər. Onlar yalnız bərabərliyi meydana atır, varlılar üzərinə düşüb onların varını əlindən alıb öz aralarında bölməklə kifayətlənirdilər.
Məzdək hərəkatının məhdud cəhətlərinə baxmayaraq bu üsyan dövrünün müstəbid hökmdarlarını geniş zəhmətkeş kütlələr qarşısında müəyyən ictimai-iqtisadi və siyasi güzəştlərə getməyə və gələcək kəndli üsyanlarının qarşısını almaq məqsədilə I Xosrovu islahat keçirməyə məcbur etdi. Feodal zülmünə qarşı sonrakı kəndli hərəkatlarının inkişafı üçün mənəvi zəmin hazırladı.
Məzdək hərəkatnın məğlub olmasına baxmayaraq Məzdəkn adı əsrlər boyu İranın, Azərbaycanın və züləmə məruz qalmış digər Şərq ölkələrinin əhalisinin xatirəsində yaşamışdır.
Məzdəkilər hərəkatı Sasnilər dövlətinin daxili həyatının zəif tərəflərini aşkara çıxartdı, onun əsaslarını elə sarsıtdı ki, ölkənin inzibati idarə sistemini və iqtisadiyyatını yoluna salmaq üçün I Xosrov Ənuşirəvanın hərbi, inzibati və vergi islahatlarını həyata keçirmək lazım gəldi.
Məzdəkizm həmçinin İran və Azərbaycanda yaşayan əhalinin feodal istismarına qarşı sonrakı azadlıq mübarizəsinin gedişinə böyük təsir göstərmişdir.
Məzdək hərəkatının iştirakçıları Camaspın hakimiyyəti dövründə üç il təqib edilib sızışdırılmışdılar. Lakin Camasp hakimiyyətdən düşdükdən sonra Qubadın dövründə 25-26 il ərzində Məzdək və onun tərəfdarlarına toxunulmamşdır. Nəəhayət, Qubad əyan və ruhanilərlə razılığa gəldikdən sonra 564-cü il 25 yanvarda Məzdək və onun tərəfdarlarına divan tulmuşdur.
11 Azərbaycanda Ərəb istilası və İslam dininin yayılması
Azərbaycan dövlətçiliyi tarixində onun imperiyaların tərkibinə daxil olması dövrü də olmuşdur. Onlardan biri də Ərəb Xilafəti idi. Mənbələr göstərir ki, VII əsrin birinci qərinəsində Ərəbistan yarımadasında güclü bir feodal dövləti meydana gəldi. Asiyada, Afrikada və Avropada bir sıra ölkələri işğal edib şöhrət qazanan bu dövlətin yaradıcısı məkkəli Məhəmməd idi. Onun yaratdığı yeni dini təlim-islam feodal münasibətlərinin inkişafında, dövlətin möhkəmlənməsində və genişlənməsində böyük rol oynadı. Ərəb əyanları Məhəmmədin yaratdığı islam dinindən başqa ölkələrin işğal olunmasında bir vasitə kimi istifadə etdilər.
Ərəb feodal dövlətinin yaranması onun əvvəlcə Ərəbistan yarımadasında, sonra isə İran və Bizans imperiyaları əleyhinə işğalçı yürüşləri ilə eyni vaxtda başlandı. Xilafətin hakim dairələri belə işğalçı müharibələrdən hədsiz dərəcədə faydalandıqlarından, ona böyük maraq göstərirdilər. Onlar müharibələr vasitəsi ilə, hər şeydən öncə, ərəb cəmiyyəti daxilindəki sinfi mübarizəni zəiflətmək, təşəkkül tapmaqda olan feodal münasibətlərini möhkəmləndirmək və ən vacibi, zəbt olunmuş hərbi qənimətlərlə varlanmaq istəyirdilər. Dövlətin yaradıcısı və öz dövrünün görkəmli dövlət xadimi olan Məhəmməd sağlığında bir sıra müharibələrə şəxsən özü başçılıq etmişdi. Məhəmmədin ölümündən sonra (632-ci il iyun ayının 8-də Mədinə şəhərində vəfat etmişdi) hakimiyyət məsələsi kəskin mübahisələrə səbəb oldu. İlk xəlifə olan Əbu Bəkrin ikiillik (632-634) hakimiyyəti nəticəsində islam dini Ərəbistanda sabitləşdi. O, vəfat edən zaman nüfuzlu və təşkilatçı bir adam olan Öməri özünə varis seçdi. Ömərin onillik (634-644) xəlifəliyi islam tarixinin və dövlətinin qalibiyyətlə yayılması və möhkəmlənməsi dövrü kimi xarakterizə edilir. Onun vaxtında bir-birinin ardınca İraq, Suriya, Misir istila olundu.
