4. XX əsrin 45-90-cı illəri. 1945-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasında Torpaqşünaslıq və Aqrokimya İnstitutunun yaradılması ilə torpaqşünaslıq elminin inkişafında yeni mərhələ başlayır. İnstitut Böyük və Kiçik Qafqazda, Kür-Araz ovalığında torpaqların tədqiqatı işlərini davam etdirir (H.Əliyev, K.Ələkbərov). Ölkədə kənd təsərrüfatının inkişafı ilə əlaqədar V.Kovdanın rəhbərliyi altında Kür-Araz ekspedisiyası Salyan, Muğan, Cənub-Şərqi Şirvan, Gəncə-Qazax və Mil düzlərində torpaq-geomorfoloji (V.Yeqorov, Y.Lebedev), torpaqların su-fiziki və fiziki-kimyəvi xassələri (S.Dolqov, N.Qorbunov), torpaq-meliorativ rayonlaşdırılması (A.Rozanov, N.Kandorskaya) sahəsində tədqiqatlar aparılmışdır.