56. Din ictimai şüur və mədəniyyətin forması kimi Dini şüur. Öz mənşəyinə görə ən qədim şüur formalarından biri olan din cəmiyyətin lap ibtidai pillələrində meydana gəlmişdir. Dinin mahiyyətini və meydana gəlmə səbəblərini cəmiyyətin və təbiətin qarşılıqlı əlaqəsini analiz etmədən açmaq olmaz.
İbtidai insanların təbiət qüvvələri qarşısındakı acizliyi, onlara tə'sir etmək imkanının məhdudluğu dini şüurun meydana gəlməsi üçün əsas şərtlərdən olmuşdur.
Dinin ilk formaları təbiət hadisələrini, ayrı-ayrı cisimləri, heyvanları ilahiləşdirməklə əlaqədar olmuşdur. Dinin bu ibtidai formalarının (animizm, totemizm) qalıqları sonralar yaranmış dinlərdə də özünü göstərir.
Dinlərin tarixi göstərir ki, heç bir xalqda din bə'zi teoloqların iddia etdikləri kimi monoteizmdən, yə'ni vahid allah tə'limindən başlanmamışdır, monoteizmdən əvvəl bir neçə allaha səcdə etməklə bağlı olan politeizm mövcud olmuşdur.
Dini şüur, dini e"tiqadlara əsaslanır. Dini e'tiqad üç əsas aşağıdakı xüsusiyyətlərlə xarakterizə olunur: dini təsəvvürlər; dini hisslər; ayin və mərasimlər. Din öz göstərişlərini Allahın adı ilə əbədiləşdirən ideoloji vasitəyə çevrilir. Fəlsəfə, əxlaq, incəsənət, hüquq da bu ideoloji tə'sir dairəsindən kənarda qalmır.
Bununla bərabər tarixi inkişaf sübut edir ki, cəmiyyətdə baş verən sosial təbəddülatların, çevrilişlərin tə'siri altında dinlər dəyişilmiş, onlarda müəyyən islahatlar aparılmışdır.
Roma imperiyası şəraitində məzlum kütlələrin dini kimi meydana gələn xristianlıq sonra hakim siniflərin rəsmi dininə çevrilmiş və bununla əlaqədar olaraq ilk xristianlığın bə'zi mühüm əlamətləri, onun demokratik ruhu, mərasimlərə mənfi münasibəti və i.a. aradan qalxmışdı. Sonrakı ictimai-iqtisadi formasiyalar şəraitində başqa dini cərəyanların, qolların yaranması prosesi baş vermişdir.
Dünya dinlərinin meydana gəlməsi müxtəlif ölkələr və xalqlar arasında siyasi, iqtisadi və mədəni əlaqələrin uzunmüddətli inkişafının nəticəsidir. Qədim dinlərə xas olan kosmopolit xarakter onlara milli sərhədləri aşaraq Yer üzərində geniş yayılmağa imkan vermişdir.
Hazırda bütün dinlərdə elmin və texnikanın inkişafı ilə, cəmiyyət həyatındakı dərin inqilabi proseslərlə əlaqədar olan yeni şəraitə uyğunlaşmaq prosesi gedir. Lakin müasir dünyada din mahiyyəti e'tibarı ilə özünü sosial yeniləşmə, quruculuq qüvvəsi kimi deyil, ancaq adət-ənənə və mərasimlərin toplusu kimi təzahür etdirir.