(**).6. Təbii və texnogen fəlakətlər zamanı yanğınların söndürülməsi taktikası
Təbii və texnogen fəlakətlər zamanı qəza-xilasetmə işlərinin nəticələrinin aradan qaldırılmasında yanğınsöndürənlərin rolu və onların fəaliyyət taktikası mühüm əhəmiyyət kəsb edir. Təbii fövqəladə hadisələrin bir növü də təbii yanğınlardır. Təbii yanğın təbii surətdə meydana gələn və təbii mühitdə yayılan, nəzarət olunmayan yanma prosesidir. Təbii yanğınlar meşə, torf və çöl yanğınlarına bölünür.
Yanğın zonası elə ərazidir ki, onun daxilində hər hansı bir fövqəladə hadisə və ya insanların ehtiyatsızlığı nəticəsində yanğınlar meydana gəlir və yayılır.
Torf yanğını qurudulmuş və ya təbii torf bataqlığının səthi günəş şüaları ilə həddindən artıq qızdıqda və ya insanların odla diqqətsiz davranışı nəticəsində torf bataqlığının yanmasıdır.
Meşə yanğını dedikdə isə meşə sahəsində nəzarət olunmayan yanma başa düşülür. Yanğının yayıldığı meşə sahəsinə açıq meşə boşluqları da (ağaclar kəsilmiş yerlər və s.) daxildir.
Meşə yanğınlarının söndürülməsi üzrə işləri aşağıdakı mərhələlərə bölmək olar: yanğının kəşfiyyatı; lokallaşdırma, yəni yanğının yayılmasının aradan qaldırılması; yanğının aradan qaldırılması, yəni yanma ocaqlarının tamam söndürülməsi; yanğın mənbəyinin keşiyinin çəkilməsi.
Yanğın kəşfiyyatına – onun sərhədlərinin dəqiqləşdirilməsi, sutkanın müxtəlif vaxtlarında onun kənarında və ayrı-ayrı hissələrində yanma növünün və gücünün aşkar edilməsi daxildir. Kəşfiyyatın nəticələrinə görə yanğının kənarının mümkün vəziyyətini, onun xarakterini və yanma gücünü qabaqcadan tələb olunan müddətə proqnozlaşdırırlar.
Yanğının inkişaf proqnozu əsasında yanğını əhatə edən sahələrin təbii xarakterini, həmçinin onun yayılmasına əks təsir göstərən çayları, dərələri, yolları və s. nəzərə almaqla yanğının dayandırılması planını tərtib edirlər.
Yanğının lokallaşdırılması ən çətin və çox zəhmət tələb edən işdir. Bir qayda olaraq, meşə yanğınının lokallaşdırılmasını iki mərhələdə aparırlar. Birinci mərhələ − onun yanan kənarına bilavasitə təsir etməklə yanğının yayılmasını dayandırmaq, ikinci mərhələdə isə onun yenidən başlanmasının mümkünlüyünü nəzərə alaraq maneə zolaqları və kanalları çəkir, yanğının periferiya hissələrində işləyirlər. Yalnız o yanğınlar lokallaşmış hesab edilir ki, onların ətrafında maneə zolaqları çəkilmiş olsun.
Yanğının tam söndürülməsi onu lokallaşdırdıqdan sonra yanğının baş verdiyi sahədə qalmış yanma ocaqlarının aradan qaldırılmasından ibarətdir. Yanğın yerinin keşiyinin çəkilməsi onun yayılmasının, yenidən başlanmasının qarşısını almaq məqsədilə yanğının keçdiyi sahənin və xüsusən də yanğının kənarının fasiləsiz və ya periodik yoxlanmasından ibarətdir. Yanğın yerinin keşiyinin çəkilməsini lokallaşma zolağı üzrə sistematik yoxlamalar yolu ilə həyata keçirirlər. Davamiyyət müddətini hava şəraitindən asılı olaraq müəyyən edirlər.
Dostları ilə paylaş: |