Maddə 20. Mədəniyyət sahəsində fəaliyyət istiqamətləri
20.1. Mədəniyyət sahəsində fəaliyyət istiqamətlərinə aşağıdakılar aiddir:
20.1.1. milli mədəni irsin aşkarlanması, qorunması, təbliği və təşviqi;
20.1.2. maddi və qeyri-maddi mədəni irsin qorunması, təbliği və təşviqi;
20.1.3. tarix və mədəniyyət abidələrinin qorunması, təbliği və təşviqi;
20.1.4. tarixi memarlıq qoruqlarının fəaliyyəti;
20.1.5. təbii irsin qorunması, təbliği və təşviqi;
20.1.6. peşəkar və həvəskar yaradıcılıq fəaliyyəti;
20.1.7. audiovizual əsərlərin yaradılması və yayımlanması;
20.1.8. kinematoqrafiya fəaliyyəti;
20.1.9. teatr-konsert fəaliyyəti;
20.1.10. poliqrafiya, nəşriyyat işi sahəsində fəaliyyət;
20.1.11. kulinariya fəaliyyəti;
20.1.12. mədəni-asudə vaxtın təşkili üzrə fəaliyyət;
20.1.13. estetik tərbiyə sahəsində fəaliyyət;
20.1.14. mədəniyyət və incəsənət sahəsində təhsil və pedaqoji fəaliyyət;
20.1.15. mədəniyyət sahəsində elmi tədqiqat fəaliyyəti;
20.1.16. muzey və qalereya fəaliyyəti;
20.1.17. mədəni maarifçilik və kitabxana fəaliyyəti;
20.1.18. mədəniyyət mərkəzlərinin, klublarının və parklarının fəaliyyəti;
20.1.19. mədəniyyət sahəsinin təşviqi məqsədilə məlumatlandırma fəaliyyəti;
20.1.20. folklor yaradıcılığının təbliği və təşviqi;
20.1.21. qastrolların təşkili fəaliyyəti;
20.1.22. dekorativ-tətbiqi yaradıcılıq fəaliyyəti;
20.1.23. ədəbi yaradıcılıq fəaliyyəti;
20.1.24. maarifləndirmə və təbliğat fəaliyyəti;
20.1.25. teleradio yayımı fəaliyyəti;
20.1.26. sirk fəaliyyəti.
20.2. Azərbaycan Respublikasında mədəniyyət sahəsində fəaliyyət istiqamətləri üzrə münasibətlər “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında”,
“Nəşriyyat işi haqqında”, “Kinematoqrafiya haqqında”, “Teatr və teatr fəaliyyəti haqqında”, “Kitabxana işi haqqında”, “Muzeylər haqqında”, “Azərbaycan
folkloru nümunələrinin hüquqi qorunması haqqında”, “Azərbaycan xalça sənətinin qorunması və inkişaf etdirilməsi haqqında”, “Televiziya və radio yayımı
haqqında”, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” və “Təhsil haqqında” Azərbaycan Respublikasının qanunları və Azərbaycan Respublikasının
Mülki Məcəlləsi ilə tənzimlənir.
