Acınohur neft-qaz perspektivli rayonu ərazisində Yer qabığı deformasiyalarının tədqiqi



Yüklə 1,33 Mb.
tarix17.05.2022
ölçüsü1,33 Mb.
#58323
Mirzoyeva Meryem tezis, 2022


Acınohur neft-qaz perspektivli rayonu ərazisində Yer qabığı deformasiyalarının tədqiqi (Gəmiqaya-Acıbulaq struktur zonası timsalında).

Məryəm Əfqan qızı Mirzoyeva

Elmi rəhbər: y.e.f.d. Aynur Zamanova

AMEA Neft və Qaz İnstitutu

Bakı, Azərbaycan



Açar sözlər: Acınohur, geodinamika, deformasiya

Acınohur rayonu Kür dağlararası çökəkliyinin şimali-şərq kənar hissəsini, şərqdə Girdmançay və qərbdə Alazan çayları arasında yerləşməklə Böyük Qafqazın cənub yamacının xeyli hissəsini əhatə edir. Acınohur struktur zonası perspektivli neft-qaz rayonuna aid edilsə də uzun illər aparılan geoloji-axtarış işlərinə baxmayaraq, rayonun neft-qazlılığına aid bir sıra məsələlər həll olunmamış qalır. Təhlillər göstərir ki, Acınohur neftli-qazlı rayonunun dərinlik quruluşunun öyrənilməsi və burada yeni neft-qaz yataqlarının aşkar edilməsi üçün müasir geofiziki metodların tətbiqinə ehtiyac var. Xüsusilə ÜDN seysmik işlərinin az effektivliyi aspektindən baxdıqda, neft-qaz yataqlarının axtarışında geodinamik parametrlərin istifadəsi ilə yeni kəşfiyyat üsullarının tətbiqinin zəruri olduğu görünür.

Bu yeni geofiziki kəşfiyyat üsulu mühitin dinamikasının, onun geodinamiki proseslərlə əlaqədar olan fiziki xüsusiyyətlərinin zaman dəyişmələrinin tədqiqinə yönəlmişdir. Yer qabığındakı flüidlərin geofiziki və tektonik proseslərdəki iştirakı, flüid axınları və geodinamiki proseslərin qarşılıqlı təsiri; geoloji mühit deformasiyasının flüid rejiminə təsiri kimi bir sıra məsələlərə aydınlıq gətirir.

Təqdim olunan tezisdə Acınohur perspektivli neft-qaz rayonunda son illərdə aparılmış bəzi geofiziki monitorinq işlərinin nəticələri təqdim olunmuşdur. Əsas məqsədi tədqiqat ərazisinin geodinamik rejiminin öyrənilməsidir. Flüidlərin dinamikasına təsir edə biləcək geodinamik şəraitin öyrənilməsi neft-qaz axtarışı üçün əsas ola bilər.

Tədqiqat aparılacaq profillər Acınohur sahəsinin Gəmiqaya-Acıbulaq perspektiv neft-qaz strukturu üzərində seçilmişdir. Profillərin yerləşmə sxemi şəkil 1-də göstərilmişdir. Seçilmiş profillər üzrə ölçmə nəticələri emal olunmuş və hər bir məntəqə üzrə yer qabığının üfüqi hərəkət sürətləri hesablanmışdır. İki məntəqə arasındakı deformasiyanın orta qiyməti məntəqələrdə üzrə GPS sürətləri əldə olunduqdan sonra bu məntəqələr arasındakı sürətlər fərqini aralarındakı məsafəyə bölməklə hesablanır (Şək.2 a).

Bu qayda ilə Katex-Şəki, Şəki-Qəbələ, Qəbələ-Yevlax, Yevlax-Borsunlu, Borsunlu Dəllər, Dəllər-Katex və Borsunlu-Şəki GPS məntəqələri arasında yer qabığı deformasiyalarının orta qiyməti hesablanmışdır. Nəticələr göstərir ki, Gəmiqaya-Acıbulaq struktur zonasında yer qabığı deformasiyalarının orta qiyməti şimal-qərbdən cənub-şərqə doğru azalır. Beləki, şimal-qərbdə Dəllər və Katex GPS məntəqələri arasında deformasiyanın orta qiyməti ~7.1 × 10-8 /il, cənub-şərqdə Qəbələ-Yevlax GPS məntəqələri arasında isə bu qiymət ~0.5 × 10-8 /il təşkil edir. Gəmiqaya-Acıbulaq struktur zonası yaxınlığında isə yer qabığı deformasiyasının orta qiyməti ~2.3 × 10-8 /il-dir. Eyni zamanda, struktur zonada təxminən şimaldan cənuba doğru yer qabığı deformasiyalarının orta qiymətində artma müşahidə olunmaqdadır. Beləki, şimalda Katex-Şəki və Şəki-Qəbələ GPS məntəqələrində yer qabığı deformasiyasının orta qiyməti uyğun olaraq, ~1.2 × 10-8 /il və ~2.0 × 10-8 /il, cənubda Yevlax-Borsunlu və Borsunlu-Dəllər məntəqələrində isə uyğun olaraq, ~4.5 × 10-8 /il və ~2.2 × 10-8 /il təşkil edir. Eyni zamanda, tədqiqat ərazisinin horizontal deformasiya sürəti sahəsinin daha dəqiq təyin olunması məqsədi ilə GPS müşahidə məlumatları əsasında Şen üsulu vasitəsilə hesablanmış deformasiyanın paylanması xəritəsi qurulmuşdur (Şək. 2b).





Şəkil 1. Profillərin yerləşmə sxemi.

Şərti işarələr: (T-1, T-2, T-3, T-4, T-5) - paralel Ş-Q istiqamətli birinci profil və ( T-S, T-N) - perpendikulyar Şm-C istiqamətli ikinci profil.


Şək.2.Tədqiqat ərazisi üçün iki məntəqə üsulu ilə yer qabığı deformasiyalarının qiymətləndirilməsi (a), Şen üsulu ilə hesablanmış deformasiyanın paylanması xəritəsi (b).

Şəkildən göründüyü kimi Gəmiqaya-Acıbulaq struktur zonası ərazisi sıxılma deformasiyası ilə səciyyələnir. Struktur zona dörd deformasiya maksimumu ilə əhatə olunmuşdur. Gəmiqaya-Acıbulaq struktur zonasında yer qabığı deformasiyalarının tədqiqi məqsədi ilə aparılmış GPS müşahidə nəticələrinin İki məntəqə və Şen üsulları ilə qiymətləndirilməsi bu strukturun olduqca mürəkkəb deformasiya-gərginlik şəraitində olduğunu göstərir. Belə ki, strukturun mərkəz hissəsində deformasiya sahəsinin minimum kənarlarında isə maksimum qiymətlərinin müşahidə edilmişdir.


Ədəbiyyat:

  1. Azərbaycanının Geologiyası, II cild. Bakı, “Elm” nəşriyyatı, Баку, 2015, 372 с.

  2. Azərbaycan Respublikasının neft və qaz yataqları və perspektivli strukturları xəritəsi. M 1:500 000. Baş red. X.B.Yusifzadə, 1985

Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin