29.Konformizm hadisəsi (Qrup təzyiqi fenomeni) Qrup təzyiqi fenomeni. XX əsrin 50 və 60- cı illərində sosial psixologiyada şəxsiyyətin davranışının onun fərqli sərvət meylləri və normaları qrup normalarına uyğun gəlmədiyi şəraitdə ziddiyyətli xarakter daşıması problemi diqqət mərkəzində olmuşdur. Bu cür psixoloji konfliktlər qrupun şəxsiyyətə təsiri şəraitində təzahür edə bilirdi ki, bu qrup təzyiqi hadisəsi kimi qeyd olunurdu. Fərd və qrup arasındakı konflikti həll etməyin yollarından biri kimi konformizm özünü göstərməyə başlamışdır.
Konformizm(və ya konformluq) fərdin qrupla zahirən razılaşması, ixtilafı daxilən dərk etdiyi halda onun hər bir təsirinə tabe olması, hər bir şəraitdə uyğunlaşmasından ibarətdir. Bu baxımdan sosial psixologiyada konformluq dedikdə fərdin qrupla zahirən razılaşması, ixtilafı daxilən dərk etdiyi halda onun hər bir təsirinə tabe olması, hər bir şəraitə şüurlu uyğunlaşması, insanların öz davranışlarını dəyişmək meyli başa düşülür. Bu zaman istər-istəməz psixoloji cəhətdən fərdin mövqeyinin qrupun təzyiqinə məruz qalması baş verir.
Konformizm fenomeni empirik şəkildə insanlara çoxdan məlumdur. Prof. Ə.Əlizadə hələ qədim zamanlarda Azərbaycan güzəran psixologiyasında konformizmin müxtəlif bədii modellərinin təsvir olunduğunu aşkara çıxarmışdır.
Konformluq və nonkonformluq probleminin eksperimental tədqiqi başlıca olaraq M.Şerif, S.Aş, R.Kraçfild, D.Kreçin əsərləri meydana gəldikdən sonra diqqəti cəlb etməyə başlamışdır. Burada məşhur Amerika psixoloqu S.Aşın xidməti xüsusilə böyuk olmuşdur. S.Aşın eksperimenti çox sadə olmaqla hər hansı bir mürəkkəb texniki ölçü tələb etmirdi. Eksperiment 7- 8 nəfərdən ibarət qrupda aparılmışdır. Yoxlananları yazı taxtasından 3-5 metr aralı bir sırada oturmağa dəvət etmişlər. Onlara təxminən belə bir təlimat verilmişdir: Siz taxtada çəkilmiş xətlərin uzunluğunu fərqləndirməli olacaqsınız. «Sizin qarşınızda iki ağ vərəqdə xətlər çəkilmişdir. Birinci vərəqdə bir xətt vardır. Həmin xətt etalon xətdir. İkinci vərəqdə 3 xətt çəkilmişdir (1,2 və 3). Həmin xətlərdən biri birinci vərəqdəki xətlə eyni uzunluqdadır. Siz həmin xətti qeyd etməlisiniz. Xahiş edəcəm hər biriniz öz cavabınızı verəsiniz. Mən cavabları qeyd edəcəm. Diqqətli olmağa çalışın – gəlin sağdan sola başlayaq».
Qabaqcadan birinci 6 nəfərə belə bir tapşırıq verilmişdir ki, qəsdən etalona uyğun olmayan xəttin nömrəsini qeyd etsinlər. Bu bir növ xüsusi qrup kimi «düzəltmə qrup» adlandırılmışdır. 7-ci və sonrakı yoxlananı eksperiment aparanın əvvəlkilərlə qabaqcadan sözləşdiyini bilmir. S.Aş bunu «sadəlövh subyekt» adlandırır. Cavab verilməyə başlananda birinci 6 nəfər qəsdən xətləri səhv qiymətləndirir. Onlardan sonra cavab verən «sadəlövh subyektlərin» bir çoxu da xətləri onların təsiri altında qiymətləndirməyə başlayırlar.
S.Aşın tədqiqatları komformizmin başqa bir maraqlı cəhətini də aşkara çıxarmışdır. Məlum olmuşdur ki, «sadəlövh subyektin» qrup təzyiqi effekti düzəltmə qrup üzvlərinin miqdarı ilə bağlıdır. Tədqiqat zamanı məlum olmuşdur ki, əgər təcrübədə sınanan şəxsdən başqa «düzəltmə qrup» kimi yalnız bir nəfər iştirak edirsə, qrup «təzyiqi» effekti, demək olar ki, təzahür etmir; əgər sınanan şəxs iki nəfərdən ibarət qrupun rəyi ilə rastlaşırsa, qrup «təzyiqi» effekti çox cüzi olur. Düzəltmə qrup 3 nəfərdən ibarət olduqda, müvafiq effekt tam aydınlığı ilə təzahür edir. Düzəltmə qrup üzvlərinin sayının daha da artması qrup «təzyiqi» effektinin də artmasına gətirib çıxarır.
