Çimli-karbonatlı torpaqlar tipi karbonatlı süxurlar üzərində formalaşmışdır. Çimli-karbonatlı tipik torpaqlar yarımtipi əsasən yuxa əhəngli süxurların elüvisi üzərinda formalaşır. Onların profili qalın deyildir (30 sm və az). Humusun yüksək miqdarı (5-22 %), humus qatının neytrala yaxın reaksiyası və qida elementləri ilə yaxşı təmin olunması ilə səciyyələnir. Bu torpaqlar yuxa və çınqıllı olduğundan qeyri-sabit su rejiminə malikdirlər.
Çimli-karbonatlı tipik torpaqlar əsasən otlaq və meşə sahələri altında istifadə olunur. Çimli-karbonatlı yuyulmuş və podzollaşmış torpaqlar yüksək münbitlik xassələrinə malikdirlər və tayqa- meşə zonasının ən yaxşı aftomorf torpaqları hesab olunurlar. Çimli litogen torpaqlar tipi tərkibində çoxlu miqdarda kalsium və maqneziumun silikat formalarını saxlayan süxurlar və dəmirlə zəngin elüvial çöküntülər üzərində formalaşmışdır. Bu torpaqlar Orta Sibir ərazisində daha geniş yayılmışdır. Bu torpaqlarda humusun miqdarı böyük parametrlər (2-9%) daxilində dəyişir.
Dərinlik artdıqca humusun miqdarı kəskin şəkildə azalır, reaksiyası neytrala yaxındır. Bu torpaq içərisində çimli doymuş torpaqlar daha əlverişli hesab olunur. Onlar münbitliyinə görə çimli-karbonatlı torpaqlara daha yaxındır. Çimli-qleyli torpaqlar tipi güclü minerallaşmış, kalsiumla zəngin qrunt sularının iştirakı ilə formalaşır. Bu torpaqlar çimləşmə əlamətini saxlasa da, onlar aşkar təzahür edən qleyləşmə prosesi və torflu döşənəyin və çürüntülü qatın yaranması ilə də səciyyələnir. Çimli-qleyli torpaqlar yüksək humusluluğu (10-15%), yüksək udma tutumu (30-40 mq-ekv), əsaslarla doyması, neytral və zəif turş reaksiyası, bir sıra elementlərin biogen və hidrogen akkumultyasiyası ilə fərqlənir. Qrunt suyunun səthə yaxın yerləşməsi ilə əlaqədar əlverişsiz su-hava rejiminə malikdir. Yüksək münbitlik xassəsinə malikdir. Bununla belə su-hava rejiminin tənzimlənməsi tələb olunur.
Dostları ilə paylaş: |