45Mirzə Kazım bəyin elmi pedaqoji fikirləri.
Azərbaycan xalqı özünün dünyanın elm aləmində ad çıxarmış dahi alimləri ilə həmişə fəxr etmişdir və yenə də fəxr edə bilər. Onlardan biri də Mirzə Məhəmmədəli Kazım bəydir. Bu böyük alimin siyasi, fəlsəfi və hüquqi məsələlərə dair əsərləri Şərq və Qərb elm aləminin qızıl fonduna daxil olmuşdur. Ruslar professor Mirzə Kazım bəyi özlərinin qabaqcıl ictimai fikrinin görkəmli nümayəndəsi hesab edirlər. Rusiyanın, Böyük Britaniyanın, Fransanın, Almaniyanın , Hollandiyanın və ABŞ-ın elmi cəmiyyətlərinin adlı-sanlı üzvü olmuş Mirzə Kazım bəy elm aləmində tarix, fəlsəfə, siyasət, hüquq , Yaxın və Orta Şərq xalqlarının ədəbiyyatını tədqiq edən, islamın və müsəlman hüquq elminin böyük bilicisi kimi tanınmışdır. Vətəndən uzaqlarda yaşamasına və yazıb yaratmasına baxmayaraq həmişə doğma Azərbaycana bağlı olmuş, onu ömrünün axırınadək ürəkdən sevmişdir.
1826-cı ilin oktyabr ayında Kazan alimlərinin xahişi ilə ərəb-fars dilləri üzrə lektor (baş müəllim) təyin olundu. Kazım bəy 26 yaşında ikən London Kral Asiya cəmiyyətinin həqiqi üzvü seçildi. İki il keçdikdən sonra fars dilində ərəb filologiyasına dair əsərinə görə Şərq dilçiliyi magistri dərəcəsi aldı. Sənədlərdən məlum olur ki, Kazım bəy universitetə lektor təyin olunanda rus dilini heç bilmirdi. Ona görə də rus dilini əsaslı şəkildə öyrənmək vəzifəsini qarşıya qoyan Kazım bəy çox keçmədən öz mühazirələrini rus dilində oxumağa başlamışdı. O, eyni zamanda Sədinin "Gülüstan" əsərini rus dilinə tərcümə etməyə başlamış və 1829-cu ilin sonunda başa çatdırmışdı. Kazım bəy Kazan Universitetində fəaliyyəti dövründə elmi-tədqiqat işləri ilə də ciddi məşğul olurdu. "Ərəb ədəbiyyatı haqqında mülahizələr" adlı əsərini tamamladıqdan sonra Krım xanlarının tarixinə həsr etdiyi əsəri də yazıb qurtarmışdı. Bu əsər "Əssab as-Səyyar, yaxud yeddi səyyarə" adlanırdı.
Kazım bəy Rusiyanın elm aləmində dərin bilikli alim kimi tanınırdı. Ona görə də Kazım bəy Rusiya Elmlər Akademiyasının müxbir üzvü seçilmişdi
Kazım bəy ərəb, fars, türk və Azərbaycan ədəbi əsərlərinin məxəzlərini və onların qarşılıqlı əlaqələrini tədqiq etmişdir. İslamın meydana gəlməsi dövründən XIX əsrin başlanğıcına qədər ərəb ədəbiyyatının, Firdovsi zamanından fars ədəbiyyatının, Nizamidən başlamış Mirzə Fətəli Axundov dövrünədək Azərbaycan ədəbiyyatının vəziyyəti böyük alimin əsərlərində öz əksini tapmışdır.
Peterburqda Kazım bəy elmi fəaliyyətini daha da genişləndirmişdi. O, həm türkologiyaya, həm də Şərqin tarixinə və onun dinlərinə dair əsərlər dərc etdirmişdi. Onlardan biri də 1854-cü ildə işıq üzü görmüş "Türk dili kursu üçün dərs vəsaiti" idi . Əsərdə türk dilinin qısa qrammatik oçerki, Osmanlı imperiyasında müxtəlif xətlərlə yazılmış mətnlər, 6700-dən artıq rus sözlərinin tərcüməsi olan türk lüğəti verilmişdi. Onun həmin il dərc etdirdiyi "Şərq dillərindəki sözlərə oxşar rus sözlərinin izahı" adlı məqalə rus lüğətində oriyentalizmlərin öyrənilməsi metodikasına həsr olunmuşdu.
Rusiyada XIX əsrin siyasi fəlsəfəsinin təşəkkül tapması Kazım bəyin adı ilə bağlıdır. Bu fəlsəfə indiyədək də öz müasirliyini itirməmişdir.
Kazım bəyin siyasi görüşləri onun "Müridizm və Şamil", "Bab və babilər" əsərlərində əsaslı şəkildə şərh edilmişdir. "Müridizm və Şamil" Qafqaz dağlılarının çarizmin müstəmləkəçilik siyasətinə qarşı hərəkatının öyrənilməsinə böyük töhfədir. Kazım bəy bu hərəkatı xalis dini hərəkat kimi yox, siyasət bayrağı altında siyasi hərəkat kimi səciyyələndirmişdir. O, qətiyyətlə deyirdi ki, azadlıq sevən xalqları silah gücünə tabe etmək mümkün deyil. Bütün Qafqazı ancaq üç silahla- alicənablıq, təmənnasız cəsurluq və ədalət yolu ilə ram etmək olar. Mirzə Kazım bəy Şərq haqqında dünya elminin inkişafına böyük töhfələr verməkdə aparıcı rol oynayan çox istedadlı alim olmuşdur. Onun bu sahədə yaratdığı elmi məktəbin ən yaxşı ənənələri bizim əsrimizdə də davam etdirilir. Kazım bəy dünya səviyyəli oriyentalist alim, Rusiyada şərqşünaslığın əsasını qoyan çox istedadlı elm dahisi olmuşdu
Dostları ilə paylaş: |