Mətnli riyaziyyat məsələlərinin həlli metodikası. Mətnli məsələ həlli şagirdlərin təfəkkürünün inkişafına, funksional asılılıq ideyasının daha dərindən mənimsənilməsinə imkan verir və hesablama mədəniyyətini yüksəldir. Mətnli məsələlərin həlli prosesində şagirdlərdə real obyektlərin və hadisələrin modelləşdirilməsi bacarıqları və vərdişləri formalaşır.
V-IX siniflərin riyaziyyat kursunda mətnli məsələlər həllinin iki əsas üsulu (hesab və cəbri üsulu) nəzərdən keçirilir. Hesab üsulu ədədi ifadələr (ədədi düsturlar) tərtib edilməsi və nəticənin hesablanması vasitəsilə məlum olmayan kəmiyyətin qiymətinin tapılmasından ibarətdir. Cəbri üsul məsələ həllində tərtib olunan tənliklər və tənliklər sisteminin istifadəsinə əsaslanır. Cəbri üsulla artıq I-IV siniflərdə ən sadə məsələlərin həll edildiyinə baxmayaraq belə hazırlıq işləri əsasən V-VI siniflərdə həyata keçirilir. Burada iki əsas mərhələdə müəllimin vəzifəsi şagirdlərdə bəzi mühüm ümumtədris və riyazi vərdişləri müntəzəm və məqsədyönlü şəkildə formalaşdırmaqdan ibarətdir. Iki mərhələdə əsas diqqət məsələnin mətninə daxil olan kəmiyyətlər arasındakı asılılıqların müəyyən edilməsi və bu asılılıqların riyazi dilə çevrilməsinin öyrədilməsinə yetirilməlidir.
Hazırlıq işinin birinci mərhələsi. Mətnli məsələlərin öyrənilməsinin bu mərhələsində şagirdlərdə formalaşdırılması zəruri hesab olunan ən mühüm bacarıqlara aşağıdakılar aid edilir: məsələ mətnini diqqətlə oxumaq bacarığı; məsələ mətninin ilkin təhlilini aparmaq-məsələdə şərti və sualı ayırmaq bacarığı; məsələ mətninin qısa yazılışını tərtib etmək bacarığı; məsələ şərtinə aid çertyojları (şəkilləri ) yerinə yetirmək bacarığı.
Dostları ilə paylaş: |