Ekstreoseptorlar bədənin xarici səthində yerləşir. Ekstreoseptorların yaratdığı duyğular da ekstreoseptiv və yaxud xarici duyğular adlanır. Bunlara görmə, eşitmə, iybilmə, dadbilmə və dəri duyğuları daxildir.
İkinci qrup reseptorlar daxili üzvlərin səthində selikli qişasında yerləşir. Bunlara isə intreoseptorlar deyilir. İntreoseptorların yaratdığı duyğular intreoseptiv və ya daxili duyğular adlanır. Üzvü duyğular bu reseptorlarla bağlı olan duyğulardır.
Nəhayət üçüncü qrup reseptorlar əzələlərdə, oynaqlarda, onları birləşdirən vətərlərdə yerləşir. Bunları isə proprioseptorlar adlandırırlar. Bu reseptorlarla bağlı olan duyğular proprioseptiv duyğular adlanır. Hərəkət duyğusu və müvazinətduyğuları bu bölgəyə daxildir.
Duyğuların reseptorların bilavasitə qıcıqlandırıcılarla təmasından asılı olaraq kontakt və distant duyğulara da ayırırlar. Bu baxımdan eksteroseptiv duyğular iki cür olur:
1) kontakt duyğular. Dad və dəri duyğusu kontakt duyğulardır. Bu duyğular qıcıqlandırıcının duyğu orqanlarına bilavasitə təsiri zamanı əmələ gəlir.
2) distant duyğular. Bunlara görmə, eşitmə və iybilmə duyğularını aid etmək olar. Bu duyğuların əmələ gəlməsi üçün qıcıqlandırıcının müəyyən məsafədən təsir etməsi kifayətdir
Görmə duyğusu. Bu duyğu rənglərin və işığın inikasından ibarətdir. Biz iki cür rəngi duyuruq: xromatik və axromatik. Xromatik rənglər boyalı rənglər olub spektrin bütün rənglərini əhatə edir. Xromatik rəngləri görmə duyğusu 380 milli mikrodan 780 milli mikrona qədər uzunluqda olan elektromaqnit dalğalarının görmə üzvünə, gözə təsiri zamanı əmələ gəlir.
Görmə duyğularının reseptorları gözün torlu qişasında yerləşir. Burada iki cür hüceyrələr: çöpcüklər və kolbacıqlar mövcuddur. Çöpcüklər işığı, kolbacıqlar rəngləri duyma orqanıdır. Çöpcüklər pozulduqda toyuq korluğu, kolbacıqlar pozulduqda isə yarasa korluğu baş verir
Eşitmə duyğusu. Bu duyğular səslərin inikasından ibarətdir. Eşitmə duyğusu dəyişən hava dalğalarının eşitmə analizatoruna təsiri nəticəsində əmələ gəlir. Qulağa təsir edən dalğa aşağı və yuxarı təzyiq kimi əlamətləri ilə xarakterizə olunur. İnsan qulağı saniyədə 20 dən 20 000-ə qədər hersə bərabər olan səsləri eşidə bilir