Nitq istisnaları
Ədəbi dilin müəyyən inkişaf mərhələsində norma ilə yanaşı, nitq istisnaları – qeyri-normativ hallar da olur. Nitq istisnaları iki halda ortaya çıxır:
1. Ədəbi dildə işlənməyən, öz dövrünü keçmiş nitq vahidləri bu və ya digər üslubda özünü göstərir;
2. Yeni yaranmış nitq vahidləri norma halına düşmür – normativləşə bilmir.
Natiqlik sənəti
Natiqlik – nitq sahəsində müəyyən peşəkarlıq tələb edən sənətdir. Nitqi ədəbi normalara uyğun, düzgün, dəqiq və gözəl (ifadəli) olan kəslər natiq adlanırlar.
Natiqlik sənətinin əsas tələbləri bunlardır:
1. Düzgün, dəqiq və gözəl (ifadəli) danışmaq;
2. Dinləyicilərin (auditoriya) səviyyəsini nəzərə almaq, onlar üçün anlaşıqlı bir dildə danışmaq;
3. Nitqin intonasiyasına, ritminə fikir vermək və ona uyğun əl-qol, baş və bədən hərəkətləri etmək;
4. Mövzu haqqında yığcam danışmaq, mətləbdən kənara çıxmamaq;
5. Nitqə əvvəlcədən hazırlaşmaq və sonra təhlil edib konkret nəticələr çıxarmaq.
Natiqlik sənət və elm olaraq, qədim zamanlardan formalaşmışdır. Qədim dünyanın, xüsusilə də, antik dövrün yetişdirdiyi görkəmli natiqlər natiqliyin praktikası ilə məşğul olmaqla yanaşı, bütöv bir elmi-nəzəri sistem hazırlamışlar. Platon, (Əflatun), Siseron, Aristotel (Ərəstun ), Demosfen və s. antik dövrün ən tanınmış natiqləri sayılır.
Azərbaycanda da tarix boyu böyük natiqlər olub. Onlara nümunə olaraq:
Xətib Təbrizi, N.Gəncəvi, İ.Nəsimi, Ş.İ.Xətai, M.P.Vaqif, M.F.Axundzadə, S.Vurğun, M.Rəfili, Ə.Sultanlı, İ.Şıxlı, Ş.Qurbanov, M.Məmmədov, H.Əliyev kimi klassikləri göstərmək olar.
Həmçinin Azərbaycanda əsrlər boyu natiqliyin nəzəriyyəsi ilə məşğul olunmuş, bir sıra mükəmməl nitq prinsipləri müəyyənləşdirmişdir.
Natiqlik elminə ritorika da deyilir. Bu sənətin bir neçə sahəsi var: bədii natiqlik, akademik natiqlik, siyasi natiqlik, inzibati-idarə natiqliyi, işgüzar natiqlik.
Hər hansı bir şəxsin (müəllimin, şagirdin, qocanın, cavanın, uşağın və s . ) bədii bir nümunəni ( şeiri, hekayəni, nağılı və s ) söyləməsi bədii natiqlikdir.
Sinifdə, auditoriyada müəllimin, professorun söhbəti və ya mühazirəsi akademik natiqlik sayılır.
Dövlət xadimlərinin tribunalardan ayrı-ayrı siyasi hadisələrlə bağlı çıxışları siyasi natiqlik hesab edilir.
İdarəçinin (məktəb direktorunun, xəstəxananın baş həkiminin, zavod, fabrik, müəssisə rəhbərinin) öz işçiləri qarşısındakı çıxışı, tələbləri və s. inzibati-idarə natiqliyidir.
Ayrı-ayrı firma rəhbərlərinin işgüzar görüşlərdəki nitqləri, beynəlxalq iqtisadi-forumlarda, iqtisadi müqavilələrin bağlanması, müzakirəsi zamanı söylənən nitqlər işgüzar natiqliyə nümunə ola bilər.
Natiqlik sənətinin mühüm şərtlərindən biri jestlərdir. Jest nitq zamanı ona uyğun edilən əl-qol hərəkətləridir.
Jestlər nitqin təsir gücünü, emosionallığını artırır. Bununla belə, hər bir jest ölçülüb-biçilməli və ondan yerində istifadə edilməlidir. Hər bir görkəmli natiqin özünəməxsus jest üslubu olur.
Nitq prosesində mimikadan da istifadə olunur.
Mimika nitq prosesində üz əzələlərinin mənalı hərəkətinə (təəccüb, narazılıq, sevinc və s . emosiyaları ifadə edən üz hərəkəti) deyilir.
Mimika da jest kimi, şifahi nitqin emosionallığını artırır.
Jestlə mimika mükəmməl nitqdə bir-birini tamamlayır və vahid psixo-fizioloji akt kimi çıxış edir. Şifahi ədəbi dil bunlarla daha da gözəlləşir.
Dostları ilə paylaş: |