41. Sənaye qəzaları Sənaye müəssisələrində partlayışlar, adətən qurğuların dağılması və deformasiyaya uğraması, yanğınlar, enerji sisteminin sıradan çıxması, texnoloji boru kəmərlərindən və tutumlardan zərərli maddələrin kənara sızması ilə müşayiət olunur. Partlayışın törətdiyi istehsalat qəzalarının nəticələri, xaraktercə, müharibə vaxtı baş verən dağıntılara oxşayır.
Qazanxanalarda qazanların partlayışına, kimya müəssisələrində - qazın,cihazların, hazır məhsul yarımfabrikatların; neftayırma zavodlarında - benzin buxarları və digər qarışıqların; dəyirmanlarda-unun; şəkər zavodlarında - şəkər tozunun; ağac emalı kombinatlarında - mişar tozunun və lak-boyaq buxarlarının partlayışları və s. daha çox müşahidə olunur.Bir çox ölkələrdəki kömür və filiz mədənlərində kömür tozunun və qazların partlayışı nəticəsində çox ağır yeraltı qəzalar olur. Belə partlayışlar adətən yanğınlar, uçqunlar və s.törədir.Məişətdə işlədilən qaz balonlarının partayışları daha tez-tez baş verir, nəticədə yanğınlar törəyir, insanlar məhv olur.İstehsalat qəzaları zamanı hər hansı partlayışın zərbədalğası böyük insan tələfatına və qurğu hissələrinin dağılmasına səbəb olur. Partlayışın gücü artdıqca onların yaratdığı zədələnmə ocağının ölçüləri də artır. Zərbə dalğasının qurğuların elementlərinə təsiri mürəkkəb yüklənmə kompleksi ilə xarakterizə olunur: birbaşa təsir, əks olunan təsir,kənarlardan təsir, içəridən təsir,seysmik partlayış dalğasının təsiri və s.
42.Davamlı və davamsız zəhərli maddələr Bir sıra ölkələrin cəbbəxanalarındakı müasir zəhərləyici maddələrin toksikoloji təsnifata görə aşağıdakı qruplara ayırmaq mümkündür:
Sinir iflicedici ZM kimyəvi strukturuna görə fosforlu üzvi maddədir (FÜM) : Belə maddələrə zarin, zoman və V qazı aiddir. Zarin və zoman rəngsiz (və ya sarımtıl), səciyyəvi iyli mayelərdir. Bu maddələr üzvi həlledicilərdə, o cümlədən yağlarda və yağaoxşar maddələrdə yaxşı, suda isə zəif həll olur, havada tez bir zamanda ölümcül təsir göstərən yüksək konsentrasiyalı buxar törədir. Yay vaxtı ərazini zarin damcıları 8 saata, zoman isə bir sutkaya qədər müddətə zəhərləyə bilər.
Ümumzəhərləyici təsirli ZM əsasən tənəffüs üzvlərindən keçib orqanizmin ən vacib sistemlərinə sürətlə təsir göstərən tezbuxarlanan kimyəvi birləşmələrdir. Zəhərləyici maddələrin bu qrupuna sianid turşusu və xlorsian aiddir. Son vaxtlar sianid turşusu güclü təsirli zəhərli maddələrə aid edildiyi üçün onun xassələri sonrakı paraqrafda nəzərdən keçiriləcəkdir. Xlorsian kəskin iyli, sudan ağır, rəngsiz mayedir. Suda məhdud miqdarda (7%), üzvi həlledicilərdə (spirt, efir) yaxşı həll olur. Xlorsian qıcıqlandırıcı təsirə malikdir. İlk qıcıqlandırma konsentrasiyası 0,0025 mq/l, güclü yaşaxma və bəbəklərin spazmasına səbəb olan dözülməz konsentrasiyası 0,06 mq/l-dir .Bundan artıq konsentrasiyalar orqanizmin ümumi zəhərlənməsi ilə nəticələnir. Xlorsian davamsız zəhərli maddədir.