Şəxsiyyətin qrup «təzyiqinə», fikrinə tabe olması daxili və ya xarici xarakter daşıya bilir. Xarici konformluq zamanı qrup təzyiqi götürüldükdən sonra fərd özünün ilkin mövqeyinə qayıdır. Daxili konformluq zamanı isə qrup təzyiqi aradan çıxdıqdan sonra da fərd qrupun mövqeyini saxlayır. Başqa sözlə həmin konformluq zamanı fərdin daxili mövqeyi ilə xarici təzyiq arasında ixtilaf olmur. Ona görə də bu cür konformluğu bir növ qrupdaxili təlqin adlandırmaq mümkündür.
Təcrübə göstərir ki, qrup üzvləri arasında konformizmin əksinə olan hallara da rast gəlmək mümkündür. Bu zaman fərd qrupun təzyiqinə müxtəlif formalarda müqavimət göstərir, bir növ neqativ mövqe tutur. Fərdin nə olursa olsun əksəriyyətin fikirlərini rədd etməsi və heç nəyə məhəl qoymadan onlara əks çıxması nonkonformizm adlanır. Nonkonformizm bir növ «neqativizm» anlayışına sinonim, «konformluq» anlayışına antonimdir.
30. Şəxsiyyət nəzəriyyələri (biheviorizm, psixoanaliz, humanist nəzəriyyə)
Davranışsal (biheviorist) nəzəriyyə. Birinci dünya müharibəsi dövründə strukturalizmə qarşı olaraq yaranmışdır. Yaradıcısı Amerika psixoloqu Con Vatsondur, Bu nəzəriyyənin əsasını təşkil edən stimul-reaksiya arasındakı bağlantının eksperimental yolla öyrənilməsi isə Amerika psixoloqu E. Torndavk tərəfindən həyata keçirilmişdir. Davranışsal nəzəriyyənin sonrakı əsas təmsilçiləri İ.Pavlov və B.F.Skinnerdir.Davranışçılara görə, psixologiyanın mövzusu müşahidə edilə bilən, ölçülə bilən və təcrübə aparıla bilən insan davranışları olmalıdır. Onlar anadangəlmə heç bir xüsusiyyəti qəbul etmirlər. Hər şeyin sonradan qazanıldığını söyləyirlər. Davranışsal nəzəriyyə elmə yeni faktorların- davranış faktorlarının gətirilməsi ilə xarakterizə olunur. “Davranış” adı altında insanın psixi fəaliyyətinin xarici ifadəsi nəzərdə tutulur. Elə bu anlama görə də davranış faktları və şüur faktları öz ifadə tərzinə görə ayrılırlar.Davranış xarici prosesdir və xaricdən müşahidə yolu ilə müəyyən edilir, lakin şüur prosesləri daxildə baş verir və özünümüşahidə yolu ilə aşkar olunur. C.Vatson da qeyd edirdi ki, psixlogiya şüur proseslərini yox, davranış faktlarını öyrənməlidir. C.Vatson iki məqsədə nail olmaq istəyirdi: situasiyaya əsasən insanın davranışını və reaksiyaya əsasən onun yaranmasına səbəb olan stimulu müəyyən etmək. Yəni S-a görə R-i, R-ə görə isə S-u müəyyənləşdinnək.Davranışçılar orqanizma ilə mühit əlaqələrinin insan və heyvanlarda bir-birinin eyni olduğu fikrini irəli sürürdülər və bu səbəblə də heyvanlar üzərində bir çox araşdırmalar aparmışlar. Məsələn, İ.Pavlov şərti refleks təcrübələrini itlər üzərində aparmışdır. O, çoxsaylı eksperimentlərlə sübut edirdi ki, davranışlar şərti reflekslərlə bağlıdır.Bu nəzəriyyə təmsilçilərindən B.F.Skinner öyrənmə nəzəriyyələrinin inkişafına böyük təsir edən psixoloqlardan biridir. Skinner təcrübələrini siçanlar, göyərçinlər və uşaqlar üzərində aparmışdır. Skinnerə görə, inkişaf öyrənmədir və xarici stimullarla şərtlənir. O, davranışın xüsusi növünü- operant davranışı müəyyənləşdirmişdr.Skinner Pavlovun şərti reflekslərlə bağlı nəzəriyyəsini stimullaşdırılmış davranış adlandırırdı. O, qeyd edirdi ki, Pavlovun nəzəriyyəsində şərti reflekslər müxtəlif stimullar arasındakı əlaqə və assosasiyalardan ibarətdir. Belə reaksiyalar tez formalaşdığı kimi, möhkəmləndirilmədiyindən tez də unudulur və davranışın əsasına çevrilmir. Operant öyrənmə zamanı isə bunun əksinə olaraq stimul yox, davranış möhkəmlənir. Tez və asan öyrənilən davranış davamlıdır və hafizədə uzun müddət qalır.