DUZA QOYULMUŞ ZEYTUN
Zeytun həm kal, həm də yetişmiş duzlanır. Kal zeytun dərilir (təxminən noyabr ayında) və saf-çürük edilir. Acılığı yox etmək üçün qələvi məhluluna (10 litr suya 175-200 qram natrium, ya da kalium qələvisi) qoyulur. Bu məhlulda zeytun ancaq üç günədək qala bilər. bundan sonra zeytun məhluldan çıxarılıb axar su altında yuyulur və hər gün dəyişmək şərti ilə bir neçə gün təmiz suda saxlanır. Qələvinin tamam yox olmasını bilmək üçün zeytunun biri kəsilir və içinə fenolftalein (apteklərdə satılan purgen dərmanından istifadə etmək olar) sürtülür. Zeytunun içi qızarmırsa, deməli, qələvi təmizlənmişdir. Bundan sonra zeytunun üstünə duzlu su (1 litr qaynadılmış soyuq suya 50 qram duz) tökülüb turşumağa qoyulur. Turşuma vaxtı əmələ gələn qazın yaxşı çıxması üçün zeytun olan qabın qapağında deşik açılır və ora rezin borucuq keçirilir, ya da qapaqda bir neçə deşik açılır. Turşuma 15-20 gün çəkir. Bundan sonra zeytun hazır olur.
Dostları ilə paylaş: |