206
Abdullayev Yaşarın gətirdikləri məlumatlara inanmayaraq Bozdu
kəndində bizim taborun olduğunu yəqin etmişdik. Biz bölüyü kəndin iki
kilometrliyində saxlayaraq Bölük komandiri, bölüyün baş çavuşu və mən
kəndə yaxınlaşdıq. Üç yüz metrədək bir məsafədən kəndin üst tərəfindəki
təpəlikdə görünən hərbçiləri çağırıb kim olmalarını soruşduq. Onlar: “Biz
Daşkəsən polisləriyik, sizinkilər o biri kənddədirlər”-dedilər. Onların
özümüzünkülər olduğuna tam inandıq və avtomatların qayışını
boynumuza keçirib onlara tərəf addımladıq. Onların yanına çatmağa 10-
12 addım qalmışdı ki, birdən onlar üstümüzə qışqıraraq silahları yerə
atmağı tələb etdilər. Yaman yerdə axşamladıq, biz aldanmışdıq, onlar
ermənilər imiş. Bir anlıq dünya başıma fırlandı, nə edəcəyimi bilmədim.
Hər şeyin sonu olduğunu yəqin etdim. Bölük komandiri və baş çavuş
məndən bir-iki addım qabaqda idilər. Onların silahları yerə atdıqlarını
görən ermənilər bizə yaxınlaşmaq istədilər. Elə bu vaxt mənim də üstümə
qışqırdılar: ”Tı toje brosay orujye”. Mən avtomatın qayışını boynumdan
çıxardım və guya avtomatı yerə qoymaq istəyirəm. Bir az aşağı əyildim
və gizlicə baş barmağımla avtomatın qoruyucusunu aşağı basdım.
Ermənilər elə bildilər ki, mən də silahımı yerə qoyuram. Artıq iki yolum
qalırdı: ya düşmənə təslim olub min cür ağılasığmaz işgəncələrə məruz
qalmaq, ya da düşmənlə axıradək döyüşüb həlak olmaq. Döyüşməyə isə
heç bir imkan yox idi. Əlimi silaha aparsam məni vuracaqlar. Ya təslim
olmaq, ya ölüm. Bütün bu fikirlər avtomatın qayışını boynumdan
çıxararaq aşağı əyilərkən-ani olaraq ağlımdan keçirdi və mən ölümü
üstün tutaraq düşmənin gözləmədiyi bir məqamda onlara tərəf qəfil atəş
açaraq, yarğana tərəf qaçdım. Qabaqda gələrək beş-altı addımlığa qədər
bizə yaxınlaşan ermənilər yerə sərildilər. Qalan ermənilər isə özlərini bir
anlığa itirərək, nə edəcəklərini bilmədilər. Mənə də elə bu bir an lazım
idi. Qəfil atəşə məruz qalan düşmən özünə gələnədək xəndəyin kənarına
çatmışdım. Güllələr ətrafımda qarı sovuraraq vıyıltı ilə hər tərəfimdən
ötürdü. Bütün bunlar demək olar ki, bir neçə saniyədə baş verdi. Mən
qaçaraq özümü meşəyə çatdırmaq istəyirdim. Elə bu vaxt əlimdəki
avtomata dəyən güllə onun qundağını parçaladı və silahı əlimdən yerə
saldı. Avtomatı götürməyə macal vermədilər. Mən xəndəkdən aşağı
tullanaraq özümü uçuruma atdım və qarlı dərə ilə aşağı yumalandım.
Uçurumun aşağısına çatanda bir an dönüb geriyə baxdım. Ağacların
arasından heç nə görünməsə də düşmən hələ yaxında idi və arxamca
atılan saysız-hesabsız güllələr ətrafıma tökülür, vahiməli şəkildə
vızıldayırdı. Meşəli uçurumla gah yumalanır, gah da durub qaçırdım.
Lakin ayağımdakı rezindən olan kimyəvi mühafizə geyimi mane olurdu.
Botinkalarımı yolda ocaqda yandırdığımdan
kimyəvi mühafizə