Üçüncü fəsil: Əmirəlmöminin Əli ibn Əbu Talib (ə)
Əmirəlmömininin (ə) həyatı müxtəlif şəraitlərdə və müxtəlif cəhətlərdən bütün nəsillər üçün əbədi və unudulmaz bir dərsdir; istər fərdi işlərdə, istər ibadətdə, münacatda, istər zahidliyində, istər daim Allahı yada salmaqda, istər nəfslə, şeytanla və müxtəlif maddi istəklərlə mübarizədə. Əmirəlmömininin (ə) bu cümlələri bəşər aləmində hələ də rezonans doğurmaqdadır: "Ey dünya! Məndən qeyrisini aldat!"1 Ey dünya bəzəkləri, ey cazibədar gözəlliklər, ən güclü insanları da tələyə salan istəklər, gedin Əlidən (ə) qeyrisini aldadın. Əli (ə) bundan daha böyük, daha uca və daha güclüdür. Ayıq insanların hər biri Əmirəlmömininin (ə) həyatının bütün anlarından – Allahla əlaqəsindən və mənəviyyatından unudulmaz dərslər öyrənirlər.
Əlinin (ə) cihadı haqq və ədaləti bərqərar etmək, ucaltmaq üçün idi. Əziz Peyğəmbər (s) elçilik missiyasını üzərinə götürdüyü ilk saatlardan öz kənarında hələ yeniyetmə çağını yaşayan mübariz, mücahid, mömin və fədakar bir insan gördü. O, Əli (ə) idi. Peyğəmbərin (s) səmərəli ömrünün son saatlarına qədər İslam quruluşu yaratmaq və onu qorumaq uğrunda mübarizə əzmi bir an da onu rahat buraxmadı. Nə qədər mübarizə apardı, təhlükələrə dözdü, haqq və ədaləti bərqərar etmək üçün yorulmadan çalışdı. Heç kəs meydanda qalmayanda o qalır, heç kəs səhnəyə qədəm qoymayanda o qoyur, çətinliklər nəhəng dağ kimi Allah yolunun mübariz və mücahidlərinə ağırlıq edəndə onun möhkəm qaməti digərlərini ürəkləndirirdi. Onun üçün həyatın mənası Allahın bəxş etdiyi fiziki, psixoloji imkanlardan, iradədən və malik olduğu hər bir şeydən haqq sözünün ucalması üçün istifadə etmək, haqqı yaşatmaq idi. Əlinin (ə) iradəsi, qolu və cihadı ilə haqq yaşadı.
Ağıllı insanlar üçün dəyərli olan haqq, ədalət, insaniyyət və bu kimi məfhumların bu gün dünyada yaşaması, günbəgün güclənməsi və möhkəmlənməsi bu mübarizə və fədakarlıqlara görədir. Əgər bəşər tarixində çox nadir olan Əli ibn Əbu Talib (ə) kimilər olmasaydılar, bu gün insani dəyərlər mövcud olmazdı, bu sözlər bəşəriyyətə gözəl görünməzdi, bəşərin uca amal, məqsəd, mədəniyyət və sivilizasiyası olmazdı, bəşəriyyət vəhşi və yırtıcı bir heyvana çevrilərdi. Uca amalların qorunmasına görə bəşəriyyət Əmirəlmömininə (ə) və onun kimi uca insanlara borcludur. O mübarizələrin nəticəsi budur.
Əmirəlmömininin (ə) həyatının başqa bir cəhəti hakimiyyət sahəsindədir. Bu böyük və müdrik insan nəhayət hakimiyyət kürsüsündə oturduğu qısa dövrdə elə işlər gördü ki, tarixçi, yazıçı və sənətkarlar illərlə yazsalar, sənət əsərlərinə köçürsələr də, az demiş və az təsvir etmiş olarlar. Əmirəlmömininin (ə) hakimiyyəti dövründəki həyat tərzi də başqa bir aləmdir. Əli (ə) ümumiyyətlə hakimiyyətin mənasını dəyişdirdi.
O, ilahi hakimiyyətin, Quran ayələrinin, "Kafirlərə qarşı sərt, bir-birinə isə mərhəmətli"1 ayəsinin və mütləq ədalətin təcəssümü idi. O, yoxsulları özünə yaxınlaşdırır, zəiflərə qayğı göstərirdi.2 Pulla, zorla və digər amillərlə haqsız olaraq özünü böyük göstərənlər Əlinin (ə) nəzərində yerlə-yeksan idilər. Ona görə dəyərli xüsusiyyətlər iman, təqva, ixlas və insaniyyət idi. Əmirəlmöminin (ə) bu dəyərli əsaslarla beş ildən az hakimiyyətdə oldu. Əsrlərdir Əli (ə) haqda yazırlar, amma yenə az yazmış, düzgün təsvir edə bilməmiş, ən yaxşıları öz acizliklərini və qüsurlarını etiraf etmişlər. (1991)
Onun ən böyük xüsusiyyəti təqvadır. Nəhcül-bəlağə təqva kitabıdır. Onun yolu, həyatı təqva yoludur. (1999) "İnsanların eləsi də vardır ki, Allahın razılığını qazanmaq yolunda öz canını fəda edər"3 ayəsi Əmirəlmömininin (ə) haqda nazil olmuşdur, təvili Əli ibn Əbu Talibdir. Ayə deyir ki, insanlar arasında əvəzsiz və ən əziz sərmayə olan canlarını Allahın razılığından ötrü bütövlüklə qurban verənlər var. Məqsədləri yalnız Allahın razılığıdır. Onlar can və həyatlarını heç bir dünyəvi məqsəd və şəxsi maraq üçün yox, yalnız və yalnız Allahın razılığını qazanmaq üçün qurban verirlər. Allah da belə bir fədakarlığın qarşısında şübhəsiz ki, layiqli cavabı əsirgəmir: "Allah öz bəndələrinə qarşı çox mehribandır". Bunun kamil nümunəsi Əmirəlmöminin Əli ibn Əbu Talibdir (ə). Mən bu cəhət haqda danışacağam.
Siz Əmirəlmömininin (ə) tarixinə baxın. Uşaqlıqdan - doqquz, yaxud on üç yaşında əziz Peyğəmbərə (s) iman gətirdiyi, ayıq şəkildə həqiqəti tanıdığı, ona etiqad bəslədiyi andan ramazan ayının 19-da ibadət mehrabında canını Allah yolunda fəda etdiyi, razılıqla, sevinc və həvəslə Allahın görüşünə getdiyi ana qədər sürən təxminən 50-53 ildə onun həyatında daim davam edən bir xətt var. Bu xətt fədakarlıq xəttidir. Əmirəlmömininin (ə) ömrünün bu 53 ilində əvvəldən sona qədər fədakarlıq əlamətlərini görürsünüz. Bu bizim üçün həqiqətən dərsdir. Əlidən (ə) danışan, Əlini (ə) sevən və dünyada Əli ibn Əbu Talibi (ə) sevməklə tanınan bizlər ondan dərs götürməliyik. Yalnız Əlini (ə) sevmək, yalnız Əliyə (ə) dəyər tanımaq kifayət etmir. Qəlblərində Əli ibn Əbu Talibin (ə) dəyər və fəzilətlərini etiraf edən, Əlini (ə) məsum və pak insan kimi bizdən də artıq sevən, amma rəftarları ayrı cür olan insanlar olmuşdur. Çünki onlar bu xüsusiyyətlərə - belə fədakarlıq, mənəmlikdən uzaq durmaq, özü üçün çalışmamaq xüsusiyyətlərinə malik olmamış, hələ "öz" hasarlarında ilişib-qalmışdılar. Əlinin (ə) üstünlüyü "öz"də qalmamasıı idi. Onun üçün eqonun əhəmiyyəti yox idi, önəmli olan vəzifə, məqsəd, Allah yolunda mübarizə və Allah idi.
Əmirəlmömininin (ə) uşaq çağında Peyğəmbərə (s) iman gətirməsi Məkkə şəhərində məsxərə və əziyyətlərlə qarşılandı. Məkkə əhalisi mədəni və nəzakətli insanlar deyildilər, kobud, dalaşqan, xırda bir şey üstündə vuruşan, öz batil inamlarına qatı təəssübkeş insanlar idilər. Belə bir cəmiyyətdə böyük bir insan tərəfindən onun hər şeyini - etiqadlarını, adət-ənənələrini sual altına salan söz deyilir. Təbii ki, hamı ona qarşı çıxar, müxtəlif təbəqələr ona müxalif olarlar. Belə də oldu: əhali Peyğəmbərə (s) qarşı çıxdı. Belə bir insanı və belə bir sözü bütün vücudu ilə müdafiə etmək və ona qoşulmaq isə fədakarlıq tələb edirdi. Bu, Əmirəlmömininin (ə) birinci fədakarlığı idi.