Məhəmmədin vəfatından sonra onun yaratdığı dövləti peyğəmbərin xələfləri idarə etdiyindən, dövlət xilafət adlanırdı. "Azərbaycan tarixi" kitabında göstərilir ki, Xilafət qoşunları İranın Rey və Qəzvin şəhərlərini işğal etdikdən sonra 639-cu ildə sərkərdə Hüzeyfənin başçılığı ilə Azərbaycana daxil oldular və burada güclü müqavimətə rast gəldilər. Azərbaycan qoşunlarına mərzban İsfəndiyar ibn Fərruxzad başçılıq edirdi. O, qonşu əyalətlərin əhalisindən Ərdəbilə böyük qoşun toplayıb, ərəblərlə döyüşə başladı. Ərəb qoşunu qalib gəldi və İsfəndiyarı əsir götürdü. Onun qardaşı Bəhram ibn Fərruxzad qoşun toplayaraq, yenidən döyüşə başladı. Bu dəfə də ərəblər qalib gəldilər. Ərəb müəlliflərindən əl-Bəlazurinin məlumatına görə, mərzban İsfəndiyar 644-cü ildə əhali adından ərəblərlə müqavilə bağlalamağa məcbur oldu. Müqavilənin şərtinə görə, azərbaycanlılar ərəblərə tabe olmalı, vergi verməli, ərəb əsgərlərini bir gecə-gündüz evində saxlamalı idilər. Bunun müqabilində ərəblər də yerli əhalinin dini etiqadlarına toxunmamağı, adət və məişətlərinə qarışmamağı öhdələrinə götürürdülər.
Azərbaycana ilk basqından 7 il sonra, 646-cı ildə Arrana hüçum edən ərəb ordusuna sərkərdə Salman ibn Rəbiə başçılıq edirdi. Onun ordusu Naxçıvandan çıxaraq Şəki və Gorus istiqamətində hərəkət etdi. Arran ərazisinə çatıb Beyləqana daxil oldu.
Ərəblər Azərbaycanın istilasını başa çatdırıb orada möhkəmləndikdən sonra xəzərlərlə müharibəyə başlamalı oldular. Bunun üçün Ön Qafqazda öz arxalarını etibarlı şəkildə təmin etmək məqsədilə tədbirlər gördülər. Strateji qalalarda hərbi dəstələr yerləşdirdilər. Yollarda nəzarəti gücləndirdilər. Ərəb ordularının fasiləsiz hücumlarına baxmayaraq, əhali onlara asanlıqla boyun əymədi. Hər dəfə düşmənə ciddi müqavimət göstərdi, vergi verməkdən və islam dinini qəbul etməkdən imtina etdi. Yalnız 90 illik kəskin mübarizədən sonra xilafət orduları Azərbaycanın istilasını başa çatdıra bildilər.
