2-ci mövzu. Sosial fəlsəfənin predmeti


Sosial idrakın qnoseoloji tərəfı



Yüklə 273 Kb.
səhifə3/9
tarix02.01.2022
ölçüsü273 Kb.
#46598
1   2   3   4   5   6   7   8   9
2 мцщазиря

Sosial idrakın qnoseoloji tərəfı bunu ifadə edir ki, o həqiqi elmi bilik verə bilərmi? Başqa sözlə, bu tərəf aşağıdakıları əhatə edir: ictimai hadisələrin dərk olunması formaları və mexanizmi, onun imkanları və hüdudları, sosial idrakda ictimai praktikanın rolu və bu praktikada dərk edən subyektin şəxsi təcrübəsinin əhəmiyyəti, konkret sosioloji tədqiqatların və eksperimentlərin sosial bilik əldə edilməsində rolu.

Nəhayət sosial idrakın aksioloji (dəyərlər vasitəsilə qiymətləndirmə) tərəfı də mühümdür. Bu tərəf sosial idrakın spesifıkliyi ilə sıx bağlıdır. Belə ki, dəyərlər mövqeyindən yanaşma bir çox cəhətdən müxtəlif subyektlərin (fərdlərin və sosial birliklərin) malik olduğu dəyərlərdən, ehtiras və mənafelərindən asılıdır. Buna görə də sosial idrakın dəyərlərlə münasibəti birmənalı izah olunmur. Bəziləri belə hesab edir ki, sosial idrakda dəyərlər momentinin iştirakı onun elmliyini heçə endirir. Digər bir mövqe isə göstərir ki, idraki tərəf ilə dəyər tərəfı bir-birinə qarşı durmur. Onlardan biri digərini tamamlayır və beləliklə də sosial həyatı daha dərindən öyrənməyə imkan verir.

Sosial idrakın mühüm bir xüsusiyyəti budur ki, o insanların fəaliyyətinin təhlilinə yönəlir.

Deyilənlər sübut edir ki, sosial reallıq təbiətdən fərqli olaraq insandan kənarda mövcud deyildir. O məhz insan tərəfindən yaradılır. Buna görə də sosial reallığı əks etdirən sosial idrak təkcə cəmiyyətdə gedən obyektiv prosesləri öyrənməklə məhdudlaşmır. Bu proseslərlə və qanunauyğunluqlarla ayrılmaz olan və onların daşıyıcıları kimi çıxış edən subyektin öyrənilməsi də burada əsas yeri tutur.

Ictimai həyat hadisələri bir-birilə o qədər yaxşı və çulğaşmış vəziyyətdə çıxış edir ki, onlar arasındakı sabit əlaqə və meylləri, qanunauyğunluqları aşkar etmək o qədər də asan olmur. Bundan əlavə təbiət elmlərindən fərqli olaraq, sosial bilik təkcə maddi münasibətləri öyrənməklə kifayətlənmir, o həm də insanların daxili dünyasını, şüurunu, onlar arasında mənəvi, ideal və ideoloji əlaqə və münasibətləri təhlil edir.

Cəmiyyət həyatının qeyd olunan özünəməxsus cəhətləri sosial idrakın istifadə etdiyi metodlarda da özünü göstərir.

Müasir sosial idrakın əsas ümumelmi metodları aşağıdakılardır: sistemli-struktur təhlil metodu; tarixi-genetik metod; substrat-hadisəvi metod; humanitar-şəxsiyyət mövqeyindən yanaşma metodu. Bu metodlardan birgə istifadə etdikdə sosial idrakın obyektini bütün hərtərəfliliyi ilə və dərindən öyrənmək mümkündür.

