12.4. Relyefi.
Afrikanın relyefi onun geoloji quruluşu, tektonikası, maqmatizm və uzun geoloji dövrlərdə burada hakim olan ekzogen proseslərin fəaliyyəti ilə sıx əlaqədardır. Relyefin böyük formaları tektonik strukturlara uyğun gəlir. Afrikanın hipsometrik quruluşu bir tərəfdən neogen və dördüncü dövrdə baş verən tektonik hərəkətlərin,digər tərəfdən denudasiya və akkumulyasiya proseslərinin qarşılıqlı təsiri ilə müasir formaya düşmüşdür. Materik sabit platforma rejimində inkişaf etdiyinə görə onun səthi şaquli istiqamətdə az parçalanmış və burada çox kontrastlı relyef formalarına yalnız Atlas və Kap vilayətlərində, qismən də Şərqi Afrikada rast gəlmək mümkündür.
Afrikada ən geniş yayılmış relyef formaları platforma düzənlikləri, qapalı çökəklər, yüksəkliklər və yaylalardır. Sineklizlərə uyğun gələn dairəvi çökəklər (Konqo, Kalaxari) materikin mərkəzi hissəsində və cənubunda daha aydın görünür. Şimalda çökəklərin konturu o qədər də kəskin və aydın deyildir. Burada yalnız Çad çökəkliyi ətraf sahələrdən yaxşı seçilir.
Yüksəkliyinə görə Afrikada iki böyük sahə ayrılır:
1)Hündür Afrika, bu sahə onun cənub və şərq hissələrini tutur. Burada əksər ərazilərin mütləq yüksəkliyi 1000 m-dən artıqdır.
2)Alçaq Afrika bu ərazi qitənin şimal və qərb hissəsini (Böyük Səhranı və Sudanı) əhatə edir. Burada geniş əraziləri yüksəkliyi 1000 m-dən azdır. Yüksək Afrikada hündürlüyü 1000 m-dən az, Alçaq Afrikada isə 2000 m-dən xeyli yüksəyə qalxmış sahələr vardır. Bu iki hissə arasında şərti sərhəd Qvineya sahilindəki Bonqvoelo (Benqela) şəhərindən Eritreyadakı Mombasa şəhərinə qədər uzanan diaqonal xətt üzrə keçir. Ovalıq və düzənliklərin əksəriyyəti tektonik əyilmə sahələrinə, dağlıq və yaylalar isə tektonik qalxmalara uyğun gəlir.
Relyef xüsusiyyətlərinə görə Afrikada aşağıdakı morfostruktur vilayətlər ayrılır: Atlas dağları, Böyük Səhra və Sudan stolvarı ölkəsi, Şimali Qvineya yüksəkliyi, Konqo çökəyi və ətraf yüksəkliklər, Həbəşistan və Somali, Şərqi Afrika, Cənubi Afrika, Kap dağları vilayəti və Madaqaskar adası.
Atlas dağları hertsin və alp qırışıqlığı zamanı yaranmış bir neçə böyük morfostruktur zonadan ibarətdir. Aralıq dənizi sahilboyu uzanan alçaq Tell Atlas qırışıq dağlardır. Cənub və cənub-qərbdə Yüksək, Orta və Səhra Atlası yerləşir. Yüksək Atlasda Cəbəl-Tubkal massivinin hündürlüyü 4165 m-ə çatır. Səhra Atlası orta yüksəkliyə malik olan massivlərdən və faylı dağlardan ibarətdir. Atlas dağlarının daxili hissəsini yüksək Şott yaylası tutur. Yüksək Atlasla Atlantik okeanı sahili arasında Mərakeş Mesetası (yaylası) yerləşir.
Böyük Səhra və Sudan stolvarı ölkəsi Afrika platformasının ümumi əyilmə sahəsindədir.
Mərkəzi qalxmalar zonasından cənubda böyük morfostrukturlar Atlantik sahili və Əl-Cof ovalıqları (bunları alçaq Adrar yaylası ayırır), Sahil yaylası, Orta Niger, Çad və Yuxarı Nil çökəkləridir. Çad çökəkliyi Bodele, Çad, Kavar, Manqa və Şari düzənliklərindən ibarətdir. Bodele düzənliyinin hündürlüyü 200 m-dən azdır
Böyük çökəklər zonası cənubdan yuxarı Qvineya, Kamerun və Azande yaylalarının şimal ətəyi, şərqdən isə Həbəşistan yaylasının dik qərb yamacı ilə əhatə olunur.
Yuxarı Qvineya yüksəkliyi bir neçə massiv və yayladan ibarətdir. Massivlərdən Futa-Callon (1425 m), Syerra-Leone-Liberiya massivini (Loma, 1948 m), Toqo və Atakoranı göstərmək olar.Bunların arasında struktur-denudasion yaylalar,cənubda isə Qvineya sahili ovalığı uzanır. Sahil ovalığının şərq hissəsi Niger çayının geniş deltasıdır.
Ekvatorial Afrikanın ən böyük morfostrukturu Konqo çökəyi və onu əhatə edən massivlər, yaylalardır. Konqo çökəyi mərkəzə tərəf pilləli alçalan, geniş hissəsi allüvial və göl çöküntüləri ilə örtülmüş qapalı düzənliklərdir. Konqo çayı qollarının birləşdiyi yerdə düzənliyin hündürlüyü 300-400 m-dir. Konqo çökəyi şimal-qərbdə dağlıq Kamerun massivi (2680 m), şimalda Azande yaylası (yüksəkliyi 600-1000 m),qərbdə çay dərələri ilə çox kəsilmiş Cənubi Qvineya yaylası ilə əhatə edilmişdir
Şərqi Afrika uca yaylalardan və dağlardan ibarətdir.Burada çox böyük morfostruktur vilayət yerləşir (Həbəşistan, Somali və Ekvatorial Şərqi Afrika).
Həbəşistan və Somali yaylaları kristallik platforma süxurlarının çox yüksəyə qalxdığı sahədədir.
Həbəşistan yaylasının səthi ayrı-ayrı massiv və yaylalardan ibarətdir. Burada dərin çay dərələri və tektonik çökəklər vardır. Ən yüksək sahə şimalda Ras-Daşen (4620 m) dağıdır. Həbəşistan yaylasından cənubda böyük yəhərvarı çökəklikdə Rudolf gölü yerləşir.
Şərqi Afrika yaylası daha mürəkkəb relyefi ilə seçilir. Burada böyük gümbəzvarı qalxanın səthi qrabenlərlə kəsilmişdir.
Madaqaskar əsasən dağlıq relyefə malikdir (Saratanana 2886 m). Dağlar şərqə dik, qərbə tədricən alçalır və dərələrlə parçalanmış geniş yayla ilə əvəz olunur. Sahil boyu ensiz ovalıqlar uzanır.
Afrikanın qərbində yerləşən Kanar və Yaşıl Burun adaları vulkanik mənşəli olmaqla, əsasən dağlıq relyefə malikdir.
Dostları ilə paylaş: |