6. Dövlət büdcəsinin gəlirləri.
Büdcənin gəlirləri dedikdə, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq əvəzi ödənilmədən və qaytarılmamaq şərti ilə dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının sərəncamına daxil olan pul vəsaiti başa düşülür. Dövlət büdcəsinin gəlirləri dövlətin maliyyə bazasını təşkil edir.
Büdcənin gəlirləri dövlətin pul vəsaiti fondunun formalaşması prosesində dövlətlə müəssisə, təşkilat və əhali arasında iqtisadi münasibətləri ifadə edir.
Dövlət büdcəsinin gəlirləri aşağıdakı daxilolmalar hesabına formalaşır:
Azərbaycan Respublikasının büdcə sisteminin digər səviyyəsinə tənzimləyici gəlirlər növündə verilən vergi daxilolmaları istisna olunmaqla dövlət büdcəsinin xüsusi vergi gəlirləri;
xüsusi qeyri-vergi gəlirləri;
keçən ilin sonuna vəsait qalığı;
sair gəlirlər.
Vergi gəlirlərinə aiddir:
Azərbaycan Respublikasının vergi qanunvericiliyi ilə nəzərdə tutulmuş dövlət vergi və rüsumları, penya və cərimələr;
gömrük rüsumları və gömrük yığımları;
dövlət rüsumları.
Qeyri-vergi gəlirlərinə aiddir:
dövlət mülkiyyətində olan əmlakdan istifadəyə görə gəlirlər;
dövlət mülkiyyətində olan əmlakın satışından gəlirlər;
müvafiq dövlət hakimiyyəti orqanlarının göstərdiyi pullu xidmətdən gəlirlər;
cərimə, müsadirə, kompensasiya (əvəzi ödənilən) tədbirlərinin tətbiqi nəticəsində əldə edilmiş vəsait;
digər qeyri-vergi gəlirləri.
Dövlət büdcəsinə daxil olan vergilərin nisbəti hər il üçün “Dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Qanun vergi daxilolmalarının gəlirlərin büdcə tənzimləməsi qaydasında müxtəlif səviyyəli büdcələr arasında bölgüsü nisbətini (payını) müəyyən edir. Bu kimi bölgü növbəti büdcə ilinə “Dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir.
Vergi gəlirlərindən əlavə dövlət büdcəsinin icrası prosesində onun gəlirlərinə Azərbaycan Respublikasının digər səviyyəli büdcələrindən vəsait də daxil ola bilər. Dövlət büdcəsinin gəlirlərinə eyni zamanda keçmiş ilin axırlarına qalmış vəsait də köçürülür.
Dostları ilə paylaş: |