Əli ibn Əbu Talib (ə) on üç il ən çətin zamanlarda Peyğəmbərin (s) yanında oldu. Düzdür, əziz Peyğəmbərin (s) mühacirəti çarəsizlikdən, Qüreyşin və Məkkə əhalisinin zülmündən baş verdi, amma işıqlı gələcəyi müjdələyirdi. Hamı bilirdi ki, bu mühacirət uğur və qələbələrə girişdir. Sanki bir hərəkat çətin dövrdən asanlıq və azadlıq dövrünə keçir. Adətən hamının tələsdiyi, ictimai məqam və postlara yiyələnməyə can atdığı məqamda Əmirəlmöminin (ə) zülmət və qaranlıq gecədə Peyğəmbərin (s) yatağında yatmağa razı oldu. Peyğəmbər (s) bu üsulla evdən və şəhərdən çıxa bilərdi. Həmin gecə bu yataqda yatanın öldürülməsi təxminən qəti və qaçılmaz idi. Biz indi bilirik ki, Əli (ə) həmin hadisədə şəhid olmadı, amma onlar bilmirdilər, gecənin qaranlığında müəyyən bir yerdə bir nəfər mütləq öldürülməli idi. Təhlükədən uzaqlaşması üçün kimsə onun yerində yatmalı idi ki, casuslar orada olduğunu zənn etsinlər. Kim buna razıdır? Əmirəlmömininin (ə) bu fədakarlığının özü fövqəladə əhəmiyyətə malikdir. Amma bu fədakarlığın zamanı onun əhəmiyyətini bir qədər də artırır. Bu, məşəqqətli dövrün bitdiyi, hakimiyyətin və rahatlığın başlandığı, Yəsrib əhalisinin iman gətirərək Peyğəmbəri (s) gözlədiyi zaman baş verir. Bunu hamı bilir. Əmirəlmöminin (ə) belə bir anda bu fədakarlığı edir. Belə böyük işi görmək üçün bu insanda heç bir şəxsi maraq olmamalıdır.
Sonra Mədinəyə daxil olurlar, Peyğəmbərin (s) yeni hökumətinin müharibələri və gecə-gündüz mübarizələri başlayır. Belə bir hökumətin xüsusiyyəti budur: daim müharibə var. Peyğəmbərin (s) həyatının bu on ili hətta Bədr döyüşündən öncədən döyüşlə keçmişdir. Əziz Peyğəmbər (s) bu on il ərzində müxtəlif kafir qəbilələri ilə onlarla müharibə aparmışdır. Bütün bu dövrdə Əmirəlmöminin (ə) Peyğəmbərin (s) fədaisi və ən öndə gedən sərkərdəsi kimi fəaliyyət göstərir, bu təhlükəli döyüşlərin hamısında iştirak edir. Tarixdən əlavə, Əmirəlmömininin (ə) özü də söyləyir ki, mən qəhrəman sərkərdələrin qorxduğu, geri çəkilməyə məcbur olduğu yerlərdə Peyğəmbərin (s) kənarında qaldım və canımı ona sipər etdim.1 Əmirəlmöminin (ə) ən ağır mərhələlərdə möhkəm dayandı. Onun üçün təhlükə heç bir əhəmiyyət kəsb etmirdi. Bəzi adamlar düşünürlər ki, sonradan İslama faydamız toxunsun deyə canımızı qorumalıyıq. Əmirəlmöminin (ə) heç zaman özünü belə bəhanələrlə aldatmadı, onun uca qəlbi aldanan deyildi. Əmirəlmöminin (ə) bütün təhlükəli yerlərdə ön sırada dururdu.
Sükut və əməkdaşlıq dövrü
Məncə, əziz Peyğəmbərin (s) vəfatından sonra yaşadığı otuz il Əmirəlmömininin (ə) həyatının ən ağır dövrü olmuşdur. Böyük və əziz Peyğəmbərin (s) sayəsində mübarizə apardıqları, cihad etdikləri zaman şirin və yaxşı günlər idi. Acı günlər Peyğəmbərin (s) vəfatından sonra başladı. Bu dövrdə bəzən fitnə buludları üfüqü o qədər qaraldırdı ki, düzgün addım atmaq istəyənlər bir addım da irəliləyə bilmirdilər. Əmirəlmöminin (ə) belə bir şəraitdə fədakarlığın ən böyük imtahanını verdi.
Əvvəla, Peyğəmbərin (s) vəfatı zamanı Əmirəlmöminin (ə) vəzifəsini yerinə yetirməklə məşğul idi. Deyə bilmərik ki, o, İslam dünyasında hakimiyyətin taleyini həll edəcək bir toplantının keçirildiyini, yaxud bunun mümkünlüyünü bilmirdi. Əmirəlmömininin (ə) problemi bu deyildi, onun üçün özü əhəmiyyət kəsb etmirdi. Xilafət məsələsi həll olunandan, xalq Əbu Bəkrlə beyət edəndən və hər şey bitəndən sonra Əmirəlmöminin (ə) kənara çəkildi. Bu zaman ondan hakimiyyətə qarşı bir cümlə, yaxud söz eşidilmədi. İlk günlərdə haqq bildiyini və həyata keçməli olanı reallaşdırmağa çalışırdı, sonra isə xalqın beyət etidiyini, məsələnin bitdiyini və Əbu Bəkrin müsəlmanların xəlifəsi olduğunu görəndə narazı olsa da, İslam tarixində hakimiyyət üçün heç bir zərərin, təhlükə və təhdidin olmadığı bir insan kimi tanınır. Əmirəlmöminin (ə) çox sürməyən, bəlkə də bir neçə aya qədər davam edən birinci dönəm bitəndə deyirdi: "Bilirsiniz ki, mən xəlifəliyə başqalarından daha layiqəm". Deyirdi ki, bunu özünüz də bilirsiniz, amma Allaha and olsun, müsəlmanların işlərinin sağlam şəkildə getdiyini bilincə, kiminsə zülmə məruz qalmadığını görüncə əlimi əlimin üzərinə qoyub təslim olacağam. Yəni nə qədər ki, xalqa zülm olunmur və yalnız mənim haqqım tapdanır, heç kimlə işim olmayacaq, heç bir etiraz etməyəcəyəm.1
Qısa müddətdən, bəlkə də bir neçə aydan sonra bəzi qruplar dindən çıxmağa başladılar. Bu işdə müəyyən qüvvələrin də rolu ola bilərdi. Bəzi ərəb qəbilələri Peyğəmbərin (s), İslam rəhbərinin olmadığını duyub etiraz etmək və vuruşmaq üçün bir bəhanə axtardılar, bəlkə də münafiqlər onları buna təhrik edirdilər. Hər halda, dindənçıxma tendensiyası və bunun ardınca uyğun döyüşlər başlandı. Vəziyyət belə olanda Əmirəlmöminin (ə) gördü ki, kənarda oturmaq zamanı deyil, hakimiyyəti müdafiə etmək lazımdır. Buyurur ki, xilafət məsələsi həll olunanda və Əbu Bəkr müsəlmanların xəlifəsi seçiləndə çəkilib kənarda oturdum, sonradan xalqın bir qisminin İslamdan çıxaraq onu məhv etmək istədiyini görəndə isə işə qarışdım.2 Əmirəlmöminin (ə) fəal şəkildə proseslərə qatıldı və bütün mühüm ictimai məsələlərdə iştirak etdi.
Onun özü üç xəlifənin 25 illik xilafəti dövründəki iştirakını vəzirlik adlandırır. Osmanın qətlindən sonra Əmirəlmöminini (ə) xəlifə seçmək istəyəndə buyurdu ki, mən əmir olmaqdansa, keçmişdəki kimi vəzir olsam yaxşıdır; icazə verin vəzir olum.3 O burada özünün 25 illik mövqeyini vəzirlik adlandırır. Yəni cəmiyyətin idarəsində daim məqsədlərin xidmətində durur, xəlifələrə kömək edirdi. Bu da olduqca böyük fədakarlıqdır. İnsan Əmirəlmömininin (ə) necə fədakarlıq göstərdiyini düşünəndə həqiqətən dəhşətə gəlir.
