Moskva-Bakı
199
ÜRƏYİM AĞRIYIR
Vallah, heç bilmirəm nədən danışım ki, mənim qoca
riyaziyyat müəllimim demişkən, işin içindən iş çıxmasın.
Yaxşı, ta keçib, qoy qudamgilə getməyimi və qudalarımla, həm
də gəlinimlə, eləcə də onun bacısı və qardaşıyla tanış olmağımı
sizə nəql eləyim. Bəli, bir gün oğlum dirədi iki ayağını bir
başmağa ki, gərək mən səni gəzdiyim qıznan tanış eləyəm və
həm də ki, onun ata-anasıyla, odur ki, gərək bəs onlara qonaq
gedək. Nə qədər elədimsə də ki, əşi, nə vacib olub, dedi yox ki,
yox. Və mən ən nəhayətdə aman–zaman bircə oğlumun
könlünü sındırmaq istəmədim və doğrusu, elə özum də gələcək
gəlinimi görməyə maraqlanırdım. Və odur ki, təyin elədim bir
gün qudamgilə qonaq getməyə və oğlum da bu barədə onlara
xəbər çatdırdı. Özüm qəsdən elə bir gün təyin eləmişdim ki,
maaşımı aldığım gün olsun. Məqsədim də bu idi ki, gəlinimə,
yainki onun kiçik qardaşına, ya özünnən balaca bacısına, yaxud
da elə bəlkəm, ata–anasına qabiliyyətli bir hədiyyə alım və
beləliklə də təzə qohumların yanında nə oğlum başıaşağı olsun,
nə də ki, mənim üzüm qara. Deyir əyyamda düşər şənbəyə
novruz. Gətirdi maaş aldığım gün də düşdü şənbəyə. Nə olar,
şənbə daha yaxşı. Bəli, oğlum xəbər elədi ki, sabah sizə gəlirik.
Bazar günü axşamtərəfi çıxdım eyvana, əyləşdim, bir az
qəzetə-zada baxdım, üç-dörd stəkan pürrəngi çay içdim, sonra
da durub təzə köynəyimi ütülədim, geyindim, kostyumumu da
geyindim və təxminən belə saat altı olardı, çağırdım oğlumu ki,
yavaş-yavaş yola düzələk. Evdən belə tez çıxmağımızın səbəbi
güman ki, sizə aydındır. Mağazalar bağlanmamış bir yaxşı şey
almaq fikrində idim ki, həmin şeyi aparaq təzə qohumlarımıza
hədiyyə. Yolda oğlum elə hey gəzdiyi qızı və onun ailəsini
tərifləyirdi. Ay belə yaxşı adamlardır, ay belə kulturnudular,
axsıranda üç dəfə üzr istəyirlər, ayaqlarını beş dəqiqə silməmiş
200
otağa girmirlər, da nə bilim nə! Mən də lap sevinirdim. Vallah,
mənim də bu dünyada elə bircə sevincim varsa, o da oğlumdur.
Min əzabını çəkmişəm. Anasız uşaq böyütmək asan iş deyil.
Anası rəhmətə gedəndə yazıq uşağın heç bir yaşı olmazdı. İndi
maşallah, bir gör nə boydadır. Boy–buxun... üzdən çox
xoşsifətdir. Ali məktəbi bildir qurtardı. İndi altı aydır ki, injinar
işləyir. Məvacibi də özünə çatır. Bir az da canına cəfa bassa,
ailədə dolandıra bilər. İndi də ki, göylünə yatan qız tapıb, qoy
evlənsin. Allah xeyir versin. Atanın arzuladığı nə olar?
Evladının xoş günü, xoş yaşayışı... İndi ki, xoşuna gəlib, göylü
sevib, xoşbəxt olsunlar. Bu fikirlərlə gəlib mağazaya çatdıq,
gördüm bağlıdır. Yazısına baxıb barmağımı dişlədim. "Ey dili–
qafil", – dedim, – fikrin hardaydı, huşun qaçıb? Axı bu gün
bazardır. Mağazalar iki saat tez bağlanır. Lənətə gələsən kor
şeytan, gərək gələcək qohumların evinə əliboş gedək. Bu heç
yaxşı olmadı".
–Bura bax, oğlum, – dedim, – bəlkə səfərimizi təxirə salaq.
Cavab verdi ki, yaxşı çıxmaz, çünki iki gün əvvəldən xəbər
eləyiblər və qızın anası da "Mudrost çudaka ili Jan Jak Russo"
adlı bir piroq bişirib və hamısı da əməllicə hazırlaşıblar və
məni gözləyirlər. Və qızın anası həm də əlavə edib, ki, əgər bu
gün gəlməsəniz, piroq qıcqırar və odur ki, mütləq getməliyik.
Bu sözlərdən mən lap oldum pərişan və həm də çox pərt
oldum. Ondan ötəri kim, əli ətəyindən uzun getməli olurduq.
Nə isə, oğlum darta-darta apardı məni.
İzdihamlı bir küçəyə çıxdıq və oğlum dedi ki, bu elə həmin
onların küçəsidir və bax odur, onların dəhlizi də. Elə
dəhlizlərinə olsa-olsa beş-on addım qalmışdı ki, baxdım divarın
dibində qəribə bir şey görünür. Hava qaralmaq üzrə idi və
gözüm də pis gördüyündən əvvəl seçə bilmədim ki, bu adamdı,
yainki başqa bir şeydi. Və adam deyildisə də nə idi? Doğrudur,
rəngi boz idi, amma ki, daş ola bilməzdi, o səbəbdən ki, çox
böyük idi və güman eləmək olmaz ki, şəhərin belə mərkəz
küçəsində bu boyda daşı qoysunlar qalsın. Yavuq gəlib gördüm
201
ki, bu bir dilənçi arvaddı. Bürünüb köhnə bozarmış çarşaba.
