33-cü sual. Tarixi tədqiqatlar zamanı kitabxanalarda işin təşkili
Elmi tədqiqat zamanı lazımi ədəbiyyatlarla işləmək üçün ilk növbədə, biblioqrafik siyahı tərtib olunmalıdır. Elmi tədqiqat işini əhatə edə biləcək kitabları kitabxanalardan əldə etmək üçün mövcud olan hər iki kataloqla işləməyi bacarmaq lazımdır. Belə ki, kataloqlardan biri sistem xarakterli olub, ayrı-ayrı elmi problemlər üzrə tərtib olunur. İkinci növ kataloqlar isə əsasən, müəlliflərin soyadları, yaxud kollektiv monoqrafiyaların, dərslik və vəsaitlərin adları əsasında tərtib olunur. Bu kataloqlarla yanaşı, məlumat-biblioqrafik göstəricilərə, eləcə də elektron kitabxanaların kataloqlarına da baxmaq olar. Son dövrlərdə İKT-nin yüksək templə inkişafı tədqiqatçıya xarici ölkələrin elmi kitabxanalarından da akkaunt yaratmaqla istifadə etmək hüququ və imkanları verir.
Hər bir ədəbiyyatla tanışlıq artıq həmin kitabdakı əsas problemlər, məzmun və mahiyyət haqqında lazımi təəssüratı, informasiyanı verməlidir. Bunun üçün isə ilk növbədə, kitabın annotasiyası, müqəddiməsi, girişi, başlıqları, nəticəsi ilə tanış olmaq lazımdır. Bu zaman təbii ki, sözügedən kitabın ədəbiyyat siyahısı ilə tanış olmaq, müəllifin tarixşünaslıq və mənbəşünaslıq materialları ilə hansı səviyyədə işləməsini, onları elmi dövriyyəyə nə dərəcədə cəlb etdiyini müəyyənləşdirmək də az rol oynamır.
Dostları ilə paylaş: |