Ərəblər işğal etdikləri ölkələri əvvəllər öz qaydaları əsasında idarə edirdilər. Bu istilaçı idarə qaydaları, təbii ki, mümkün olduğu qədər çox vergi əldə etməkdən və başqa dinə mənsub olanlar arasında, ilk növbədə, ərəblərin dediyi kimi, "qeyri-kitab əhli" olanların arasında islam dinini zorla yaymaqdan ibarət idi. Əksəriyyəti köçəri olan istilaçı ərəblərin özləri hələ islam dinini yaxşı mənimsəmədiklərindən, ilk vaxtlar işğal olunmuş yerlərdə xalqı yeni dinə məcburi surətdə sövq etmirdilər. Xəlifə Əbu Bəkr (632-634) işğalçı ərəb ordularının sərkərdələrinə belə bir göstəriş vermişdi: "Düşmənləri şikəst etməyin, nə kiçik uşaqları, nə çox qoca adamları, nə də qadınları öldürməyin. Yemək üçün lazım olandan artıq qoyun, inək və dəvələri kəsməyin... Sizi qəbul edən hər bir şəhər və xalq ilə müqavilə bağlayın, onlara verdiyiniz vədlərə sadiq olun, qoy onlar biz gələnədək əməl etdikləri qayda və qanunlarla yaşasınlar.
Ərəblərin hucumlarına qədər Azərbaycan əhalisi Bizans-İran müharibələrindən, habelə, şimal tayfalarının hücumlarından çox zərər çəkmişdilər, ona görə də islam dini zəminində onlara səadət və əmin-amanlıq vəd edən yeni istilaçıya- ərəblərə inam və ümid bəsləyirdilər. İlk vaxtlarda ərəblər vergi və töycüləri aldıqdan sonra onların dini etiqadlarına adət-ənələrinə toxunmur və mümkün qədər əmin-amanlıqlarını qoruyurdular. Həmçinin, ərəb istilalarının ilk onilliklərində Xilafətin Azərbaycandan aldığı vergi və töycülər Sasanilər dövründəkindən xeyli az idi. Şübhəsiz ki, bu yerli əhalinin ərəblərə və onların gətirdiyi yeni dinə rəğbət və inamını artırırdı.
Ərəblər böyük iqtisadi və strateji əhəmiyyəti olan Azərbaycanda öz hakimiyyətlərini möhkəmləndirməkdə islam dinindən çox kəsərli vasitə kimi istifadə edirdilər.
Məlumdur ki, Azərbaycanda əsas din atəşpərəstlik idi. Bu din şahənşah I Şapurun dövründən Sasanilər imperiyasının rəsmi dövlət dini elan edilmişdi. Atəşpərəstlərin baş məbədi Azərbaycanın paytaxtı Qazaka şəhərində yerləşirdi. Atəşpərəstlər "kitab əhli" hesab edilmirdilər. Albaniyada həm xristianlıq ("kitab əhli"), həm də bütpərəstlik ("kitab əhli" olmayan) dinləri mövcud idi.
Əməvilərin hakimiyyəti dövründə istila olunan ölkələrdə əhali etiqad məsələsində sərbəst idi. Lakin əvvəlki dini etiqadlarında qalanlar və islamı qəbul etməyənlər xəracdan əlavə cizyə deyilən vergi verməli idilər. Konkret olaraq islamın Azərbaycanda yayılması xəritəsinə nəzər saldıqda, görürük ki, yeni din atəşpərəstliyin, bütpərəstliyin təmsil olunduğu Azərbaycanda, Muğanda, Mildə, Xəzər sahilində, Kür və Araz çayları boyunda, xüsusilə, şəhərlərdə nisbətən sürətlə yayılırdı. Xristianlıq dininin sabitləşdiyi dağlıq və dağətəyi yerlərdə, xüsusilə, kəndlərdə islam dininə müqavimət güclü idi. Əhalinin müxtəlif təbəqələrinin yeni dinə münasibəti də müxtəlif idi. Məsələn, islam dininin etnik-əxlaqi-tərbiyəvi üstünlüklərini və gələcəyini düzgün başa düşən hakim təbəqə öz əmlakını və imtiyazını əlində saxlamaq xatirinə bu dini tərəddüdsüz qəbul etdi. Xilafətin ticarətə və sənətə rəğbətini nəzərə alan tacirlər və sənətkarlar da yeni dini qəbul etməkdə ləngimədilər. Şəhər yoxsullarına, kəndlilərə və əhalinin digər yoxsul təbəqəsinə gəldikdə isə onlar ağır dini vergi olan cizyədən canlarını qurtarmaq xatirinə bu işə razı oldular. Əvvəllər belə bir qayda vardı ki, islam dinini qəbul edənlər nəinki cizyədən azad edilir, üstəlik, onlara bəzi yardım da göstərilirdi. Qaydaları, ticarətə dair qaydalar, ümumiyyətlə, cəmiyyətdə insan fəaliyyətinin bütün sahələrini hüquqi cəhətdən tənzimləyən qanunlar toplanmışdı.