Elə büzüşüb, elə büzüşüb və çarşaba da elə bürünüb ki, heç üzü
də görünmür və bunun zənən cinsindən olduğu tək bir
çarşabından bilinir. Görünür, xəzri bu biçarəni bir günə salıb
ki, elə üşüdüb ki, o da öz əsas peşəsini, yəni ki, dilənməyi
yadından çıxarıb və heç kəsdən də heç bir şey istəmirdi. Və
çarşabına da elə bərk–bərk bürünmüşdü ki, guya bu nimdaş
çarşabın bir istisi var. Arvad başını, üzünü, bütün vücudunu
çarşab altında elə yaman gizlətmişdi ki, heç barmağının ucu da
çıxmırdı bayıra və elə də hərəkətsiz idi ki, doğrudan da, bunu
daş bilmək olardı. Amma külək bərkidikcə o daha da
büzüşürdü və məlum olurdu ki, çarşabın altındakı daş deyil,
insandır və həm də canlı insandır. Mən buna pul vermək fikrinə
düşdüm və bu məqsədlə də saldım əlimi cibimə. Əmma ki,
bütün xırda pullarım qalmışdı o biri şalvarımın cibində və bu
şalvarımın cibində isə hədiyyə almaq üçün götürdüyüm bir şax
əllilikdən savayı bir qara köpük də tapılmadı. Mən də ki, allah
şahiddir o varlı şəxslərdən deyiləm ki, hər tində dilənçiyə bir
əllilik bəxşiş eləyəm. Əslin istəsən heç varlı adamların içində
də, hələ əllilik demirəm, heç onluğu da yolçuya paylayana mən
rast gəlməmişəm. Və bu da əlbəttə haqdı. Adam yolçuya onluq
bağışlasa, bəs onda daha hörmətli bir adamın evinə qonaq
gedəndə ona neçəlik hədiyyə alıb aparsın gərək? Məsələn,
uzağa niyə gedək? Heç insafdı ki, mən indi qonaq getdiyim
adamlara, yəni ki, canım-ciyərim bircə oğlumun canı-ciyəri
olan adamlara əlli manatlıq hədiyyə almaq istədiyim bir halda
heç tanımadığım bir dilənçini də layiq görüm həmin məbləğə?
Yox, əlbəttə, yox! Və mən dilənçinin yanından düz keçdim və
heç vicdan əzabı da çəkmədim, ona görə ki, bu dilənçi heç
istəmirdi də bir şey məndən. Əgər o istəsəydi və mən
verməsəydim, bəlkə onda bir narahatlıq duyardım. Amma yenə
də özümü təmamən sakit eləmək üçün müraciət etdim oğluma:
Adə! Xırdan yoxdur ki? Oğlum fikirli halda başını buladı,
amma mən əmin idim ki, o, heç mən dediyimi eşitmədi də,
202
çünki bu dəmdə onun fikri tamamilə ayrı bir yerdə idi və indi o
yaşayırdı başqa bir aləmdə. Dəhlizə çatanda mən döndüm bir
də dala baxdım və gördüm ki, bir nəfər milis dürtmələyə–
dürtmələyə qarını qovur ki, bu küçədə dilənmək olmaz. Bir
istədim dönəm, deyəm ki, yazıqdır, dəymə, o heç ağzın açıb
dinmir, sora fikirləşdim ki, nə işimə?
Bu milis tayfasıyla iş açmaq cəncəldir. Bir də görürsən tutdu
mənim də yaxamdan ki, gedək uçastaka. Bu bir məxluqdur ki,
dinin–məzhəbin bilmək olmaz. Oğlum məni fikirlərimdən
ayırıb dartdı yuxarı pilləkənlərinən. Mən yenə dedim:
–Ay Fərhad, axı yaxşı deyil əliboş getmək. Gəl qayıdaq,
sabah bir şey alıb gələrik.
Amma Fərhad qoymadı ki, qoymadı. Dartdı məni düz
üçüncü mərtəbəyə. Qapının zəngini basdı.
Mən bir də dedim: – Vallah, heç yaxşı olmadı.
Biabırçılıqdır.
Sözümü qurtarmamışdım ki, qapı açıldı, kök bir arvad,
deyəsən qızın anası idi, qapıya çıxdı və bizi görcək çığırdı:
–Oho, Farik, pirvet. Skolko let, skolko zim. Gta tvoy oteü?
Mən əvvəl duruxub qaldım. Gördüm ki, arvadın qaşı-gözü
qapqaradır. Dedim, bəlkə məni ayrı millət bilib. Azərbaycanlı
olduğumu bildirməkçün dedim:
–Xoş gördük.
Dedi:
–Pirvet! Pirvet! Zaxadi!
İçəri girdik. O biri otaqdan bir kişi gəldi. Deyəsən, kök
arvadın əri idi. Arvad dedi:
–Paznakomsa Mikael, eta ates Farik.
Və Mikael deyilən mənə yanaşıb əl verdi: – Mı oçen rad –
dedi – Kak delo?
Mən yaxşı başa düşmədim və odur ki, gülünc vəziyyətə
düşməməkçün onun bu sualını cavabsız qoymağı daha münasib
bildim. Bizi otağa dəvət elədilər. Yenə də urus dilində.
Təəccüb məni bürümüşdü. Yəni ki, bu mənimçün təzə bir
203
məsələ deyildi. Mən çox gözəl bilirdim ki, bir çox mədəni
ailələrdə başqa dildə danışmaq dəbdir, ələlxüsus da belə
ailələrin gəncləri üçün öz dillərini bilmək mandır. Bilirdim ki,
bəzi ailələrdə cavan oğlanlar öz ana dillərində yeddimərtəbə
küçə söyüşündən qeyri heç bir söz bilmirlər və cavan qızlara
isə söyüş söymək əyib və yaraşmayan bir iş olduğundan öz
dillərini öyrənməyə də heç bir ehtiyac qalmır və bu səbəbdən
də işti-şayət təsadüfən bir yerdə, məsəlçün azərbaycanca şer
oxunduğun eşidəndə bu onlara Afrika meşələrində yaşayan
buşmenlərin dili qədər əcaib gəlir və onlar qulaqlarını tutub
qaçırlar. Bəli, bunlar hamısı öz yerində, bunların heç biri
mənimçün təzə xəbər deyil. Məni ən çox təəccübə gətirən bu
idi ki, Fərhad da bu işə zərrə qədər təəccüblənmədi. Və indiyə
qədər danışmışdı mənə təzə qohumlarının hər işindən, ta
taxtabitilərinin sayına qədər demişdi, amma bu
xüsusiyyətlərindən heç bir şey deməmişdi. Hələ bu sənə
peşkəş, ona nə deyirsən ki, Fərhad özü də bunlarnan bunlar
kimi qırıldadırdı. Bir istədim qurumsağın qulağından tutub
şilləni çəkim üzünə, sonra öz-özümə dedim ki, ay axmaq,
neynəyirsən, başına at təpməyib ki? Hə, sözün qısası, əyləşdik
otaqda. Otaqları çox bər-bəzəkli idi. Da nə sayım, bütün
mədəni ailələrdə olması vacib olan şeylər burda cəm olmuşdu.
Televizor, radio, yumşaq mebel, royal və i. a.
Az sonra qızın (gəlinimi deyirəm) özündən balaca bacısı və
qardaşı otağa keçdilər. Məni görüb təəccüblə üzümə baxdılar.