Bu 25 il ərzində qiyam, çevriliş, dəstə toplamaq və hakimiyyətə gəlmək haqda düşünmədi. Belə şeylər insanların beyninə gəlir. Əziz Peyğəmbər (s) dünyadan köçəndə Əlinin (ə) təxminən 30-32 yaşı vardı. Sonralar da gənclik, fiziki qüvvə və fəallıq dövrünü yaşayırdı. Xalq arasında hörməti, dərin düşüncəsi, çoxlu elmi və bir insan üçün mümkün olan bütün müsbət cəhətlər onda yüksək həddə mövcud idi. O, bir iş görmək istəsəydi, mütləq bacarardı. Bu 25 ildə Əmirəlmöminin (ə) başda xəlifələrin durduğu İslam quruluşunun ümumi məqsədlərinə xidmətdən başqa bir hərəkət etmədi və onlardan da heç bir narazılıq görünmədi. Həm də bu dövrdə çox böyük hadisələr baş verdi. Mən indi tarixi hadisələrin izahına keçmək istəmirəm.
İkinci xəlifənin vəfatından sonra Əmirəlmöminini (ə) altınəfərlik şuraya dəvət etdilər. İmam ona qoşuldu, küsüb demədi ki, bunlar mənim tayım deyillər, Təlhə, Zübeyr, Əbdürrəhman ibn Övf və Osman hara, mən hara. Ömərin vəsiyyətinə əsasən, öz aralarından bir nəfəri xəlifə seçmək üçün altınəfərlik şura təşkil olundu. Bu altı nəfərin arasından xəlifəlik üçün hamıdan çox şansı vardı. Əbdürrəhman ibn Övfün səsi təyinedici idi. Əmirəlmömininin (ə) iki səsi vardı: özü və Zübeyr. Osmanın da iki səsi vardı: özü və Təlhə. Əbdürrəhman ibn Övfün də iki səsi vardı: özü və Səd ibn Əbi Vəqqas. Odur ki, Əbdürrəhman ibn Övfün seçimi təyinedici idi. Əli (ə) ilə beyət etsəydi, xəlifə o olacaqdı, Osmanla beyət etsəydi Osman. Əvvəlcə Əmirəlmömininə (ə) təklif etdi ki, Allahın kitabı, Peyğəmbərin (s) sünnəsi və öncəki iki xəlifənin yolu ilə hərəkət etsin. İmam buyurdu ki, mən Allahın kitabını və Peyğəmbərin (s) sünnəsini qəbul edirəm, iki xəlifənin yolu ilə isə işim yoxdur, onların ictihadına deyil, öz ictihadıma əməl edəcəyəm. O, doğru və haqq bildiyindən azca güzəştə getməklə hakimiyyətə gələ bilərdi. Amma bir an da bu haqda düşünmədi və hakimiyyəti əldən verdi. Burada da fədakarlıq etdi, özünü əsla nəzərə almadı və xeyrindən keçdi.
Osmanın onikiillik hakimiyyətinin sonlarında etirazlar artdı, çoxları ona müxalif oldu. Misirdən, İraqdan, Bəsrədən və digər yerlərdən Mədinəyə toplaşıb böyük bir izdiham yaratdılar, Osmanın evini mühasirəyə alıb həyatını təhdid etdilər. Bu zaman Əmirəlmömininin (ə) yerində olan nə edərdi? Özünü xilafət haqqına sahib bilən, 25 ildir öz hüququndan məhrum edilən, indiki hakimin əməllərinə də etirazı olan bir şəxs indi xəlifənin evinin mühasirəyə alındığını görür. Adi adamlar, hətta böyük şəxsiyyətlər burada nə edərlər? Təlhənin, Zübeyrin, Aişənin və bu hadisədə hər hansı formada əli olan digər şəxslərin gördüyü işi görərlər. Osmanın qətli İslam tarixinin çox mühüm hadisələrindən biridir. Nəhcül-bəlağəyə, İslam tarixinə və ədəbiyyatına baxanda Osmanın qətlinə səbəb olanların və onu öldürənlərin kimliyi tamamilə aydın olur. Sonralar Osmanla dostluq iddiasını şüar seçənlər arxadan xəncər vurdular və gizlicə təhrik etdilər. Əmr Asdan soruşdular ki, Osmanı kim öldürdü? Bir səhabənin adını çəkib dedi ki, filankəs xəncərini düzəltdi, filankəs itilədi, filankəs zəhərə buladı, başqa birisi də zərbəni endirdi. Həqiqət də budur.
Əmirəlmöminin (ə) bu hadisədə tam ixlasla dini vəzifəsinə əməl etdi. İki dəyərli gövhər və Peyğəmbərin (s) iki yadigarı olan Həsən və Hüseyni (ə) Osmanı müdafiə etmək üçün onun evinə göndərdi. Müxaliflər Osmanın evinin ətrafını sarıb içəriyə su buraxmırdılar. Əmirəlmöminin (ə) Osmana su və yemək göndərdi. Osmana qəzəblənənlərlə dəfələrlə söhbət edib onları sakitləşdirməyə çalışdı. Onlar Osmanı öldürəndə Əmirəlmöminin (ə) qəzəbləndi.
Burada da bütün insanların malik olduğu mənəm-mənəmlik, eqoistlik və şəxsi hisslər Əlidə (ə) əsla müşahidə olunmur. Osman öldürüləndə Əli (ə) hörmətli bir şəxsiyyət və xilaskar insan kimi meydana çıxıb deyə bilərdi ki, ey camaat, daha qurtuldunuz, xilas oldunuz. Xalq da onu sevərdi. O isə belə etmədi. Osmanın qətlindən sonra Əmirəlmöminin (ə) hakimiyyətə can atmadı. Bu ruh nə qədər böyükdür: "Məni buraxın və başqasına müraciət edin"1. Deyirdi ki, başqasını xəlifə seçsəniz, mən onun kənarında vəzir – yardımçı və məsləhətçi olaram. İmam bu sözləri həmin gün buyurdu, xalq isə qəbul etmədi və Əlidən (ə) başqa bir şəxsi hakim seçə bilməzdi.
Xilafət dövrü
Bütün müsəlman aləmi Əmirəlmömininlə (ə) beyət etdi. O zamana qədər heç bir beyət belə ümumi olmamışdı. Yalnız Şam onunla beyət etmədi. Bütün İslam aləmi, böyük şəxsiyyətlər və səhabələr beyət etdilər. On nəfərdən az olan kiçik bir qrup qaldı. Əmirəlmöminin (ə) onları bir məscidə toplayıb bir-bir beyət etməmələrinin səbəbini soruşdu. Abdullah ibn Ömər, Səd ibn Əbi Vəqqas da onların arasında idi. Hər biri bir səbəb göstərib danışdılar. Bəziləri sonra beyət etdilər, bəziləri isə etmədilər. İmamın bu bir neçə nəfərlə işi olmadı. Amma Təlhə, Zübeyr kimi digər görkəmli şəxslərin hamısı onunla beyət etdilər. Beyətdən qabaq imam onlara buyurdu ki, sizin israrınızı qəbul edib xəlifə oluramsa, tanınmış şəxsiyyətləri, qədim simaları və adlı-sanlı adamları nəzərə alacağımı düşünməyin; elə bilməyin ki, mən ona-buna tabe olacaq, təqlidçilik edəcək və digərlərinin üsulu ilə işləyəcəyəm. Əsla belə olmayacaq. Mən sizi İslamdan anladığım və təyin etdiyim şəkildə idarə edəcəyəm.1 O, bu sözləri deyəndən sonra xilafəti qəbul etdi. Əmirəlmöminin (ə) müxtəlif məsələləri nəzərə alıb güzəştə gedə və onların könlünü ala bilərdi. Amma burada da İslam prinsipləri və dəyərləri üzərində qətiyyətlə dayandı. Belə ki, qarşısında o qədər düşmən meydana çıxdı və Əli (ə) bir cəbhədə qızıl, güc və hiylə tərənnümləri ilə, bir cəbhədə mötəbər və məşhur şəxsiyyətlərlə, başqa bir cəbhədə isə zahirən abid, əslində isə İslamın həqiqətindən, ruhundan, İslam təlimlərindən və Əmirəlmöminininin (ə) məqamından xəbəri olamayan radikal və daşürəkli təkfirçilərlə üzləşməli oldu.
