Məsələn: ( məx təp) deyilir, məktəb yazılır; (ma:vin) deyilir, müavin yazılır və s. Deməli, fonetik norma düzgün yazı təzahürü – orfoqrafiya; düzgün tələffüz təzahürü – orfoepiya olmaqla iki şəkildə təzahür edir. Əgər orfoepik, və ya orfoqrafik norma pozulmuşdursa, o zaman fonetik norma pozulmuş hesab edilir.
Durğu işarələrindən səhv istifadə artıq orfoqrafik normanın pozulması deməkdir.
LEKSİK NORMA
Müasir Azərbaycan dilinin lüğət tərkibi olduqca zəngindir. Dilimizdə əsl türk sözləri ilə yanaşı, həm də məzmunca türkləşmiş ərəb və fars mənşəli sözlər işlənir.
Yadda saxlamaq lazımdır ki, digər dünya dillərində olduğu kimi, Azərbaycan dilində də leksik -(leksik-semantik) normanın keyfiyyət təyinedicisi milli leksikadır.
Fonetik və qrammatik norma ilə müqayisədə, leksik norma dəyişkənliyə daha tez uğrayır.
Əsl türk sözlərindən ibarət milli leksika ədəbi dildə alınma sözlərlə müqayisədə daha fəal iştirak edir və yüksək tezliklə işlənir. Burada ikinci yeri milliləşmiş alınma leksika tutur.
|