Sonra qız şalvarımın balağına baxdı və barmağıyla
qardaşına da göstərdi və o da baxdı mənim şalvarımın balağına
və hər ikisi bərkdən qəhqəhə çəkib güldülər. Atası da bunların
gülməklərini görüb oturduğu yerdən durub gəldi və mənim
şalvarımın balağına baxıb qəhqəhə çəkdi, xeyli güldü və bir
qədər sakitləşəndən sonra qışqırdı: Lyalya, Lyalya (arvadının
adı Leyla idi) ti tolko basmatri qaqoy şiroki bryuk, pryama
klyoş, mojno Meriçka öbka delat.
Və arvadı da mənim şalvarıma baxıb qəh-qəh çəkdi və xeyli
204
gülüb sakitləşə bilmədi. Gördüm Fərhad başını salıb aşağı,
qıpqırmızı qızarıb və elə bir haldadır ki, çırtma vursan qanı
damar. Və mən indi başa düşdüm ki, Fərhad nə üçün köhnə
genbalaq şalvarını verib daraldırmış onların balağlarını. Deyən
elə Mikael da Fərhadın pərtliyini hiss elədi və söhbəti
dəyişmək məqsədilə dedi:
–A qde Meriçka, Alik pazavi Meriçka.
Meri mənim gəlnimin adı idi. Bu ad mənə yaxşı tanış idi.
Eşqdən yuxusuz gecələr Fərhad həmin bu adı təkrar edərdi öz-
özünə yüz kərə, min kərə. Və məni də yatmağa qoymurdu.
Qoymurdu ki, eşq sözünü çoxdan yaddan çıxarmış sinni kişi
rahatlansın. Baş–beynim gedirdi: Meri, Meri, Meri...
Doğrusu, mən də oğlumun bu Merisini görməyə çox
darıxırdım. Axı necə olsa aman–zaman bircə oğlumun həyatı
bağlanacaq adam elə bu Meridi ki, var. Və indi də Merinin
görünməməsi, yubanması həm tükəndirirdi mənim səbrimi və
həm də mənə bir az xoş gəlirdi. Öz-özümə deyirdim gör nə
həyalı qızdır, yaş ötüb iyirmi beşi, necə deyərlər, ali təhsilli
həkim babadır, hədd-buluğa çatmış bir şəxsdir, amma yenə də
görünür gələcək qayınatasının yanına çıxmaqdan bir az çəkinir.
Necə olsa cavandır da! Taxsır məndədir. Nə vacib idi gəlmək.
Elə bu vaxt Alik qaça–qaça gəldi və dedi ki, Meri gəlmir,
radionun qabağında oturub əntiqə bir caz tutub və qulaq asır.
Mikael dedi ki, get de Fariknən atası gəlib. Alik getdi və az
sonra o biri otaqdan bir səs eşidildi ki, həmin səs yayıldı
Fərhadın ürəyinə necə bir incə musiqi nəğməsi və Fərhadın üzü
güldü və mən də bundan qandım ki, bu səs həmin onun
istəklisinin səsidi. Meri çığırırdı ki, "Xoroşo da, slışala da,
konçitsa pridu da. Dayte sluşat, ne ubequt je oni".
Mən fikir verdim ki, Meri də balaca bacısı və qardaşı kimi
urusca səlis danışır, atası, anası kimi yox.
Fərhaddan soruşdum ki, bu caz deyilən nə şeydir ki, ondan
ayrılmaq olmur. Bu sözümə yenidən hamı qaqqıldadı və hiss
elədim ki, Fərhad da xeyli pərt oldu, baxma ki, gülümsədi və
205
heç bir cavab vermədi və durub o biri otağa istəklisinin yanına
keçdi.
Gətirib çay qoydular, növ-növ mürəbələr, qənfetlər,
şakaladlar düzdülər. Arvad dadlı bir piroq gətirdi qoydu stolun
üstünə və dedi ki: Spesalnı dlya vam priqatovil. Və əri də dedi
ki, ay malades, şikarni piroq.
Yeyib-içməyə başladıq. Piroq doğrudan da çox dadlı idi.
Amma ki, danışmağa söz tapmırdıq. Fərhad o qədər danışmışdı
ki, mənə təzə qohumlarımın mədəniyyətindən və indi mən
qorxurdum ağzımı açıb bir söz deməyə ki, səhv eləyərəm və
hamı mənə gülər, necə ki, bayaq. Bir "caz" sözünü bilmədim,
üzümə belə güldülər, hələ dalımca necə şəbədəyə qoyub ələ
salacaqlar. Dinməz otursam məsləhətdir. Dinməz iki stəkan çay
içdik. O "caz" deyilən nə idisə görükür ki qurtardı, çünki Meri
yanında da Fərhad bu otağa gəldilər. Merinin gözəlliyinə söz
yox idi. Doğrudur, saçının burumu, həm də geyimi mənim
xoşuma gəlmədi. Amma ki, bunlar hamısı boş şeylərdi. Saçuvu
belə burmazsan, belə burarsan, olar yaxşı, Paltarı da ki,
istəyirsən belə tikdirməzsən, belə tikdirərsən. Bir də axı nə
olsun mənim xoşum gəlmir. Mən köhnə adamam və moddan–
zaddan da yaxşı başım çıxmır. Bəlkəm elə saçın nə qədər
gödək olsa, o qədər yaxşıdır baş ağrın da az olar.
Bir də lap düzü mənimçün heç gözəllik də əsas deyil. Hamı
gözəl olmaz ki! Əsas odur ki, ağıllı olsun, xasiyyəti yaxşı
olsun, qanacağı–qabiliyyəti olsun. Bu sarıdan da, yəni
qanacaq–qabiliyyəti, mədəniyyəti deyirəm, Fərhad mənim
beynimi elə doldurmuşdu ki, mən lap əmin idim: gəlinim
mərifət, ədəb–ərkan dağarcığıdır və mədəniyyətə heykəl
qoyulsa, gərək onun və ailəsinin heykəlini qoysunlar. Hə, hər
neysə axır ki, Merini gördük. Qız mənə ağuzucu bir salam
verib özün divana yıxdı və fit çalmağa başladı. Sonra da: Ma,
mne piroq, – deyə çığırdı.
Dilim dinc durmadı, dedim:
–Qızım, dur özün götür də, sən anannan cavansan.
206
Meri təəccüblə mənə baxdı və dedi: – Çto? – Deyəsən
dediyimi yaxşı başa düşməmişdi. Fərhad könülsüz tərcümə etdi
və bu zaman qız ürəkdən bir: Püff! – eləyib üzünü o biri tərəfə
çevirdi və fit çalmağa başladı. Mən dediyimə peşman oldum,
amma insafən atası da mənim sözümə haqq verdi:
–Vı prav – dedi – Lyalya ix zabalaval.
Meri bu sözləri qəbul elədi, tam bir etinasızlıqla və lakin
birdən ilan vurmuş kimi sıçradı və cəld radiocihazın üstünə
cumdu:
–Çut ne zabıla, – dedi, – konsert. – Bir əcnəbi adı çəkdi ki,
əməlli tanımadım.
Dərhal bacısı–qardaşı onun yanına qaçdılar və sevinclə
attanıb–düşdülər və həmin adı təkrar edib:
–Ura! Ura! – deyə qışqırışdılar.
Radionu yandırıb hər üçü qayıtdı və əyləşdi divanda və
böyük bir maraqla gözləməyə başladılar. Amma görünür, Meri
vaxtı çaşdırmışdı, çünki bu dəm radiodan muğamat səsi gəldi,
özü də Zülfü oxuyurdu.
Meri qaşlarını çatdı, sonra da nə isə düşdü yadına:
–Ax da, çerez ças, – dedi. – Ya zabıla, ved u nas zdes
bakinskoe vremya, – və radionun üstünə cumdu
söndürməkçün. Mən çoxdandı Zülfünü eşitməmişdim. Odur ki,
böyük həvəs və ləzzətlə qulaq asmağa hazırlaşmışdım. Və
görəndə ki, bu ləzzəti əlimdən alırlar, yalvardım:
–Qızım, keçirmə, – və başa düşsün deyə əlimlə işarə etdim.
Meri çiyinlərini çəkdi, geri qayıtdı, divanda oturdu və dedi:
–Ne panimaö, kak mojno sluşat takoe mıçanie.
Və sonra eşitdim ki, Fərhad Meriyə döndü:
–Ya nə znayu, çto s nim, vabşe on toje preziraet muğamı.
Bu ağ yalandan qan vurdu beynimə. Amma yenə də özümü
saxladım. Muğamatın kədər və möhnət dolu aləminə dalmağa
başladım. Bir də gördüm Meri durdu.
–Nu znaeş, Farik, ə dalğşe ne v silax terpet eto – və o biri
otağa keçdi. Bacısı, qardaşı da dalıycan. Az sonra Leyla:
207
–Prastite mine, – deyib otaqdan çıxdı və ən nəhayətdə
Mikael də bir bəhanəylə sürüşdü otaqdan.
Otaqda bir mən qaldım və bir də Fərhad. Fərhad demə
bayaqdan məndən yığıbmış və indi tökdü hamısını üstümə. –
Dur gedək, – dedi, – biabır olduq, elə gərək
mədəniyyətsizliyimizi burda göstərəydik? Özünü belə niyə
aparırsan, belə niyə danışırsan. Yaxşı olar ki, desinlər oğlunun
forsuna bax, atasının mədəniyyətinə, savadına, qanacağına bax!
Dur gedək heç olmasa bu biabırçılıq qurtarsın.
Dedim:
–Kəs səsüvü, köpəy oğlun qoduğu. Sən öləsən, Zülfü "Şur"
təsnifini qurtarmayınca buradan çölə ayaq basan kişi deyil.
Farhad gördü ki, yox qırımım ayrıdı. Da söz demədi. O da
keçdi öz istəklisinin yanına. Beləliklə də mən lap tək qaldım.
Hə bir də Zülfünün yanıqlı səsi. Sən öləsən, ömrümdə
muğamata belə ləzzətlə qulaq asmamışdım. Hərdənbir ev
yiyələri gah o qapını, gah bu qapını açıb otağa boylanırdılar.
Bilmirəm da nəyi yoxlayırdılar, muğamatın qurtarıb–
qurtarmadığınımı, yoxsa ki, mən getmişəm, ya yox? Axırda
Fərhad içəri girdi dedi:
–Əşi, söndür bunu da. Bütün evi bu otaqdan didərgin
salmısan.
Elə bu dəmdə muğamat qurtardı və radio dedi:
–Xosume Baku.
Dedim:
–Hə, indi söndürə bilərsən. Çağır qohum–qardaşuvu
gəlsinlər, görüşək gedək.
Mikael, sonra arvadı, nəhayət iki qızı və bir oğlu gəldilər,
görüşdük.
Mikael dedi:
–İnaqda zaxadite.
Meri dedi:
–Hm, da.
Arvadı dedi:
208
–Pirvet.
Oğul da başın yellədi və dedi:
–Poka.
Və bircə kiçik qızı heç nə demədi və mənim şalvarımın
balaqlarına baxıb bir də qaqqıldadı.
Mən də bütün fikrimi cəmləyib dedim:
–Do svidaniə.
Hamı böyük bir ruh yüksəkliyi ilə dedi:
–Do svidaniə, da svidaniya, – və uzun zaman qapıdan
ardımızca baxdılar.
Küçəyə çıxanda Fərhad soruşdu:
–Nu kak?
Da təəccüb eləmədim. Dedim ki, lap əsl sənə layiq
adamlardı, xoşbəxt olun və artıq bir şey demədim. Onu orada
buraxdım və izdihamlı küçədən qaranlıq dar bir döngəyə
çıxdım.
Bu gün gördüyüm şeylər haqda düşünə-düşünə gedirdim ki,
bir də gördüm kimsə lap ayağımın altında zarıdı:
–Ay bala, qurbanın olum, qabağında ölüm sənin, görüm səni
heç vədə neynim, necə eləyim deməyəsən, yazığın gəlsin,
qurban olum, allah sənə ömür versin, möhtac qalmayasan,
zaval görməyəsən, qurbanın ollam, ay bala.
Diksindim. Dönüb baxdım. Çarşabından tanıdım. Bu bayaq
həmin gur, yaraşıqlı küçədə büzüşüb üşüyən dilənçi idi. Oradan
milis qovduğundan gəlib oturmuşdu bu dar qaranlıq dalanda,
bilə-bilə ki, ayda-ildə bir adam keçmir bu dalandan.
Nədənsə həmin dəqiqədə qıçımın yandığını hiss etdim və elə
o saat da anladım ki, qıçımı yandıran cibimdəki əllilikdir.
Çıxarıb əlliliyi arvada uzatdım. Qaranlıqda seçə bilmədi, sonra
da gözlərinə inanmadı və ən nəhayətdə pulu öpdü. Gözlərində
bir ifadə vardı ki, ah, nə deyim?.. Onu bilirəm ki, 55 yaşıma
yaraşmayan bir çevikliklə qaçdım o yerdən uzağa.
Nə isə... heç bilmirəm bunu niyə sizə danışdım. Bilmirəm
bu gün nə olubdur mənə. Baş-ayaq vururam. Özümü də yaman
209
pis hiss eləyirəm. Ürəyim ağrıyır.