Əmirəlmöminin (ə) üç düşərgədə ayrı-ayrı şəkildə Nakisin (əhdi pozanlar), Qasitin (zülmkarlar) və Mariqin (dindən çıxanlar, yaxud yolunu azmışlar) qrupları ilə vuruşdu. Bu hadisələrin hər biri onun Allaha güvənməsini, fədakarlığını və xudpəsəndlikdən kənar ruhunu göstərir. O, nəhayət bu yolda şəhadətə qovuşdu. O həzrət haqqında demişlər ki, ədaləti onu qanına qəltan elədi. Əgər Əli (ə) ədaləti kənara qoyub başqa məsələləri nəzərə alsaydı, öz məqamını və şəxsiyyətini İslam dünyasının maraqlarından üstün tutsaydı, ən uğurlu və qüdrətli xəlifə olardı, heç kim onunla düşmənlik də etməzdi. Lakin Əmirəlmöminin (ə) haqq və batilin meyarıdır. Məhz buna görə kim həzrət Əlinin (ə) ardıcılıdırsa, onu qəbul edirsə, onun kimi rəftar etmək istəyirsə, haqq və kim Əlini (ə) qəbul etmirsə, batildir. Məhz buna görə Əmirəlmöminin (ə) şəxsi maraqlarının və eqosunun ən kiçik müdaxiləsi belə olmadan seçdiyi yolla hərəkət etmişdir. Əmirəlmöminin (ə) belə bir şəxsiyyətdir. Buna görə də, həqiqətən haqqın meyarıdır. Əmirəlmömininin (ə) həyatı budur: "İnsanların eləsi də vardır ki, Allahın razılığını qazanmaq yolunda öz canını fəda edər"1. Əli (ə) canını yalnız şəhadəti zamanı və ölüm anında qurban vermədi, bütün ömrü boyu həmişə öz canını Allah yolunda fəda etdi. (1989)
Əmirəlmöminin (ə) bu müddətdə göstərdi ki, İslamın təcrid olunduğu və İslam cəmiyyətinin kiçik olduğu dövrdə yaranmış İslam prinsipləri və İslam dəyərləri cəmiyyətin rifah, inkişaf, iqtidar və maddi təminat dövründə də icra oluna bilər. Bu, olduqca əhəmiyyətli məsələdir. İslam prinsipləri, İslam ədaləti, insansevərlik, cihad, İslam quruculuğu, İslamın əxlaq və dəyərləri Peyğəmbərin (s) dövründə ilahi vəhylə nazil oldu və onun tərəfindən İslam cəmiyyətində mümkün həddə həyata keçirildi. Amma Peyğəmbər (s) dövrünün İslam cəmiyyəti on ilə qədər yalnız Mədinə ilə məhdudlaşırdı, bir neçə min nəfər əhalisi olan kiçik bir şəhərdən ibarət idi. Sonradan Məkkə və Taifi fəth edəndə də çox məhdud sərvəti olan, kütləvi yoxsulluğun və çox az imkanların mövcud olduğu məhdud bir bölgə idi. Belə bir şəraitdə İslam dəyərlərinin əsası qoyuldu.
Peyğəmbərin (s) dünyadan köçdüyü zamandan 25 il ötmüşdür. Bu 25 ildə İslam ölkəsinin əhatəsi yüzlərlə dəfə artmışdır, iki dəfə, üç dəfə, on dəfə yox. İmam Əli (ə) hakimiyyətə gələndə Orta Asiyadan Şimali Afrikaya, yəni Misirə qədər geniş ərazi İslam hökumətinə tabe idi. Əvvəldə İslam dövlətinin iki böyük qonşu imperiyası olan İran və Romadan biri tamamilə devrilmişdi. O zaman İran hökuməti devrilmiş və bütün İran torpaqları İslamın ixtiyarına keçmişdi. Rum torpaqlarının əsas hissəsi - Şam, Fələstin, Mosul və digər yerlər də İslam dövlətinə tabe idi. İslam dünyası belə bir geniş sahəni əhatə edirdi, çoxlu sərvət əldə edilmişdi, daha yoxsulluq, çatışmazlıq və qəhətlik yox idi; qızıl geniş yayılmış, pul çoxalmış, sərvətlər artmış, İslam ölkəsi varlanmışdı, çoxları həddən artıq rifah içərisində yaşayırdılar. Əgər Əli (ə) olmasaydı, tarix belə nəticə çıxarardı ki, İslam prinsipləri və Peyğəmbər dəyərləri yaxşı idi, amma Mədinə dövrünə, İslam cəmiyyətinin kiçik və yoxsul olduğu zamana aiddir. İslam cəmiyyəti böyüyəndən, müxtəlif sivilizasiyalarla qarışandan, İran və Romadan mədəniyyət və sivilizasiya nümunələri cəmiyyətə daxil olandan və müxtəlif xalqlar İslam dünyasına qatılandan sonra daha həmin prinsiplər ölkəni idarə edə bilməz. Əmirəlmöminin (ə) bu beş ildə öz əməli, rəftarı və hakimiyyət tərzi ilə göstərdi ki, erkən peyğəmbərlik çağının bu parlaq prinsipləri – tövhid, ədalət, insaf, bərabərlik Əmirəlmöminin (ə) kimi qüdrətli bir xəlifə tərəfindən də icra oluna bilər. Bu, tarixdə qalmış bir şeydir. Əmirəlmöminindən (ə) sonra bu üsul davam etməsə də, o göstərdi ki, İslam hakimi, cəmiyyətin müsəlman başçıları istəsələr və iradə nümayiş etdirsələr, həmin prinsipləri İslam hökumətinin, İslam coğrafiyasının genişləndiyi, müxtəlif və yeni həyat şəraitinin yarandığı dövrdə də icra edə və xalqa fayda yetirə bilərlər. Bəllidir ki, ictimai ədaləti Mədinənin 10-15 min nəfərlik bir cəmiyyətində bərqərar etmək hara, Əmirəlmömininin (ə) dövründəki onmilyonluq və yüzmilyonluq bir cəmiyyətdə bərqərar etmək hara! Əmirəlmöminin (ə) bu işləri gördü.
Mən Əmirəlmömininin (ə) öz sözlərində əks olunan bir neçə işini burada deyəcəyəm. Onun həyatında minlərlə belə nümunə var. Xalq gəlib israrla beyət etmək istəyir, o isə qəbul etmirdi. Xalqın israrı çoxaldı, böyüklər, kiçiklər, başçılar və qədim səhabələr dedilər ki, yox, yalnız Əli ibn Əbu Talib (ə) olmalıdır və qeyrisi mümkün deyil. Onlar gəlib israrla imamı apardılar. Buyurdu ki, onda məscidə gedək. Əmirəlmöminin (ə) minbər üzərində xütbə oxudu və öz sözünü dedi. Buyurdu ki, bu gün görkəmli və möhtərəm şəxslərin haqsız olaraq sahib olduğu malları beytülmala - ümumi xəzinəyə qaytaracağam. Bu bir neçə ildə bəzi şəxslər beytülmaldan bəzi pulları mənimsəyə bilmişdilər. Buyurdu ki, mən bunların hamısını qaytaracağam; əgər bu malları qadınlarınıza mehr etmiş, yaxud onunla özünüzə kəniz almış olsanız belə, hamısını beytülmala qaytaracağam.1 Hamı bilsin ki, mənim yolum budur.
Bir neçə gündən sonra müxalifətlər başlandı. Cəmiyyətin aztəminatlı və məhrum təbəqəsi belə bir cəmiyyəti Allahdan arzu edir, lakin nüfuzlular və bu sözün əsas müraciət tərəfləri təbii ki, narazı qaldılar. Oturub iclas keçirdilər, dedilər ki, Əli (ə) nə üçün belə etmək istəyir. Osmanın dövründə Kufənin valisi olmuş Vəlid ibn Üqbə onların tərəfindən Əmirəlmömininin (ə) yanına gəlib dedi ki, ey Əli, səninlə beyətimizin şərti var. Şərtimiz budur ki, əldə etdiyimiz pullara toxunmayasan, səndən qabaq qazandıqlarımızla işin olmasın.2 Vəliddən sonra Təlhə və Zübeyr gəldi. Vəlid ibn Üqbə Təlhə və Zübeyrdən fərqlidir. Vəlid yeni müsəlman olanlardandır, ailəsi İslamın və inqilabın düşməni olmuş, İslamla vuruşmuşdu. Peyğəmbərin (s) ömrünün sonlarında İslam qələbə çalanda Bəni-Üməyyənin digər üzvləri kimi o da müsəlman oldu. Təlhə və Zübeyr isə qədimdən müsəlman olanlardan, Peyğəmbərin (s) yaxın səhabələrindən idilər. Buna baxmayaraq, onlar da Əlinin (ə) yanına gəlib şikayət etdilər. Dedilər ki, sən beytülmalın bölgüsündə bizi başqaları ilə bir tutursan, bizə də bizə tay olmayanlar qədər təqaüd verirsən. Bu nə deməkdir? Nə üçün bizə xüsusi imtiyaz vermirsən? Bunlar bizim xəncərimizlə əldə olunub, İslamı qalib edən, zəhmət çəkən biz idik, indi isə bizi yeni müsəlmanlarla və fəth olunmuş ərazilərdən gələn qeyri-ərəblərlə bir tutursan?!1
Əmirəlmömininin (ə) Vəlid ibn Üqbəyə cavabını görməmişəm, tarixdə qeyd olunmayıb, amma digərlərinə verdiyi cavab bəllidir. Həzrət minbər üzərindən sərt cavab verdi. Beytülmalın bərabər bölgüsünə dair buyurdu ki, bu üsulun əsasını mən qoymamışam. Mən və siz Peyğəmbərin (s) belə etdiyini görmüşük.2 Mən yeni bir iş görmürəm, Peyğəmbərin (s) işini davam etdirirəm, cəmiyyətdə həmin dəyərləri, etiqad və əməl prinsiplərini bərqərar etmək istəyirəm. Əli (ə) bunu etdi və bədəlini də ödədi.
