DAĞ DAĞA RAST GƏLMƏZ...
Qadın bərbərxanası yaman tünlük idi. Necə deyərlər, tükü–
tükdən seçmək olmurdu. Şıdırğı iş gedirdi, saçlarını vurduran
kim, saçlarını burduran kim, saçlarını yuduran kim. Başlarını
boyadanlar bir yanda, manikür edənlər bir yanda, pedikür
edənlər bir yanda... Bir tərəfdən də ki, növbə gözləyənlər...
Bərbər qızlar əldən qıvraq idilər. Qayçılarla, daraqlarla,
cürbəcür alətlərlə, elektrik qızdırıcı cihazlarla elə zirək, elə
ustalıqla işləyirdilər, deyəsən mürəkkəb bir kosmik maşını
idarə edirdilər. Kürsülərdə əyləşmiş qadınların başlarındakı
əcaib qurğular – fenlər də əfsanəvi kosmik elçilərin
skafandrlarını andırırdı. Üstəlik bu "skafandrlar"dan təyyarə
uğultusuna oxşayan səslər gəlirdi.
İki yanaşı kürsüdə iki gənc qadın oturmuşdu. Onların da
başlarında hündür "skafandrlar" vardı. Qadınlar bir-birlərini
görmürdülər, çünki başlarını yana çevirə bilmirdilər. Dümdüz
qabağa, qənşərlərindəki güzgülərə baxırdılar.
Bərbər qızlar hey ora-bura şütüyürdülər. Nəhayət bütün bu
dəsgah sona çatdı. Eyni vaxtda bərbər qızlar hər iki qonşu
qadının başlarını qurğulardan azad etdilər, saçlarını ətirlədilər,
tellərinə son dəfə sığal verdilər.
Qadınlar eyni bir vaxtda kürsülərdən qalxdılar, bərbərlərlə
vidalaşdılar, yenə də bir-birlərini görmədən ikisi də asqılığa
tərəf addımladılar.
Soldakı qadın asqılığa daha tez çatdı. Paltosunu aldı,
geyinmək istəyəndə qoluyla o biri qadına toxundu və dərhal da
nəzakətlə:
– Bağışlayın – dedi.
O biri qadın eyni nəzakətlə:
–Eybi yoxdur – dedi və öz şlyapasını başına qoydu.
Bu səsi eşidərkən paltolu qadın bir an ayaq saxladı, dönüb
223
diqqətlə şlyapalı qadına baxdı. Şlyapa sifətinin yarısını
gizlətmişdi, gözləri görünmürdü, ancaq paltolu xanım
ərinmədi, əyilib aşağıdan qarşısındakı qadının düz gözlərinin
içinə baxdı və sevinclə:
– Bıy, bıy, başıma xeyir, Validə, sənsən? – deyə çığırdı.
Elə çığırdı ki, bütün salondakılar çevrilib onlara baxdılar.
Validə bir an quruyub qaldı, sonra ani bir şaşqınlıqdan sonra
eyni çılğınlıqla qışqırdı:
–Az, az, az Xalidə? Ay qız, Xalidə, sənsən?
Validə və Xalidə bir-birlərini qucaqladılar, mehriban
görüşüb öpüşdülər.
Xalidə:
–Ay qız, nə yaman dəyişmisən – dedi. – Küçədə görsəydim
dünyasında tanımazdım. İndi də səsindən tanıdım.
Validə:
–Amma sən heç dəyişməmisən. Elə həmin Xalidəsən ki,
varsan. Elə bil universitetdən dünən çıxıb ayrılmışıq.
–Eh, ay qız, nə danışırsan? Zarafat deyil e, üç il keçib.
–Üç ildən də artıq. Deyim sənə də... deməli indi oktyabrdır,
həmi? Düz üç il, beş ay.
–Gör vaxt nə tez keçir e... Ay Validə, vallah, elə bil dünən
idi. Yadında, ingilis dili müəlliməsi, yadında? Ay həv yu Ha,
ha, ha...
– Hau du, yu du... ha, ha, ha...
Validə Xalidənin qoluna girdi. Rəfiqələr bərbərxanadan
çıxdılar, şirin söhbət edə-edə küçəylə addımladılar.
Validə:
–Ay Xalidə, amma belə rəfiqəlik olmaz, belə dostluq olmaz
ha... – dedi, – heç itirib axtarmırsan. Axı necə olsa beş il bir
partanın dalında oturmuşuq.
–Day demə... Amma mən axı burda deyildim, iki il idi
ərimlə xaricdə idik.
–Yoldaşın nəçidir ki?
–Həkimdir. Sən tanımazsan yəqin.
224
–Oğuldan-uşaqdan nəyiniz var?
–Bir oğlumuz var, bir qızımız... Bəs sən neçə Validə?
–Mənim yoldaşım da mühəndisdir. Bir qızımız var...
Yoldaşım yaman oğlan istəyir, amma elə bir uşaqla da çətindir
e...
–Day demə, Validə. İkisi lap müsibətdir. Yenə şükür,
mənim işim... e... necə deyim sənə, müdir bir yaxşı adamdır,
icazə verib ki... belə də... deyir vacib deyil ki, bütün günü
mıxlanıb oturasınız iş yerində...
–O cəhətdən, şükür bizdə də yaxşıdır. Çünki, a Xalidə, bu
tədqiqat işidir, bunun kitabxanaya getməyi var, arxivə getməyi
var. İşə də dəyirik, əlbəttə, amma daha…
Xalidə gülümsündü:
–Arxivdir də... öz aramızdır – deyə pıçıltıya keçdi və
saçlarını göstərərək əlavə etdi: – guya mən indi arxivdəyəm.
Validə də gülümsündü:
–Mən də... kitabxanada... – dedi və xəbər aldı: İş yerin evinə
yaxındır?
–İki addımlıqda.
–Bəxtəvər. Mən metroyla bir stansiya gedirəm. Bir stansiya
evimizin böyründədir, biri də lap idarəmizin altında... Ərin
yaxşı qazanır?
–Niyə, sağlığına, heç nədən korluq çəkmirik.
–Neçə otağınız var?
–Üç. Bəs sizin?
–Bizimki də üç Maşın?
–"Jiquli".
–"Moskviç".
–Görünür, maşallah, sizin də dolanacağınız pis deyil.
–Bola-bol çatır. Ərim də deyir mənə ki, axı sənin maaşın
bizim nəyimizə lazımdır, çıx işdən, otur evdə. Deyirəm, xeyir,
heç elə söhbət yoxdur. İstəyirsən tanış-biliş məni
domoxozyayka saysın. Bağışlayacaqsan. Mən elmi işçiyəm.
–Day denən sənin ərin də mənim ərimin tayıdır ki, ay
225
Xalidə. O da həmin sözləri deyir, mən də elə sən verən cavabı
verirəm.
–Əşi, ay Validə, işin də ayrı ləzzəti var, axı... yoxsa ki, otur
evdə, küçə-baca görmə, qaxıl qal bozbaş qazanının yanında. Nə
bir adam görəcəksən, nə bir səni görən olacaq. Harayçün
geyinib-keçinəcəksən. Mətbəx üçün? Çaynik-piltə üçün?
–Həm də ki, sözünə qüvvət, evdə oturdun, yapışıb
qalacaqsan, nə bərbərxanaya, nə univermağa... Daha evdə də
deməyəcəksən ki, kitabxanaya, arxivə gedirəm.
–Hə də...
–İş yerin necədir, ay qız, razısan?
–Yerdən göyəcən... Bilirsən nə var, Validə, heç kəsnən işim
yox, mənimlə də heç kəsin işi yox. Başımı salmışam aşağı,
ayda iki dəfə qol çəkib maaşımı alıram, vəssalam. Bəs sən
necə, razısan?
–Razısan da sözdür. İş otağımızdan bir mənzərə açılır, gəl
görəsən. İki göz istəyir tamaşasına. Yayda səpsərin – kurort,
külək gup, gup, guppuldayır. Qışda – isti, hamam.
–Kollektiv, adamlar necədir?
–Vallah nə deyim? Hələ təzəyəm orda, işlədiyim vur–tut bir
il üç aydır, tanıdığım elə bir müdirdir, bir də kassir. Müdir bığlı
bir kişidir, kassir də eynəkli bir qadın. Adları da yaxşıdır e...
huş qalmayıb məndə, yadımdan çıxıb, amma bilirdim adların,
famillərin... Nə isə, hər ikisi çox insan adamdırlar...
–Bizim idarənin kassirinə də söz ola bilməz. Çox
mərifətli qadındır. Nəzakətli, qanacaqlı, görüb-götürmüş... Adı
dilimin ucundadır e... zəhrimar, bu skleroz məni bir təhər
eləyib, o biri işçilərə bələd deyiləm. Bircə onu bilirəm ki,
mənim stolumun arxasında oturan yoldaş çox, belə həddən
ziyadə səliqəli adamdır.
–Cavandır?
–Bilmirəm. Üzünü görməmişəm. Müdir ona icazə verib ki,
günün ikinci yarısında gəlsin. Birinci yarısı kitabxanalarda
işləyir. Mən də ki, olanda səhərlər oluram, günün ikinci yarısı
226
gedirəm... arxivə... Amma elə hey özümə deyirəm ki, bir gün
yubanım, görüm kimdir axı mənimlə bir şöbədə, bir otaqda
işləyən adam... Görüm bu səliqəli adamın vidi-fasonu nə
sayaqdır.
–Eh, sənin bəxtin gətirib. Mənim şöbəmdə pintinin biri
işləyir, özü də tərs kimi mənim stolumun arxasında oturur.
Mən də hələ onun sifətini görməmişəm. O günün birinci
yarısında olur, mən ikinci. İstəyirəm bir gün tez gəlim, bir
baxım sir-sifətinə, deyim, ay insafsız, sən ki, bu qədər qoz-
fındıq yeyirsən, barı qabıqlarını yığışdır dana... Niyə mən gəlib
sənin tör-töküntünü yığışdırmalıyam axı...
Xalidə qəfilcə ayaq saxladı, diksinən kimi oldu. Validənin
qolunu buraxıb diqqətlə onun üzünə baxdı, təlaşla:
–Necə? Qoz-fındıq? – deyə xəbər aldı – hə də – deyə bu
təlaşın fərqinə varmayan Validə yastı-yastı söhbətinə davam
edirdi, – gəlirəm görürəm otaq bom-boş, di gəl ki, stolun üstü
dolu qoz-fındıq qabığı. Bilmirəm daha kişidir, ya arvad. Arvad
olsa lap betər. Sən allah ay Validə, belə də pinti arvad olar?
Xalidənin sanki boğazı tutulmuşdu, lap sakit səslə:
–Validə, sən hansı idarədə işləyirsən? – deyə soruşdu.
Validə sola çevrilib 16 mərtəbəli binanı göstərdi:
–Bax odey, o binada.
Xalidə daha da astadan:
–Neçənci mərtəbədə? – deyə xəbər aldı.
–On ikinci mərtəbədə.
Xalidə demədi, pıçıldamadı, yalnız dodaqları tərpəndi:
–Doqquzuncu otaqda?
Validə təəccüblə:
–Bıy, sən hardan bilirsən? – dedi, sonra diqqətlə Xalidənin
sifətinə baxdı – Ay qız, sənə nə oldu, niyə müc olub qalmısan?
Xalidə yavaş-yavaş özünə gələrək titrək səslə:
–Sən allah bağışla, Validə – dedi. – Vallah bilsəydim ki,
sənsən, qabıqları yığışdırıb atardım.
Sonra o əlini cibinə atdı, bir ovuc qoz–fındıq çıxarıb
227
Validəyə uzatdı və bu an Validə də məsələni başa düşdü. Bir
müddət ikisi də şaqqanaq çəkib güldülər, güldükcə güldülər.
Ara bir "işə bax e"... "Gör e"... deyə ayrı-ayrı sədalar çıxarır və
yenidən uğunub gedirdilər. Nəhayət Validə bir az toxtadı
və saatına baxdı:
–Yaxşı – dedi – işin axırına bir saat qaldı, gedim bir idarəyə
baş çəkim. Sən getmirsən?
Xalidə:
–Yox, – dedi – mən səhər gedib tabelə qol çəkmişəm. Sən
get. Bu günün də zəhmətini çək, sabahdan stolun üstündə bir
dənə qabıq filan görməzsən...
Rəfiqələr mehribanlıqla öpüşüb ayrıldılar. Validə
Xalidəyə:
–Salamat qal, – dedi. – İnşallah, bəlkə yenə görüşdük.
Babalar yaxşı deyib, dağ dağa rast gəlməz, adam adama
rast gələr.
228
YAĞIŞ KƏSDİ
Buzovnadan Bakıya qayıdırdım.
Qəmərgil avtobus dayanacağına qədər mənimlə gəldilər,
Qəmər, əri Sultan, Fuad, bir də balaca Tərlan.
Tərlan Qəmərlə Sultanın qızı idi. Qəmər, Fuad bacı–
qardaşdılar. Fuad mənim ən yaxın dostum idi. Mən bir həftə
burda onların bağında qonaq qalmışdım və indi ev yiyələri
məni şəhərə ötürürdülər.
Həzin bir axşam idi. Dənizin qurtarmaz alqış səslərini
andıran xışıltısı, soyumuş qumların hamar sığalı, Pirşağı tərəfə
çəkilən günəşin qürub qızartıları – Abşeron axşamlarının
şairanə, məhzun və bir qədər kədərli gözəlliyi...
–Avtobus dayanıb. Min, Bəxtiyar...
Sultan üzüm–əncirlə dolu səbəti mənə uzatdı. Fuad çantamı
verdi. Qəmər gülümsündü.
Bir həftədə bir–birimizə elə alışıb isnişmişdik ki, heç
ayrılmağımız gəlmirdi. Hətta bir qədər kövrəlmişdik. Elə bil
mən uzaq bir yerə gedirdim. Elə bil bir həftədən sonra yenə
görüşməyəcəkdik.
–Uşaqlar, salamat qalın.
–Sağ ol, yaxşı yol.
Avtobus tərpəndi.
Mən arxa şüşədən baxırdım. Göy dəniz, qızılı günəş, sarı
qum, boz qayalar, öndə Fuad, bir də onun çiynində özünə rahat
yer eləmiş balaca Tərlanın çəhrayı bantı. Yellənən əllər,
tərpənən dodaqlar – bütün bunlar yəqin ki, əbədilik xəyalımda
həkk olunacaq.
Avtobus uzaqlaşır, onlar kiçilirdi. Maşınımız döngəni
buruldu. Avtobusun dal şüşəsinin şəffaf ekranında bir kadr
başqası ilə əvəz olundu; indi kadrda evlər, hasarlar görünürdü.
Çayxana qarşısında səkidə oturmuş kişilər, küçədəki su
229
quyusunun başına yığışmış uşaqlar. Mağaza vitrinləri, yoxuş,
yoxuşun hündüründən açılan yeni mənzərə – dekorlarda
çəkilmiş kimi körünən dəniz, sahil, üfüq xətti. Bazar, elektrik
qatarı vağzalı, şlaqbaum, yol. Bakı yolu. Mən çevrilib qabaq
şüşədən baxmağa başladım. Dümdüz, uzandıqca uzanan yol.
Necə deyərlər, yumurtanı yolun bu başından dığırlat, getsin
çıxsın o başına.
Mən dostlarım haqqında düşünürdüm. İyirmi il ərzində –
yeddi yaşımdan tanıdığım və yoldaşlıq etdiyim Fuad haqqında
düşünürdüm. İnsan nə qəribə...
–Vaxsey, vaxsey!
Diksinib başımı qaldırdım. Avtobusun içində kök,
qarabəniz, yaşlı bir arvad haray-həşir qaldırmışdı.
–Nə olub? Nə olub?
–Vaxsey, vaxsey, portmanatımı salmışam, içində də olan–
qalan pulum.
Qabaq cərgədə oturub təsbeh çevirən ağsaçlı, parusin
kostyumlu kişi dedi:
–Eh, deyir kasıb çıxarın bilsə, geydiyi atlas olar. – Sonra
arvaddan soruşdu: – Pulun çox idi?
–On beş manat pulum getdi. Şoğərib bəlkə dənizdən gələndə
düşüb. Kül olsun mənim gic başıma.!
Arvad heç cür sakit ola bilmirdi. Təsbehli dedi:
–Fikir eləmə, bacı, keçənə güzəşt deyərlər. Başına da kül-
zad tökmə, onsuz da əldən gedən qayıtmaz.
Mənim bütün fikrim-xəyalım dağıldı. Arvadın yorğun,
qırışmış sifətindəki dərd o qədər aydın oxunurdu ki, bütün
sərnişinlər, kimi mən də onun təəssüfünə ürəkdən şərik
olurdum.
Yanımda arıq, sısqa bir kişi oturmuşdu. Uzun burnu, pələş
qulaqları vardı. Tülküyə oxşayırdı. Elə hey sual verirdi: Harda?
Nə vaxt? Necə? Necə?
Kimsə dedi:
–Bəlkə çıxarıblar?
230
Kimsə ona etiraz etdi. Kimsə portmanatın rəngini soruşdu.
Kimsə arvadın adı, famili ilə maraqlandı. Kimsə təklif etdi:
–Bəlkə saxlasın, düşəsən. Geri qayıt, axtar.
Arvad razılaşmadı:
– Sən də söz danışdın. Hardan tapacağam!
Təsbehli dedi:
–İt də getdi, ip də.
Arvad dedi:
–Yəqin tapıblar da, götürüblər də.
Təsbehli dedi:
–Tapan tapanın olsa, qoyun çobanın olar.
Kimsə təklif etdi ki, gəlin pul yığıb arvada verək. Arvad qəti
etiraz etdi. Kimsə başqa bir təklif irəli sürdü. Arvad cavab
vermədi. O, daha dinmirdi, deyinmirdi, gileysiz-şikayətsiz
oturmuşdu.
Get-gedə söhbət soyudu, əhvalat boyatlaşdı, maraq sinsidi.
Yenə qoyub getdiyim bağ, meynələrin alçaq kölgələri
haqqında, gündüz qumunun yalın ayaqlarımızı yandıran
qızmarı, axşam qumunun oxşayıcı, xoş sərini haqqında,
ayrıldığım dostlar haqqında düşünməyə başladım. Fuadla mən
uşaqlıq dostuyduq, biz orta və ali məktəbdə bir yerdə oxumuş,
institutu bir bitirmiş, indi də bir idarədə işləyirik.
Birinci sinifdə – məktəb həyatımızın ilk günün də,
sentyabrın birində tanış olmuşduq.
O vaxt mən yaman dəcəl idim. Fuad şabalıdı saçlarını üzünə
tökmüşdü. Nədənsə bu, mənə dəydi. "Özünü göstərir, ədabaz,
hoqqabaz". Ona sataşdım. Dalaşdıq. Mən kimlə dalaşsam
döyərdim. Amma açığını desəm, özüm də kötək yeyərdim;
məni anam döyərdi. Çünki savaşdıqlarımın valideynləri
şikayətə gələrdilər.
Mən Fuadı da əzişdirdim, amma o heç kəsə şikayət etmədi
və bu gündən dostlaşdıq.
Yadımdadır, bir dəfə... Eh! Danışmaqla qurtarmaq olarmı?
Ürkək, köyrək xatirələrin dumanında itən günlərdə, ötən
231
günlərdə nələr olmamışdı? Bəlkə dost olmaq-həmxatirə olmaq
deməkdir?
...Fuadla mən bir-birimiz haqqında hər şeyi bilirdik. Mən
Fuadı bütün yoldaşlarımdan çox istəyirdim. O mənimçün açıq
kitab idi. Mən bu kitabın hər səhifəsinə, hər cümləsinə, hər
sözünə bələd idim Amma bilmirdim ki...
Dünən az qala Tərlan batacaqdı. Guya mən yaxşı
üzgüçüyəm. Özümü elə itirmişdim ki, elə karıxmışdım ki, heç
soyunub suya atılmağa təşəbbüs də etmədim. Qızın atası
Sultanın da matı-qutu qurumuşdu. Üzünü tutub, heykəl kimi
donub qalmışdı. Fuad dinməz-söyləməz, haray-həşirsiz özünü
suya, burulqana vurdu, Tərlanı çıxartdı. Bəlkə də burada
təəccüblü bir şey yoxdur. Təəccüb doğuran Fuadın halı idi. O
sakit və təmkinli idi.
Balaca Tərlan yamanca qorxmuşdu. Hələ yaxşı ki, bu
işlərdən Qəmərin xəbəri olmadı, yoxsa bağrı yarılardı.
Gözünün qorasını sıxmaq üçün Qəmərə ancaq bəhanə lazımdır.
...Oğlan psixolojisi müxtəlif mərhələlərdən keçir. Müəyyən
yaşa qədər qızlara marağını və yaxud onların sənə marağını ən
böyük sirr kimi gizlədirsən, sonra, ikinci mərhələdə, əksinə,
hamıya danışırsan, hətta getdikcə daha artıq şişirdə–şişirdə
danışırsan.
Vaxt vardı... Fuadla mən hələ birinci mərhələdəydik. Qızlar
bizi maraqlandırmırdı. Hər halda belə deyirdik. Qəmər isə
böyük qız idi. Onun oğlan yoldaşları var idi. Ona tez-tez zəng
olunardı. Fuadla mən isə həmişə ona sataşardıq. Telefona biz
gedəndə heç vaxt Qəməri çağırmazdıq. Deyərdik evdə yoxdur.
Mən hətta bir dəfə dedim ki, Qəmər təyyarə ilə Vladivostoka
uçub. Qəmər cinlənib özündən çıxardı. Amma hirsi tez
soyuyardı. "Neyləyəsən, hələ
uşaqlıqları başlarından
çıxmayıb!"
Əlbəttə, biz böyüdükcə Qəmərin də yaşı artırdı. Amma get-
gedə yaş fərqimiz daha az duyulurdu. Yayı çox vaxt Fuadgilin
bağında qonaq qalırdım. Mən Qəmərin yaxın sirdaşı
232
olmuşdum. O, Fuada demədiyi şeyləri belə mənə açırdı.
Bağda hamı miçətkən altında yatırdı; gecələr ağcaqanad,
səhər üzü çibinlər aman vermirdi. Amma mən miçətkən altında
yata bilmirdim. Əziyyət çəksəm də həmişə açıq çarpayıda
yatırdım. Yerimdə uzanıb üfüqdən-üfüqə sərilmiş aydın yay
səmasının nəhayətsiz ulduzluğuna tamaşa edirdim. Xəyallara
dalırdım.
Məşhur futbolçuyam. Yaydır. Fuadgilin bağında qonağam.
Qəmər radionu qurur. Futbol reportajı.
Qəmər: "Bıy, bıy, Bəxtiyar, sizin komanda oynayır, bəs sən
nə əcəb oynamırsan?" Mən: "İstəmirəm, qoy mənsiz
oynasınlar. Görək nə olar?" Radio: "hesab 4:0-dır. Məşhur
futbolçu Bəxtiyarın olmaması onun komandasının qol-qanadını
qırmışdır". Qəmər (həyəcanla): "Ah! Nə dəhşətli
məğlubiyyətdir!" Radio: "Oyunun qurtarmasına iyirmi beş
dəqiqə qalır. Nəticə məlumdur. Artıq heç nə komandanı
məğlubiyyətdən xilas edə bilməz". Qəmər susur, lakin onun
baxışlarında bir intizar var... Mən: "Yaxşı. Baxarıq". Ayağa
dururam. Qəmərin gözlərində sevinc parlayır: "Hara,
Bəxtiyar?" Mən: "İyirmi dörd dəqiqə qalıb, çataram". Qəmər
(hədsiz sevinc, fərəh və həyəcanla): "Mən də səninlə gedirəm!"
Maşını mən özüm sürürəm. Jurnalda gördüyüm ağ, uzun, açıq
maşını. Saatda 120 km. Yol basırıqdır. Əlimi siqnaldan
çəkmirəm ki, bütün maşınlar bizə yol versin. Çatırıq. Oyunun
axırına doqquz dəqiqə qalıb. Qəmər keçiddə dayanır. Mən
soyunub meydançaya yüyürürəm. Bu an qapımıza zərbə
vururlar. Qapıçı yox, qapı boş... Mən atılıb başımla topu
saxlayıram. Onu ayağıma alıb hücuma keçirəm, müdafiəçiləri
bir-bir aldadıb topu rəqibin qapısından keçirirəm. Sonra ikinci,
üçüncü, dördüncü topu vururam. Tribunalardakı tamaşaçılar
hamısı ayağa durur. Stadion dəniz tək gurlayır.
Radiokomentatorun boğazı quruyub. Qəmərin rəngi qaçıb.
Oyunun qurtarmasına on saniyə var. Heç-heçə bizə sərfə deyil.
Mütləq udmalıyıq. Top yenə məndədir. Məni itələyib yıxırlar.
233
Yıxılı halda da topu rəqibə vermirəm. Sıçrayıb yenidən
hücuma keçirəm. Meydançanın ortasındayam. Rəqibin
qapısına yaxınlaşmağa vaxt çatmayacaq. Elə buradanca qəfil
güclü zərbə ilə topu vururam. Qapıçı karıxıb bu gözlənilməz
topu buraxır. Hakimin fışdırığı eşidilir. Oyun qurtarır: 5:4 biz
udduq. Yoldaşlarım məni qucaqlayıb öpür. Futbol "bazları"
meydançaya cumur, məni atıb tuturlar. Birtəhər qurtulub
geyinirəm. Camaatı yarıb Qəmərin yanına gəlirəm. Maşına
minirik, bağa qayıdırıq. Qəmər bütün yol boyu oyundan
danışır. Mənim oyunumun ayrı–ayrı təfərrüatını xatırlayır.
Radio xəfif melodiyalar verir. Külək mənim nazik ipək
köynəyimi yelləyir. Qəmər: "Tərlisən, deyir, – sənə soyuq
dəyər". O yun jaketini çiynimə salır. Xoşbəxtəm, bəxtiyaram.
Bircə qıçım yaman qaşınır. Bu nədir? hə, ağcaqanad.
Xəyallardan ayrılıram, ağı qıçımın üstünə çəkirəm. Eh,
ağcaqanad, görüm səni andıra qalasan, ağcaqanad!
...Fikirlər dağılır, ağcaqanad aman vermir, dəniz xışıldayır,
ulduzlar sayrışır. Məni yuxu aparır.
Yuxuda Fuadı görürəm. Anası Zivər xalanı. Bir də Qəməri.
Yuxuda üşüyürəm. Qəmər yun jaketini çiynimə salır. Jaketi
çiynimə salanda əli boynuma toxunur, saçları yanağımı
sığallayır, bədənim gizildəyir... Yadımdadır, bir dəfə, yalnız
bircə dəfə Qəmər yuxuda məni öpdü və neçə illər sonra mən
yuxuda yox, real həyatda, Qəməri yox, başqasını ilk dəfə
öpəndə məndə belə bir duyğu vardı ki, bu, həyatımın birinci
sevgi öpüşü deyildir, mən bu hissi, bu titrəyişi daha qabaq
keçirmişəm.
–Tənbəl, tənbəl, a tənbəl, yatsan olar iş əngəl. – Qəmər
silkələyib məni oyadır. – Dur, Bəxtiyar, bu qədər yatmaq
olmaz.
Dənizə çimməyə gedirik.
–Sən say görək nə qədər suyun altında dayana bilirəm.
–Bir, iki, üç, dörd, beş, altı...
Qumlar ayağımızı yandırır.
234
Zivər xala:
–Gəlin çıxın da, – deyir, – acından qırılmadınız?
Sapsarı qayqanaq, yamyaşıl soğan, qıpqırmızı turp. Bundan
gözəl hansı nemət var?
Sonra ağaclara dırmaşırıq. Qocaman tut ağacında mənim öz
budağım var. Qəmərin öz budağı. Fuad isə heç vaxt ağaca
çıxmaz, bütün günü kitab oxuyur. Ağacda Qəmərin yeri mənim
yerimdən bir az hündürdür. Hərəmiz öz yerimizi tuturuq.
Qəmər deyir:
–Amma bu gün su əntiqə idi.
–Hə, – tut dərib ağzıma qoyuram, – axşam yenə gedərik.
–Yox, mən şəhərə gedəcəm.
–Şəhərdə nə var?
–Heç, elə–belə.
–Sözlü adama oxşayırsan.
–Sənə bir şey demək istəyirəm.
–Nə barədə? – Gözüm iri bir tuta sataşır. Onu dərib ağzıma
qoyuram.
–Heç, elə-belə. Qalsın sonraya. Axşam dənizə Fuadla
gedərsiniz.
–Yaxşı...
–Bəxtiyar, sən Sultanı tanıyırsan?
Mən Sultanı tanıyıram. O, axır vaxtlar Qəmərgilə tez–tez
gəlir. Həmişə oturanda şalvarının dizlərindən yapışıb yuxarı
dartır, onun bu hərəkəti Fuadla mənə gülməli gəlirdi. Biz
Qəmərə də bu barədə dedik. Qəmər izah etdi: "Belə eləyir ki,
şalvar əzilməsin, dizləri torbalanmasın". Bu izaha baxmayaraq,
yenə hər dəfə Sultan əyləşəndə Fuadla mən bic-bic baxışırıq.
Deyirdin ki, o, oturmur, əyləşir. Sultan hamı ilə, o cümlədən
mənimlə də çox nəzakətlə danışırdı. Amma mənim nədənsə
bundan xoşum gəlmirdi.
Mən bir tut da dərdim və Qəmərə cavab verdim:
–Hə, tanıyıram, nə olsun ki?
–Heç. – Qəmər bir an tutuldu və əlavə etdi: – O, payızda
235
bizə elçi göndərmək istəyir...
Axır vaxtlar mən Fuadın təsiri altında bir neçə kitab
oxumuşam. Qəmər bu sözləri deyəndə özüm haqqında
düşünürəm: "Sanki Bəxtiyarın qəlbi çilim-çilim olub yerə
dağıldı. Artıq o, ömrü boyu bədbəxt olacaqdı".
Əlbəttə, mən ömrüm boyu bədbəxt olmadım.
–Hara, Bəxtiyar? – Qəmər ardımca qışqırdı.
O gün axşam bir bəhanə tapıb dənizə getmədim. İki gün bir
az kədərli gəzdim. İkinci gün axşam Fuadla dənizə getdik. Mən
suda Sultanın oyununu çıxardıb Fuadı güldürməyə başladım.
İki gündən sonra bütün dərd-qəmimi unutdum. Qəribədir, iki
gündən sonra unutdum, amma bu gün də bütün təfsilatı ilə
yadımdadır.
Sultan çox yaxşı oğlandır. Mən onu yaxından tanıyandan
sonra ürəkdən bəyəndim. Qəmər də yaxşı qızdır. Tərlan elə
şirin uşaqdır ki... "Ananın adı nədir, de görüm şeytan?" –
Qəmər. "Ay sənin dilinə anan quzulardan qurbanlar kəssin. Bəs
atanın adı nədir?"
O ağacdakı söhbət gününü yadıma salanda gülümsünürəm.
Bir az da kədərləniram. O gün Qəmərin ağ zolaqlı göy paltarı
vardı. Özü də arıq, nərmə–nazik bir qız idi. Uşaqdan sonra
yaman kökəlib. "Bəxtiyar əmisi, gör nə ağıllı qızdır. Nənənin
adını de, nənənin adı nədir?"
O böyük tut ağacı qurudu, kəsdilər...
Nə isə...
Avtobus Buzovnadan uzaqlaşdıqca fikrim yenə Buzovnaya
qayıdırdı.
...Dünən axşam Qəmərlə xeyli mübahisə etdik, Fuadla
Sultan Mərdəkana getmişdilər. Zivər xala Tərlanı yatızdırırdı.
Qəmərlə ikimiz tək qalmışdıq. Elə bil Qəmər bu məqamı
çoxdan gözləyirmiş. Ürəyini boşaltdı. Guya bütün bunları mən
özüm bilmirəm. Guya mən Fuadı ondan pis tanıyıram, onun
daxili nigarançılığından xəbərsizəm.
–Yox, Bəxtiyar, sən bilmirsən. – Zivər xala eşitməsin deyə,
236
Qəmər lap pıçıltıya keçir. – Fuad ölüb qurtarıb.
Mən qaranlıqda Qəməri görmürdüm, həyəcanını yalnız
titrək səsində duyurdum.
–O, hər şeydən imtina edib. Şəxsi həyatı yoxdur Üst-başına,
yeməyinə, yatmağına heç fikir vermir. Neçə dəfə zarafatla
evlənməkdən söhbət salmışam. Eşitmək istəmir. Bütün həyatı,
bütün marağı, butün varlığı o təcrübələrdədir.
–Bilirəm, – dedim. Papiros çıxarıb kibrit çəkdim.
–İndi əgər elmi şuranız onun işini təsdiq eləməsə, Fuad
bilmirəm neyləyəcək. Sən ona kömək etməlisən, Bəxtiyar.
Əlbəttə, o, heç bir vaxt bu məsələ üçün sənə ağız açmaz.
Amma mən bilirəm, o sənin rəyindən yaman nigarandır.
–Gəl bu barədə danışmayaq, Qəmər. Qərar qəbul eləmək
vaxtı gələndə mən öz borcumdan imtina eləməyəcəyəm. Burda
isə mən bu barədə düşünmək istəmirəm. Bakıya gedəndə mən
Fuadın təcrübələri haqqında ciddi və çox düşünməli olacağam.
Gəl indi bu barədə danışmayaq. Gör bir nə xoş axşamdır.
Gilavardır. Dənizə qulaq as...
...Bilet alın!
Başımı qaldırıram. Dünənki axşamın xatirələri yuxu kimi
gözlərimdən çəkilir. Konduktor mənə yanaşır. Bilet alıram.
Konduktor o biri cərgəyə keçir. Növbə, pulunu itirmiş
arvada çatır.
–Bacı, bilet al.
Arvad tərs–tərs konduktora baxır.
–Hardan alacağam? Olan-qalan pulumu itirdim.
–Mənə nə?
–Necə yəni mənə nə? Çölün düzündə düşməyəcəyəm ki!..
Özü də bu yağışda.
Yağış deyəndə, ağıllı-başlı yağmır da, amma hər halda
çisələməyə başlayıb. Pəncərədən əyilib buludlu göyə baxanda
gözüm "tülkünün" istehzalı gülüşünə sataşdı. Mən bu gülüşün
mənasını duydumsa da, özümü o yerə qoymadım. Qonşum
mənim başa düşmədiyimi zənn edib lap acığa keçdi:
237
–Abır yox, həya yox, yekə arvaddır, iki abbasılıq biletin
dərdindən belə hoqqa çıxardır.
Qarşımızda oturan bacı da bizə tərəf çevrilib başını buladı
və "tülkünün" sözlərini təsdiq etdi:
–Barı birçəyinin ağlığından utanaydı. Dal cərgədən səs
gəldi:
–Deynən, a zalım qızı, nəyə yığırsan, bir ayağın gordadır.
Kimə qalacaq!
Hamı öz rəyini bildirdi. Bircə parusin kostyumlu qoca susur,
fikirli-fikirli təsbehini çevirirdi; görünür o, münasib zərb-
məsəli tapmamışdı.
"Tülkü" qonşum yenə irişdi. Mən ona baxdım. Onun üzündə
yenə həmin rişxənd ifadəsi vardı. Üzdən oxşamasa da, nədənsə
o, mənə Zivər xalagilin qonşusu mərdimazar Həsən kişini
xatırlatdı. Qəmərgillə onun uşaqları beşdaş oynayanda
dalaşmışdılar. Bu məsələni Həsən elə şişirtdi ki, daha nə
deyim... Sən kişidə hikkəyə bax ki, ərinməyib, qışda durub
bağa gəlib, Zivər xalagilin tut ağacının altını qazıb, ora əhəng
töküb, yüzillik ağacı qurudub. Bəli, dünyada əzvay adam az
deyil.
Əzvay demişkən, dünən Qəmər zarafata salıb mənə bir
"əzvayı" da gupadı:
–Yaxşı, əzvaylıq eləmə.
Fuadın məsələsinə görə deyirdi, Yaman istəyir ki, Fuadın
işini müdafiə edim. Əlbəttə, istəyəcək. Bacı deyilmi? Özü də
Fuadı yaman çox istəyir. İstəyir ki, elmi şura Fuadın
təcrübələrini təsdiq eləsin. Amma Fuadın təcrübələri düz çıxsa,
doğrudan böyük məsələdir, kəşfdir, ixtiradır. Onda Fuadın
bütün çətinliklərinin, asket həyatının əvəzi çıxar. Bütün ölkə
ondan danışacaq. "Hansı, Fuad? O məşhur preparatı tapan! A...
a... a..., belə de!".
Qeyri-ixtiyari qulağım başqa bir mükalimə də eşitdi. "Hansı
Qəmər?" "O məşhur Fuadın bacısı Qəmər". Aaa, belə de!"
Görəsən bu mükalimə Qəmərin də qulağına gəlibmi? Kim bilir.
238
Əlbəttə, bacı məhəbbəti ən təmənnasız məhəbbətdir. Amma
məşhur adamın bacısı olmağı kim istəməz.
Fuad... Öz aramızdır, dost olsaq da, mən həmişə onu
cəsarətsiz, hətta bir az ağciyər, qorxaq bilirdim. Axı, o,
uşaqlıqda da, böyüklükdə də, heç bir vaxt heç kəslə, nəinki
dalaşmaz, vuruşmaz, ümumiyyətlə, qızğın mübahisəyə də
girişməzdi. O, həmişə kölgədə qalmağı, yan gəzməyi, az
danışmağı sevir. Heç kəsə qarışmır, heç bir qalmaqallı, cəncəlli
işdə iştirak etmir. həmişə sakit, həmişə dinc... Dünən Fuad
şücaət göstərdi. Xilasedicilər gələnəcən cumdu dənizə.
Doğrudan, görəsən Fuad dənizə baş vuranda onların qayığını
gördümü? Yəqin yox. O uzağı pis görür. Dayan, dayan, axı, o,
sahildə eynəkli idi. Hə, hə birinci dəfə cumanda tələsdiyindən
eynəklə cummuşdu. Yadıma düşdü, sonra zarafatla deyirdi ki,
aralıqda eynəyimi itirdim. Fuad cumanda qayığı görə bilərdi.
Amma görmüşdümü? Bəlkə də görmüşdü.
Adamı tanımaq olmur. Bəlkə Fuad elə bir hərəkət edəcək ki,
mən yenə bu fikri təkrar etməli olacağam. Bəlkə bu hərəkət
yaxşı yox, pis hərəkət olacaq. Bəlkə mən heyrət içində dərk
edəcəyəm ki, iyirmi il tanıdığım dostum bağlı kitabmış.
Elə isə yaxşı adam varmı? Axı, biz adamlara onların
bildiyimiz, eşitdiyimiz hərəkətlərinə, sözlərinə, rəftarına görə
yaxşı deyirik. Bəlkə bilmədiyimiz, eşitmədiyimiz, xəbərdar
olmadığımız başqa hərəkətləri, sözləri, rəftarı da var. Bəlkə
onları bilsək bu adamlara pis deyərik. Bəlkə Qəmər də, Sultan
da mənim üçün yaxşı adamlardır, başqa birisi üçün, onları
məndən yaxşı və yaxud məndən pis tanıyan adam üçün, lap
qonşu Həsən kişi üçün dünyanın ən pis insanlarıdır. Bəlkə
mərdimazar Həsən kişi özü də heç mərdimazar deyil, onun da
öz məntiqi, öz əsasları, bəraəti, üzrü var?
Bəlkə mən də beləyəm. Qəmər, Fuad, Sultan məni sadiq
dost, yaxşı adam sayırlar. Bir həftə sonra elmi şurada Fuadın
işinin əleyhinə çıxsam necə, onda da belə sayacaqlarmı? İyirmi
illik dostunun işini, həm də ona həyatı qədər əziz, əhəmiyyətli
239
bir işini yerə vuran adam yaxşı adam sayıla bilərmi? Bəs bu işi
müdafiə etsəm, onda necə? Doğru olub-olmadığına şübhə
etdiyim bir iş haqqında dostluq xatirinə müsbət rəy verən adam
necə, yaxşı adamdırmı? Daxilən bu təcrübələrin doğruluğuna,
yanlışlığına inanmadan onlara qəhmər durmaq? Nəyə görə?
İyirmi illik dostluq naminə? Bu doğru hərəkətdirmi? Bəs onda
dostbazlıq nədir? Sabah Fuadın əleyhdarları məni dostbazlıqda,
şəxsi əlaqələrə görə elmi obyektivliyə xilaf çıxmaqda
təqsirləndirərkən, yalanmı deyəcəklər? Nə isə, çətin məsələdir.
Bir yandan da Qəmər... Həmişə də belə cəncəl işlər gərək
mənim boynuma düşə. Həmişə belə kələfləri mən açmalı
oluram. Həmişə... həmişə...
Kefim xarab olduqca yaddaş iblisi haradansa köhnə
dərdlərimi, umu-küsümü, gileylərimi qulağıma pıçıldayır və
mənim əhvalım daha da korlanırdı. Zarafat etmək iqtidarında
olsaydım, "Qəribi burda ağlamaq tutur" ifadəsi lap yerinə
düşərdi. Səbəb nə idi? Avtobusun Buzovnadan, heç bir şey
haqqında düşünməyib dincəldiyim, dostlar arasında qayğısız
günlər keçirdiyim Buzovnadan uzaqlaşıb Bakıya, ciddi və
mühüm problemləri, çətin məsələləri həll etməli olduğum
Bakıya yaxınlaşmasımı? Yoxsa, günəşli gündüzlərdən sonra bu
yağışlı axşamın cansıxıcı, zəhlətökən tutqunluğumu? Ya da
bəlkə iki abbasıdan ötrü camaatı ustalıqla aldadan ağbirçəyin
hiyləsi? İnsana inam, etibar kimi məfhumların nisbiliyi?
Başqasının hər bir həyəcanına, hər bir dərdinə, qəzasına şübhə
ilə yanaşmaq zəruriyyəti?
–Saxla, saxla, qadov alım, bir əylən...
Bu səs yenə də məni diksindirdi. Avtobus tormozlarını
xırçıldadıb dayandı.
–Bir dəqiqə gözlə.
Bayaqkı arvad maşından düşdü və tələsik küçəni keçdi.
Maşının içi etiraz sədaları ilə doldu:
–Bilet almır, hələ bir istədiyi yerdə maşını da saxladır.
–Əşi, sür gedək. Daha qayıdan deyil.
240
–Arvadda bicliyə bax a!
Qonşum irişdi:
–Getdiyi yerə bezplatnı gəldi çıxdı, vəssalam. Daha səsi-
sorağı tapılmaz.
Doğrudan da arvad küçəni keçib bir dalana girmiş, gözdən
itmişdi.
–Şofer, sür gedək!
–Di ləngimə, gedək!
Şofer ayağını qaza basıb maşını hərəkətə gətirirdi ki, arvad
hövlnak dalandan yüyürüb əl elədi.
–Dayan, dayan, qadov alım, bir dəqiqə saxla!
Onun yanında bir qız da var idi. Arvadla qız nə barədəsə
danışırdılar. Səssiz filmlərdəki kimi biz onların danışdıqlarını
görürdük, amma eşitmirdik. Sonra qız arvada nə isə verdi və
arvad maşına tərəf gəldi.
–Konduktor, ay konduktor. Al bu sənin iki abbasın. Di sağ
olun, yaxşı yol.
Konduktor gülümsündü və bileti cırdı. Maşın tərpəndi. İndi
bütün sərnişinlər maşının arxa şüşəsindəki "filmə" baxırdılar.
Bu film insanlıq, düzlük, adamlara, doğruya, yaxşıya inam-
etibar haqqında idi. İnsanlarda olan böyük və əzəli bir ehtiyac
haqqında – sevinci də, dərdi də, fərəhi də, həyəcanı da
bölüşmək ehtiyacı haqqında. Kadrda filmin baş qəhrəmanı,
camaatın əlaqəsini bayaqdan bəri üç dəfə dəyişdirən, sifəti
təəssüf və eyni zamanda nə isə bir arxayınlıq ifadə edən arvad
idi.
O, get-gedə kiçilir, evlərin, ağacların, yeldəyirmanlarının
arxasında qalıb gözdən itirdi. Amma o, konduktorun
çantasındakı iki abbasıdan başqa avtobusda nə isə ayrı bir şey
də qoyub getmişdi. Daha doğrusu, qoyub qalmışdı. Gedən biz
idik. Şofer kabinəsindən boylanıb dedi:
–Rəhmətliyin qızı. Nə vacib imiş. Qiyamət ha qopmur. O
sağ, biz salamat.