1958
210
60-CI İLLƏRİN
H E K A Y Ə L Ə R İ
211
DÖRD ÇAHAR
–Adam gərək hər işi görəndə vicdanla görə, – deyə Murtuz
müəllim çaydan bir qurtum alıb stəkanı qırağa qoydu. – Axı
niyə elə iş görəsən ki, sabah ağzı göyçəyin birisi sənə irad tuta
bilsin. Namus ki, var, ay Zəki, duru su kimi şeydir, bir damla
çirk düşdümü, bulanacaq.
Murtuzla mən eyvanda oturub çay içə-içə söhbət edirdik.
Yayın cırhacırı idi. Murtuz müəllim arvadını Kislovodskiyə
göndərmişdi, özü də sabah Soçiyə gedirdi, mən isə yayı Bakıda
qalmalı idim; qəbul komissiyasının üzvü idim. Söhbət də elə bu
barədə gedirdi.
Murtuz müəllim hələ küncdə-bucaqda gizlənib qalmış bəzi-
bəzi adamlardan danışırdı. Belə-belə adamların bəziləri bəzən
görürsən hansı qaranlıq yollarlasa ali məktəb müəllimliyinə də
yetişir və min fəndlə özlərini qəbul komissiyalarına saldırırlar.
Murtuz müəllim qəndi stəkanda isladıb ağzına qoydu,
çayından bir qurtum da içdi və söhbətinə davam etdi:
–Bəli, dəsgah onda başlayır. Bir ayın içində zalım balası
görürsən özünü elə düzəldir ki, daha nə deyim. Altına o qədər
yığır ki, ondan sonra evini top da dağıtmaz. Canımçün, Zəki,
elə adam tanıyıram ki, hər balı düz min manata verir. Nəqd beş
min sana, bir beş qiymət başının altında.
–Ay Murtuz, o haqq-hesabnan "iki" də gərək iki minə olsun
ki...
–Sən zarafat elə! Canımçün, oğlanlar var ki, bir sessiyada
əlli mini, yüz mini qatlayıb qoyur cibinə. Bəs yayın bu
cırhacırında dəlidir qala Bakıda... Mənim kimi o da gedər
özüyçün Soçiyə, Kislovodskiyə. Yox, bir il, iki il burda istidə
bişə-bişə qalır ki, sonra bütün ömrü boyu kefi haraya gəldi
gedə bilsin... – Birdən Murtuz müəllim duruxub susdu,
üzündən bir kölgə keçdi və gözümün düz içinə baxıb əlavə
212
etdi: – Zəki, birdən ürəyinə ayrı şey gələr ha. Sən də bu yay
qəbul komissiyasındasan, sonra deyərsən Murtuz mənə söz atır.
–Əşi, ay Murtuz, heç istəmirdim, bilsən Əsəd başıma nə
oyun açdı, güclə saxladı. Deyir...
Murtuz sözümü ağzımda qoyub bərkdən şaqqıldadı.
–Ay-hay! Rəhmətliyin oğlu, guya mən bilmirəm. Yox,
qardaş, o sənin kimi, mənim kimilərin işi deyil, ona da xüsusi
fərasət, bacarıq, zirəklik lazımdır. O özü də bir ustalıqdır.
Amma, ay Zəki, istəmirəm o fərasəti də, o pulu da, o qorxunu
da. Köhnə kişilərin sözü olmasın, haram malın bərəkəti də
olmaz. Elə deyil?
–Əlbəttə, Murtuz, elədir. Amma, doğrusu, mən bu ali
məktəblərdə rüşvət məsələsinə də çox inanmıram. Bəlkə indi
Bakının on beş institutunun birində bir ya iki nəfər elə
namussuz tapılar, ancaq görürsən bunu bəzən elə şişirdirlər ki,
nə bilim daha necə!..
Murtuz dərhal mənimlə razılaşdı.
–Elədir, Zəki, əlbəttə, düzdür, amma axı onu da adamın
vicdanı götürmür. Qırx ildi Sovet hökuməti qurulub, göyə
adam buraxırıq, sən də burda qanunsuz, çirkin iş görəsən?
Yaraşmaz e, yaraşmaz! Nə cəmiyyətimizə yaraşan işdi, nə də
xalqımıza! Mənə qalsa, mən belələrini lap camaatın gözü
qarşısında güllələyərəm!
–Bizim direktor Əsəd də elə deyir. Onun yanında bu barədə
söhbət düşəndə deyir ki, boş danışıqlardan bir şey çıxmaz. Bax,
mənim institutumda bircə nəfər elə adam göstərin, sonra
tamaşa eləyin, dalısıynan işiniz yoxdur. Gör mən onun başına
nə oyun açaram. Vallah, Murtuz, doğma qardaşı ola ha, bilə
qanunsuz iş görüb, öz əliylə boğar. Yaman mərd adamdır!
–Ooo, Əsəd ayrı oğlandır. Kişi adamdır. Amma, Zəki,
bilirsən də, o cür iş tutan elə tutur ki, fələk özü də gəlsə heç bir
şey isbat edə bilməz. Dərd də ondadır da!
–Bəli.
İkimiz də dərindən köksümüzü ötürdük. Murtuz nərd taxtanı
213
açıb "uzun" düzməyə başladı. Mən atdım–"se". O atdı "pənc".
Murtuz hər iki zəri əlinə alıb dedi:
–Zəki, indi öz aramızdır. Sən də milyoner deyilsən də, ailən
böyük, özün də aylıq məvacibə baxırsan. Çahar dü!
–Özümüzə çatır. Dübarə!
–Yox, onu demirəm. Pənc çahar. Bilirəm çatır. Bu çahar.
Bəs pənc hanı? Yaxşı, bu da pənc. Amma kim istəməz ki, daha
yaxşı yaşasın, daha gözəl dolansın. Yek oyna. Hə? Düz
demirəm? Hamı istəyər axı.
–Doğrudur.
–Hə. İndi sənin yerində o zalım oğlu fikirləşir ki, yaxşı, bu
cəhənnəm istisində qalmışam burda. Özüm də xəstə.
Cəhənnəmə, dünyanı mən düzəltməyəcəm ki, bir iyirmidən,
otuzdan alıb qoyum cibimə. Gedim yeyim, içim, gəzim, kefimi
çəkim, dünya beş gündür, mənim də damağım çağ olsun, o
imtahan verib instituta girənin də.
Mən zərləri kənara qoydum:
–Yaxşı, mənim də damağım çağ oldu, instituta girənin də.
Bəs instituta düşməyənin necə? O bundan yaxşı bilirdi. Amma
bu tapşırılmışdı, düşdü, o biri düşmədi. Bəs o düşməyənin kefi-
damağı necə olsun?
