İctimai şüur - cəmiyyətin mənəvi istehsalının böyük bir hissəsini təşkil etməklə ictimai varlığın inikasıdır. Sosial hadisələrin inikasına və onun məna dərinliyinə görə adi və nəzəri şüur da bir-birindən fərqləndirilir. Adi gündəlik şüur ictimai şüurun ən küütləvi forması olmaq etibarı ilə konkret ictimai varlığa, adi gündəlik həyata münasibətdə fərdlərin əldə etdikləri konkret bilikləri, təsəvvürləri, insan birgəyaşayışına, milli və etnoqrafik xüsusiyyətlərinə, əxlaq normalarına, ailə və məişətə və həyat şəraitinə aid olan şüur səviyyəsidir.
İctimai şüur fərdi şüurdan fərqli olaraq ayrı-ayrı şəxslər, sosial qruplar və xalqlar tərəfindən deyil, bütün bəşəriyyət tərəfindən min illər ərzində yaradılır və o yalnız bəşəriyyətə məxsus olur. İctimai şüur bilavasitə və ya dolayı yolla ayrı-ayrı adamlar tərəfindən yaradılsa da həmin adamların ixtiyarından çıxaraq bütün bəşəriyyətin mənəvi sərvətinə çevrilir. Məsələn, elmi kəşflər, bədii ideyalar, müxtəlif nəzəriyyələr ayrı-ayrı şəxslərin zəkasının məhsulu olsalar da, onlar bütün bəşəriyyətə məxsusdur. İctimai şüur dərin məzmuna malik olub, keyfiyyətcə xüsusi bir mənəvi sistemdir. Bu sistem nəticə e'tibarı ilə ictimai varlıqdan asılı olub onun in'ikası olsa da, özü nisbi müstəqilliyə malikdir. O, ictimai inkişafa tə'sir edən güclü amildir.
Tarixi inkişafda ictimai şüurun da böyük rolu vardır. Buna görə də cəmiyyət haqqında daha dolğun təsəvvürə malik olmaq üçün ictimai şüurun mahiyyətini, onun strukturunu, formalarını və cəmiyyətin həyatındakı rolunu açıqlamaq zəruridir.
İctimai şüurun strukturu, yə'ni onun ayrı-ayrı elementləri maddi münasibətlərdən asılı olub, onların dəyişməsi ilə dəyişir. Bütün bu dəyişikliklər ilk növbədə özünü ictimai şüurun strukturunda büruzə verir. İctimai şüurun strukturunu adi şüur, ideologiya və ictimai psixologiya təşkil edir. Bəzi fəlsəfi ədəbiyyatlarda bunları ictimai şüurun səviyyələri kimi də səciyyələndirirlər.
Elmi-nəzəri şüur sosial gerçəkliyin elmi və nəzəri cəhətdən sistemli və ümumiləşdirilmiş inikasıdır. O, daxili mahiyyətli qanun və kateqoriyalar vasitəsilə ifadə olunan inikasıdır. Son vaxtlar elmi ədəbiyyatda «mentalitet» anlayışından istifadə olunur.
Mentalitet (lat. ağıl, düşüncə, təfəkkür tərzi) deməkdir. O, ilk dəfə 1856-cı ildə Amerika alimi R.Emerson tərəfindən işlədilmiş, fransa alimi Marsel Prust onu tərtib etdiyi lüğətə daxil etmiş, XX əsrdə L.Febr və başqaları onun haqqında müxtəlif fikirlər söyləmişlər.
İctimai şüura nisbətdə mentalitet fərdi və kollektiv şüurun, emosiyaların, əhval-ruhiyyələrin mövcud sosial gerçəkliyə münasibətinin inkişaf dərəcəsini göstərir. Mentaliteti cəmiyyətin mənəvi psixoloji siması adlandırmaq olar.
Sosial varlıq şəraitinin ümumiliyi daxilində hər bir fərdin öz inkişaf spesifikliyi onun mənəvi aləminin digər fərdlərin mənəvi aləmindən fərqini müəyyən edir, insan fəaliyyətinin zənginliyini yaradır.
İctimai şüur nisbi müstəqilliyə malikdir. Lakin həmin müstəqillik mütləq olmayıb ictimai varlığın ictimai şüura müəyyənedici təsiri çərçivəsində baş verir. Bu cür nisbi müstəqil inkişafın əsasında ictimai varlıqla ictimai şüur arasında «sərt əlaqələrin» istisnalığı qanunudur. Bu qanunauyğunluq isə bir halda ictimai şüurun ictimai varlıqdan geridə qalmasına, digər halda isə onu ötüb keçməsində ifadə olunur. İctimai şüurun inkişafının varislik qanunauyğunluğu da mövcuddur. Bu, həm də ictimai şüurun səviyyələrində, həm də onun formalarının inkişafında təsir göstərən qanunauyğunluqdur.