Indi də həmin metodları ayrılıqda izah edək. Sistemli-struktur təhlil metodu o deməkdir ki, cəmiyyəti sadəcə olaraq müxtəlif əlaqələrin və münasibətlərin məcmusu kimi götürmək doğru deyildir. Ona qanunauyğun və sabit əlaqələrin sahmanlı düzülməsini ifadə edən canlı orqanizm kimi baxmaq tələb olunur. Başqa sözlə, ona sistemin strukturu kimi yanaşmaq lazımdır. Yuxarıda qeyd olunduğu kimi sistem ünsürlərin (elementlərin) qarşılıqlı əlaqəli sahmanlı düzülüşü, strukturu və mütəşəkkilliyi deməkdir. Cəmiyyət müxtəlif səviyyələri və tərəfləri əhatə edən bütöv bir tam kimi, yekcins bir bütövlük kimi çıxış edir. Sosial idrakın bu metodu öyrədir ki, hər cür elementlər və ünsürlər çoxluğu hələ bütövlük demək deyildir. Çoxluğun bütövlüyə çevrilməsi üçün onun ünsürləri differensiasiyalı xarakter daşımalıdır. Sistemin ünsürləri nə qədər çox differensiasiyaya uğrayırsa, onun bütövlüyü də bir o qədər möhkəm olur. Bütövlük keyfiyyətinə malik olan sosial sistemin tərəfləri arasında əlaqə və münasibətlər qeyri-xətti qaydada düzülür, onlar qarşılıqlı surətdə bir-birinə təsir göstərir. Sosial reallıqda hadisələr və proseslər bir-birilə tabeçilik (subordinasiya) və qarşılıqlı əlaqə (koordinasiya) münasibətlərində çıxış edir. Sosial həyatın bütövlüyü və vəhdəti obyektiv səciyyə daşıyır və insanların fəaliyyətinin xarakteri ilə müəyyən olunur.

Ikinci, tarixi-genetik metod birinci ilə sıx bağlıdır. Əslində bu metod sosial proseslərin yaranması və inkişafına zaman səpkisi baxımından yanaşılmasını ifadə edir. Beləliklə də, tarixi-genetik metod sistemli-struktur təhlil metodunu bir növ tamamlayır. Belə ki, sistemli-struktur təhlili metodu cəmiyyəti mürəkkəb sistem kimi araşdırır, onun fəaliyyəti mexanizmlərini tədqiq edir. Lakin bu metod sosial reallığı yaranma və inkişaf halında götürmür. Tarixi-genetik metod isə onun bu məhdudluğunu aradan qaldırır. Tarixi-genetik metodun mahiyyəti - ictimai həyat hadisələrinin keçmişini, bu gününü və gələcək inkişafı meyllərini araşdırmaqdır. O sübut edir ki, cəmiyyətin hər bir vəziyyəti müvəqqəti xarakter daşıyır, o dəyişilir.

Bu metoda əsasən sosial idrak cəmiyyətə birdən-birə yaranan obyekt kimi baxmır, onu daim dəyişilmə və təkmilləşməkdə, inkişafda olan proses kimi götürür.

Üçüncü metodun - sosial reallığa substrat (əşya deməkdir) - hadisəvi baxımdan yanaşma metodunun sosial idrakda mühüm rolu aşağıdakı ilə izah edilir. Həm sistemli-struktur təhlil metodu, həm də tarixi-genetik metod bir çox cəhətdən mücərrəd xarakter daşıyır. Onların əsas diqqəti sosial sistemi nəzəri səviyyədə araşdırmağa yönəlir. Halbuki sosial idrakın çox mühüm vəzifəsi real cəmiyyəti öyrənmək, hadisə və proseslərin təfərrüatını izləməkdir. Belə ki, konkret hadisələri öyrənmədən, substrat və funksiyaların qarşılıqlı şərtlənməsini başa düşmədən sosial sistem haqqında hərtərəfli elmi təsəvvür əldə etmək qeyrimümkündür. Bunsuz cəmiyyətin bir mərhələdən digərinə keçməsi mexanizmini anlamaq olmaz. Buradan aydm olur ki, sosial idrakda substrat-hadisəvi metod çox zəruridir.

Sosial reallığın dərk olunmasında substrat yanaşmaya məhəl qoyulmaması nəzəriyyənin daxilən qapalılığına gətirilə çıxarır, onun ifrat məntiqiliyini və metodologizmini şərtləndirir. Nəticədə sosial reallıq haqqında qeyri-tarixi təsəvvür yaranır.

Müasir şəraitdə sosial idrakda humanitar-şəxsiyyət mövqeyindən yanaşmaq metodunun rolu və əhəmiyyəti artmaqdadır. Belə yanaşma öz mahiyyətinə görə təbiət elmləri ilə ictimai elmləri bir-birinə qarşı qoymaq demək deyildir. Məsələ burasındadır ki, hazırda insan problemi və onun gələcək perspektivdəki taleyi ilə bağlı məsələlər çox kəskin şəkildə qarşıda durur. Bu, bir tərəfdən insanın vəziyyətini yaxşılaşdırmaq, onun mahiyyət imkanlarını reallaşdırmaq üçün əlverişli şəraitin yaranması ilə bağlıdır.

