5.Canlı orqanizmlərin (yaşıl bitkilər, heyvanlar və mikroorqanizmlərin) torpaq əmələgəlmədə və torpaq münbitliyinin formalaşmasında rolu.
Torpaqəmələgəlmədə üç qrup canlılar iştirak edir: yaşıl bitkilər, mikroorqanizmlər və heyvanlar. Bu orqanizmlər quru səthində mürəkkəb biosenozlar yaradır.
Yaşıl bitkilər. Quru səthində hər il yaşıl bitkilər tərəfindən atmosferdən CO2 mənimsəməklə, günəş enerjisindən, torpaqdan daxil olan su və mineral birləşmələrdən istifadə etməklə 5·3·1010 t biokütlə sintez edilir. Bu biokütlənin bir hissəsi kök və yerüstü qalıqlar şəklində təzədən torpağa qayıdır. Yaşıl bitkilər, beləliklə, torpaqda üzvi maddələrin yeganə ilkin mənbəyidir. Onların torpaqəmələgətirici kimi əsas funksiyası maddələrin bioloji dövranı – torpaqdan qida elementlərinin və suyun mənimsənilməsi, üzvi kütlənin sintezi və həyat tsikli başa çatdıqdan sonra onun təzədən torpağa qaytarılmasıdır. Yaşıl bitkilər torpaqdakı mineralların transformasiyasında – bəzilərinin parçalanmasında və yenilərinin sintezində, profilin kökyayılan hissəsinin strukturunun formalaşmasında, həmçinin su-hava və istilik rejiminin formalaşmasında iştirak edir. Yaşıl bitkilərin torpaqəmələgəlmədə iştirakının xüsusiyyəti bitkinin tipindən və bioloji dövranın intensivliyindən asılı olaraq müxtəlifdir.