Murtuz əllərini havada yellədi.
–Məsələ də elə burdadır də. At zərivi. Yeqanlar! Burda
ortalığa çıxır bir məsələ. Hansı məsələ? Namus, vicdan, qeyrət
məsələsi. Şeş se. Bu şeş, bu da se.
–Bilmədin, se əldən idi.
–Hə, məsələ də ondadır, – deyə Murtuz sözünə davam etdi.
– Deyir tüpürürəm sənin otuz mininə də, əlli mininə də. Bir
parça yavan çörəyimi yeyərəm. Namusum, vicdanım ləkəsiz
qalar, gül kimi adımı bədnam eləmərəm. Xalqımın da gözünün
içinə dik baxa bilərəm. İki bir! Mən ölüm elədir, ya yox?
–Elədir ki, var, – dedim. – Şeş qoşa!
–Əsas xalqdır, Zəki, xalq! Biz gərək elə iş tutaq ki,
xalqımızın başı uca olsun. Ali məktəb xalqın yüksəkliyidir.
214
Müəllim millətin fəxridir. Ali məktəblərdə çirkin işlər tutmaq
olmaz. Müəllim gərək nalayiq hərəkət eləməsin. Xalq, millət
bizdən haqq-hesab tələb eləyəcək. Bu andıra qalmış iki bir
məndən nə istəyir!... Zəki, bilirsən, bizim millətin gözəl bir
ənənəsi var. Düldülü! Bu da ondan ibarətdir ki...
Təəssüf ki, mən bu ənənənin nədən ibarət olduğunu bilə
bilmədim. Zəng çalındı, mən qapıya getdim və Murtuzun sözü
yarımçıq qaldı.
Gələn iki nəfərdən biri bizim əvvəlki evdə qonşumuz idi.
İkinci kişini ilk dəfə görürdüm.
–Xoş gəlmisiniz, buyurun, Sadıq, içəri keçin.
–Zəki müəllim, bizim xalaoğluyla tanış ol.
–Çox şadam, Zəki İmanzadə.
–Teyyub Cahangirov.
–Zəki müəllim, deyəsən qonağın var?
–Hə, gəlin, tanış olun. Murtuz müəllim bizim hörmətli
müəllimlərdəndir.
Sadıq əl verdi:
–Necə ki, adın çox eşitmişdik, amma şəxsən tanış deyildik.
İndi şükür, feyziyab olduq.
Murtuz dedi:
–Yaxşı igidin adını eşit, üzünü görmə.
Sadıq irişdi:
–Yox, müəllim, igid elə igiddir. Adı da, özü də. Amma Zəki
müəllim görünür sizdən də igid çıxıb. – O, nərdi göstərdi, –
deyəsən marsdı?
–Yox, hələ demək çətindir. Yaxşı, Murtuz, oyunumuzu
burda saxlayaq. Dalın sonra oynarıq. – Qonaqlara müraciət
etdim: – Çaydan, çörəkdən?
Razılıq etdilər.
–Bilirsiniz də, arvad-uşağı göndərmişəm Şuşaya. Sizə yaxşı
qulluq eləyə bilməyəcəm. Amma indi olandan...
–Ay Zəki müəllim, subaylıq-sultanlıqdır. Bildik təksən,
dedik bir baş çəkək, görək nə var, nə yox.
215
–Hə, lap yaxşı. Çoxdan görünmürsən, Sadıq.
–Əşi, iş-güc qoyur ki!
–Bir–birimizin kef-əhvalı haqqında, ailələr haqqında nə
mümkünsə hamısını soruşub cavab aldıq. Hava söhbəti də,
necə deyərlər, tamama yetdi. Daha danışmağa söz yox idi.
Sükut çökdü. Sadıq "Kazbek" çıxardıb hamıya təklif etdi.
Murtuz çəkən deyildi. Teyyub alıb çəkməyə başladı. Sadıq bir
qullab vurub dedi:
–Zəki müəllim, sən ki, maşallah, çəkən deyilsən, – sonra
üzünü Teyyuba tutub əlavə etdi: – Zəki müəllim nə papiros
çəkər, nə də o zəhirmardan dilinə vurar.
Teyyub nə isə anlaşılmaz bir şey fısıldadı. Bu kök, yekəpər,
qırmızısifət, şişman kişi bayaqdan bəri öz adından başqa bir
kəlmə belə söz deməmişdi. O, yalnız parovoz kimi tövşüyür və
üzündən salxım-salxım axan tərini silirdi.
Sadıq hırıldadı:
–Doğrusu, Zəki müəllim, qulağıma bir söz çatıb, amma heç
inanmağım gəlmir. Deyirlər maşın almaq istəyirsən. Necə
söhbətdi?
–Nədi ki, yetim əlində qoğal əcayib?
–Eh, ay Zəki muəllim, kaş elə mən də sənin kimi yetim
olaydım!
Sadıq bunu deyəndə Teyyub bərkdən kişnədi. Güman ki, bu
onun gülüşü idi. Sadıq irişə-irişə davam etdi:
–Adamın bir-iki nəfər sənin kimi "yetim" dayısı olsa, nə
dərdi var? Zəki müəllim, sözüm ondadır ki, belə səninlə maşın
nə isə uyuşmur e. Sən belə təmkinli, sakit adamsan, suyu
üfürə–üfürə içirsən, səni rul dalında heç təsəvvür edə bilmirəm.
Hə, Zəki müəllim, mən ölüm, vur bura! – Sadığın üzünün
ifadəsi ciddiləşdi. – Amma zarafat bir yana qalsın, lap yaxşı
fikrə düşmüsən. Maşın ayrı aləmdir! – O, Murtuza tərəf döndü.
– Müəllim məndən yaxşı bilər, elə rəhmətlik Sabir kişi də
deyib ki, əcnəbilər balona minib göydə mayallaq aşırlar, biz
hələ avtomobilə də minmirik.
216
–Sabir bir az ayrı cür yazıb, – deyə Murtuz sözə qarışdı. –
Amma ümumiyyətlə maşın yaxşı şeydir. Mən özüm də bir
"Volqa"dan, "Pobeda"dan almaq istəyirəm. Oğlum iki ayağını
dirəyib bir başmağa. Görək, gələn il düzəlsə...
Sadıq birdən Teyyubun çiyninə şappıltı ilə çəkdi və hər ikisi
bərkdən qaqqıldadı.
–Necə yəni düzəlsə, ay rəhmətliyin nəvəsi! Teyyub lələnin
canı sağ olsun! Bütün Bakının cəmi maşınları bu kişinin
ixtiyarında! Ölməmişik ki, haçan desən qulluğunuzda hazırıq!
–Qul sahibi olasınız. Çox sağ ol, əzizim, çox razıyam.