Dəridə yaraçıxaran ZM : elə zəhərli birləşmələrdir ki, onlar hətta ən cüzi miqdarda bədənin dəri örtüyünü zədələyə bilir. Kimyəvi təmiz iprit zəif gənəgərçək iyli, şəffaf, yağlı, rəngiz mayedir. O, üzvi həlledicilərdə, yağ və yağaoxşar maddələrdə yaxşı, suda xeyli zəif həll olur. Ərzaq məhsullarına, məsaməli materiallara, boyaq örtüklərinə, rezin-texniki məmulatlara asanlıqla hopur və onların uzun müddət zəhərli qalmasına səbəb olur. Ərazi uzun müddət-yayda 7 sutka, qışda bir neçə həftə zəhərli qalır. İprit suda yavaş hidroliz olunur və neytrallaşır (zəhərsizləşir), qələvilərin təsirindən ipritin hidrolizi sürətlənir. Xlorlu əhəng, xloraminlər və sulfidlər ipriti tez zəhərsizləşdirir. İprit kontakta olduğu orqanlara və toxumalara (tənəffüs yollarına, gözlərə, dəriyə, mədə-bağırsaq sisteminə) təsir edir, bədənin zədələnmiş yerindən qana sorulması nəticəsində isə ümumzəhərləyici təsir göstərir. Bədənin səthinə düşən iprit damcıları 7 dəqiqədən sonra dərinin alt qatlarına keçir. 20-30 dəqiqə ərzində isə heç bir ağrı hissi törətmədən orqanizmdə tamamilə sorulur. İprit davamlı zəhərli maddədir.
Boğucu təsirli ZM : elə maddələrə deyilir ki, onlar xüsusən ağciyər toxumalarını zədələyir, orqanizmin digər toxumalarına güclü təsir göstərmir. Boğucu təsirli zəhərli maddələr qrupuna fosgen və difosgen aiddir. Fosgenin xassələri sonrakı paraqrafda nəzərdən keçiriləcəkdir. Difosgen qaynama temperaturu 128 dərərcə olan mayedir, yavaş buxarlanır. Havadan 7 dəfə ağırdır. Yayda ərazinin açıq yerlərində 1saata, meşəlik yerlərində isə bir neçə saatadək zəifləyir. Difosgen suda həll olur, bu zaman xlorid turşusu və karbon qazı yaratmaqla parçalanır. Difosgen su quyularını zəhərləmir. Difosgen davamsız zəhərləyici maddələrə aiddir.
Qıcıqlandırıcı ZM : Si-Es və adamsit aid edilir. Adamsit yaşılımtıl rəngli bərk maddədir, suda həll olmur, üzvi həlledicilərdə, xüsusən qızdırılarkən və asetonda yaxşı həll olur. Yavaş buxarlanması və pis həll olmasına görə torpağı uzun müddət zəhərləyə bilər. Suda parçalanmır, qələvi maddələr onun suda hidrolizini sürətləndirir. Adamsitin 1,41 mq/l konsentrasiyası olan havada 2 dəqiqə və ya 0,28 mq/l konsentrasiyalı havada 20 dəqiqə qalarkən ölümcül zəhərlənmə baş verir. Si-Es suda pis həll olan rəngsiz maddədir. O, spirtdə bir qədər, asetonda, dioksanda, metilxloriddə, etilasetatda, benzolda isə yaxşı həll olur. Aerozol şəklində tətbiq olunur. Si-Es maddəsinin ümumi zəhərliliyi zəifdir, lakin o, qıcıqlandırıcı təsirə malikdir ki, bu da asqırtıya, öskürəyə, gözlərdən çoxlu yaş axmasına, tənəffüsün çətinləşməsinə səbəb olur. Bunlardan başqa dəriyə gicitkən kimi qaşındırıcı təsir göstərir, yüksək konsentrasiyası 0,001-0,005 mq/l-dir. Gözyaşardıcı və ya lakrimator (yunanca lakrime-göz yaşı) maddələr gözlərin, burunun selikli qişalarını qıcıqlandırır, bu