MARİNADA QOYULMUŞ XİYAR
Marinada qoymaq üçün xırda xiyarlar götürülür. Xiyarlar təmiz yuyulur. Əgər bircə xiyarın üstündə azca da olsa torpaq qalarsa, bütün zəhmətiniz hədər gedə bilər, bankaların qapağı açılar. Bundan sonra təmiz yuyulmuş xiyarlar ləyənlərə, ya da vedrəyə yığılır, çiçəklənmiş şüyüd, cəfəri, dəfnə yarpağı təmizlənir, göyərtilər doğranır və ayrıca qablarda stol üstünə qoyulur. Sarımsaq dilimlənib təmizlənir, qara istiot dənələri təmiz yuyulub bir qırağa qoyulur. əvvəlcədən isti su və soda ilə yuyulmuş, sterilizə olunmuş balonlara bir qat iri doğranmış şüyüd, cəfəri, sarımsaq, dəfnə yarpağı, bir neçə dənə qara istiot tökülüb üstündən xiyarlar yığılır. Üç litrlik balona təxminən 2 kq xiyar yerləşir. Xiyarların üstünə yenə də bir qat ədviyyat qoyulub qapaqla örtülür. Beləliklə, bir neçə balon doldurulandan sonra onların üstünə qaynar su tökülür. 5-6 dəqiqə keçəndən sonra su yenidən qazana boşaldılır, üstünə hər balon üçün 100 qram duz əlavə edilib qaynadılır. Su qaynayana qədər balonun içində bir xörək qaşığı sirkə cövhəri (essensiya) tökülür və qaynar duzlu su tökülüb balonun qapağı kip bağlanır, və başıaşağı qoyulub üstü isti bir şüylə örtülür. Balonlar bu vəziyyətdə bir sutka qalıb tədricən soyuyur ki, bu da sterilizasiyanı əvəz edir.
Dostları ilə paylaş: |