57. Sosial insitutların funksiyaları Sosial institutun normal fəaliyyəti üçün ona daxil olan insanlar müvafıq rolları qəbul etməli və yerinə yetirməlidirlər. Sosial institutların əsas rolu müvafıq sosial tələbatın təmin edilməsindən ibarətdir. Onu reallaşdırarkən hər bir institut öz üzvlərinin birgə fəaliyyətini təmin edən aşağıdakı funksiyaları yerinə yetirir:
1. İctimai münasibətlərin təkrar istehsalı funksiyası. Hər bir institut öz üzvlərinin davranışını möhkəmləndirən və standartlaşdıran davranış qaydaları və normalar sisteminə malikdir. Müvafıq sosial nəzarət sistemi institut üzvlərinin fəaliyyətinin müəyyən statusda (qayda və çərçivədə) həyata keçirilməsinə şərait yaradır. Bununlada o, cəmiyyətin sosial strukturunun dayanıqlı olmasına xidmət edir. Məsələn, ailə institutu yerli mentalitetdən çıxış edərək, sosial nəzarətin köməyilə öz sabitliyini qoruyub saxlayır və onun dağılması imkanlarını məhdudlaşdırır. Bununla da o, bütövlükdə cəmiyyətin sosial strukturunun möhkəmlənməsinə mühüm köməklik göstərir.
2. Tənzimedici funksiya. Adından da göründüyü kimi bu funksiya sosial institutlarda birləşən insanların fəaliyyətlərinin tənzimlənməsini təmin edir. Onların maddi və mədəni həyatı bu funksiya vasitəsilə nizama salınır. Beləliklə, institutlar sosial həyatda bir növ standartlaşdırılmış davranışın və fəaliyyətin yerinə yetirilməsinə xidmət edir. Belə tənzimləmə insanların birgəyaşayışı və birgəfəaliyyəti üçün son dərəcə zəruridir.
3. Təminedici funksiya. Bu funksiya institutlaşmış norma, qayda, sanksiya və rollar sistemi vasitəsilə sosial qrup üzvlərinin qarşılıqlı asılılığı və münasibətlərini təmin edir. Bu və ya digər instituta insanların inteqrasiyası qarşılıqlı hərəkət sisteminin nizamlanması, əlaqələrin miqyası və tezliyinin artması ilə müşayiət olunur. Bu proses insanların fəaliyyətlərinin koordinasiyası, hakimiyyətin sabitliyi və mütəşəkkil strukturların yaradılması üçün mühüm amil rolunu oynayır.
4. Ötürücü funksiya. Məlumdur ki, heç bir cəmiyyət əvvəlki nəsildən əxz etdiyi və özünün inkişaf etdirdiyi sosial təcrübəni gələcəyə ötürmədən inkişaf edə bilməz. Hər bir sosial institutun normal fəaliyyət göstərməsi üçün yeni insanların gəlişinə ehtiyacı vardır. Bu problem nəsillərin dəyişil-məsi və institutların sosial sərhədlərinin genişləndirilməsi yolu ilə həyata keçirilir.
5. Kommunikativ (əlaqələndirici) funksiya. Sosial institutda hazırlanmış məlumatlardan və göstəricilərdən həm institutun daxilində normalara nəzarət etmək və onları idarə etmək üçün, həm də institutlar arasında qarşılıqlı əlaqələr yaratmaq üçün istifadə olunur. Bu zaman kommunikativ əlaqələrin xarakteri özünəməxsus xüsusiyyətlərə malik olur. Bir sıra tədqiqatçıların qeyd etdiyi kimi, sosial institutların kommunikativ imkanları eyni dərəcədə deyildir: onlardan bəziləri xüsusi olaraq informasiyanı ötürmək üçün nəzərdə tutulub (kütləvi informasiya vasitələri), digərləri isə bu işi yerinə yetirməkdə məhdud imkanlara malikdir; bundan əlavə, informasiyanı fəal qəbul edənlər (elmi institutlar) və onu passiv qəbul edənlər (nəşriyyatlar) da vardır. Əgər bu və ya digər sosial institut öz funksiyalarını aşkar yerinə yetirə bilmirsə, onda onu əsaslı dəyişikliklər və yenidən təşkil olunma gözləyir.
6. Latent (gizli) funksiyalar. Sosial institutların fəaliyyətlərinin birbaşa nəticələri ilə yanaşı, gözlənilməyən, yəni əvvəlcədən planlaşdırılmış insani məqsədlərdən uzaq olan nəticələr də mövcuddur. Sonuncular cəmiyyət üçün ciddi narahatlıq yaradır. Belə ki, dini ideologiya öz etiqadlarını təbliğ etməklə təsirini möhkəmləndirməyə çalışır. Lakin bu məqsədlərin reallaşması gedişində elə insanlar meydana gəlir ki, onlar din naminə və din pərdəsi altında öz gizli niyyətlərini həyata keçirməyə cəhd göstərirlər. Məsələn, fanatiklər başqa dinə etiqad edənləri təqib edirlər. Belə hal dini zəmində sosial münaqişələrin yaranmasına kömək edir. Bu baxımdan Azərbaycanda da ayrı-ayrı xeyriyyə təşkilatlarının bəzən missionerlik fəaliyyəti ilə məşğul olduğu qeyd edilməlidir