Bu işin bədəli üç müharibə idi və Əmirəlmöminin (ə) bundan qorxmadı. Təbii ki, o, xilafəti öz haqqı bilirdi, amma Peyğəmbərin (s) vəfatından sonra bu haqqı uğrunda 25 il heç bir iş görmədi, kimsə danışmaq istəyəndə də sakitləşdirirdi. Əmirəlmöminin (ə) 25 il bu mövzuda sükut etdi. Amma zahirən ondan əhəmiyyəti ondan az görünən bir məsələ - yəni ictimai ədalət, Peyğəmbər (s) prinsiplərinin dirçəldilməsi və Peyğəmbərin (s) yaratdığı möhkəm İslam cəmiyyəti qurmaq naminə üç müharibəyə getdi: Cəməl, Siffeyn və Nəhrəvan döyüşləri. Görün Əmirəlmömininə (ə) görə bu iş nə qədər əhəmiyyətli olmuşdur. Əmirəlmömininin (ə) böyük işi budur. Onun bu barədə başqa bir cümləsi var. Bizim Əli (ə) təlimləri ilə bir qədər tanış olmağımız pis olmaz. O buyurur ki, kimsə mömindirsə, Allah yolunda mübarizdirsə, çoxlu zəhmətlər çəkmiş, cəbhədə olmuş və böyük işlər görmüşdürsə, onun hüququna riayət etmək vacibdir. Lakin bu şəxs qanundan yayınsa və hüquq pozuntusuna yol versə, həmin vacib haqq onun cəzalandırılmamasına səbəb olmamalıdır. Odur ki, məsələləri bir-birindən ayırın. Kimsə yaxşı adamdırsa, dəyərli şəxsdirsə, yaxşı keçmişi varsa, İslam və ölkə üçün zəhmət çəkmişdirsə, çox gözəl, onun hüququ qorunmalı və ona hörmət göstərilməlidir. Lakin bu şəxs cinayət törətsə, ona göz yummaq olmaz. Əmirəlmömininin (ə) məntiqi budur. Onun şair və məddahlarından olan Nəccaşi Siffeyn döyüşündə insanları Müaviyəyə qarşı döyüşə həvəsləndirmək üçün ən yaxşı şeirlər qoşmuşdur. O, Əlini (ə) sevirdi, onun tərəfində idi, ixlas və vilayət baxımından məşhur adamdır. Bu adam ramazan ayında şərab içdi. Əmirəlmöminin (ə) bundan xəbər tutanda buyurdu ki, şərab içməyin cəzası məlumdur; onu gətirin və burada cəzalandırın. Əmirəlmöminin (ə) hamının gözü önündə onu cəzalandırdı, ona 80 qamçı vurdu. Onun ailəsi və qəbiləsi imamın yanına gəlib dedilər ki, sən bizi rüsvay etdin, axı bu sənin tərəfdarlarından, dostlarından, bugünkü sözlə desək, siyasi blokunun üzvü idi. İmam buyurdu ki, mən bir iş görməmişəm; müsəlman bir cinayət törətdi və ona ilahi cəza vacib oldu, mən də həmin cəzanı icra etdim. Nəccaşi bundan sonra dedi ki, belədirsə, mən də gedib Müaviyə üçün şeir deyəcəyəm. Əlinin (ə) yanından gedib Müaviyənin düşərgəsinə qoşuldu. Əmirəlmöminin (ə) də demədi ki, Nəccaşi əldən çıxdı, heyfdir, onu saxlayaq. Xeyr! Gedirsə, getsin; təbii ki, qalsaydı, daha yaxşı olardı. İmam Əlinin (ə) məntiqi və yolu budur. Nəccaşinin tərəfdarlarına dedi ki, cəzalandırdıq və günahı silindi.1
Əmirəlmömininlə (ə) qohum olan Bəni-Əsəd qəbiləsindən bir nəfər cinayət törətmişdi. Həmin qəbilədən olan və Əmirəlmöminini (ə) sevən bir neçə nəfər dedi ki, gedib məsələni həll edərik. Əvvəlcə İmam Həsənin (ə) yanına gəlib vasitəçi olmasını istədilər. İmam Həsən (ə) buyurdu ki, mənim gəlməyimə ehtiyac yoxdur, atam sizi tanıyır, özünüz gedin. Özləri Əlinin (ə) yanına gedib dedilər ki, vəziyyət belədir, bizə kömək et. İmam buyurdu ki, mənim ixtiyarımda olan hər hansı iş üçün razılıq verə bilərəm. Bunlar sevinib geri döndülər. Yolda İmam Həsənlə (ə) rastlaşdılar. İmam Həsən (ə) soruşdu ki, nə etdiniz. Dedilər ki, şükür Allaha, yaxşı oldu, Əli (ə) bizə söz verdi. Soruşdu ki, Əmirəlmöminin (ə) sizə nə dedi? Onlar imamın cavabını söylədilər. İmam Həsən (ə) təbəssüm edərək buyurdu ki, onun cəzalandırılacağı təqdirdə görməli olduğunuz işi görün. Əmirəlmöminin (ə) onu cəzalandırdı. Gəlib dedilər ki, ey möminlərin əmiri, nə üçün bu şəxsə qamçı vuruldu? Dedi ki, cəza mənim ixtiyarımda deyil, ilahi hökmdür. Mən demişdim ki, ixtiyarım çatanı edərəm, ilahi cəza isə mənim ixtiyarımda deyil.1 Üstəlik, Bəni-Əsəd Əmirəlmömininin (ə) dostlarından və tərəfdarlarından idi. Əlinin (ə) həyatı belə idi.
Onun və övladlarının xörəyi, geyimi, məişət vəziyyəti haqda çox sözlər deyilmişdir. Bir rəvayətçi deyir ki, gedib Həsən və Hüseynin (ə) xörək yediklərini gördüm. Onların xörəyi çörək, sirkə və göyərtidən ibarət idi. Dedim ki, siz axı əmirsiniz, xəlifə ailəsi, Əmirəlmömininin (ə) övladlarısınız, bazarda da bu qədər məhsul var, Kufənin yaxınlığında yerləşən Rəhbə bazarında bu qədər məhsul satırlar. Sizin xörəyiniz elə budur? Onlar həmin şəxsə dedilər ki, sən Əmirəlmöminini (ə) tanımırsan; get onun həyatına bax.2 O həzrət öz ailəsi ilə də belə rəftar edirdi.
Zeynəb-Kübranın məsələsini eşitmisiniz. Əbu Rafedən birovuz götürmüşdü. Əqilin macərasını da eşitmisiniz. O, imamın yanına gəlib bir qədər artıq buğda istədi. Həzrət isti dəmiri ona yaxınlaşdırdı. Təbii ki, vurmadı, qorxutdu və istəyini qəbul etmədi. Öz qardaşı oğlu və kürəkəni - həzrət Zeynəbin həyat yoldaşı olan Abdullah ibn Cəfər onun yanına gəlib dedi ki, ey möminlərin əmiri, əlim boşdur, məişət əyalarını satmağa məcburam, mənə bir qədər kömək et. İmam qəbul etməyib buyurdu ki, deyirsən əmin oğurluq etsin və xalqın malını sənə versin?!