20.3. Mədəniyyət sahəsində fəaliyyət istiqamətlərinin bərabər əsasda inkişafına dövlət tərəfindən şərait yaradılır.
Maddə 21. Mədəniyyət sahəsində təşkilati fəaliyyət
21.1. Fiziki şəxslər, hüquqi şəxslər, o cümlədən qeyri-kommersiya qurumları, bu Qanunun 20.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla, mədəniyyət
sahəsində aşağıdakı təşkilati fəaliyyətləri həyata keçirə bilərlər:
21.1.1. Azərbaycan mədəniyyətinin, milli mədəni irsin təbliği, təşviqi və inkişafı məqsədilə incəsənət və bədii tədbirlərin təşkili, yaradıcılıq müsabiqələrinin,
sərgilərin, yaradıcılıq gecələrinin, mədəniyyət və incəsənət təqdimatlarının, festivalların, konfrans və simpoziumların təşkili;
21.1.2. uşaqların, gənclərin estetik, etik və mənəvi tərbiyələndirilməsi məqsədilə seminar, tədris, dəyirmi masa və digər aidiyyəti tədbirlərin təşkili;
21.1.3. əhalinin milli və dünya mədəniyyət nailiyyətlərindən bəhrələnməsini asanlaşdıran tədbirlərin təşkili;
21.1.4. mədəniyyət sahəsində istedadların müəyyən edilməsi, onların yaradıcılığının inkişaf etdirilməsi ilə bağlı tədbirlərin təşkili;
21.1.5. yaradıcı şəxslərin hüquqi, sosial və iqtisadi maraqlarının təmin edilməsi ilə bağlı tədbirlərin təşkili;
21.1.6. folklor nümunələrinin yaradılması, qorunması, təbliği və təşviqi ilə bağlı tədbirlərin təşkili;
21.1.7. xalq yaradıcılığının inkişafı və təbliği, mədəniyyətin inkişafında xalq ənənələrindən yaradıcı şəkildə istifadə edilməsi, tarixi abidələrin qorunub
saxlanılması və zənginləşdirilməsi ilə bağlı tədbirlərin təşkili;
21.1.8. bəşəri dəyərlərin təbliği ilə bağlı tədbirlərin təşkili;
21.1.9. pedaqoji kollektivlərlə birgə uşaq və gənclərin vətənpərvər, mədəni və intellektual inkişafı, mənəvi-etik və estetik tərbiyəsi ilə bağlı tədbirlərin təşkili;
21.1.10. Azərbaycan Respublikasında yaşayan xalqların adət-ənənələrinin tanınması, təbliği və qorunması tədbirlərinin təşkili.
21.2. Mədəniyyət sahəsində həyata keçirilən təşkilati fəaliyyət müvafiq icra hakimiyyəti orqanı tərəfindən koordinasiya edilir.
Maddə 22. Mədəniyyət sahəsində fəaliyyətin xüsusiyyətləri
22.1. Mədəniyyət təşkilatları mədəniyyət məhsullarının istehsalı və mədəniyyət xidmətlərinin göstərilməsi ilə məşğul ola bilərlər.
22.2. Azərbaycan Respublikasında mədəniyyət sahəsində əqli mülkiyyət, o cümlədən müəlliflik hüququ və əlaqəli hüquqların həyata keçirilməsi və qorunması
“Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” və “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının
qanunları ilə tənzimlənir.
22.3. Azərbaycan Respublikasında milli mədəni irsə, o cümlədən muzey, arxeologiya, etnoqrafiya, kitabxana, kino fondlarına və ya arxivlərinə aid mədəni
sərvətlərin üzünün köçürülməsi, çoxaldılması, onların əsasında suvenirlərin, çap məhsullarının istehsalı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi
qaydada həyata keçirilir.
22.4. Azərbaycan Respublikasının milli mədəni irsinə aid sərvətlər bank zəmanəti kimi istifadə edilə bilməz.
22.5. Milli mədəni irsə aid, o cümlədən muzey, arxeologiya, etnoqrafiya, kitabxana, kino fondlarına və ya arxivlərinə məxsus mədəni sərvətlərin hüquqi və
fiziki şəxslər tərəfindən kommersiya və qeyri-kommersiya məqsədləri üçün istifadə edilməsi müvafiq icra hakimiyyəti orqanının razılığı ilə həyata keçirilir.
Maddə 23. Dövlət mədəniyyət müəssisələrinə xüsusi statusların verilməsi
23.1. Dövlət mədəniyyət müəssisələrinə tarixi və mədəni roluna, yaradıcılıq fəaliyyətinin əhəmiyyətinə, fondlarının zənginliyinə, nadirliyinə, milli dəyərlərin
qorunması və təbliği sahəsində nailiyyətlərinə görə müvafiq icra hakimiyyəti orqanı tərəfindən milli, akademik, beynəlxalq və respublika əhəmiyyətini təsdiq
edən status verilir.
23.2. Milli statusa malik mədəniyyət təsisatlarının fondları və əmlakı milli sərvət hesab olunur və xüsusi əhəmiyyətli obyektlər kimi dövlət tərəfindən qorunur.