–Yox, öz canımçün doğru sözümdür. Yaxşı, sən ki, Zəki
müəllim "Volqa"nın açarını qoymusan cibinə!
Mən əvvəl başa düşmədim, sonra isə anlayıb güldüm.
–Ay Sadıq, bəxtəvərlikdən dəm vurursan. Açar-zad nədi, a
kişi, qoy oturmuşuq. Hələ növbəyə yazılmışam, məndən qabaq
yüzə qədər adam var. Özü də "Volqa"ya gücüm çatmaz,
"Moskviç" almaq istəyirəm.
Sadıq və Teyyub elə bərkdən şaqqıldadılar ki, (Teyyub,
daha doğrusu, kişnədi) elə bil qarşılarında mən – Zəki
İmanzadə deyil, Molla Nəsrəddinin özü oturub ən duzlu
lətifələrindən birini danışırdı.
–Ay Zəki müəllim, ay Zəki müəllim, idealist olub qaldın! Ə
kişi, növbəylə kim maşın alır! Növbəyə dursan, on il də
duracaqsan!
–Camaat necə, mən də elə.
Hiss edirdim ki, şablon sözlər deyirəm. Ançaq bəzən elə
şərait olur ki, həqiqəti, doğrunu məhz şablon sözlərlə ifadə
etmək lazım gəlir.
Birdən Sadıq sanki nə isə xatırlayıb mənə baxdı.
–Dayan, dayan, Zəki müəllim, deyirsən "Moskviç"
istəyirsən?
–Aha,
–Çox gözəl, çox da pakizə! – Sadıq əlini-əlinə vurub
Teyyuba tərəf döndü. – Teyyub, bu saatca ağlıma bilirsən nə
217
gəldi? Sən öl, sənin "Moskviç"in lap Zəki müəllimin malıdı!
Teyyub nə isə fısıldadı. Sadıq eyvandan əyilib, aşağıda
qapımızın ağzında dayanmış yaşıl "Moskviç"i göstərdi. –
Budur e, elə burda dayanıb. Teyyub "Volqa" alıb, odur ki, elə
bu "Moskviç"i verməyə adam axtarırdı. Özü də qət təzə
maşındı.
Murtuz xəbər aldı:
–Nə qədər gedib?
–Cəmi-cümlətanı beş min iki yüz kilometr! Özü də,
canımçün, motoru saat kimi işləyir. Hə, Zəki müəllim,
sağlığına qismət olsun!
–Çox sağ ol, Sadıq, amma bu nisyə söhbətdir. Bu saat
mənim maşın almaq imkanım yoxdur. Mən bir ilə, il yarıma
nəzərdə tutmuşdum.
–Eh, ay Zəki müəllim, Teyyub elə oğlanlardan deyil. Götür,
maşın olsun sənin. Pul-zad da lazım deyil. Mən elə bunu
Teyyubun da adından deyirəm, neçün ki, xasiyyətinə bələdəm.
–Yaxşı qanmadım, necə yəni? – Mən bunu deyəsən bir
qədər sərt dedim, çünki Sadıq nə isə tutulan kimi oldu və
dərhal sözü dəyişdi.
–Yox, onu deyirəm ki, yəni qaçhaqaç deyil ki, dostuq,
aşnayıq. Adamın adama doverisi olar. Götür maşını işlət. Pulun
da vamnan verərsən. Bir hissəsini indi, bir hissəsini bir il, il
yarımdan sonra, haçan kefin istəsə!
–Çox sağ ol Sadıq, amma bu havayı danışıqlardı, keç ayrı
söhbətə.
Sadıq susdu və nədənsə əyri-əyri Murtuza tərəf baxdı. Bu
baxışı mən də, Murtuz da tutduq. Az sonra Murtuz ayağa
durdu:
–Zəki, telefon hardadır, mənim bir uzun-uzadı telefon
söhbətim var.
Murtuz o biri otağa keçdi. Sadıq stulunu mənə yaxın çəkib
səsini bəmə saldı.
–Zəki müəllim, vallah, sənin belə qəribə xassiyyətin var e!
218
A kişi, biz də sovet vətəndaşıyıq, vətəndaşlıq borcumuzu da
bilirik və indi bacardığımıza, fərasətimizə görə yerinə
yetirməyə də çalışırıq. Amma belə vasvasılıq da yaxşı deyil də,
he, he, he! Zəki müəllim, yaxşı, sən maşını mağazadan yox,
bizdən alsan, pulunu da birdən yox, erməni demiş "qamas-
qamas" versən dünya dağılmaz ki, sovet hökumətinə bir şey
olmaz ki, hə?
–Yox, olmaz.
–Nə olmaz?
–Sovet hökumətinə bir şey olmaz, amma o sən deyən iş də
olmaz, baş tutmaz.
–Bax, bu olmadı da, Zəki müəllim, sən özünü bizə yad
biləndə, biz də səni yaxın saya bilmərik, bir sözümüz, dərdimiz
olsa, deyə bilmərik. Hə? Mən ölüm, necə sözdü?
Mən nəzakət və qonaqsevərlik haqqında bütün bildiklərimi
səfərbər edib gülümsənən sayaq oldum.
–Yox, niyə ki...
–Bilirsən, Zəki müəllim, indi mən sənin yanına ərk eləyib
gəlmişəm. Bizim xalanəvəsi, Teyyubun oğlu sənin sənətini
seçib. Deyir elə mən də Zəki dayım kimi olmaq istəyirəm. Hə,
indi dokumentlərin də verib sizin instituta. Maşallah, çox
zəkalı, qabiliyyətli uşaqdır, amma bir az utancaqdır, bir də belə
çox nervnidir, imtahan-zad olanda da lap özünü itirir,
bildiklərini də yadından çıxarır, görürsən dili tutuldu, bir kəlmə
danışa bilmədi. İndi, Zəki müəllim, uzun sözün qısası, səni
deyib gəlmişik. Teyyub mənə deyəndə dedim xalaoğlu, sən lap
arxayın ol, ürəyivi buz kimi elə, Zəki müəllim mənimlə
qaranoydı, qardaş kimiyik, sözümü yerə salmaz. Zəki müəllim,
gərək elə biləsən öz balandır. Necə deyərlər, əti sənin, sümüyü
mənim, gərək ona kömək eləyəsən, biz orda səndən başqa heç
kəsi tanımırıq. İndi sən özün bil də, kimi görmək lazım, nə
lazımdı, göz üstə! Sən ancaq bizə papaq elə!
Teyyub nəhayət dilləndi:
–Xəcalətdə qalmarıq, – deyə fısıldadı.
