25. XX əsrin 50-60-cı illərdə AFR-in sosial iqtisadi inkişafı və xarici siyasəti AFR hökümətinin iqtisadi siyasəti sosial bazar təsərrüfatı konsepsiyasına əsaslanırdı. XX əsrin 50 –ci illərində AFR-in iqtisadi inkişafı sürətləndi. 50-ci illərdə AFR-də istehsal edilən sənaye məhsulunun orta illik artımı 9,6 % idi. Ölkədən ixrac edilən sənaye məhsulunun miqdarı artdı. AFR sənaye məhsulu istehsalının həcminə görə dünyada ikinci yerə çıxdı. İstehsalın və kapitalın təmərküzləşməsi prosesi sürətləndi. Əhalinin həyat səviyyəsi yüksəldi.
XX əsrin 50-ci illərinin sonunda AFR-də 2600 iri şirkət fəaliyyət göstərirdi. Alman, Drezden və Kommersiya bankları daha böyük kapital ehtiyatına malik idi. AFR-in sosial-iqtisadi inkişafının sürətlənməsi ölkənin qərbində güclü sənaye potensialının olması,ixtisaslı fəhlə və mühəndislərin mövcudluğu, elmi-texniki nailiyyətlərdən geniş istifadə, hərbi xərclərin az olması və xarici yardımla bilavasitə bağlı idi. 1950-1960-cı illərdə AFR-in milli gəliri üç dəfə, əmək haqqı 76% artmış, işsizlərin sayı əsaslı şəkildə azalmışdı.
İqtisadi inkişafın əsasını təşkil edən “sosial bazar təsərrüfatı” konsepsiyası XX əsrin 30-cu illərində iqtisadçı V.Oyken tərəfindən irəli sürülmüşdü. Bu doktrinanın əsas prinsipləri istehsal vasitələri üzərində xüsusi mülkiyyət, sahibkarlığa şərait yaradılması, iqtisadiyyatın bazar münasibətləri əsasında qurulması, planlaşdırmanın könüllü xarakter daşıması, qiymətlərin sərbəst şəkildə formalaşması, ölkədə əlverişli sosial şəraitin yaradılması və iqtisadi inkişafın əhalinin sosial rifahının yaxşılaşmasına yönəlməsi idi. AFR-də əlverişli sosial siyasətin hüquqi əsası 50-ci illərdə yaradılmışdı.
XX əsrin 50-ci illərində AFR bundestaqı həmkarlar ittifaqları, sahibkarlar və fəhlələrin minasibətlərinin tənzimlənməsi haqqında qanunlar qəbul etdi. 1951-ci ildə dağ-mədən və metallurgiya sahəsində müəssisələrin nəzarət şurasının tərkibi, 1952-ci ildə iri müəssisələrin nizamnaməsi haqqında qanun qəbul edilmişdi.
1952-ci ildə AFR-də seçki qanununa dəyişiklik edildi. Yeni seçki qanununa görə yalnız 5 %-dən artıq səs toplayan partiya ölkə parlamentində təmsil olunmaq hüququ qazanırdı. AFR konsitusiyasındakı demokratik prinsiplərə qarşı çıxan partiyaların fəaliyyəti dayandırılmalı idi. 1952-ci ildə neofaşist İmperiya Sosialist Partiyasının, 1956-cı ildə isə məhkəmənin qərarı ilə Kommunist Partiyasının fəaliyyəti qadağan edildi.
XX əsrin 50-ci illərində AFR-in xarici siyasəti qarşısında dayanan əsas vəzifələrdən biri xarici ölkələrlə iqtisadi əlaqələri genişləndirmək və Avropa inteqrasiyasına qoşulmaq idi. 1951-ci ilin aprelində AFR Avropa Kömür və Polad Birliyini yaradan dövlətlərdən biri oldu. K.Adenauer seçki ərəfəsində AFR-in silahlanması əleyhinə çıxış etmişdi. Hakimiyyətə gələndən sonra K.Adenauer bu məsələ ilə bağlı mövqeyini dəyişdi. O AFR-in yenidən silahlanmasına, Qərb ölkələrini kommunizmin təcavüzündən qorumaq üçün AFR-in silahlı qüvvələrinin iştirakı ilə Avropa ordusunun yaradılmasına tərəfdar idi.
1952-ci ilin mayında AFR, Fransa, İtalya, Belçika, Hollandiya və Lüksemburqun iştirakı ilə Avropa Müdafiə Birliyinin yaradılması haqqında müqavilə imzalandı. 1952-ci ildə AFR ABŞ, İngiltərə və Fransa ilə “ümumi müqavilə” imzaladı və “İşğal statusu” qüvvədən düşdü. Bu müqavilələr eyni vaxtda qüvvəyə minməli idi. 1954-cü ilin oktyabrında Fransa parlamenti Avropa Müdafiə Birliyi haqqında müqaviləni təsdiq etmədi. Ona görə AFR-lə Qərb dövlətləri arasında imzalanmış ümumi müqavilə də qüvvəyə minmədi. 1954-cü ilin oktyabrın 23-də AFR-lə aparıcı Qərb ölkələri arasında Paris sazişləri imzalandı. Bu sazişə görə Qərb İttifaqı Qərbi Avropa İttifaqına çevrildi, AFR və İtaliya Qərbi Avropa ittifaqına qəbul edildi. 1955-ci ilin mayında AFR NATO-ya, 1957-ci ildə Avropa İqtisadi Birliyinə daxil oldu. 1956-cı ilin iyulunda AFR-də ümumi hərbi mükəlləfiyyət tətbiq edildi.
AFR Avropa ölkələri arasında münasibətlərin yaxşılaşmasına çalışırdı. Qərbi Avropa inteqrasiyası AFR-in Fransa ilə yaxınlaşmasına kömək etdi. 1955-ci ilin sentyabrında AFR-lə SSRİ arasında diplomatik münasibətlər yaradıldı. AFR çalışırdı ki, başqa ölkələr ADR-lə diplomatik münasibətlər yaratmasın. 1955-ci ilin dekabrında AFR hökümətinin irəli sürdüyü Holşteyn doktrinasına görə AFR ADR–i tanıyan ölkələrlə əlaqələri kəsməli idi. 1957-ci ildə AFR Yuqoslaviya ilə diplomatik münasibətləri kəsmişdi.
1961-ci ilin sentyabrında bundestaqa keçirilən seçkidə XDİ/XSİ bloku 45,4% səslə qalib gəlib hökümət yaratdı. K.Adenauerin başçılığı ilə qurulmuş hökümət ölkəni 1963-cü ilin payızına qədər idarə etdi. 1963-1966-cı illərdə AFR hökümətinə XDİ-nin nümayəndəsi L.Erhard başçılıq etmişdi. Onun təşəbbüsü ilə 1963-cü ildə İqtisadi Ekspertlər Şurası yaradılmışdı.
1966-cı ilin dekabrında XDİ-nin lideri K.Gizingerin başçılığı ilə yaradılmış “Böyük koalisiya” hökümətinə Xristian Sosial İttifaq partiyası ilə yanaşı həm də SDP-nin nümayəndələri daxil idi. İqtisadiyyatın proqramlaşdırılması və inkişafı hökümətin daxili siyasətinin əsas məsələsi idi. Hökümətin siyasəti dövlət-inhisarçı tənzimləmənin inkişafına kömək etdi. İqtisadi Ekspertlər Şurası tərəfindən iqtisadi inkişafla bağlı tövsiyələr hazırlandı.
1967-ci ildə AFR parlamentinin qəbul etdiyi “Sabitləşmə haqqında” adlı qanuna əsasən konyuktura fondu yaradıldı. Bu qanuna görə hökümət iri şirkətlərdən alınan vergini zəruri hallarda 10% artıra bilərdi. Hökümət qiymətləri sabit saxlamağa və məşğulluğun səviyyəsini yüksəltməyə çalışırdı. Hökümətin hazırladığı illik iqtisadi inkişaf planlarını parlament təsdiq etməli idi. Federal maliyyə orqanlarının səlahiyyətləri artırılmışdı. 1960-1967-ci illərdə AFR iqtisadi durğunluq keçirmişdi. Böhrandan daha çox ziyan çəkmiş inşaat,metallurgiya və elektrotexnika sahələrinə dövlət 12,4 milyard marka məbləğində maliyyə yardımı ayırdı. Sosial xərclər azaldıldı.
1968-ci il mayın 30-da bundestaqda qəbul edilmiş “Fövqəladə qanuna”görə ölkədə böhranlı vəziyyət yarandığı zaman vətəndaşların hüquqları, parlamentin səlahiyyətləri və ərazi idarələrinin hüququları məhdudlaşdırmalı idi. Avropa ölkələri ilə münasibətlər “böyük koalisiya” hökümətinin xarici siyasətində mühüm yer tuturdu. “Yeni Şərq” siyasətinə keçdiyini elan edən hökümət 1967-ci ildə Ruminiya ilə diplomatik münasibətlər yaratdı, 1968-ci ildə Yuqoslaviya ilə diplomatik münasibətləri bərpa etdi. AFR-in SSRİ ilə iqtisadi əlaqələri genişləndi. Lakin AFR hələ Avropada ikinci dünya müharibəsindən sonra formalaşan sərhədləri və ADR-i tanımaq istəmirdi. AFR hərbi potensialını artırır, NATO və ABŞ-la geniş əməkdaşlıq edirdi.