23.3. Mədəniyyət təsisatlarına xüsusi statusların verilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
5-Cİ FƏSİL
YARADICI ŞƏXSLƏR
Maddə 24. Yaradıcı şəxslər
24.1. Hər kəs peşəkar və ya həvəskar yaradıcılıq fəaliyyəti ilə məşğul ola bilər.
24.2. Azərbaycan Respublikasında yaradıcılıq fəaliyyəti dövlət tərəfindən dəstəklənir.
24.3. Peşəkar yaradıcılığın inkişafı məqsədi ilə dövlət tərəfindən iqtisadi tədbirlər həyata keçirilir.
24.4. Peşəkar yaradıcılığın meyarları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Maddə 25. Yaradıcı şəxslərin dövlət təminatı
25.1. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən mədəniyyətin inkişafında, təbliğində və təşviqində xüsusi xidmətləri olan yaradıcı şəxslərə, festival və
müsabiqə qaliblərinə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada fəxri adlar, təqaüdlər, mükafatlar verilir.
25.2. Azərbaycan mədəniyyətinin inkişafında müstəsna xidmətləri olan şəxslər Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndinə
uyğun olaraq orden və medallarla təltif edilirlər.
25.3. Mədəniyyətin inkişafında xidmətləri olan mədəniyyət işçilərinin, yaradıcı şəxslərin və kollektivlərin bioqrafiyası, peşə və yaradıcılıq fəaliyyətləri barədə
məlumat bazası müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılır.
6-CI FƏSİL
MƏDƏNİYYƏT SAHƏSİNDƏ DÖVLƏT TƏNZİMLƏMƏSİ
Maddə 26. Mədəniyyət sahəsində dövlət reyestri sistemi
26.1. Azərbaycan Respublikasının mədəniyyət sahəsində dövlət reyestri sistemi dedikdə bu sahədə reyestrlər, kataloqlar, uçot sistemləri, mədəniyyət
əmlakının siyahıları və məlumat topluları nəzərdə tutulur.
26.2. Mədəniyyət sahəsində dövlət reyestri sistemi mədəniyyət obyektlərinin kəmiyyət və keyfiyyət göstəricilərindən ibarət məlumat toplusudur.
26.3. Azərbaycan Respublikasının milli mədəniyyət əmlakının Dövlət Siyahısı və mədəni sərvətlərin mühafizə siyahısı mədəniyyət sahəsində dövlət reyestri
sisteminə daxildir.
26.4. Mədəni sərvətlərin Azərbaycan Respublikasının milli mədəniyyət əmlakının Dövlət Siyahısına və mədəni sərvətlərin mühafizə siyahısına daxil edilməsi
müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.
Maddə 27. Mədəniyyət sahəsində dövlət monitorinqi
27.1. Azərbaycan Respublikasında mədəniyyət sahəsində dövlət monitorinqi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada müvafiq
icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.
27.2. Mədəniyyət sahəsində dövlət monitorinqinin məqsədi mədəniyyət sahəsində dövlət siyasətinin həyata keçirilməsinin cari vəziyyətinin öyrənilməsi,
çatışmazlıqların və həyata keçiriləcək dövlət mədəniyyət siyasəti istiqamətlərinin və mədəniyyət siyasəti tədbirlərinin müəyyən edilməsidir.
27.3. Mədəniyyət sahəsində dövlət monitorinqi mədəni sərvətlərin istifadəsinin və cari vəziyyətinin, mədəniyyət sənayesinin vəziyyətinin, mədəniyyət
məhsullarının və xidmətlərinin kəmiyyətinin və keyfiyyətinin, maddi və qeyri-maddi mədəni irs obyektlərinin vəziyyətinə və istifadə qaydalarına riayət
olunmasının, milli azlıqların mədəni müxtəlifliklərinin vəziyyətinin, mədəniyyət sahələrində kadr, maddi və texniki təchizatın cari vəziyyətinin, mədəniyyət
sahəsində elm və təhsil müəssisələrində təhsil prosesinin və tədris proqramlarının müşahidələrindən ibarətdir.
Maddə 28. Mədəniyyət sahəsində rəsmi statistikanın aparılması
28.1. Mədəniyyət sahəsində məlumatların obyektivliyinin və müqayisəliliyinin təmin edilməsi məqsədi ilə rəsmi statistika aparılır.
28.2. Azərbaycan Respublikasında mədəniyyət sahəsində rəsmi statistikanın aparılması, o cümlədən məlumatların yığılması, işlənməsi, bazada
yerləşdirilməsi, ötürülməsi və yayılması “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş qaydada həyata keçirilir.
