15. Akademik natiqlik Akademik natiqlik. Akademiya və elmi müəssisələr sistemində, beynəlxalq konfrans, simpozium, treninq və sairədə edilən məruzələr, çıxışlar, verilən elmi məlumatlar və s. akademik natiqliyə aid edilir. Bu, elm adamlarının, alimlərin, yüksək hazırlıqlı ziyalıların, müəllimlərin elmi-praktik konfranslarda, ali məktəb auditoriyalarında, radio və televiziya verilişlərində, müdafiə sovetlərində və s. yerlərdəki nitqidir. Elmi nitq öz məntiqliyi, fikirlərin ardıcıllığı, söylənilənlərin sübutla, dəlillərlə əsaslandırılması, ümumiləşdirmələri, nəticələri və s. ilə digər nitq növlərindən fərqlənir. Nitqin bu növü vasitəsilə yaradıcı insanlar, alimlər və b. öz tədqiqatlarından, araşdırmalarından alınmış nəticələri həm yazılı (məqalələr, əsərlər, monoqrafiyalar şəklində), həm də şifahi yolla başqalarına çatdırırlar. Bu nitq o zaman yararlı sayıla bilir ki, insanlar onu başa düşsünlər, orada şərh olunanlara inansınlar. Mühazirəçinin söylədikləri reallığa əsaslanmalı, dinləyicilər tərəfindən qəbul olunmalıdır. Akademik natiqliyin yaranmasında ali məktəblərin rolu xüsusilə böyükdür. Belə müəssisələrdən biri Azərbaycan Dövlət Pedaqoji Universitetidir. Universiteti müxtəlif illərdə bitirib respublikanın məktəblərində, digər tədris müəssisələrində işləyənlərin çoxu eyni zamanda natiq kimi də fəaliyyət göstərirlər. Şübhə yoxdur ki, bu keyfiyyətə yiyələnənlər elmi natiqliyi, bəlağətli nitqi ali məktəb auditoriyalarında mühazirələr oxuyan müəllimlərindən (professor və dosentlərdən) öyrənir, bu söz ustalarının danışığını, natiqlik məharətini – aydın tələffüzünü, parlaq, qəti, kəsərli nitqini, güclü məntiqini, gözəl avazını, fikrin ifadə tərzini və sairəni əxz edirlər. Belə müəllimlər mükəmməl elmi hazırlığı ilə yanaşı, söz ustası, natiq kimi də yadda qalır.
16. Siyasi natiqlik İstər keçmişdə, istərsə də indi ictimai-siyasi natiqlik xalqın həyatında, inkişafında mühüm rol oynayır. İctimai-siyasi natiqlik mövcud quruluşun həm mənfi, həm də müsbət keyfiyyətlərini əks etdirir. Cəmiyyət inkişaf etdikcə siyasi baxışlar ictimai-siyasi natiqlikdə özünə yer tapır. Keçirilən mitinqlər, nümayişlər, yığıncaqlar isə yeni natiqlərin yetişməsinə səbəb olur.
Siyasi natiqlikdə özünə yer tapan natiqlər isə xalq ideyalarının yayılmasında əsl təbliğatçıya çevrilir. Belə nitqlərin təsiri nəticəsiz qalmır. İctimai-siyasi nitqin əsas qollarından birini təşkil edən hesabat məruzələri isə icra olunmuş işlər haqqında yekun sözü deyir, görülən işlər təhlil olunur və qiymətləndirilir. Bu mərhələdən sonra qarşıda duran yeni məqsəd və vəzifələr müəyyən olunur. İctimai-siyasi natiqlik əsasən mövcud iqtidarı müdafiə edir. Onun siyasi fikirlərini, məqsəd və vəzifələrini təbliğ edir. Müxalifət qüvvələrinin belə fikirlərlə razılaşmaması ziddiyyətli fikirlərin meydana gəlməsinə səbəb olur. Bu isə cəmiyyətin siyasi inkişafına təkan verir. Yeni natiqlərin, liderlərin yaranmasına gətirib çıxarır. Siyasi natiqlik kütləvi xarakter daşıyır, xalqa xidmət edir.
İctimai-siyasi natiqliyin əsas xüsusiyyətlərindən biri ondan ibarətdir ki, o, xalqa xidmət edir. Onun mənafeyini hər şeydən üstün tutur. İctimai-siyasi natiqliyin qədim və zəngin ənənəsi vardır. Bu növ natiqlik təbliğat və təşviqat işlərində xalqa əvəzsiz xidmət edir. Dövlətin yeritdiyi məqsəd və vəzifələri xalqa aşılayır, qarşıya çıxan problemləri aydınlaşdırır, ictimai-siyasi məsələlərin düzgün təhlil olunmasında kəsərli silah kimi nəzəri-diqqəti cəlb edir. Məhz bu xüsusiyyətlər onu digər növlərdən fərqləndirir.