Əmirəlmöminin (ə) Peyğəmbər (s) dövrünə nisbətən inkişaf etmiş, böyümüş, sivil və sərvətli bir cəmiyyətdə hakimiyyət meyarını müəyyyən etdi. Hər şey inkişaf etmişdi. Əmirəlmöminin (ə) öz rəftarı ilə isbat etdi ki, bu vəziyyətdə də həmin prinsipləri yaşatmaq olar. Bu, Əmirəlmömininin (ə) böyük uğurudur. Mənəviyyat, ədalət, cihad, cəmiyyət quruculuğu, layiqli və imanlı idarəçilik prinsipləri bunu göstərir. Siz İmam Əlinin (ə) həyatının ayrı-ayrı hissələrini il boyu onun rəvayət və sözləri şəklində eşidirsiniz. Əmirəlmömininin (ə) həyatı bunlarla doludur. Onların xülasəsi budur ki, Əmirəlmöminin (ə) bu İslam prinsiplərini bütün şəraitlərdə həyata keçirməyin mümkünlüyünü dünyaya göstərmək istəyir. Həqiqət də budur. Onun İslam prinsipləri geyim forması deyil ki, ləbbadə geyinirdisə, bu gün biz də həmin işi görməli olaq. İslam prinsipləri ədalətdən, tövhiddən, insafdan, xalqın hüququna dəyər verməkdən, yoxsullara qayğı göstərməkdən, antiislam və antidin cəbhələri qarşısında müqavimətdən, haqq və İslam əsasları üzərində təkiddən, haqqı və həqiqəti müdafiə etməkdən ibarətdir. Bunları bütün dövrlərdə həyata keçirmək olar.
Təbii ki, bu sözləri danışarkən biz əslində zirvə haqda danışırıq. Kim Əmirəlmömininə (ə) hətta bənzəməsini güman edə bilər?! Xeyr! Heç kəs Əmirəlmömininə (ə) bənzəmir. Onun nəvəsi olan məsum imam həzrət Səccada (ə) ibadətlərinin çoxluğundan danışanda buyurdu ki, bizim ibadətlərimiz hara, Əlinin (ə) ibadəti hara! Yəni o da özünü Əli (ə) ilə müqayisə edə bilmir. İmam Səccad (ə) ilə bizim dövrümüzün ən böyük abid və zahidləri arasında yerlə-göy qədər fərq var. Əmirəlmöminin (ə) örnəyi, zirvəni və istiqaməti göstərdi, meyar təyin etdi. Biz də bacardığımız yerə çatmalıyıq. İslam quruluşu ədalət, insaf, xalqa qayğı, insanların hüququna hörmət və güclünün zəifə zülmünə qarşı mübarizə quruluşudur. Tarix boyu bəşərin mühüm problemləri bunlar olmuşdur. Bəşəriyyət həmişə bu problemlərdən əziyyət çəkmişdir, hələ də çəkir. Xalqlar bu hegemonluqlara görə əziyyət çəkir və sıxıntı keçirir. İslamın, Əmirəlmömininin (ə) və Əli (ə) hökumətinin məntiqi həm cəmiyyət daxilində, həm də beynəlxalq miqyasda bu amillərlə mübarizədir. (2004)
Əlinin (ə) həyatında qüdrət, məzlumluq və qələbə amilləri
İmam Əlinin (ə) şəxsiyyətində, həyatında və şəhadətində bir-biri ilə uyğunluğu olmayan üç amil cəm olmuşdur. Bu üç amil qüdrət, məzlumluq və qələbədən ibadətdir.
O həzrətin qüdrəti ən çətin hərbi işləri idarə etməkdə, beyin və düşüncələri ən uca dini və insani məsələlərə yönəltməkdə, Malik Əjdər, Əmmar, İbn Abbbas, Məhəmməd ibn Əbu Bəkr kimi böyük insanlar yetişdirməkdə və bəşər tarixində bir məktəb yaratmaqda polad iradəsindən və əzmkarlığından ibarətdir. O həzrətin qüdrət tərənnümü məntiq, düşüncə, siyasət, hakimiyyət, cəsarət və güclü qollar idi. İmam Əlinin (ə) şəxsiyyətində heç bir cəhətdən nöqsan yox idi, amma eyni zamanda tarixin ən məzlum şəxsiyyətlərdən idi, məzlumluq onun həyatının bütün sahələrində vardı. Yeniyetmə çağında məzlum idi, Peyğəmbərdən (s) sonrakı gənclik çağında məzlum idi, ahıllıq və xilafət çağında məzlum idi. Şəhadətindən sonra da uzun illər minbərlərdə onu pislədilər, ona yalan nisbətlər verdilər. Onun şəhidliyi də məzlumcasına idi.
İslam ədəbiyyatında iki nəfərə "Sarəllah" deyilmişdir. Bir insan nahaq yerə qətlə yetiriləndə onun ailəsi qan sahibi və qisas hüququna malik olur. Buna ərəbcə "sar" deyirlər. Ərəbcədən tərcümədə deyilən "Allah qanı" ifadəsi bu baxımdan dolğun deyil və məqsədi çatdırmır. "Sar" sözü intiqam haqqı deməkdir. İslam mənbələrinə görə, iki nəfərin qan sahibi və intiqam haqqına malik olan tərəfi Allahdır. Bu iki nəfərin biri İmam Hüseyn (ə), biri isə atası Əmirəlmöminindir (ə).1 İmam Əlinin (ə) intiqam haqqı Allaha məxsusdur.
Üçüncü amil isə o həzrətin qələbəsidir. O əvvəla öz həyatında yaradılan bütün çətin əngəllərə qalib oldu; yəni sonra izah edəcəyim güclü düşmən cəbhələri Əlini (ə) diz çökürə bilmədilər, hamısı ona məğlub oldu. Şəhidliyindən sonra onun parlaq siması günbəgün həyatından dəfələrlə artıq şəkildə aydın oldu. Siz bu gün yalnız İslam dünyasına deyil, bütün dünyaya baxsanız, hətta müsəlman olmayan çoxlu şəxsiyyətlərin Əli ibn Əbu Talibi (ə) tarixin böyük şəxsiyyəti kimi qəbul etdiklərini və təriflədiklərini görərsiniz. Bu, sözügedən parlaq gövhərin daha da parlamasıdır. Allah-Taala o məzlumluğun qarşısında bunu Əliyə (ə) mükafat verir. Onun məzlumluğu, böyük ittiham və təzyiqlər qarşısında dözümlülüyü təbii ki, Allah-Taalanın mükafatına səbəb olur. Mükafatı da budur ki, siz bəşər tarixində hamının qəbul etdiyi belə bir parlaq sima tapmırsınız. Bu günə qədər Əmirəlmöminin (ə) barədə yazılmış kitablar arasında bəlkə də ən aşiqanə olanlarını qeyri-müsəlmanlar yazmışlar. İndi xatırlayıram ki, üç məsihi yazıçı Əli (ə) haqda həqiqətən aşiqanə tərif kitabları yazmışlar. Bu hörmət şəhadətinin ilk günündən başlandı – hamının, Şam rejiminə bağlı hakimlərin, Əmirəlmömininin (ə) xəncərindən və ədalətindən ziyan görənlərin onun əleyhinə danışdığı və təbliğat apardığı zamandan. Mən burada bir nümunə deyəcəyəm.
Abdullah ibn Ürvə ibn Zübeyrin oğlu atasının yanında Əmirəlmöminini (ə) pislədi. Müsəb ibn Zübeyrdən başqa bütün Zübeyr ailəsinin Əliyə (ə) qarşı münasibəti pis idi. Müsəb ibn Zübeyr şücaətli və səxavətli insan idi. Kufə hadisələrində, Muxtarla və sonra Əbdülməliklə bağlı hadisələrdə iştirak etmişdi. O, həzrət Səkinənin həyat yoldaşı və İmam Hüseynin (ə) birinci kürəkəni idi. Ondan başqa bu ailənin digər üzvlərinin Əliyə (ə) münasibəti pis idi. Bunu tarixdən bilmək olar. Bu adam Əlini (ə) pisləyəndən sonra atası çox da tərəfdarcasına olmasa da, mühüm məqama toxunan bir cümlə işlətdi. Oğluna dedi ki, dinin yaratdığı və kökü din üzərində qurulan heç bir şeyi dünya adamları məhv edə bilmədilər; yəni əməllərinin kökü din və iman üzərində olan Əmirəlmömininin (ə) adını məhv etmək üçün əbəs zəhmət çəkməsinlər. Sonra dedi ki, bax, Mərvan övladları hər məsələdə və hər çıxışda bacardıqları qədər Əli ibn Əbu Talibə (ə) irad bildirir, onu pisləyirlər, amma onların pisləməsi bu parlaq şəxsiyyəti daha da ucaldır və böyüdür; yəni onların sözləri xalqda əks-təsir buraxır. Qarşı tərəf Bəni-Üməyyədir. Üməyyə övladları öz babalarını nə qədər artıq tərifləyirlərsə, xalqın onlara nifrəti daha da artır.1 Bu söz Əmirəlmömininin (ə) şəhidliyindən təxminən otuz il sonra deyilmişdir. Yəni Əmirəlmöminin (ə) bütün məzlumluğuna baxmayaraq, həm öz həyatında, həm də tarixdə və bəşəriyyətin xatirəsində qalib oldu.
