3. Maliyyənin idarə olunması haqqında anlayış.
İdarəetmə - obyektlərdə müəyyən edilmiş nəticələri əldə etmək üçün qəbul olunmuş metodların məcmusundan ibarət olub bütün sahələri, o cümlədən maliyyə sahəsini də əhatə edir. İdarəetmədə maliyyənin idarə edilməsi ən vacib sahələrdən biri sayılır. Maliyyənin idarə edilməsi xüsusi bir aparat tərəfindən, həmin aparatda qəbul edilmiş xüsusi metodlar, müxtəlif həvəsləndirmə tədbirləri vasitəsilə həyata keçirilir. Təbiidir ki, bu aparat qarşıya qoyulan məsələləri tez və səmərəli həll etmək üçün daha sərfəli metodlardan istifadə edir.
Maliyyənin idarə edilməsi məsələsi kompleks anlaşılmalıdır. Çünki:
1.Dövlət iqtisadiyyatı, sosial tədbirləri idarə etməkdə maliyyədən mühüm alət kimi istifadə edir.
2.Bundan əlavə iqtisadiyyatın, sosial mədəni tədbirlərin kəmiyyət və keyfiyyətcə səmərəliliyi yalnız maliyyə vasitələri ilə əks olunur.
3.Maliyyə özü idarəetmə obyekti kimi çıxış edir və ondan iqtisadiyyatı və sosial sferanı idarə etmək üçün bir vasitə kimi istifadə edilir. Maliyyənin idarə edilməsi sistemi idarəetmə obyekti və subyektinə bölünür.
Maliyyənin idarəetmə obyektinə müxtəlif növ maliyyə münasibətləri, subyektlərinə isə idarəetməni həyata keçirən təşkilatların strukturları aiddir. Maliyyə münasibətləri sferası 3 qrup obyektə bölünür: müəssisələrin maliyyəsi (təşkilatlar və idarələr), sığorta münasibətləri, dövlət maliyyəsi. İdarəetmənin subyektlərinə müəssisələrin (təşkilat, idarələrin) maliyyə şöbəsi (xidməti), sığorta təşkilatları, maliyyə və vergi orqanları aiddir. Bütün təşkilatların strukturlarının məcmusu maliyyənin idarə edilməsini həyata keçirir ki, buna da maliyyə aparatı deyilir.
İdarəetmə subyekti üçün bütün sferalardan istifadə edirlər və hər bir maliyyə həlqəsinin xüsusiyyətləri vardar ki, bu xüsusiyyətlər özünü maliyyədə əks etdirir. Eyni zamanda onların hamısı vahid qəbul edilmiş bu üsulla idarə edilir. Maliyyənin idarə edilməsi planlaşdırma, əməli idarəetmə, nizamlaşdırma, nəzarət elementlərinə bölünür.
Maliyyənin idarə edilməsi sistemində planlaşdırma mühüm yerlərdən birini tutur. Maliyyə planlaşdırmasında məlumat materiallarından geniş istifadə olunur. Maliyyə məlumatları eyni zamanda maliyyənin planlaşdırılmasında, habelə maliyyəyə əməli rəhbərlik etmək üçün mühüm vasitədir. Maliyyə məlumatları mühasibat, statistika, hesabat məlumatlarına əsasən müəyyən edilir.
Maliyyənin idarə edilməsində planlaşdırılmanın ayrı-ayrı bölmələri nəzərə alınır, maliyyə ehtiyatlarının aşkar edilməsinə və onun artmasına şərait yaradılır.
Maliyyənin əməli idarə edilməsi maliyyə resurslarının aşkar edilməsindən başlayıb, həmin resursların bölgüsü və istifadəsinə qədər olan prosesi əhatə edir. Maliyyənin əməli idarə edilməsi eyni zamanda bölgünün ədalətli aparılmasını, bütün müəssisə və təşkilatların maliyyə resursları ilə təmin edilməsinə şərait yaradır, maliyyə resurslarından, xammal və materiallarından və s. səmərəli istifadə etməklə, məhsul istehsalının artmasına səbəb olur.
Dostları ilə paylaş: |