23. Məsələnin təhlili metodları. Praktik məzmunlu məsələlərin həllinin öyrədilmə metodikasının işlənməsinin metodoloji əsasını təlim fəaliyyətinin nəzəriyyəsinin, fizika məsələlərinin həlli metodikasının və nəzəriyyəsinin vəhdəti təşkil edir. Müəyyən olunmuşdur ki, şagirdlərdə bilik və bacarıqları ən yaxşı xüsusi təşkil edilmiş fəaliyyət prosesində formalaşır. Bu yanaşmanın xarakterik xüsusiyyəti ondadır ki, şagirdlərdə bilik təlim fəaliyyətinin xüsusi forması hesabına formalaşır. Fəaliyyət yanaşmasının əsas anlayışları fəaliyyət, idrakı fəaliyyət və təlim fəaliyyətidir. Fəaliyyət subyektin digər obyektlərə və subyektlərə yönəlmiş aktivliyidir. Əgər obyektə yönəldilmiş aktivlik onun keyfiyyəti, əlaqələri, münasibətləri, real aləmin qanunları haqqında informasiya şəklində, başqa sözlə, bilik formasında qayıdırsa, onda bu proses idrakı fəaliyyəti kimi qiymətləndirilir. S.E.Kamenesko, N.S. Purişevoyun işlərində əsaslandırılır ki, təlim fəaliyyəti dedikdə biliklərin əldə edilməsi ilə bağlı olan istənilən fəaliyyəti yox, nəzəri mücərrədliklərin məzmununun açılmasına aparan üsulların öyrənilməsi ilə nəticələnən fəaliyyəti başa düşmək lazımdır. İnsanın fəaliyyəti həmişə hər hansı tələbə tabe olur və bu tələbi yerinə yetirmək imkanına malik olan predmetə yönəldilir. Fəaliyyətin belə qəbul edilməsinə uyğun olaraq, təlim yalnız idrakı tələbi ödədiyi halda fəaliyyət olur. Bu halda bilik əldə edilməsinə yönələn təlim motivasiya kimi çıxış edir. Məsələyə təlim fəaliyyətinin bir komponenti, daha dəqiq desək, təlim fəaliyyətinin təşkili vasitəsi, məsələ həll etmək bacarığına isə fəaliyyətin formalaşması kimi baxmaq olar. Fizika məsələlərinin həll edilməsi fəaliyyəti bilik, inam və bacarıqların formalaşması vasitəsi kimi çıxış edir. Məsələ həlli üzrə təlim fəaliyyətinin predmeti məsələnin məzmunu, onun şüurda əks olunmasıdır. Y.P.Atutovun işlərində fizika məsələlərinin həlli üzrə təlim fəaliyyətinin dörd mərhələdən, yəni məsələnin şərti ilə tanışlıq, məsələ həllinin planının tərtib olunması, həllin yerinə yetirilməsi və həllin doğruluğunun yoxlanması mərhələsindən ibarət olması strukturu təsvir olunur. Məsələ həlli üzrə hərəkətləri didaktik funksiyalarına görə iki növə ayırırlar: məsələni çevirən və məsələ həlli üzrə fəaliyyəti idarə edən hərəkətlər. Hərəkətlərin belə təsnif olunması həll prosesində onlardan hər birinin yerini və vəzifəsini təyin etməyə, şagirdlər tərəfindən onların mənimsənilməsi ardıcıllığını müəyyən etməyə, həm də şagirdlərə fizika məsələlərinin həllinin öyrədilməsində müəllimin fəaliyyət strukturunun seçilməsinə imkan verir. Metodik ədəbiyyatda təklif olunan praktik məzmunlu məsələlərin həlli üzrə təlim fəaliyyətinin strukturu aşağıdakı formadadır: məsələnin təhlili; məsələ həlli planının tərtib olunması; həllin yerinə yetirilməsi məsələ həllinin nəticəsinin yoxlanması; məsələ həllinin praktik əhəmiyyətinin qiymətləndirilməsi; məsələ həlli üzrə öz təəssüratını təhliletmə fəaliyyəti. Məktəblilər tərəfindən özlərinin idrakı fəaliyyətinin təhlilinin aparılmasının vacibliyini psixoloqlar xüsusi qeyd edirlər. Tədris-metodiki ədəbiyyatda məsələ həllinin baxılan mərhələsinin necə olması haqqında müxtəlif fikirlər vardır. Ümumi nəticələrə əsaslanaraq, demək olar ki, məsələ həllinin yekun mərhələsinə aşagıdakı hərəkətlər daxil olmalıdır: -yerinə yetirilmiş həllin rasionallıq baxımından müzakirəsi; -eyni məsələnin müxtəlif həll yollarının axtarılması; -təklif olunan həll üsullarından hər birinin zəif və güclü tərəflərinin müzakirəsi; -həll prosesində istifadə olunan ən əlverişli üsulların seçilməsi və sonra isə sistemləşdirilməsi məqsədilə plan və ya həll üsulunun axtarışının müzakirəsi; -verilmiş