54. Siyasi şüur və ideologiya, hüquqi şüur Siyasi şüur. İctimai şüurun formalarından biri olan siyasi şüur cəmiyyətin siniflərə bölündüyü və dövlətin yarandığı dövrdə formalaşmağa başlamışdır. Siniflərin, sosial təbəqələrin istehsala, hakimiyyətə, ictimai təşkilat və tə'sisatlara, digər siniflərə olan münasibətləri müəyyən siyasi ideya, baxış, təsəvvür və hisslər doğurur. Bu ideya və baxışların məcmusu siyasi şüuru əmələ gətirir. Siyasi şüur siniflərin, sosial qrupların dövlət hakimiyyətinə olan münasibətləri əsasında yaranan sosial-iqtisadi, ictimai-siyasi mövqe və mənafelərini əks etdirən ideya və təsəvvürlərin, hiss və əhval-ruhiyyələrin məcmusudur. Siyasət təkcə siniflər arasındakı münasibətlər sahəsi olmayıb, həm də millətlər və etnik qruplar arasındakı münasibətləri özündə birləşdirir. Siyasətdə ən vacib məsələ dövlət hakimiyyəti məsələsidir. Siyasi şüurun spesifikası bundadır ki, dövlət hakimiyyətinə olan münasibət öz əksini siyasi şüurda daha qabarıq şəkildə tapır.
Siyasi şüurun əhatə dairəsi çox genişdir. Buraya həm də ictimai-iqtisadi quruluş, şəxsiyyətin hüquqi statusu, dövlətlərarası münasibətlər, müharibə, sülh və başqa problemlər daxildir. Siyasi şüur siniflər və millətlər, sosial və etnik qruplar tərəfindən siyasi məqsəd və vəzifələrin, strategiya və taktikaların, metod və üsulların işlənib hazırlanmasından ibarət mürəkkəb sosial bir hadisədir. Hakimiyyətdə olan siniflər və sosial qüvvələr siyasi şüuru rəhbər tutaraq dövlətin daxili və xarici siyasətini tə'yin edirlər. Məhz buna görə də siyasi şüur dövlətin fəaliyyətinə tə'sir edən güclü vasitədir.
Siyasi şüur müxtəlif siniflərin, sosial qrupların və millətlərin siyasi psixologiyası və ideologiyasını özündə birləşdirir. İctimai psixologiya və ictimai ideologiya bir-birinə qarşılıqlı tə'sir edir. Onların qarşılıqlı əlaqəsinin düzgün nəzərə alınması nəinki tarixi inkişafın dərk olunması, eləcə də dünyəvi problemlərin həlli sahəsində mühüm əhəmiyyətə malikdir. Bu qarşılıqlı əlaqə və tə'sirdə siyasi ideologiya üstün rol oynayır.
Siyasi fəaliyyət və siyasi praktikada, habelə siyasi şüurda ideologiyanın ünsürlərinə və tə’sirinə həmişə rast gəlmək olur.
Siyasi ideologiya cəmiyyətin necə təşkil olunmasına, onun dövlət quruluşunun xarakterinə, hansı siyasəti həyata keçirməli olmasına dair baxışlar sistemidir.
Bu və ya digər sinfin, sosial və etnik qrupun siyasəti müəyyən siyasi ideya, baxış və nəzəriyyələrə əsaslanır. Deməli, siyasi ideologiya sinfi məqsəd və mənafeləri ifadə edən ideya və nəzəriyyələrin məcmusudur. Ümumiyyətlə, ideologiya həmişə bu və ya digər siyasi xəttin işlənib hazırlanmasında mühüm rol oynayır.
Siyasi şüurun formalaşmasında siyasi mədəniyyət mühüm rol oynayır. Çünki siyasi mədəniyyət siyasi şüurluluğun, siyasi təşkilatların xarakterini, siyasi münasibətləri nizamlayan, tənzim edən ictimai dəyərlərin adət və ən'ənələrin məcmusunu ifadə edir.
İctimai rə'y bir növ siyasi şüurun məhək daşıdır. Məhz siyasi proqnozlar, siyasi tədbirlər geniş ictimai rə'yə arxalandıqda səmərəli və tə'sirli olur. İctimai rə'yin fəallığında və çevikliyində siyasi şüurun yetkinliyi özünü aydın təzahür etdirir.
Siyasi şüurun rolu gərgin vəziyyətdə və tarixin dönüş məqamlarında daha aydın görünür.
Hüquqi şüur. Hüquqi şüur bütünlükdə cəmiyyətin maraq və tələbatı ilə tə'yin olunan hüquqi baxışlar, nəzəriyyə və hisslər, hüquqi hadisələr haqqındakı biliklər və onların qiymətləndirilməsinin məcmusudur.