Digər tərəfdən isə - indi insanların mənəvi cəhətdən cılızlaşması təhlükəsi özünü göstərir. Müasir elmi-texniki sivilizasiyalılıq şəraiti insanın ümid və həyəcanlarına diqqətin mərkəzləşdirilməsini tələb edir. Texniki və texnoloji sıçrayışlar nəticəsində insan şəxsiyyətinin qiymətdən düşməsinə, gərəksizləşməsinə heç cür yol vermək olmaz. Cəmiyyətin dərk olunmasında humanitar-şəxsiyyət mövqeyindən yanaşma metodunun zəruriliyi bununla bağlıdır. Bu metod belə bir prinsipi əsas götürür ki, ictimai elmlər subyektiv amili, insanı şəxsiyyət kimi, fərdiliyin daşıyıcısı kimi nə dərəcədə nəzərə alır. Bu elmlərin humanitarlıq səviyyəsi məhz həmin meyarla ölçülür.

Sosial idrakın yuxarıda qeyd olunan metodları ayrı-ayrılıqda deyil, bir-birilə sıx vəhdətdə təzahür edir. Sosial idrakın ən mühüm məsələlərindən biri burada həqiqətin özünəməxsusluqlarının açılmasıdır.

Həqiqət haqqında ümumi nəzəri müddəalar sosial həqiqətə də aiddir. Lakin sosial reallığın spesifikliyi, burada həqiqətin bir sıra özünəməxsus cəhətlərini şərtləndirir. Hər şeydən əvvəl ictimai həyatda subyekt ilə obyektin sıx əlaqədə olması üzündən burada həqiqət obyekti ona subyektin fəal təsiri baxımından əks etdirir.

Sosial obyekt insanların fəaliyyəti məhsulu olduğuna görə və özünə subyekti də daxil etdiyinə görə obyektiv həqiqətin məzmunu subyektdən kənar deyildir. Buradan aydın olur ki, sosial idrakda həqiqətin məzmununda obyektiv və subyektiv tərəflər özünəməxsus şəkildə qovuşur. Digər tərəfdən, burada həqiqətin məzmununda obyektiv ilə subyektiv əksliklər kimi çıxış edir. Obyektiv ilə subyektivin qarşılıqh münasibəti konkret ictimai biliklərdə spesifık şəkildə təzahür edir (məs., dildə, psixiki hadisələrdə, hüquqi normalarda və s.).

Sosial idrakda, xüsusən də onun bəzi formalarında obyektiv həqiqətin digər bir xüsusiyyəti -onun konkret-hadisə xarakteri daşımasıdır. Burada fərdi, konkret hadisələr qanunauyğunluğun özünəməxsus nümunəsi kimi çıxış edir. Çünki sosial tarix insan fəaliyyətinə aid hadisələrin bir-birini əvəz etməsindən ibarət prosesdir. Həmin hadisələrin mahiyyətini dərk etmək üçün onların arxasmda gizlənən daxili münasibətləri aşkar etmək tələb olunur. Beləliklə, sosial həqiqətin dialektikası ümuminin, xüsusinin və təkcənin vəhdəti kimi çıxış edir.

Sosial idrakda obyektiv həqiqi biliyin spesifikliyini həm də onun sosial-tarixi şərtlənməsi baxımmdan aşkar etmək olar. Məlumdur ki, biliyin inkişafının və, deməli, obyektiv həqiqətin formalaşmasının əsasını praktika, insanların fəaliyyəti təşkil edir. Sosial idrakda praktikanın bu mühüm rolu sosial-tarixi məna kəsb edir. Ona həm də mövcud sosial struktur sosial qruplarının və etnik birliklərin mənafeləri də müəyyən təsir göstərir. Deməli, buрада biliyin məzmununda ideoloji-dünyagörüşü tərəfi əhəmiyyətli yer tutur. Sosial idrakda obyektiv həqiqətin digər bir xüsusiyyəti onun dinamikliyidir. Burada idrak obyekti hərəkətdə, inkişaf halında öyrənir. Doğrudur, o əsasən obyektin indiki vəziyyətini əks etdirir. Lakin o bununla məhdudlaşmır. Məsələ bundadır ki, sosial obyektin indiki vəziyyəti, oııun keçmişi və gələcəyi ilə sıx bağlıdır. Odur ki, indiki vəziyyəti əks etdirərkən həqiqət həm də keçmişin, indinin və gələcəyin əlaqələrinə aid olur.