Maddə 29. Mədəniyyət sahəsində elektron məlumat sistemi
29.1. Mədəniyyət sahəsində dövlət siyasətinin təmin edilməsi, dövlət reyestrinin və dövlət monitorinqinin aparılması,
mədəniyyət sahəsində fəaliyyət göstərən subyektlər arasında münasibətlərin inkişafı məqsədilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən mədəniyyət
sahəsində elektron məlumat sistemi yaradılır.
29.2. Mədəniyyət sahəsində elektron məlumat sistemi dövlət orqanları, bələdiyyələr, fiziki və hüquqi şəxslər, o cümlədən
qeyri-hökumət təşkilatları arasında mədəniyyət sahəsində qarşılıqlı əlaqələrin qurulmasına, mədəniyyət fəaliyyəti subyektləri arasında
məlumat mübadiləsinin aparılmasına və mədəniyyət sahəsində səmərəli idarəetmənin təmin olunmasına xidmət edən kompleks proqram təminatıdır.
29.3. Mədəniyyət sahəsində elektron məlumat sistemi özündə yerli və mərkəzi elektron məlumat sistemlərini ehtiva edir.
29.4. “İnformasiya əldə etmək haqqında”, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”,
“Dövlət sirri haqqında” və “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası qanunlarının tələbləri nəzərə alınmaqla, mədəniyyət sahəsində electron
məlumat sistemi ümumi istifadə üçün açıq və alınması məhdudlaşdırılan məlumatlardan ibarətdir.
29.5. Mədəniyyət sahəsində elektron məlumat sisteminin tərkibi, təşkili və idarə olunma qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
7-Cİ FƏSİL
MƏDƏNİ SƏRVƏTLƏR VƏ AZƏRBAYCAN RESPUBLİKASININ
MƏDƏNİ İRSİ
Maddə 30. Mədəni sərvətlər
30.1. Mədəni sərvət dedikdə aşağıdakılar başa düşülür:
30.1.1. hər bir xalqın mədəni irsi üçün əhəmiyyəti olan daşınar və ya daşınmaz sərvətlər (memarlıq, incəsənət və ya tarixi, dini və
ya dünyəvi abidələr; arxeoloji qazıntı yerləri; tarixi və ya bədii əhəmiyyət kəsb edən memarlıq ansamblları; incəsənət əsərləri;
bədii, tarixi və ya arxeoloji əhəmiyyəti olan əlyazmalar, kitablar və digər əşyalar; elmi kolleksiyalar; kitab və arxiv materiallarının, yaxud yuxarıda göstərilən
sərvətlərin reproduksiyalarının mühüm kolleksiyaları);
30.1.2. Bu Qanunun 30.1.1-ci maddəsində göstərilmiş, əsas məqsədi daşınar mədəni sərvətlərin saxlanması və ya sərgilənməsi
olan binalar (muzeylər, kitabxanalar, arxivlər, habelə daşınar mədəni sərvətləri silahlı münaqişə zamanı saxlamaq üçün istifadə olunan sığınacaqlar);
30.1.3. Bu Qanunun 30.1.1-ci və 30.1.2-ci maddələrdə qeyd olunmuş mədəni sərvətlərin cəmləşdiyi mərkəzlər.
30.2. Mədəni sərvətlərə aşağıdakılar aiddir:
30.2.1. təsviri sənət əsərləri, o cümlədən lövhələr, şəkillər, rəsmlər, qravürlər, estamplar, litoqrafiyalar, naxışlar, heykəltəraşlıq əsərləri, orijinal bədii toplular
və montajlar;
30.2.2. kino, xüsusi əhəmiyyətli televiziya, radio, video materialları, fotoəsərlər və fotomateriallar, dizayn işləmələri və memarlıq layihələri;
30.2.3. əlyazmalar, xüsusi əhəmiyyətə malik kitablar və kitabçalar, dövri mətbuat materialları, avtoqraflar, markalar, açıqcalar,
mədəniyyət və tarix profilli arxivlər və arxiv sənədləri, not yazıları, məktublar, elmi-tarixi yadigarlar, nadir nəşrlər;
30.2.4. tətbiqi-sənət əsərləri - xalılar və xalça məmulatları, qızıl, platin, gümüş, qiymətli daşlar, mis və gildən hazırlanmış əşyalar, keramika məmulatı;
30.2.5. səhnə və ekran əlbisələri, dekorları, butaforiya və rekvizitləri;
30.2.6. qədim nadir kolleksiyalar və otuz ildən çox tarixi olan muzey əhəmiyyətli əşyalar (o cümlədən mebel, musiqi alətləri və s.);
30.2.7. şifahi xalq yaradıcılığı nümunələri;
30.2.8. arxeoloji komplekslər, arxeoloji və numizmatik xarakterli əşyalar;
30.2.9. memarlıq abidələri, tikili nümunələri, xatirə yerləri və məqbərələr;
30.2.10. park və təbii landşaft obyektləri;
30.2.11. flora və fauna, mineralogiya, anatomiya nümunələri və paleontologiya baxımından maraqlı muzey əşyaları.
30.3. Mədəni sərvətlər dövlətin, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin, qeyri-hökumət təşkilatlarının, o cümlədən ictimai və yaradıcılıq birliklərinin
mülkiyyətində ola bilər.
30.4. Mədəniyyət nümunələrinin Azərbaycan Respublikasında milli mədəni sərvətlərə aid edilməsi müvafiq icra hakimiyyəti
orqanı tərəfindən ekspertiza yolu ilə müəyyən edilir. Milli mədəni sərvətin mülkiyyətçisi onun lazımi saxlanılmasını və mühafizəsini təmin etməyə borcludur.
30.5. Azərbaycan Respublikasında yaşayan milli azlıqların mədəniyyət nümunələri Azərbaycan Respublikasının milli mədəni sərvətlərinin tərkib hissəsidir.
30.6. Azərbaycan Respublikasında yaşayan milli azlıqların mədəni sərvətləri dövlət tərəfindən qorunur.
Maddə 31. Milli mədəni arxivlər
31.1. Kitabxana, muzey, foto, kino və digər arxiv və fondların yaradılması və mühafizəsi bu Qanunun 20.2-ci maddəsinə və
“Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.
31.2. Milli kitabxana, muzey, foto, kino arxiv və fondlarının vahidliyi və toxunulmazlığı dövlət tərəfindən təmin edilir.
31.3. Dövlət mülkiyyətinə aid, bu Qanunun 31-ci maddəsində nəzərdə tutulmuş arxivlərin (fondların) özgəninkiləşdirilməsi qadağandır.
Maddə 32. Mədəni irs nümunələri
32.1. Milli mədəni irsə muzey, incəsənət, audiovizual, (o cümlədən kino), teatr, kitabxana, əlyazma, arxiv, folklor, arxeologiya,
etnoqrafiya, memarlıq, dekorativ-tətbiqi sənət nümunələri və tarix-mədəniyyət qoruqları aiddir.
32.2. Azərbaycan Respublikasında mədəni irs nümunələrinin qorunması, bərpası və istifadəsi bu Qanunun 20.2-ci maddəsinə
uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir.
Maddə 33. Daşınmaz mədəni irs
33.1. Azərbaycan Respublikasında daşınmaz mədəni irs abidələri yerləşdirildiyi və ya inşa olunduğu məkanlarda qorunur.
33.2. Azərbaycan Respublikasında daşınmaz mədəni irsə aşağıdakılar aiddir:
33.2.1. milli mədəni irs üçün önəmli olan memarlıq, arxeoloji, mədəniyyət və tarixi, dini və dünyəvi abidələr, o cümlədən tarixi və
bədii maraq kəsb edən arxeoloji, təbii ərazilər və arxitektura kompleksləri, incəsənət əsərləri;
33.2.2. daşınar mədəni sərvətlərin qorunması və ya nümayişini həyata keçirən bina və tikililər, muzeylər, kitabxanalar və arxivlər, müharibə şəraitində
mədəni sərvətlərin mühafizəsini təmin edən sığınacaqlar;
33.2.3. mədəni sərvətlərin toplandığı yerlər.
33.3. Daşınmaz mədəni irs abidələrinin Azərbaycan Respublikasının milli mədəniyyət əmlakının Dövlət Siyahısına və
mədəni sərvətlərin mühafizə siyahısına daxil edilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin siyahılara
daxil edilən mədəni irs abidələrinin və qoruqların mühafizə zonaları və qoruqların sərhədləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Maddə 34. Sualtı mədəni irs
34.1. Azərbaycan Respublikasının ərazi sularında sualtı mədəni sərvətlərin sualtı mədəni irs nümunələrinə aid edilməsi qaydası müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyən edilir.