Siniflər, millətlər və dövlətlər arasındakı münasibətləri əks etdirən siyasi şüurdan fərqli olaraq, hüquqi şüur həyatın ictimai münasibətlərin iştirakçılarının hüquq və vəzifələri nöqteyi nəzərindən əks etdirir. Hüquqi şüurun xarakterik cəhəti onun hüquqla qırılmaz əlaqəsidir. Bu əlaqə onların meydana gəlməsi, fəaliyyət göstərməsi və inkişafı ilə bağlı olan ümumi səbəblərlə şərtlənmişdir. Hüquq və hüquqi şüur cəmiyyətin siniflərə bölünməsi, dövlətin əmələ gəlməsi və inkişafı nəticəsində yaranmış ictimai münasibətləri tənzimləmə zərurətindən meydana gəlmişdir. Hüquq normativ sistemlərdən biri olub, cəmiyyətdə insanların hərəkət və davranışlarını, birliklərin və dövlət təşkilatlarının vəzifələrini, münasibətlərini tənzimləyir. Bu normalar müvafiq hüquqi qanunlarda ifadə olunur. Bununla, hüquq ictimai orqanizmin işləməsi üçün lazım olan optimal şəraitin yaradılmasına kömək edir.
Hüquqi şüur hüquqi münasibətlərin, normaların və tə'sisatların təbiəti və vəzifələri haqqında, qanunvericilik, məhkəmə və prokurorluq orqanlarının fəaliyyəti haqqında təsəvvürləri əhatə edir.
Hüquqi şüur başqa ictimai şüur formaları ilə, xüsusilə siyasi, əxlaqi və fəlsəfi şüurla qırılmaz qarşılıqlı əlaqədədir, onlara tə'sir etməklə bərabər onların tə'sirinə mə'ruz qalır. Nəzəri şüurun hər hansı forması kimi hüquq öz müddəalarını məntiqi formada ifadə edir, həmin bilik sahəsinin əvvəlki inkişafına söykənir. Bütün bunlar dövlət və hüquq nəzəriyyəsinə dair xüsusi əsərlərdəgeniş izah edilir.
Hüquqi şüur və hüquq bir qəbildən olan hadisələr olsa da eyni deyildir. Onların qırılmaz əlaqələrinə və qarşılıqlı asılılığına baxmayaraq, hər ikisi üstqurumun müstəqil elementləridir. Hüquq hər şeydən əvvəl hüquqi qanunlar olub, yerinə yetirilməsi dövlət tərəfindən tə'min olunur.
Hüquqdan fərqli olaraq hüquqi şüur ümumi, məcburi xarakter kəsb etmir və dövlətin məcburi qüvvəsi ilə tə'min olunmur. O, cəmiyyətdə müxtəlif sinif və sosial qrupların hüquq haqqında mövqeyindən, onun qiymətləndirilməsi kimi tarixi zərurətdən meydana gəlir.
Əgər hüquq üstqurumun nisbi dəyişməz elementidirsə, hüquqi şüur onun daha çevik və dəyişən elementi kimi təzahür edir. Adətən istehsal prosesində, mübadilədə və bölgüdə baş verən hər hansı kiçik dəyişikliklər belə, hüquqi şüurda əks olunur və qiymətləndirilir. Bu zaman cəmiyyət qarşısında hüquqi sahədə tənzimləmə vəzifələri formalaşır. O sanki bazis və hüquq arasında əlaqəni tə'min edir. Demokratik cəmiyyətdə qanunun aliliyi prinsipi hüquqi şüurun da bu istiqamətdə formalaşmasına zəmin yaradır.
55. Əxlaqi şüur
Əxlaq. Əxlaq və ya mənəviyyat öz tarixi e'tibarı ilə ictimai şüurun qədim forması olub, insan cəmiyyətinin formalaşdığı dövrdə meydana gəlmişdir. Cəmiyyətin ilkin inkişaf mərhələsindəki iqtisadi münasibətlərdə öz ifadəsini əxlaqi şüurda tapmışdır. Əxlaq hələ ibtidai icma quruluşunda insanların praktiki tələbatından - münasibətlərin tənzimlənməsi, birgə əmək fəaliyyətinin təşkili ehtiyacından meydana gəlmiş və inkişaf etmişdir. Bütün bunlar adi davranış normalarının, qaydalarının adət kimi təsbit olunmuş şəkildə işlənilməsini tələb edirdi. Axı cəmiyyət həmişə öz üzvləri qarşısında müəyyən tələblər qoyur. Bu tələblər ilk növbədə məhz əxlaq normalarında ifadə olunur. Cəmiyyət inkişaf etdikcə istehsalda, istehsal münasibətlərində baş verən dəyişikliklərin tə'siri altında bu normalar dəyişilir, yeniləşir və inkişaf edir.
Əxlaq dedikdə, adətən, cəmiyyətdəki davranış normaları, qaydaları və prinsiplərinin məcmusu başa düşülür. Bə"zən mənəviyyata və əxlaqa eyni anlayışlar kimi baxırlar. Lakin mənəviyyat daha geniş, əhatəli bir anlayışdır.