QHT-lərin yaradılma məqsədləri Dünyada geniş yayılmış bu qeyri-komersiya təşkilatları yoxsulluğun azaldılması, yeni imkanların yaradılması, insan hüquqlarının qorunması və bu kimi məqsədlər üçün yaradılır. Digər tərəfdən,təəssüf ki,tarixi faktlar məqsədlərin bir çox halda təmənnasız olmadığını sübut edir.Bu daha çox Qərb ölkələri tərəfindən yaradılaraq digər dövlətlərdə aktiv olan QHT-lərə aiddir.Ötən əsrin əvvəlində Rokfeller, Karneqi və Ford tərəfindən yaradılmış QHT-lər dövləti elm, təhsil, incəsənət və ətraf mühitin qorunması yükündən azad etmək məqsədi ilə yaradıldıqlarını bəyan etdilər.Reallıqda isə bu fondlar vergi güzəştlərinin əldə edilməsi, ictimai proseslərə daimi təsir mexanizmlərinin yaradılması və öz yeyələrinin əhali arasında nüfuzunun artırılması məqsədlərini güdürdü.Bir müddət sonra aydın oldu ki, QHT-lər başqa məsələləri də həll edə bilər.Qeyri-kommersiya təşkilatı əsas məqsədi kimi mənfəət güdməyən və qazancını təşkilatının üzvləri arasında bölüşdürməyən bir şirkətdir.Bu təşkilatlar həyatın sosial, xeyriyyəçilik, mədəni və digər sahələrinə nail olmaq üçün yaradılır. Həmçinin,QHT-nin bu fəaliyyəti təşkilatın məqsədlərinə çatmağa yönəldiyi təqdirdə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququ vardır. İlk qeyri-kommersiya təşkilatları təxminən 6-7-ci əsrlərdə meydana çıxdı və əvvəlcə qeyri-iqtisadi maraqlara əsaslanırdı.Bu, cəmiyyətin inkişafında müəyyən bir məqamın, münasibətlərin hüquqi tənzimlənməsinin müstəsna olaraq ayrı-ayrı şəxslərə aid olduğu zaman baş verdi.
49. Azərbaycanda qeyri-hökumət təşkilatlarının yaranması və fəaliyyəti QHT-lərin Azərbaycanda yaranması və fəaliyyəti hələ XIX əsrin sonları-XX əsrin əvvəllərinə təsadüf edir. Bu dövrdə QHT-lər dövlətdən asılı olmadan sosial və ictimai sahədə fəaliyyət göstərərək cəmiyyətin həyatında mühüm rollardan birini oynayırdı. Tarixdən bəlli olduğu kimi, bu dövrdə Şimali Azərbaycan çar Rusiyasının əsarəti altında idi. Lakin müstəmləkə zülmünün mövcudluğuna baxmayaraq həmin illərdə Şimali Azərbaycanda milli QHT sistemi yaranıb formalaşa bilmişdir.Tarixi tədqiqatların nəticəsi göstərir ki, sözü gedən dövrdə ictimai fəaliyyətin xeyriyyəçilik cərəyanı xüsusilə üstünlük təşkil edirdi.
XIX əsrin sonları-XX əsrin əvvəlləri Şimali Azərbaycanda kapitalist münasibətlərinin yaranması və inkişafı dövrüdür. Bu dövrdə sosial-iqtisadi, ictimai, mədəni inkişafın kökündə duran əsas amil neft amili idi. 1872-ci ildə iltizam sistemi ləğv edildikdən sonra neft sənayesi sürətlə inkişaf etməyə başladı.Bütün inkişafın mərkəzi isə Bakı idi.Sözügedən dövrdə Azərbaycanda QHT-lərin yaranması və formalaşması əsasən neft sənayesi ilə bağlı idi. Həmin illərdə mövcud olan QHT-lərin böyük əksəriyyəti xeyriyyəçilik istiqamətində fəaliyyət göstərirdi.
