23. Azərbaycan dilinin orfoepiya qaydaları
Azərbaycan dilinin orfoepiya normaları müasir Azərbaycan ədəbi dilində işlənən söz və şəkilçilərin, eləcə də ixtisarların düzgün tələffüzü qaydalarını müəyyən edir. Müasir Azərbaycan şifahi ədəbi dilində tələffüz qaydaları lüğəvi, qrammatik və qrafik şərait prinsiplərinə görə müəyyən edilir və fonetik prinsip əsas götürülür. Bu prinsiplərə uyğun olaraq, Azərbaycan mənşəli sözlərin böyük əksəriyyəti, eləcə də alınma sözlərin müəyyən hissəsi yazıldığı kimi tələffüz edilir: badam [badam], çəpər [çəpər], ev [ev], göyərçin [göyərçin], Qarabağ [Qarabağ], oğlan [oğlan], paylaşım [paylaşım], lisey [lisey], reqlament [reqlament], yaxşı [yaxşı] və s. Alınma sözlərin bir çoxunun tələffüzündə əsasən, tarixi-ənənəvi prinsipə üstünlük verilir. Bəzi alınma sözlər Azərbaycan ədəbi dilinin ahənginə, səciyyəvi fonotaktik və fonoloji xüsusiyyətlərinə uyğun şəkildə tələffüz edilir.Danışıqda ədəbi dil normaları sabitləşdikcə, tələffüzlə yazı qaydaları arasındakı fərq azalır.
Saitlərin tələffüzü
1. Müasir Azərbaycan ədəbi dilində saitlər adi, bəzi hallarda isə qısa və uzun tələffüz olunur. 2. Ərəb və fars dillərindən bir çox alınma sözlərdə a, e, ə, i, ö, u saitləri uzun tələffüz olunur və bu hala, əsasən aşağıda göstərilən açıq hecalarda rast gəlinir: 3.ərəb və fars mənşəli bəzi sözlərin a, u, i saitləri ilə bitən açıq hecalarında uzanma baş verir: adil [a:dil], mübariz [müba:riz], Hökumət [höku:mət], xəzinə [xəzi:nə], xüsusi [xüsu:si], şagird [şa:girt]. 4.ərəb mənşəli bir çox sözlərdə e, ə, ö saitləri mənbə dilin təsirinin nəticəsi olaraq açıq hecada və əsasən, ilk hecada uzun tələffüz olunur: elan [e:lan], etibar [e:tibar], əla [ə:la], memar [me:mar], məna [mə:na], mötəbər [mö:təbər], təmir [tə:mir], tətil [tə:til], şölə [şö:lə] və s.; 5. ərəb və fars mənşəli sözlərdə ba-, bi-, la-, na- ön şəkilçilərində saitlər uzun tələffüz olunur: baməzə [ba:məzə], bitərəf [bi:tərəf], laməkan [la:məkan], narazı [na:razı] və s.
Samitlərin tələffüzü 1.Müasir Azərbaycan ədəbi dilində kar samitlər cingiltili, cingiltili Samitlər isə kar tələffüz oluna bilir.
2. Söz ortasında eynicinsli qoşa kar samitin (kk, pp, tt) və ya müxtəlifcinsli iki kar samitin (st, xt, sk, tk və s.) ikincisi cingiltili tələffüz olunur: səkkiz [səkgiz], təşəkkür [təşəkgür], guppultu [gupbultu], hoppanmaq [hopbammax], əlbəttə [əlbətdə], xəttat [xətdat], taxta [taxda], tüstü [tüsdü], usta [usda], kəskin [kəsgin], ötkəm [ötgəm] .
3. Söz ortasında qq cingiltili samitinin birincisi kar tələffüz Olunur: diqqət [dik’qət], müvəqqəti [müvək’qəti], saqqal [sak’qal], toqqa.
4.Söz ortasında b, m samitlərindən əvvəl gələn n hərfi [m] kimi tələffüz olunur: dinməz [dimməz], günbəz [gümbəz], sönməz [sömməz], Sünbül [sümbül], şənbə [şəmbə], zanbaq [zambax] və s.
Şəkilçilərin tələffüzü
1. Üçüncü şəxsin təkini bildirən -dır4 xəbərlik şəkilçisi [-dı4] kimi tələffüz olunur: ağıllıdır [ağıllıdı], doludur [doludu], gözəldir [gözəldi], gözləməlidir [gözdəməlidi], istəyəsidir [isdiyəsidi], səfərdədir [səfərdədi],üstünlükdür [üsdünnüx’dü], yaxınlıqdadır [yaxınnıxdadı], yaxşıdır [yaxşıdı] və s.
2. İkinci şəxsin cəmini bildirən -sınız4 xəbərlik şəkilçisi [-sız4] kimi tələffüz olunur: bacısınız [bacısız], böyüksünüz [böyüx’süz],gəlirsiniz [gəlirsiz], gözəlsiniz [gözəlsiz], qohumsunuz [qohumsuz], qorxursunuz [qorxursuz], ölçürsünüz [ölçürsüz] və s.
3.-dan2 çıxışlıq hal şəkilçisi m, n hərfləri ilə bitən sözlərə qoşulduqda, [-nan2] kimi tələffüz olunur: adamdan [adamnan], bədəndən [bədənnən], gözümdən [gözümnən], meydandan [meydannan].
Dostları ilə paylaş: |