VIII əsrin əvvəllərində islam dini Azərbaycanda geniş yayıldığı, möhkəmləndiyi və hakim din olduğu şəraitdə Albaniyanın bir hissəsində xristianlıq dini əvvəlki mövqeyini saxlaya bildi. Daha doğrusu, "kitab əhli" olduqlarına və başqa mülahizələrə görə, ərəblər burada xristianlığa toxunmadılar. Alban kilsəsi miladın əvvəlindən mövcud idi. Ərəblər siyasi və dövlət təşkilatı cəhətdən Bizans imperiyasından və süquta uğratdıqları İrandan geri qalırdılar. Ona görə də, ilk vaxtlar onlar işğal etdikləri digər ölkələrdə olduğu kimi, Azərbaycanda da özlərinə qədər mövcud olan idarə qaydalarını saxlamağa məcbur oldular. Xilafətin özündə təkmilləşmiş idarəetmə mexanizmi hələ yaranmamışdı. Ona görə də, Sasanilərin çoxəsrlik dövlət təşkilatını mənimsəmək üçün vaxt lazım idi. Xilafət əsarətə aldığı geniş əraziləri idarə etmək üçün Sasanilərin mərzbanlıqlarına bənzər əmirlik (canişnnlik) sistemi yaratdı. Əvvəlcə beş əmirlik, yəni vilayət təşkil olundu. Bu inzibati bölgüyə əsasən, Azərbaycan (həm Azərbaycan, həm də Arran) dördüncü əmirliyə daxil idi. Əməvilər sülaləsn dövründə inzibati quruluşda bəzi dəyişikliklər edildi. Yeni bölgüyə görə, Azərbaycan Əlcəzirə adlanan üçüncü əmirliyin tərkibinə daxil edildi. Xilafətin soyğunçu vergi siyasəti və məmurların özbaşınalığı, dəhşətli istismar və hüquqsuzluq, yerli feodalların mülklərinin və imtiyazlarının məhdudlaşdırılması, güclü ərəbləşdirmə siyasəti və başqa səbəblər əhalinin vəziyyətini ağırlaşdırmaqla yanaşı, ümumxalq qəzəbini coşdururdu.
12. Xürrəmilər hərakatı. Babəkin başçılığı altında azadlıq müharibəsi
Azərbaycanda ərəb xilafətinə qarşı mübarizənin ən yüksək forması olan Xürrəmilər hərəkatı - İslamın bəzi ayinlərinə, feodal zülmünə və ərəb əsarətinə qarşı çevrilmiş xalq hərəkatı idi. Xürrəmilərin sosial bərabərlik uğrunda mübarizəsinin məqsədi maddi nemətləri insanlar arasında bərabər bölüşdürmək idi. Bu ideyalar xürrəmiləri məzdəkilərin təlimi ilə yaxınlaşdırırdı. Ona görə də xürrəmiləri məzdəkilərin ideya davamçıları hesab edirlər. Lakin xürrəmilərin məqsədlərinin aliliyi və çətinliyi onları məzdəkilərdən fərqləndirirdi. Belə ki, məzdəkilər feodal istismarına və hakim təbəqənin firavan həyat tərzinə qarşı çıxırdılarsa, onlardan fərqli olaraq xürrəmilər:
|