Əmirəlmömininin (ə) beş ildən az sürən hakimiyyəti zamanı onun qarşısında üç düşmən cəbhəsi yarandı: Qasitin, Nakisin və Mariqin. Əmirəlmömininin (ə) bu sözünü həm şiələr, həm də sünnilər öz kitablarında yazmışlar: "Mən Nakisin (əhdi pozanlar), Qasitin (zülmkarlar) və Mariqin (dindən çıxanlar, yaxud yolunu azmışlar) ilə vuruşmağa əmr olundum"2. Bu adları o həzrətin özü qoymuşdur. Qasitin zülmkarlar deməkdir. Əmirəlmöminin (ə) onların adını zülmkar qoydu. Bunlar kimlər idilər? Bunlar İslamı zahirən və öz mənfəətlərinə görə qəbul etmiş şəxslər idilər. Onlar Əli (ə) hökumətini kökündən qəbul etmirdilər. Əmirəlmöminin (ə) bunlarla nə edirdisə, faydası olmurdu. Bu qrup Bəni-Üməyyənin və Şam valisi Müaviyə ibn Əbu Süfyanın ətrafına toplaşmışdı. Ən bariz şəxsiyyətləri də cənab Müaviyənin özü, sonra isə Mərvan Həkəm və Vəlid ibn Üqbədir. Bunlar Əli ilə razılaşmayan, yola getməyən bir cəbhəni təşkil edirlər. Doğrudur, Müğeyrə ibn Şöbə, Abdullah ibn Abbas və digərləri hakimiyyətinin əvvəllərində Əmirəlmömininə (ə) dedilər ki, bir müddət bunlarla işin olmasın, imam isə qəbul etmədi. Bunlar Əlinin (ə) siyasətinin zəif olduğunu deyirdilər, lakin sonrakı hadisələr göstərdi ki, özləri məsələnin məğzindən bixəbər olmuşlar. Əmirəlmöminin (ə) nə edirdisə, Müaviyə razılaşmırdı. Bu təfəkkür Əli (ə) hakimiyyətini qəbul edən bir təfəkkür deyildi. Ondan öncəkilərin bəziləri isə bəzilərinə dözmüşdülər.
Müaviyənin müsəlman olmasından Əli (ə) ilə vuruşduğu zamana qədər otuz ildən bir qədər az ötmüşdü. O və ətrafı illərlə Şamda hakim olmuş, nüfuz qazanmış və ictimai dayaq yaratmışdılar. Elə bir zaman deyildi ki, bir söz deyən kimi onlara "siz təzə müsəlman olmusunuz, nə deyirsiniz?" – deyən olsun. Onlar artıq özlərinə yer açmışdılar. Odur ki, bunlar ümumiyyətlə Əli (ə) hakimiyyətini qəbul etməyən, hökumətin ayrı cür olmasını və öz əllərinə keçməsini istəyən cinah idi. Sonra bunu göstərdilər və İslam dünyası onların hakimiyyətini təcrübə etdi. Əmirəlmömininlə (ə) rəqabətdə bəzi səhabələrə çox xoş üz göstərən və hörmət ifadə edən Müaviyə sonra kobud rəftarlara keçdi, Yezidin dövründə isə Kərbəla hadisəsi baş verdi. Mərvan, Əbdülməlik, Həccac ibn Yusif Səqəfi və Yusif ibn Ömər Səqəfi də həmin hakimiyyətin yetirmələridir. Yəni cinayətlərini söyləməyə tarixin belə qorxduğu bu hakimlərin - misal üçün, Həccacın hökuməti Müaviyənin yetişdirdiyi və belə bir şey üstündə Əmirəlmömininlə (ə) vuruşan hökumətdir. Onların nə istədiyi əvvəldən bəlli idi. Onlar sırf dünyəvi hakimiyyətə gəlmək və hakim olmaq istəyirdilər. Hamı bu işləri Bəni-Üməyyə hakimiyyətində müşahidə etdi. Sözsüz ki, burada etiqadi və kəlami polemika açmaq istəmirik. Qeyd etdiklərim tarixdir, həm də yalnız Şiə tarixi deyil, İbn Əsirin, İbn Qüteybənin və bu kimi tarixçilərin yazdıqlarıdır. Bunlar tarixin qəti məsələlərindəndir; bunlar haqda şiə və sünnilər arasında fikir ayrılığı yoxdur.
Əmirəlmömininlə (ə) vuruşan ikinci cəbhə Nakisin cəbhəsi idi. Nakisin pozanlar deməkdir və burada məqsəd beyəti pozanlardır. Bunlar əvvəlcə Əmirəlmömininlə (ə) beyət etdilər, sonra isə beyətlərini pozdular. Bunlar müsəlman və birinci qrupdan fərqli olaraq, doğma idilər, amma Əli ibn Əbu Talibi (ə) onlara hakimiyyətdən böyük pay verənə, onlarla məsləhətləşənə, onlara vəzifə verənə, haqsız yolla əldə etdikləri mal-dövlətə toxunmayana, "bunları haradan gətirmisiniz?" - deməyənə qədər qəbul edirdilər. Bəli, bu qrup Əmirəlmöminini (ə) qəbul edirdi, amma bu şərtlə ki, bu məsələlərlə işi olmasın, bu mal-dövləti haradan və necə qazandıqlarını və nə üçün yediklərini soruşmasın. Odur ki, əvvəlcə əksəri beyət etdi. Bəziləri beyət etmədi. Cənab Səd ibn Əbi Vəqqas və başqa bir neçə nəfər əvvəldən beyət etmədilər. Cənab Təlhə, cənab Zübeyr və digər böyük səhabələr isə beyət etdilər, təslim oldular, üç-dörd aydan sonra gördülər ki, yox, bu hökumətlə yola getmək olmur, bu hökumət dost-düşmən bilmir, bu hakim özünə, ailəsinə və köhnə müsəlmanlara xüsusi üstünlük vermir; baxmayaraq ki, özü ən birinci müsəlmandır. Gördülər ki, bu hakim ilahi hökmləri icra etməkdə heç bir şeydən çəkinmir. Bunları görəndən, bu adamla dil tapmağın mümkün olmadığını anlayandan sonra ayrıldılar, gedib həqiqətən bir fitnə olan Cəməl döyüşünü başlatdılar; möminlər anası Aişəni də özlərinə qoşdular. Bu döyüşdə nə qədər adam öldürüldü. Düzdür, Əmirəlmöminin (ə) qələbə çaldı və məsələni yoluna qoydu. Bu da ikinci cəbhə idi və bir müddət imamın vaxtını aldı.
