Müqayisəli qiymətləndirmə (bonitirovka) metodları. Bu metod torpaqşünaslıqda xüsusi elmi-praktiki istiqamət olan torpaqların bonitirovkası zamanı istifadə olunur. Bu metod əsasında torpaqların daxili diaqnostik göstəriciləri (humus, azot, fosfor, kalium, udulmuş əsasların cəmi və s.) əsasında onların müqayisəli qiymətləri - bonitet balları tapılır.
2.Azərbaycanda torpaqşunaslıq elminin inkişaf tarixi.
Azərbaycanda torpaqşünaslıq elminin inkişafını bir neçə dövrə ayırmaq mümkündür:
1.Həsən bəy Zərdabinin fəaliyyəti ilə bağlı mərhələ. Azərbaycanda torpaqşünaslıq elminin inkişafında birinci mərhələ maarifçi və təbiətşünas alim Həsən bəy Zərdabinin adı ilə bağlıdır. H.Zərdabi torpaqşünaslıq haqqında elmi fikirlərini “Əkinçi” qəzetində, “Torpaq, su və külək” və s. nəşrlərində çap etdirmişdir. H.Zərdabi Azərbaycanın ilk torpaqşünasıdır, torpaqlarımız haqqında ilk elmi məlumatlar ona məxsusdur. Həsən bəy Zərdabinin torpaq haqqında fikirləri əsasən dağ süxurlarının aşınmasından, torpaqəmələgətirən amillərdən, torpağın münbitliyindən, münbitliyin bərpasından ibarətdir. H.Zərdabinin torpaqşünaslıqla bağlı araşdırmalarında məqsəd bu elmin nəzəri məsələlərini, torpaqların genezisini işləyib hazırlamaq olmamışdır. Məqsəd əkinçilik mədəniyyətini yüksəltmək, torpaq sərvətlərindən səmərəli istifadə etmək idi.