Bazar iqtisadiyyatı şəraitində biznesin idarə edilməsi xeyli mürəkkəbləşir. İstehsal fondlarının genişlənməkdə olan dövriyyəsinin maliyyə ehtiyatları ilə fasiləsiz və tam təminatı üçün planlaşdırma son dərəcə vacib bir işdir. Biznesin planlaşdırılması sistemində maliyyə planlaşdırması mühüm yer tutur, lakin bu, köhnə iqtisadi sistemdəki planlaşdırmadan köklü surətdə fərqlənir. Burada söhbət mərkəzləşdirilmiş qaydada müəyyən olunan planlardan deyil, demokratik prinsiplərə əsaslanan, çoxukladlı mülkiyyət formaları şəraitində fəaliyyət göstərən müəssisələrin özlərinin müəyyən müddət üçün sərbəst tərtib etdikləri planlardan gedir.
İnkişaf etmiş ölkələrdə biznes planı əhatə dairəsindən asılı olmayaraq bütün müəssisələrdə tutulur və onların fəaliyyət istiqamətlərini müəyyənləşdirir. İqtisadi inkişaf səviyyələri nə qədər yüksək olsa da, həmin ölkələrdə maliyyə planlaşdırması öz əhəmiyyətini itirmir və daim təkmilləşməkdə davam edir.
Maliyyə və təsərrüfat azadlığı şəraitində müəssisələr planlaşdırmadan öz fəaliyyətlərinin səmərəsini daha da yüksəltmək məqsədilə istifadə edirlər. Buna görə də maliyyə planlaşdırması prosesində müəssisənin daxili ehtiyatlarının daha da çoxaldılmasına, istehsal güclərindən daha yüksək məhsuldarlıqla istifadə olunmasına, material, əmək və pul ehtiyatlarının daha rentabelli şəkildə işlədilməsinə, istehsalın ən yaxşı təşkilinə və s. xüsusi diqqət yetirilir.
Bazar münasibətlərinə keçid maliyyə planlaşdırılması metoduna əsaslanır. Xatırladaq ki, keçid dövründə mülkiyyət münasibətləri dəyişir, istehsal prosesində çətinliklər yaranır. Bazarın yaxın gələcəkdəki vəziyyəti və müəssisənin fəaliyətinin bazar dinamikasına uyğunluğu yetərincə dəqiq hesablanarsa, onda daha uzaq perspektivdə baş verə biləcək prosesləri də proqnozlaşdırmaq olar. Buna görə də maliyyə planlaşdırması bir tərəfdən müəssisənin yaxın gələcək üçün maliyyə göstəricilərinin dəqiq hesablanmasını, digər tərəfdən isə inandırıcı və çoxtərəfli xarakter daşıyan proqnoz hesablamalarını əhatə edir.
Birillik müddəti əhatə edən maliyyə prosesləri müəssisənin gəlirlər və xərclər balansı formasında əvvəlcədən pul hesabı ilə qurulan maliyyə planında göstərilir. Bu balans müəssisənin maliyyə-təsərrüfat fəaliyyəti nəticəsində əldə etdiyi bütün gəlirləri, yığımları və məsrəfləri əks etdirir. Belə bir planın tərtib edilməsi müəssisənin fəaliyyətinin bütün tərəflərinin nəzərə alınmasını, bu zaman istehsal, məişət, investisiya, sosial sahə və s. ilə bağlı olan müvafiq göstəricilərdən istifadə olunmasını tələb edir.