XIX əsrin sonları-XX əsrin əvvəlləri Şimali Azərbaycanın ictimai-iqtisadi həyatında baş verən dəyşiliklər burada yeni sosial təbəqənin–sahibkarlar təbəqəsinin formalaşması ilə nəticələndi. Yeni yaranan sahibkarlar təbəqəsi həm müxtəlif təşkilatlarda birləşərək, həm də fərd olaraq ictimai sektorda fəaliyyət göstərirdilər. H.Z.Tağıyev,M.Muxtarov kimi milli sahibkarlar topladığı kapitalın bir hissəsini xeyriyyə işlərinə, əhalinin maariflənmənsinə, məktəb, teatr, xəstəxana tikintisinə yönəltmişdilər. Onların arasında H.Z.Tağıyevin fəaliyyəti daha çox diqqəti cəlb edir.Azərbaycanda ilk qız məktəbinin açılması, Şollar-Bakı su kəmərinin çəkilməsi, ilk teatr binasının, toxuculuq fabrikinin tikilməsi, bir sıra küçə və meydanların salınması məhz H.Z.Tağıyevin adı ildə bağlıdır. 1887-ci il noyabr ayının 5-də o, Bakının 80 nəfərə yaxın sahibkarını bir yerə toplayaraq Bakı at-dəmiryolunu çəkmək üçün cəmiyyət yaratmağı təklif etdi. Məlum olduğu kimi, bu təklif real oldu və 1889-cu ildə Bakıda rels üzərində hərəkət edən at qoşqulu nəqliyyat vasitəsi – konka fəaliyyət göstərməyə başladı.
Sözügedən dövrdə sahibkarlarla yanaşı bir sıra ictimai xadimlər də müxtəlif təşəbbüslərlə çıxış edir, əhalinin maariflənməsinə səy göstərirdilər. 1894-cü ildə Bakıda S.M.Qənizadə, Ə.Axundov, Ə.Cəfərzadənin yaxından iştirakı ilə N.Nərimanov tərəfindən təşkil edilmiş ilk Azərbaycan qiraətxanası ölkənin ictimai-mədəni həyatında mühüm rol oynadı. Qiraətxana azərbaycanlı müəllimlərin yardımları, xüsusən pyeslərin tamaşaya qoyulmasından əldə olunan gəlirlər və könüllü ianə, üzvülük haqları hesabına fəaliyyət göstərirdi.
1905-ci ildən başlamış milli yüksəlişin geniş inkişaf yoluna düşməsi illərində mədəni – maarif işləri xeyli canlandı, müxtəlif ictimai təşkilatlar, cəmiyyətlər yarandı, qəzet və jurnalların fəaliyyəti genişləndi. 1905-ci ilin payızında “Müdafiə və müsəlman kübarları və ziyallılarının ittifaqı” və “Müsəlman Xeyriyyə Cəmiyyəti” təsis olundu. “Müsəlman Xeyriyyə Cəmiyyəti”nin sədri H.Z.Tağıyev,katibi isə Əhməd bəy Ağaoğlu idi.Cəmiyyət öz ətrafında xeyli sayda sahibkarlarla yanaşı görkəmli ictimai xadimləri birləşdirmişdi. Bu təşkilatın fəaliyyəti çoxşaxəli olmuşdur. Bunu aşağıdakı kimi qruplaşdırmaq olar: sənaye və ticarət Bakısı üçün mühüm əhəmiyyət kəsb edən texniki və kommersiya məktəblərinin təşkili və tikintisi; Rusiyada ilkin olaraq Bakıda açılan və Güney Qafqazda yeganə olan müsəlman qız məktəbi, həmin məktəbin nəznində müsəlman qadınlar üçün təşkil edilən müəllim kursları; Bakıda “Səadət” məktəbinin tikintisində iştirak; toxuculuq fabrikinin fəhlələri üçün məktəb binasının tikintisi; Mərdəkanda bağçılıq məktəbinin inşa edilməsi; qəzalarda xalq təhsilinin inkişafına qayğı; Rusiyanın və xarici ölkələrin ali məktəblərində təhsil alan tələbələrə edilən maddi yardım; İranda maarif müəsissələrinin yaradılmasına göstərilən kömək; kitab və qəzet nəşri, müxtəlif dərslik və ədəbiyyatların çapı; mətbuat orqanları üçün milli kadrların hazırlanmasına edilən maliyyə yardımı; incəsənətin inkişafına göstərilən dəstək; tikinti-abadlıq işləri ( Dağıstanın bəzi kəndlərinə çəkilən su kəmərlərinin tikintisinə yardım, Zəngəzur qəzasında körpünün inşa edilməsi); təbii fəlakətlərdən zərərçəkənlərə yardım edilməsi və s.