Varlığın formaları. “Varlıq” kateqoriyasına hansı anlam (materialist, idealist, irrasional) verilməsindən asılı olmayaraq analitik məqsədlə adətən varlığın bir neçə forması fərqləndirilir. Bu faktiki olaraq gerçəkliyin, mövcudluğun xüsusi səciyyəsinə malik özünəməxsus “qatlarının” ayrılmasıdır. Müasir fəlsəfi ədəbiyyatlarda varlığın adətən dörd əsas formasını fərqləndirirlər: a) şeylər, proseslər və cisimlərin varlığı; b) insan varlığı; c) mənəvi (ideal) varlıq; d) sosial varlıq.
a) Şeylər, proseslər və cisimlərin varlığı. Varlığın bu forması da öz növbəsində iki yerə ayrılır: 1) Təbii varlıq –insanın müdaxilə etmədiyi xam təbiətdə mövcud olan hər şey: atmosfer, biosfer, hidrosfer, litosfer və s. b) Maddi varlıq –insanın yaratdığı maddi dünya: sənaye, əmək alətləri, şəhərlər, energetika, mebel, geyim əşyaları, süni yaradılmış bitki və heyvan növləri və s.
b) İnsan varlığı. Burada da iki aspekt fərqləndirilir. 1) Maddi dünyada fərdin varlığı: bu mövqedən fəlsəfə insanı predmetlər içərisində predmet, cisimlər içərisində cisim, obyektlər içərisində obyekt kimi təhlil edir. İnsan bir sıra qanunların (o cümlədən bioloji, fiziki, kimyəvi qanunlar) tabeçiliyindədir və bu qanunları dəyişmək gücündə deyil –o yalnız həmən qanunlar içərisində mövcuddur. 2) Məxsusi insan varlığı: fərd obyekt kimi qavranılmır. İnsan –bu, təkcə təbiət qanunlarına tabe olan yox, həm də mənəvi-əxlaqi və sosial vücud kimi götürülmüş subyektdir.
c) Mənəvi (ideal) varlıq. Mənəvi varlığın da iki səviyyəsi fərqləndirilir. 1) Fərdiləşdirilmiş mənəvi (ideal) varlıq: buraya sırf fərdi səciyyə daşıyan şəxsi şüur və şüursuzluq prosesləri aiddir. 2) Obyektivləşdirilmiş mənəvi (ideal) varlıq:buraya isə təkcə fərdin yox, bütövlükdə cəmiyyətin, müxtəlif formalarda təzahür edən ictimai şüur (din, fəlsəfə, incəsənət, elm, əxlaq və s.) aiddir.
d) Sosial varlıq. Ənənəvi olaraq varlığın bu forması da iki səviyyədə təzahür edir. 1) Tarix və cəmiyyətin tərəqqisində subyekt kimi götürülmüş ayrıca insan gerçəkliyi. Bu nöqteyi-nəzərdən fərd sosial keyfiyyət və münasibətlərin daşıyıcısı kimi təhlil edilir. 2) Cəmiyyətin öz gerçəkliyi:vahid orqanizm kimi götürülən cəmiyyətin fəaliyyətinin bütün məcmusu. Buraya mədəni-sivilizasion proseslər, maddi-istehsal və mənəvi sferalar daxildir.