Üçüncü cəbhə Mariqin cəbhəsi idi. Mariq qaçan deməkdir. Bunlar bir oxun kamandan çıxdığı kimi dindən qaçır və uzaqlaşırlar. Bunlar dinin zahiri əməllərinə bağlı idilər, dinin adını da çəkirdilər. Bu, xəvaric qruplaşması idi. Onlar təhlükəli amil olan azğın düşüncələrə qərq olmuşdular. Dini Quranın təfsirçisi və kitab elminə alim olan Əli ibn Əbu Talibdən (ə) öyrənmirdilər, özləri istədikləri kimi yozurdular. Təbii ki, belə insanlardan hər bir cəmiyyətdə var, amma onların qruplaşması, mütəşəkkil formaya düşməsi üçün siyasət lazım idi. Bu siyasət başqa bir yerdən təmin olunurdu. Bir kəlmə danışan kimi bu qruplaşmanın üzvləri bir Quran ayəsi oxuyurdular. Onlar bəzən Əmirəlmömininin (ə) camaat namazı qıldığı yerdə ona sataşmaq məqsədi ilə bir Quran ayəsi oxuyurdular. Əmirəlmömininin (ə) minbərində də bəzən bu məqsədlə ayələr oxuyurdular. Onlar "Hökm yalnız Allaha məxsusdur!" devizi ilə demək istəyirdilər ki, sizin hakimiyyətinizi qəbul etmirik, Allahın hakimiyyətini istəyirik. Zahiri əməlləri belə idi, siyasi təşkilatlanmaları da Qasitin cəbhəsinin böyüklərinin, Şam hakimlərinin – Əmr As və Müaviyənin idarəçiliyi və məsləhəti ilə həyata keçirdi, onlarla əlaqələri vardı. Çoxlu faktlar göstərir ki, Əşəs ibn Qeys düz adam deyildi. Düşüncə baxımından bir qrup zəif və zavallı adam da belələrinin arxasınca düşmüşdü. Deyilənlərə əsasən, Əmirəlmömininin (ə) qarşılaşdığı və təbii ki, qələbə çaldığı üçüncü qrup Mariqin idi. İmam Nəhrəvan döyüşündə onlara sarsıdıcı zərbə endirdi. Lakin onlardan cəmiyyətdə vardı və nəhayət, o həzrəti şəhadətə yetirdilər.
Xəvarici düzgün tanımaq lazımdır. Bəzi adamlar onları abidlərə bənzədirlər. Abid bir kənarda oturub özü üçün namaz qılır, dua oxuyur, Xəvaric isə belə deyildi. Xəvaric iğtişaş törədir, böhran yaradır, Əli (ə) ilə vuruşurdu. Onların işi kökündən səhv idi; vuruşmaları səhv və məqsədləri batil idi. Əmirəlmömininin (ə) bu üç qrupla qarşı-qarşıya gəldi.
Əmirəlmömininlə (ə) Peyğəmbərin (s) hakimiyyətlərində əsas fərq bu idi ki, Peyğəmbərin (s) dövründə iman və küfr sıraları bəlli idi. Yalnız münafiqlər qalırdı, Quran ayələri də daim insanları cəmiyyət daxilindəki münafiqlərdən çəkindirir, barmağını onlara sarı uzadır, möminləri onların qarşısında gücləndirir, onları ruhdan salırdı. Peyğəmbərin (s) dövründə İslam quruluşunda hər şey aşkar idi, bəlli cəbhələr bir-birinin qarşısında dayanmışdı; bir nəfər küfr, tağut və cahiliyyət tərəfdarı idi, bir nəfər də iman, İslam, tövhid və mənəviyyat tərəfdarı. Düzdür, orada hər cür adam vardı, lakin sıralar aydın idi. Əmirəlmömininin (ə) dövründə isə sıralar aydın deyildi. İkinci qrup olan Nakisin cəbhəsi hörmətli şəxsiyyətlər idilər. Cənab Zübeyr, yaxud cənab Təlhə kimi bir şəxsiyyət qarşısında qalan hər bir kəs tərəddüd edirdi. Zübeyr Peyğəmbərin (s) dövründə görkəmli şəxsiyyətlərdən, Peyğəmbərin (s) bibisi oğlu və ona yaxın bir şəxs olmuşdur. Hətta Peyğəmbərdən (s) sonra da Əmirəlmöminini (ə) müdafiə etmək üçün Səqifəyə etiraz edənlərdən idi. Allah hamımızın aqibətini xeyirli etsin! Bəzən dünyagirlik və müxtəlif maddi amillər insanda elə təsir buraxır, bəzi şəxsiyyətlərdə elə dəyişiklik yaradır ki, görkəmli şəxslərə qarşı da şübhə yaranır, o ki qala adi adamlara. O zaman həqiqətən çətin idi.
Əmirəlmömininin (ə) ətrafında qalıb mübarizə aparanlar, vuruşanlar çox ayıqlıq göstərdilər. Mən Əmirəlmöminindən (ə) bu sözü dəfələrlə söyləmişəm: "(Zahirən müsəlman görünən zalımlara qarşı) yalnız ayıq və dözümlü insanlar mübarizə apara bilərlər".1 Birinci növbədə ayıqlıq lazımdır. Belə çəkişmələrə nəzər salanda Əmirəlmömininin (ə) problemlərini anlamaq olur. Çoxları İslam iddiası altında Əmirəlmömininlə (ə) vuruşur və yanlış sözlər söyləyirlər. İslamın erkən çağında yanlış düşüncələr çox yayılırdı, amma Quran ayəsi nazil olur və açıq şəkildə o düşüncələri rədd edirdi; istər Məkkə dövründə, istər Mədinə dövründə. İnsan Mədinədə nazil olmuş Bəqərə surəsinə baxanda Peyğəmbərin (s) əsasən münafiq və yəhudilərlə müxtəlif problemlərinin şərhini görür və bəzən xırdalıqlarla da rastlaşır. Quranda hətta Mədinə yəhudilərinin o zaman Peyğəmbərə (s) qarşı işlətdikləri psixoloji üsullar da qeyd olunur: “Raina” deməyin"2. Yenə də Məkkədə nazil olmuş mübarək Əraf surəsində xurafatla geniş mübarizə aparılır. Onlar bəzi ətləri yalan yerə haram adlandırırdılar: "De: “Rəbbim yalnız aşkar və gizli alçaq işləri haram buyurmuşdur".3 Haram bunlardır, siz isə gedib bütlərə nəzir məqsədi ilə azad edilən, yaxud beş dəfə balalayan və sonuncu balası erkək olan dəvələri özünüzə haram etmisiniz. Quran belə düşüncələrlə açıq mübarizə aparırdı. Əmirəlmömininin (ə) dövründə isə həmin müxaliflər də Qurandan istifadə edir və Quran ayələri oxuyurdular. Əmirəlmömininin (ə) işi bu cəhətdən dəfələrlə ağır idi. Əmirəlmöminin (ə) özünün qısa hakimiyyət dövrünü belə problemlərlə keçirdi.
Bunların qarşı tərəfində Əlinin (ə) öz cəbhəsi durur. Bu, həqiqətən güclü cəbhədir. Orada Əmmar, Malik Əjdər, Abdullah ibn Abbas, Məhəmməd ibn Əbu Bəkr, Meysəm Təmmar, Hücr ibn Ədi kimi şəxslər var. Mömin və ayıq şəxsiyyətlər ictimai rəyin yaranmasında mühüm rol oynayırlar. Əmirəlmömininin (ə) xilafətinin belə şəxsiyyətlərin məharətli fəaliyyəti cəhətindən gözəl, çəkdikləri əzab-əziyyətlər cəhətindən isə acı hissələrindən biri onların Kufə və Bəsrəyə hərəkət etməsidir. Təlhə və Zübeyr Bəsrəni tutanda Əmirəlmöminin (ə) İmam Həsəni və bəzi səhabələri göndərdi. Onların xalqla müzakirələri, məsciddə danışdıqları söhbətlər və göstərdikləri dəlillər İslamın erkən tarixinin həyəcanlı, gözəl və məzmunlu hissələrindən biridir. Məhz buna görə Əmirəlmöminininin (ə) düşmənlərinin əsas hücumları bu şəxslərə yönəlmişdi. Ən böyük təxribatlar Malik Əjdərin, Əmmar Yasirin, Məhəmməd ibn Əbu Bəkrin əleyhinə idi. Düşmənlər əvvəldən Əmirəlmömininlə (ə) bağlı məsələlərdə imtahan vermiş, möhkəm iman və ayıqlıq göstərmiş şəxslərin hamısı əleyhinə müxtəlif ittihamlar yağdırırdı. Onlara qarşı sui-qəsd hazırlanırdı və əksəri də şəhid olurdular. Əmmar döyüşdə öldürüldü, Məhəmməd ibn Əbu Bəkr və Malik Əjdər isə şamlıların hiyləsi nəticəsində şəhid edildilər, bəziləri də qaldılar və sonradan şiddətli üsullarla qətlə yetirildilər.
Əmirəlmömininin (ə) həyatı və hakimiyyəti belə keçdi. Yekun söz kimi belə deyə bilərik ki, bu hökumət qüdrətli, eyni zamanda məzlum və qalib bir hökumət idi. İmam Əli (ə) həm öz zamanında düşmənlərini diz çökürə, həm də məzlumcasına şəhadətindən sonra tarix boyu işıqlı məşəl kimi yaşaya bildi. Təbii ki, onun bu müddətdə çəkdiyi əziyyətlər tarixin ən kədərli hadisələrindəndir. (1999)
Dostları ilə paylaş: |