isə gözdən yaş axması, bəbəklərin spazması, burundan güclü selik axması ilə nəticələnir. Bunlar tərkibində haloid olan üzvi maddələrdir. Belə maddələrdən əsasları xlorasetofenon və brombenzilsianiddir. Xlorasetofenon bənövşə və ya meşəgilası iyi verən bərk kristal maddədir. Üzvi həlledicilərdən yaxşı həll olur. Suda hətta qaynadılarkən də dağılmır. Müsbət 20C-də buxarlanır, buxarları havadan 5,3 dəfə ağırdır. Yayda ərazidə bir neçə gün təsirini saxlayır. Brombenzilsianid acı, badam iyli, rəngiz, yaxud sarımtıl kristal maddədir. Suda, demək olar ki, həll olmur, üzvi həlledicilərdə isə yaxşı həll olur.Suda hidroliz olunmur, torpaqda bir ayadək qala bilər. LSD rəngsiz, bərk kristal maddədir, suda zəif, üzvi həlledicilərdən yaxşı həll olur. Orqanizmə tənəffüs yolları ilə təsir etməsi daha çox ehtimal olunur. Mədə- bağırsaq yolları ilə zəhərlənmə də mümkündür. Bi-zet suda həll olmayan, ağ kristal tozdur. Bi-zet orqanizmə tənəffüs və mədə-bağırsaq yolu ilə keçir. Zəhərləyici maddələr, zəhərlənmiş hava ilə nəfəs aldıqda, ZM dəri üzərinə və selikli qişaya düşdükdə, həmçinin zəhərlənmiş yeyinti məhsullarından və sudan istifadə etdikdə insanları və heyvanları zədələyir. Ona görə onların seçilməsi və tətbiqi üsulları yerli şəraitdən, zəhərləyici maddələrin xassələrindən və qarşıya qoyulmuş məqsəddən asılı olaraq müxtəlif ola bilər. Kimyəvi silah təyyarə bombalarında, top güllələrində, maye çiləyə bilən təyyarə cihazlarında və müxtəlif tərtibatlarda, habelə buxar və aerozol (tüstü, duman) şəklində tətbiq edilə bilər. Bu halda zəhərləyici maddələr küləyin istiqamətində on kilometrlərlə məsafəyə yayıla bilən zəhərli bulud yaradır. Havanın zəhərlənmə təhlükəsinin dərəcəsi ZM-in qatılığı və mühafizə olunmayan adamın zədələndiyi vaxtla müəyyən edilir. Ərazinin və obyektin zəhərlənmə dərəcəsi oraya düşən ZM-in miqdarından aslıdır və ZM-in qramlarla miqdarının 1m2 səthə nisbəti ilə ifadə olunan zəhərlənmə sıxlığna görə müəyyən edilir. Hərbi məqsədlərlə, bitkiləri zəhərləyən kimyəvi maddələr-herbisid, defolinat və desikant maddələr də tətbiq edilə bilər ki, bunlar dənli bitki əkinlərinin, meşələrin məhv olunmasına, kənd təsərrüfatı heyvanlarının zəhərlənməsinə səbəb olur. Zəhərləyici maddələrin insanlara və heyvanlara göstərdiyi zədələyici təsirin müddəti, həmin ZM-in fiziki-kimyəvi xassələrindən, həmçinin ərazinin xarakterindən və havadan asılıdır. Havanın temperaturu yüksək olduqca, ZM daha tez buxarlanır, güclü külək buxarı səpələyir, yağış isə zəhərləyici maddələri torpaqdan, bitkilərdən, müxtəlif əşyalardan yuyub aparır. Binalarda, zirzəmilərdə, yarğanlarda, dərələrdə zəhərlənmiş hava uzun müddət qala bilər.Kimyəvi silahdan və güclü təsirli zəhərli maddələrdən mühafizə olunmaq üçün əlehqazdan, xüsusi paltardan və ya hermetik bağlanmış sığınacaqlardan istifadə edilir.