219
Mənim ürəyim şiddətlə döyünürdü. Hiss edirdim ki, rəngim
də qaçmışdır. Ağzımı açıb bir kəlmə danışa bilmirdim, elə bil
nitqim tutulmuşdu. Sadıq yan cibindən balaca bir kağız çıxarıb
mənə uzatdı:
–Bax, uşağın adı, qruppası, listin nömrəsi, hamısı burda
yazılıb. Amma, Zəki müəllim, sən məndən yaxşı bilərsən,
hamısı beş olmasa balı çatmaz, ha. Bir də ki, – o, yenidən
küçəyə əyildi, – şərtimiz belədir, biz səni dost bilib, ərk eləyib
uşağı tapşırırıq, sən də gərək bizi dost biləsən, ürəyimizi
qırmayasan, maşını qaytarmayasan.
–Peşkəşi qaytarmazlar ki, – deyə Teyyub bir daha fısıldadı.
Mən kağızı Sadığa uzatdım:
–Otuz il müəllimlik eləmişəm, Sadıq, – dedim. Hiss edirdim
ki, həyəcandan səsim əsir, bir uşaq kimi əsəbiləşdiyimçün daha
da pərtləşirdim, – səninlə də beş il qonşu olmuşuq. Amma,
doğrudan təqsirkaram, nöqsanımı boynuma götürürəm, bu günə
qədər səni tanımamışam, nə yuvanın quşu olduğunu
bilməmişəm. İndi tanıdım.
Sadıq belə gözləmirdi. O, bir an karıxdı, lakin dərhal özünü
ələ alıb dedi:
–Belə niyə, Zəki müəllim, niyə qanını qaraldırsan, biz sənə
dost kimi...
–Mənim sən adda dostum yoxdur.
–Belə oldu?
–Hə, belə oldu.
–Axır sözündür.
–Ümumiyyətlə səninlə axır görüşümdür.
Teyyub fısıldaya-fısıldaya:
–Bacıoğlu, bəlkə "Moskviç"i bəyənmədin, "Volqa"
düzəldərik, – dedi.
Ən dəhşətlisi o idi ki, bu adam bu sözləri kinayə kimi yox,
ciddi təklif kimi deyirdi.
–Bu saat ikiniz də itilin burdan, yoxsa prokuror çağıraram.
Mən onların ardınca qapını çırpan kimi Murtuz təəccüblə
220
soruşdu:
–Nə oldu?
–Heç nə əşi. İti qovan kimi qovdum.
–Niyə axı, nə deyirdilər ki?
Biz eyvana çıxdıq.
Mən hələ də əsəbdən titrəyə-titrəyə məsələni danışdım.
–Əşi, bir toxta, belə nadürüstlərlə neyləmək olar!
Əsəbiləşmə! At! dü!.. Namus, vicdan ki, olmadı... çətindi. İki
bir. Ən pisi də o oldu ki, bir şey eləmək olmur. İşi elə bic
tuturlar ki: şahid yoxdur. Heç nə isbat eləməyəcəksən. Üstəlik
sənə böhtançı adı da yaxarlar, kitab bağlanar.
–Bəli,– dedi, – bəla da ondadır. Amma, aşna, öz aramızdır,
marssan ha.
–Hə, indi bir dörd çahar Murtuz lələşinçün dərmandır. Ay
dörd çahar hardasan?
–Al, bu da dörd çahar. Sən istədin, mənə gəldi.
–İt sümüyüdür də, – deyə Murtuz həsrətlə zərlərə baxdı.
Maşın qapısının şappıltısı eşidildi. Çağrılmamış "qonaqlar"
yaşıl "Moskviç"lərinə əyləşirdilər. Birdən gözüm maşının
nömrəsinə sataşdı. Sən bir təsadüfə bax, nömrə mənim atdığım
zərlərin eyni idi: 44-44. Dörd çahar.
– Yaxşı, Murtuz, – dedim, – sən mars! Amma mən bunu
necə oynayım axı? Nəyimə lazım idi mənə dörd çahar verdi?
Murtuz köksünü ötürdü:
–Allah ondan mənə vermir ki...
Bu əhvalatın nəticəsi sonrakı il oldu. Onu da deyim ki, o il
Teyyubun oğlu birinci imtahandan üç aldı, mənim
imtahanımdan isə bütün obyektivliyimə baxmayaraq (axı,
uşağın nə təqsiri vardı?), bir suala belə cavab verə bilməyib
kəsildi.
Gələn yay qəbul komissiyasına mənim yerimə Murtuz
qalmışdı. Mən isə ailəmi bir "Pobeda"ya doluşdurub Göy gölə
aparmışdım. Bir-iki yerdə az qala qəzaya uğramışdıq, amma
ümumiyyətlə pis keçmədi. Avqustun axırında Bakıya qayıtdıq.
221
Sentyabr gəldi, dərslər başladı. Bir səhər qəzetləri gözdən
keçirəndə gözümə bir felyeton dəydi. Ora-burasına baxdım,
gördüm adlar tanışdır. Söhbət mənim bildirki qonaqlarımdan –
avtomobil alverçiləri Teyyub Cahangirovdan və Sadıq
Məhərrəmovdan gedirdi. Min cür fırıldaq işlətmiş bu qoşa
haramzada indi məhkəmə salonunda da cüt oturmuşdular.
Felyeton çox duzlu yazılmışdı. Yaman da geniş yayılmışdı.
Küçədə, bayırda hamı ondan danışırdı.
İnstitutda
müəllimlərdən biri məndən soruşdu:
–Oxumusan?
–Hə.
–Amma yaman yazıblar. Çox tutarlıdır. Bilirsən də, hərifin
oğlu bizim institutda oxuyur.
–Kimin oğlu?
–Əşi, Cahangirovun da. Odey, bax, həmin o gədədir.
Uzunsaç.
Mən o göstərən səmtə baxdım və gözlərimə inanmadım. Bu
həmin bildir kəsdiyim oğlan idi.
–Necə oxuyur? – deyə soruşdum.
–Necə oxuyacaq? Avaranın biridir! Dərsə-zadada gəlmir.
Bilmirəm heç bura necə düşüb.
Birdən elə bil məni ildırım vurdu. Yadıma düşdü ki, Murtuz
deyirdi təzə maşını var. O, maşını institutun həyətində
saxlayırdı. Mən həyətə qaçdım.
Bəlkə də məni təqsirləndirəcəksiniz, bəlkə deyəcəksiniz ki,
Zəki maymaqdır, sadəlövhdür, adamları tanıya bilmir, həmişə
gec tərpənir. Amma hər halda mən həyətdəki yaşıl "Moskviç"in
44-44, dörd çahar nömrəsini görən kimi birbaş Əsədin yanına
getdim.
1960
|