Canlı zərb-məsəllər almanaxı təsbehini çevirə-çevirə sözə
241
qarışdı:
–Elə demə. Biz qocalara çox da etibar yoxdur. Gedəndə
borclu gedək?
Şofer dedi:
–Əmi can, borclu borclunun sağlığını istər.
–Elədir. Amma borc almaq başlanan yerdə dostluq pozular.
Şofer yenidən başını bu yana çevirdi:
–Borclunun duaçısı alacaqlıdır.
Sən demə zərb-məsəllər kitabının ikinci cildi rulun dalında
imiş.
Qoca:
–Borc igidin qamçısıdır, – dedi.
Şofer buna da cavab tapdı:
–Borcdan qorxan qapısını gen açmaz.
–Borc gülə-gülə gedər, ağlaya-ağlaya gələr.
Şofer ağzını açıb cavab vermək istəyirdi ki, qoca əlinin
işarəsi ilə onu saxladı:
–Oğul, – dedi,– sən öz işində ol. Bizi sağ-salamat şəhərə
çatdır. Deyir borc verməklə tükənər, yol getməklə.
Bununla, da söhbətə son qoyuldu.
Mən sərnişinlərə göz gəzdirdim. Bütün sifətlərdə, hətta
yorğun sifətlərdə belə xoş bir təbəssüm vardı. Amma qəribədir,
mənim yanım boş idi. "Tülküsifət" qonşumun nə vaxt, harada
və necə düşdüyünü hiss etməmişdim. Bəlkə də o, heç yox idi.
Əyilib pencərədən baxdım. Buludlar bir qədər çəkilmişdi.
Arvadın mehriban sifəti gözüm qarşısından getmirdi. Onun
çöhrəsi xəyalımda Zivər xalanın obrazı ilə eyniləşirdi. Zivər
xala da etibarlı insandır. Həm də mehriban, qayğıkeş. Bu
qayğıkeşlik Qəmərə də keçib. Qəmərin də ki, yaralı yeri
Fuaddır. Məncə dünyada hamıdan artıq Fuadı istəyir. Fikir
verirəm, həmişə gözü onun üzündədir. Mən bayaqkı fikirlərimi
yada salıb utandım. Məgər Qəmərə Fuadın şöhrəti gərəkdir?
Ona gərək olan yalnız qardaşının daxili rahatlığı, dincliyi, əsəb
sakitliyidir. Şöhrət kimə lazımdır? Hər halda Fuadın özünə
242
lazım deyil. Fuada yalnız inam, etiqad lazımdır. Öz-özünə
inanmaq, gördüyü işin xeyirliliyi, insanlara gərəkliyi, etiqadı
lazımdır. Əgər o, buna inanmasa, işinin səmərəsini, insanlara
xeyrini görməsə onda... Yox, bu, belə olmamalıdır. Fuad
meydana nə qədər mühüm şeylər – həyatının mənasını,
ömrünün qayəsini, yaşayışının, diriliyinin məqsədini
qoymuşdu. O, yanıla bilməz. Bu qədər şeyi meydana atmaq
üçün cəsarət lazımdır. Belə cəsarət Fuadda varmı?
Dünən Tərlan az qala batmışdı. Xilas qayığı gələnəcən on
adam batıb gedərdi. Fuadın özünün həyatı bir tükdən asılı
qalmışdı. Bir an içində onun özü də, ümidləri də, illərlə
yuxusuz gecələrini, yorucu gündüzlərini qurban verdiyi işi də
məhv olub gedə bilərdi. O, heç bir zaman üzgüçülük
məharətindən, öz qoçaqlığından danışmazdı. Lakin biz
özümüzə gələnəcən o suya cumdu. Mən ki, onun xasiyyətinə
yaxşı bələd idim, bəs neyçin onun dünənki hərəkəti məni
heyrətdə buraxmışdı? Hər halda mən Fuadı yaxşı tanıyırdım.
Adamı tanımaq üçün bəzən iyirmi il, bəzən iyirmi dəqiqə lazım
olur. Bayaqkı arvad heç fikrimdən çıxmır. Nə deyirsiniz deyin,
amma adamı dərhal tanıyırsan, pis adamı bir az çətin
tanıyırsan, amma aqibətdə onu da tanıyırsan.
Yəni doğrudanmı mən elmi şurada Fuadı müdafiə eləsəm,
məni pis adam, dostbaz sayarlar? Bəlkə elə mən bundan
qorxduğum üçün Fuadı müdafiə etmək istəmirəm? Axı, mən
"Bu təcrübələr mübahisəlidir" deyərkən səmimi qəlbdən
danışmıram. Axı, mən bu cümləni deyəndə yalnız bircə məqsəd
güdürəm – özümü dostbazlıq ittihamlarından qorumaq. Yox,
mən heç kəsdən, heç nədən qorxmuram. Bəs onda məsələ
nədədir Mən həştad faiz əminəm ki, Fuadın təcrübələri
doğrudur. Bəs iyirmi faiz? Məsələ də bu iyirmi faizdədir...
Birdən Fuad müvəffəqiyyətsizliyə uğradı? Mən bundan
qorxurdum. Yox, yox, dostbazlıq haqqında bayağı
söhbətlərdən, məsuliyyət şərikliyindən qorxmurdum. Mən
Fuadın elmi vicdanına, onun daxili inamına, öz-özünə olan
243
etibarına dəyəcək zərbədən sarsılacağından qorxurdum. Lakin
indi elə bil aylardan bəri çəkdiyim bu qorxu birdən-birə yox
olurdu. Məndə Fuadın işinə, onun mübahisəli təcrübələrinə elə
inam, elə etibar hissi əmələ gəlmişdi ki, çoxdan bəri özümü
belə arxayın hiss eləməmişdim. Əlbəttə elmi şurada çıxış
etməzdən əvvəl dönə-dönə o təcrübələri yoxlamaq lazımdır.
Mən onları şəxsən özüm yoxlayacağam. Mən bu yoxlamaların
müsbət nəticəsinə artıq həştad yox, yüz faiz əminəm. Daha
doğrusu, doxsan doqquz faiz elmi dəqiqlik tələb edir.
Kefim yenə durulmuşdu. Balaxanı şosesində avtobusa
gənclər doluşdular. O saat da bərkdən "Ala göz" mahnısını
oxumağa başladılar. Qabaq cərgədəki uşaq onlardan qorxub
ağlamağa başladı. Təsbehli kişi zənbilindən bir salxım qara
şanı çıxardıb uşağa uzatdı:
–Al, bala, al, ağlama, hə pişt, hə pişt.
Uşaq sakit oldu.
Avtobus Bakıya girdi.
Yağış kəsdi...
1962
|