məsələnin həllinin ümumi qanunauygunluqlarını tapmaq məqsədilə həll olunmuş əvvəlki məsələlərlə tutuşdurulması. məsələ həllinin yekun mərhələsi üçün aşagıdakı struktur təklif olunur: -məsələnin və onun həllinin müzakirəsi; -məsələ həllinin digər üsul və metodlarınının axtarışı, onların müqayisəsi və optimal variantın seçilməsi; -verilən məsələ ilə əlaqədar olan başqa məsələlərin seçilməsi; -məsələ ilə baglı işlərə yekun vurulması; Məsələ həllinin yekun mərhələsinin aparılması üçün metodik ədəbiyyatda təklif olunan variantları diqqətə alaraq, praktik məzmunlu məsələlərin həllinin analizinin həyata keçirilməsi strukturu işləyib hazırlanmışdır. Buraya aşağıdakı hərəkətlər daxildir: istiqamətləndirmə əməliyyatı; planlaşdırma əməliyyatı; icra əməliyyatı; nəzarət əməliyyatı. Praktik məzmunlu məsələlərin həlli üzrə təlim fəaliyyətinin geniş xarakteristikasını aşağıdakı kimi ifadə etmək olar: 1. Məsələnin təhlili. • məsələnin şərti və tələbləri ilə ilkin tanışlıq, məlum və məchulların aşkarlanması; • məsələdə təsvir olunan hadisə, proses və ya obyektin seçilməsi; • məsələnin şərtini və tələblərini qısa yazmaqla, onu aydınlaşdıran şəkil, sxem çəkməklə məsələdəki situasiyanın qavranılması. 2. Məsələnin həlli planının tərtib olunması. • məsələnin şərti və tələblərinin şagirdlərin bilik və bacarıqları ilə əlaqələndirilməsi; məsələnin məzmunu ilə bağlı vəziyyəti izah etməyə imkan verən qanunun, nəzəriyyənin müəyyənləşdirilməsi; • məsələnin həllinin mümkün yolunun seçilməsi; məsələnin həllinin metodunun seçilməsi; • seçilmiş həll metodu və fiziki qanunauyğunluğun reallaşması əsasında məsələnin həlli planının tərtib olunması; • məsələnin seçilmiş vasitələrlə həllinin məqsədəuyğunluğunun yoxlanması. 3. Həllin yerinə yetirilməsi. • tərtib olunmuş məsələ həlli planında istiqamətlənmə əsasında məsələnin həlli üsulunun seçilməsi; • məsələnin predmetini təsvir edən əsas tənliyin müəyyənləşdirilməsi; • məsələnin şərti və tələbləri arasında əlaqələrin müəyyənləşdirilməsi; kəmiyyətlərin hesablanması; • həll prosesinin reallaşmasının doğruluğunun yoxlanması. 4. Məsələ həllinin nəticəsinin yoxlanması. • alınan nəticənin məzmununun dəqiqləşdirilməsi, onun biliyin struktur elementləri ilə əlaqələndirilməsi; • həllin nəticəsinin yoxlanması metodunun seçilməsi; • nəticənin yoxlanması prosesinin həyata keçirilməsi; • həllin nəticəsinin başqa metodlarla yoxlanması imkanlarının müəyyənləşdirilməsi. 5. Məsələnin həllinin praktik əhəmiyyətinin qiymətləndirilməsi. • məsələ həllinin nəticələrinin yönəldiyi insan fəaliyyəti oblastlarının aşkarlanması; • alınan nəticənin əhəmiyyətinin qiymətləndirilməsi üsulunun seçilməsi; • məsələ həllinin insanın həyat fəaliyyəti üçün əhəmiyyətinin müəyyənləşdirilməsi; • başqa verilənlər vasitəsilə eyni nəticənin alınması imkanının müəyyənləşdirilməsi. 6. Məsələ həllində öz təəssüratını təhliletmə fəaliyyəti. • məsələ həlli zamanı istifadə olunan priyomların seçilməsi; • verilmiş məsələnin həllinə tətbiq baxımından seçilmiş priyomların təhlili; •verilmiş məsələnin əvvəllər həll olunmuşlarla tutuşdurulması, onların həllində ümumi qanunauyğunluqların aşkarlanması; • məsələnin başqa üsulla həlli imkanının müəyyənləşdirilməsi. Tədris prosesində praktiki məsələlərin həlli zamanı təlim fəaliyyətinin strukturu Şagirdin praktik məzmunlu məsələlərin həlli üzrə fəaliyyətin əsas struktur elementlərini bilməsi ona bu fəaliyyəti dərk edilmiş şəkildə və uğurla həyata keçirmək imkanı verir. Praktik məzmunlu məsələlərin həlli üzrə fəaliyyətin strukturuna həllin nəticəsinin praktik əhəmiyyətini qiymətləndirmək, dərk etmək və öz təəssüratını təhliletmə fəaliyyəti üzrə şagirdlərin hərəkətləri daxil edilməlidir.