38.Tayqa meşə zonasının çimli torpaqları. Genezisi. Tayqa-meşə zonasının çimli torpaqları çəmən ot bitkiləri altında istənilən süxur üzərində əmələ gəlir. Çimli torpaqlar Baltikyanı respublikalarda, Rusiyanın Arxangelsk, Voloqda, Kalinin, Moskva və başqa vilayətlərinin ərazisində yayılmışdır. Çimli torpaqlara Uzaq Şərq, Kamçatka və Kuril adalarında da təsadüf olunur. Ot bitkilərinin təsiri altında baş verən və yaxşı inkişaf etmiş humus horizontu olan torpaqların əmələ gəlməsi ilə nəticələnən torpaqəmələgəlmə prosesi çimli torpaqəmələgəlmə prosesi adlanır. Bu prosesin əhəmiyyətli xüsusiyyəti - torpağın üst horizontunda humus və qida maddələrinin toplanması və suyadavamlı strukturun yaranmasıdır. Çim prosesi çəmən və çəmən-bozqır bitkiləri altında daha əlverişli şəraitdə formalaşır. Çimli torpaqlar aşağıdakı ümumi xassə və əlamətlərə malikdirlər: yaxşı görünən topavari-dənəvər struktura malik humus qatı, podzollaşmanın olmaması və ya zəif ifadə olunması, humusun yüksək miqdarı (3- 4%-dən 12-15%-ə kimi), yüksək udma tutumu, zəif turş, neytral və ya zəif qələvi reaksiya, ümumi azot və küli maddələrin böyük ehtiyatı. Təsnifatı. Çimli torpaqlara üç müstəqil tip aid edilir: çimli-karbonatlı (rendzinlər), çimli-litogen və çimli- qleyli . Birinci iki tip avtomorf, üçüncü tip isə yarımhidromorf şəraitdə inkişaf edir.