34.2. Sualtı mədəni irsə öz təbii və arxeoloji mühiti ilə birgə suyun altında olan aşağıdakılar aiddir:
34.2.1. obyektlər, tikililər və onların qalıqları, artefaktlar və paleontoloji qalıqlar;
34.2.2. gəmilər, uçuş və nəqliyyat vasitələri və ya onların hissələri, onların yükü və içindəki digər əşyalar;
34.2.3. qədim tarixi əşyalar.
34.3. Sualtı mədəni irs nümunələrindən istifadə qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Maddə 35. Milli mədəni irs obyektləri
35.1. Nadir tarixi, arxeoloji, bədii, elmi, estetik dəyərlərə malik olan və Azərbaycan xalqı üçün xüsusi əhəmiyyət daşıyan mədəni irs
obyektlərinin müəyyən edilməsi və qorunması bu Qanunun 20.2-ci maddəsində nəzərdə tutulmuş Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq
tənzimlənir.
35.2. Xüsusi əhəmiyyət daşıyan mədəniyyət obyektlərinin milli mədəni irs obyektlərinə aid edilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.
35.3. Azərbaycan Respublikasının milli mədəni irs obyektləri başqa dövlətlər tərəfindən mənimsənilə bilməz.
Maddə 36. Qeyri-maddi mədəni irs
36.1. Azərbaycan Respublikasında qeyri-maddi mədəni irs nümunələri dövlət tərəfindən qorunur.
36.2. Qeyri-maddi mədəni irs nümunələrinin qorunması özündə eyniləşdirmə, sistemləşdirmə, saxlanma, mühafizə, yaxşılaşdırma,
nəsildən-nəslə ötürülmə daxil olmaqla mədəni irsin müxtəlif aspektlərinin bərpası istiqamətində keçirilən fəaliyyətlərlə təmin edilir.
36.3. Qeyri-maddi mədəni irsin müəyyən edilməsi, sistemləşdirilməsi və təşviqi məqsədilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən
mədəniyyət sahəsində dövlət reyestri sisteminə daxil olan, qeyri-maddi mədəni irs nümunələrinin dövlət reyestri aparılır.
36.4. Qeyri-maddi mədəni irs özündə aşağıdakıları ehtiva edir:
36.4.1. diyarşünaslıq (adət və ənənələr, bayram və mərasimlər, tarixi rəmz nümunələri və sirlər);
36.4.2. folklor (ifaçılıq, musiqi və rəqslər, şifahi yaradıcılıq, oyun və tamaşalar);
36.4.3. sənətkarlıq (tətbiqi sənət, ənənəvi dekorativ sənət, milli təsviri yaradıcılıq).
Maddə 37. Milli kulinariya nümunələri
37.1. Azərbaycan Respublikasında milli kulinariya nümunələrinin sistemləşdirilməsi, qorunması, təbliği müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.
37.2. Kulinariya nümunələrinin milli mədəni irsə aid edilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.
Maddə 38. Milli mədəni irsin mühafizəsinə dair öhdəliklər
38.1. Azərbaycan Respublikasında milli tarixi, təbii və mədəni irs obyektlərini, o cümlədən tarix, təbiət və mədəniyyət abidələrini qorumaq hər kəsin borcudur.
38.2. Azərbaycan Respublikasında təbiət komplekslərinin, tarixi ərazilər və mədəni irs abidələrinin qoruq elan edilməsi müvafiq icra hakimiyyəti orqanı
tərəfindən həyata keçirilir.
38.3. Milli mədəni irsin mühafizəsi sistemi dövlət orqanları və bələdiyyələr tərəfindən həyata keçirilən qanuni hüquqi, maddi-texniki və təşkilati tədbirlərdən
ibarətdir.
38.4. Milli mədəni irs obyektlərinin sahiblərinə həmin obyektlərin mühafizəsini təmin etmək məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən
edilən təminatlar verilir.
38.5. Milli mədəni irs obyektlərinin mühafizəsi mədəniyyət sahəsində dövlət reyestri sistemi vasitəsilə təmin edilir.
Maddə 39. Mədəni sərvətlərin mühafizəsi
39.1. Mühafizə məqsədilə mədəni sərvətlərə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada qabaqlayıcı, konservasiya, bərpa və
xüsusi mühafizə dərəcələri tətbiq edilir.
39.2. Mühafizənin qabaqlayıcı dərəcəsi tətbiq edilmiş mədəni sərvətlərin müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmadan sökülməsi,
məhv edilməsi, parçalanması, yeni quruluşa salınması, başqa yerə köçürülməsi və zahiri görkəminin dəyişdirilməsi qadağandır.
39.3. Mühafizənin konservasiya dərəcəsi, istifadədən tamamilə çıxarılmalı və ya müvafiq icra hakimiyyəti orqanının nəzarəti altında məhdud dairədə istifadə
edilməli olan mədəni sərvətlərə aid edilir.
39.4. Mühafizənin bərpa dərəcəsi, ilkin mədəniyyət təyinatına qaytarılması üçün bərpa işlərinə ehtiyacı olan mədəni sərvətlərə şamil edilir.
Mühafizənin bərpa dərəcəsi tətbiq olunana qədər obyekt barədə konservasiya dərəcəsi müəyyən edilə bilər.
39.5. Xüsusi mühafizə dərəcəsi Azərbaycan Respublikasının milli mədəniyyət əmlakının Dövlət Siyahısına daxil olan mədəni sərvətlərə şamil edilir.
39.6. Mühafizə dərəcəsi olan mədəni sərvətlərin mülkiyyətçisi və ya istifadəçisinin müvafiq icra hakimiyyəti orqanı ilə münasibətləri mühafizə müqaviləsi ilə
müəyyən olunur.
8-Cİ FƏSİL
MƏDƏNİ SƏRVƏTLƏRDƏN İSTİFADƏNİN TƏNZİMLƏNMƏSİ
Maddə 40. Mədəniyyət obyektlərindən istifadə rejimi
40.1. Dövlət və bələdiyyə mülkiyyətində olan mədəniyyət obyektlərinin istifadəsi öz tarixi və bədii təyinatına uyğun və bu Qanunda müəyyən edilmiş qaydada
həyata keçirilir.
40.2. Dövlət və bələdiyyə mülkiyyətində olan mədəniyyət obyektləri digər şəxslərin istifadəsinə və ya idarəçiliyinə verildiyi halda, mədəniyyət obyektlərinin
təyinatına uyğun istifadə edilməsi təmin olunmalıdır.
40.3. Tarixi, arxeoloji, şəhərsalma, arxitektura və monumental sənət abidələrinin, təbii-landşaft obyektlərinin mühafizəsini təmin etmək məqsədilə
müvafiq icra hakimiyyəti orqanı tərəfindən həmin obyektlərin mühafizə zonaları müəyyən edilir.
40.4. Azərbaycan Respublikasının ərazisində arxeoloji qazıntıların aparılmasına və arxeoloji mədəni sərvətlərin tədqiqi məqsədi ilə onlarla təmasda
elmi tədqiqat işlərinin yerinə yetirilməsinə icazə Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən verilir və müvafiq icra hakimiyyəti orqanında qeydə alınır.
Bu maddədə qeyd olunan işləri aparan (yerinə yetirən) şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada Azərbaycan Milli Elmlər
Akademiyasına
və müvafiq icra hakimiyyəti orqanına aparılmış tədqiqat işləri barədə hesabat verir.
40.5. Dövlət mühafizəsində olan mədəniyyət obyektlərində aparılan bərpa, təmir-tikinti, rekonstruksiya və konservasiya işlərinin layihələri müvafiq icra
hakimiyyəti
orqanı ilə razılaşdırılmalıdır. Layihə üzrə işlər müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilmiş mütəxəssisin iştirakı ilə həyata keçirilir.
40.6. Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, konservasiyası, təmir-tikintisi, rekonstruksiyası, ərazilərinin abadlaşdırılması “Tarix və mədəniyyət
abidələrinin
qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq aparılır.
40.7. Dövlət və bələdiyyə mülkiyyətində olan mədəniyyət obyektlərinin istifadəsi nəticəsində əldə edilən gəlir mədəniyyət obyektinin qorunmasına, bərpasına
və saxlanılmasına sərf edilməlidir.
Dostları ilə paylaş: |