82. Diplomatiya dili Üç müxtəlif anlayışı bildirmək üçün istifadə olunur: birincisi –diplomatlar tərəfindən beynəlxalq müqavilələrin hazırlanmasında və imzalanmasında, rəsmi diplomatik danışıqlarda şifahi olaraq istifadə olunan dil (məs; latın, fransız, ingilis və s.) ikincisi, əsrlər boyu ümumi diplomatik lüğətin tərkibinə çevrilən texniki terminlər və ifadələr; üçüncüsü, diplomatlara, siyasi xadimlərə, nazirlərə bir-birilə ən kəskin sözləri yumşaq və mədəni şəkildə söyləməyə imkan
verən ehtiyatlı ifadələr başa düşülür. XVIII əsrə qədər ümumi Diplomatik dil latın dili idi. Diplomatlar nəinki latın dilində yazırdılar, həm də latınca danışırdılar. 1648 il Vestfal sülhü, 1670 il ingilis- danimarka və1674 il ingilis-hollanda müqavilələri də latınca yazılmış və imzalanmışdır, çünki ümumi qayda belə idi. XVIII əsrdə fransızlar dəfələrlə öz dillərini rəsmi diplomatik dil kimi qəbul etdirməyə cəhd göstərsələr də, başqa dövlətlərin güclü müqavimətinə rast gəlmişdilər. Lakin buna baxmayaraq 1748 il Eks-la Şapel müqaviləsi fransızca tərtib olunmuşdu, bu müqaviləyə xüsusi paraqraf əlavə edilmişdi. Burada deyilirdi ki, belə hallar presedent yaratmamalıdır (təkrar olunmamalıdır). Belə qeydlər 1763 il Paris müqaviləsinə, 1783 il Versal müqaviləsinə, eləcə də Vyana konqresinin Yekun aktına da digər imza atan dövlətlərin təkidi ilə əlavə
olunmuşdu 1946 il Paris sülh konfransında rus, fransız, ingilis dilləri rəsmi dil kimi təsdiq olundular. Beynəlxalq Məhkəmə istina olunmaqla (onun rəsmi dili ingilis və fransız dilidir), BMT-nin bütün orqanlarında rəsmən beş dil; ingilis, fransız, çin, rus, ispan dilləri qəbul olunmuşdur. Tədricən beynəlxalq
münasibətlərin praktikasında dillərin bərabər- hüquqluluq prinsipi bərqərar olmuşdu. Diplomatiyanın bir, iki və daha çox rəsmi dil sistemi heç vaxt tam əhatəli olmamışdır. Dövlətlərin xarici əlaqə orqanları yazışmaları, xüsusilə də rəsmi aktlarla mübadilələri öz milli dillərində aparırlar, ikitərəfli beynəlxalq
müqavilələr və sazişlər ümumi qaydaya əsasən kontragentlərin dillərində tərtib olunur. Beynəlxalq konfransların prosedur qaydaları adətən nəzərdə tutur ki,
bütün diplomatik sənədlər, protokollar və yekun aktları konfransın rəsmi dillərində redaktə olunmalıdır. Bundan əlavə, müzakirələrin aparıldığı, məruzələrin, layihələrin və sənədlərin tərtib olunduğu işçi dillər də müəyyən olunur.Yuxarıda deyildiyi kimi, Diplomatik dil dedikdə həm də
ümümqəbul olunmuş diplomatik lüğəti təşkil edən xüsusi Terminlər və ifadələrin məcmusu başa düşülür. Belə terminlərə və ifadələrə aqreman, Etimadnamə, attaşe, Kazus belli, Kazus federis, müvəqqəti işlər vəkkilləri və başqalırın misal gətirmək olar.Üçünci mənada Diplomatik dil kimi mürəkkəb situasiyalarda istifadə edilən ehtiyatlı, nəzakətli ifadələri göstərmək olar,
məsələn, əgər siyasi xadim və ya diplomat digər hökumətə bildirsə ki, onun hökuməti hər hansı beynəlxalq münaqişəyə «etinasız yanaşa bilməz», onda bu o deməkdir ki, onun hökuməti mütləq bu münaqişəyə qoşulacaqdır. Əgər
diplomat nitqində və ya notada (Diplomatik nota) «onun hökuməti narahatçılıqla baxır» və ya «çox böyük narahatçılıqla baxır» kimi sözlər işlədirsə, bu onu göstərir ki, onun hökuməti hər hansı məsələyə münasibətdə qəti mövqe tutmaq niyyətindədir