Sosial həqiqətin başqa bir xüsusiyyəti burada obyektiv biliyi əldə etməyin çox çətin olması ilə bağlıdır. Belə ki, sosial biliyin inkişafi bir-birinə əks baxışların, nəzəriyyələrin mübarizəsi və yeniləşməsi yolu ilə gedir. Buna görə də nəzərdə tutulmalıdır ki, burada həqiqətin meyarı kimi fərdi təcrübə, birdəfəlik yoxlama aktı deyil, tarixi ölçüdə götürülən ictimai praktika çıxış edir. Lakin praktika sosial həqiqətin nisbi meyarıdır, bu mənada ki, o biliyin yalnız müəyyən şərait üçün həqiqi olduğunu göstərir. Odur ki, burada praktika meyarı bir tərəfdən kifayət qədər həqiqi xarakter daşıyırsa, digər tərəfdən xeyli dərəcədə qeyri-müəyyəndir.

Sosial biliyə dəyərlərlə əlaqə səpkisindən yanaşdıqda burada həqiqət ilə idealın spesifik qarşılıqlı münasibətləri aşkara çıxır. Belə ki, sosial idrak təkcə ictimai reallığı təsvir etmək və izah etməklə məhdudlaşmır. Onun mühüm bir vəzifəsi həm də real mövcud olan ilə normativ, ideal planda olmalı olan arasında əlaqə yaratmaqdır. Bu mənada sosial həqiqət həm də cəmiyyətin ideahnı ifadə etməyə yönəlir. Onun mühüm bir keyfiyyətini sosial ədalətə doрru istiqamətbnməsi təşkil edir.

Sosial həqiqətin səciyyəvi cəhətlərindən biri də onda şərtilik əlamətinin nisbətən güclü olmasıdır. Aydındır ki, şərtilik ünsürlərinin (ideallaşdırma, gerçəkliyin təxmini kobud formada əks etdirilməsi, real həyatdan fərqli modellərdən istifadə olunması və s.) tətbiqi öyrənilən obyekti mütabiq əks etdirməyin spesifık qnoseoloji üsullarıdır. Bu yol ilə insan sosial reallığı dərindən və hərtərəfli əks etdirir, ona inkişaf və dəyişilmədə yanaşa bilir. Qeyd olunmalıdır ki, sosial həyatı öyrənərkən belə idellaşdırma daha çox zəruridir. Bu öyrənilənin son dərəcə mürəkkəb olmasından irəli gəlir. Ideallaşdırma öyrənilən hadisə və prosesləri sadələşmiş şəklə salmağa, onları təsadüflərdən və ikinci dərəcəli əhəmiyyət kəsb edən amillərdən təmizləməyə imkan verir. Beləlikb də onların mahiyyətini və inkişaf istiqamətlərini, meyllərini aşkar etmək asanlaşır. Bununla birlikdə göstərilməlidir ki, sosial idrakda şərti üsulların tətbiqi ziddiyyətli xarakter daşıyır: onlar bir tərəfdən reallığı yaradıcı surətdə, obyektiv-həqiqi əks etdirmək üçün zəruridir, digər tərəfdən isə şərtiliyin rolu cüzi olaraq şişirdildikdə sosial biliyin idraki əhəmiyyəti azalır və heçə enir. Deyilənlər sübut edir ki, sosial həyat son dərəcə mürəkkəb və çoxpilləli xarakterə malik olduğu üçün onun öyrənilməsi də müəyyən çətinliklər yaradır.

Sosial idrakın obyektiv çətinlikləri ilə yanaşı müəyyən subyektiv xarakterli çətinliklər də vardır. Burada idrakın subyekti olan insan müxtəlif ictimai əlaqələrə cəlb olunmuş halda çıxış etsə də, özünün fərdi təcrübəsinə və intellektinə, tələbat və mənafelərinə, dəyərlərinə malikdir. Buradan aydın olur ki, sosial idrakı səciyyələndirərkən, onda şəxsiyyət amilinin mühüm rolu göstərilməlidir.

Sosial həyat, burada gedən proseslər və onların qanunauyğunluqları sosial fəlsəfə tərəfındən öyrənilir. Bu elm ümumi fəlsəfənin ayrılmaz və eyni zamanda spesifik tərkilə hissəsidir.

Qeyd edək ki, sosial anlayışı sözün geniş və məhdud mənasmda işlənilir. Birinci halda o «ictimai» anlayışının sinonimi kimi götürülür. Geniş mənada işləndikdə sosial anlayışı təbiət ilə müqayisədə ictimainin spesifik və fərqli cəhətlərini ifadə edir. Digər tərəfdən geniş mənada yanaşdıqda sosial ayrıca bir fərddən, şəxsiyyətdən fərqliliyi bildirir. Başqa sözlə, o ayrıca bir fərdin individual keyfiyyətlərini deyil, sosial birlik formalarına və bütövlükdə cəmiyyətə aid olan keyfiyyətləri ifadə edir.


Yüklə 273 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin