Adil ƏSƏDOV: Bəs, xalqın mənəviyyatındakı zənginlikləri Azərbaycan gerçəkliyinə hopdurmadan, bizə yalnız Qərbdən daşınan dəyərlərlə cəmiyyəti gözəlləşdirə bilərikmi? Azərbaycanın dövləti Azərbaycan mənəviyyatının mücəssəməsi olmalıdır.
Yusif RÜSTƏMOV: Adil müəllimin mülahizələri ümumən qəbul olunmuş fikirlərə uyğun deyildir, amma, ümumən qəbul olunmuş fikirlərdən daha düzgündür. Xüsusən, indi müzakirə olunan mövzu ətrafında.
Müşfiq ŞÜKÜROV: Adil müəllim, Asif Ata ömrünün sonlarına yaxın çox din, din deyirdi. Bu məni qorxutdu. Elə buna görə də ondan uzaqlaşdım. İndi Siz də elə dövlət, dövlət, hökmdar, hökmdar deyirsiniz.
Adil ƏSƏDOV: Amma, ümid edirəm ömrümün sonuna hələ çox var.
Müşfiq ŞÜKÜROV: Doğrusu bir məsələ məni narahat edir. Adil müəllim, cəmiyyəti əsas qayğı obyekti götürən filosof üçün Mütləq Həqiqət əsas olaraq qala bilərmi? Mənə elə gəlir ki, bu halda filosof hakim təfəkkürü üstdə köklənir.
Adil ƏSƏDOV: Qoyduğunuz sualı müsbət cavablandırıram. Sonuncu cümləniz ilə isə tamamilə razıyam, amma ona Sizin verdiyiniz məna yox, mənim verəcəyim məna verilsə. Mən aristokratik dünyagörüşün bir ifadəçisi olaraq, bəlkə də, hakim təfəkkürünün nəzəriyyəçisiyəm. Bu, birmənalı olaraq belədir. Mənim təfəkkürüm əslində, öz təbiəti etibarı ilə hakim təfəkkürüdür. Yeri gəlmişkən mən ümumiyyətlə hakim təfəkkürünü müxalifətçi təfəkküründən fərqləndirərdim. Bu fərq, düşünürəm ki, siyasi səciyyə daşımaqdan daha çox, psixoloji səciyyə daşıyır. Müxalifətçi təfəkkürünün daşıyıcısı hər zaman və hər yerdə, bir qayda olaraq, yalnız pis cəhətləri axtarır və həmin bu pis cəhətləri də mütləqləşdirir, onun diqqət mərkəzində dünyanın gözəlliklərindən daha çox, dünyanın eybəcərlikləri dayanır. Hakim təfəkkürünün daşıyıcısı isə bir qayda olaraq uğurları, müvəffəqiyyəti, gözəllikləri görməyə meyillidir, eybəcərlikləri isə mütləqləşdirməyə deyil, daha çox aradan qaldırmağa qərarlıdır.
Müşfiq ŞÜKÜROV: Hakim üçün kəmiyyət keyfiyyətdən önəmlidir. “Cəmin xatirinə təkcəni qurban vermək olar”, düşünür hakim. Əsil Həqiqət «cəm həqiqəti», haradasa, statistik, inteqral həqiqət ilə əvəz olunur bu məntiqdə. Dostoyevski isə bəşərin xilası üçün bir körpənin göz yaşlarına da qıya bilmirdi…
Adil ƏSƏDOV: Cəmiyyətin himayə prinsipi üzərində təşkilatlanma zərurəti və bu zərurəti ifadə edən aristokratik siyasi doktrina elə körpənin, müdafiəyə möhtac olanın himayəsini nəzərdə tutur. Körpə yırtıcının pəncəsinə verilməsin deyə, aristokratizm lazımdır, aristokratizmin – insanları himayə etmə, qoruma instinktinin sosial mücəssəməsidir.
Müşfiq ŞÜKÜROV: Adil müəllim, Sizin ideal situasiya kimi təsvir etdiyiniz himayə, yalnız anonimlik şəraitində, məsələn, dövlət himayəsi şəraitində müəyyən qiymətə malikdir. Əksər təzahür formalarında himayəçi ilə himayə olunan münasibətləri qeyri-sağlam situasiyanın yaranması ilə nəticələnir. Valideyn – övlad, həkim – xəstə, müəllim – tələbə… münasibətləri heç də idillik münasibətlər deyil, ən nümunəvi halları götürdükdə belə. Zəruri, həyati münasibətlərdir, amma mütləq münasibətlər deyildir. Şərq mistikləri ayaq üstə qoya bildikləri tələbələrini özlərindən uzaqlaşdırırdılar. Himayənin ağır yük olduğunun fərqində idilər.
Adil ƏSƏDOV: İnsanları himayə etmək, onların həyatı və xoşbəxtliyi üçün məsuliyyəti öz üzərinə götürmək, əlbəttə ki, ağır yükdür. Lakin məsələnin başqa bir tərəfi də, əlbəttə ki, vardır: Müəlliminin birbaşa himayəsi, qayğısı, nəzarəti altında olan tələbəni müəllim heç zaman, sözün böyük mənasında, «ayaq üstə qoya» bilmir. Bir müəllimi onu özündən ayırsa da, o, özünə həmişə başqa, təzə müəllimlər axtarır. O ki, qaldı dövlət himayəsinin anonimliyi ilə bağlı Sizin qeydinizə, dövləti anonim hesab etmək, məncə, naşükürlükdür. Dövlət – onsuz da, öz-özünə, insani müdaxilə olmadan da mövcud olan bir şey deyildir, gərgin siyasi yaradıcılığın məhsuludur.
İsaxan VƏLİYEV: Adil müəllim dövləti himayə sistemi kimi təqdim edir. Bu, çox maraqlı nəzəriyyə olmaqla yanaşı, həm də yeni nəzəriyyədir. Nə fəlsəfədə, nə də hüquqda belə bir nəzəriyyə hələ ki olmamışdır.
Müşfiq ŞÜKÜROV: Amma Adil müəllimin bütün fikirləri ilə də razılaşmaq olmaz. Adil müəllim qeyd edir ki, «aristokratik lider sıravinin…ürəyini onun özündən daha yaxşı duyur». Bu fikir çox məsuliyyətli mühakimədir. Teymur Nəsimini, Napoleon Tolstoyu onların özündən daha yaxşı duyur deməkdir. Mən tarixi liderləri misal götürürəm, çünki bəşəri praktika bunları «istehsal etmək» iqtidarındadır. Teymurlar Nəsimilərin mahiyyətindən xəbərsizdirlər. Onların nə beyinlərinin, nə də ürəklərinin parametr göstəriciləri kifayət eləmir ki, təfəkkür yiyələrini axıra qədər anlaya bilsinlər. Onlar nəsimiləri hakimiyyətlərinə yalnız təhlükə meyarı ilə qiymətləndirirlər. Bu yolla mütəfəkkiri dərk etmək isə onu tərəzidə çəkməklə dərk etmək qədər uğursuzdur. Hakimin həqiqəti hakimiyyətdir, o, başqa bir şeyə uymağa, onu dərk etməyə meyilli deyil. Dərk etmədə ümumiyyətlə aşırı iradə maneədir, Sizə elə gəlmirmi?
Adil ƏSƏDOV: Yox, mənə qətiyyən elə gəlmir. Əmir Teymur Nəsimini himayə edirdi. Bu, bir tarixi faktdır. Nəsiminin düşmənləri onu yalnız Teymurun ölümündən sonra edam edə bildilər. Dövlət ümumiyyətlə insanların bir qismini digər qisminin təcavüzündən himayə etməyə təyinatlıdır. Dövlətin belə bir səciyyəsi müəyyən dərəcədə marksizmdə də vardır. Marksizm belə güman edir ki, dövlət istehsal vasitələri üzərində mülkiyyət sahibi olanları istehsal vasitələri üzərində mülkiyyət sahibi olmayanlardan quruyur, himayə edir. Lakin dövlət marksizmin güman etdiyi kimi, yalnız və sadəcə olaraq istehsal vasitələri üzərində mülkiyyət sahibi olanları, bir qədər sadələşdirilmiş şəkildə desək, var-dövlət sahiblərini var-dövlət sahibi olmayanlardan, varlıları kasıblardan xilas etməyə təyinatlı deyildir. Dövlət ümumiyyətlə haqlını haqsızın təzyiqindən xilas etməyə, himayə etməyə təyinatlıdır. Buraya onu da əlavə etmək olar ki, dövlət bir çox hallarda həyatda uğur qazananları həyatda uğur qazanmayanların təzyiqindən, uğursuzluğa düçar olanların qəzəbindən də xilas etməli olur. İstedadlıları istedadsızlardan, Tanrı vergisinə sahib olanları Tanrı vergisinə sahib olmayanlardan himayə emək öhdəliyi də bir çox hallarda məhz dövlətin üzərinə düşür. Bu bir. İkincisi, nə Nəsimi, nə də Tolstoy sıravi deyildilər, əksinə, lider idilər. Onların hər biri zəkalar hökmdarı idi. Əlbəttə ki, Nəsiminin də, Tolstoyun öz sıraviləri də vardı: Nəsimi üçün – dərvişlər, Tolstoy üçün isə tolstoyçular. Özü də təkcə onlar yox. Nəsimi də, Tolstoy da milyonlarla insani zəka üzərində nüfuza və hakimiyyətə malikdirlər. Həmçinin elə Teymur və Napoleon da. Nəsimi və Tolstoy milyonlarla zəkalar üzərində hökmdar olduqları halda, Əmir Teymur və Napoleon milyonlarla iradə üzərində hökmdar idilər və bəlkə də, tarixin canlı bir nümunəsi kimi elə indi də hökmdar olaraq da qalırlar. «Bəşəri praktika onları istehsal etmək iqtidarındadır», deyirsiniz. Bu, yəqin ki, elə belədir, doğrudur. Qəhrəmanlar haqqında əfsanələr yeni qəhrəmanları doğurduğu kimi, hökmdarlar tarixi də yeni hökmdarları doğurur. Hökmdarlar tarixi möhtəşəm insan iradəsinin təsvirçisi olmaqla insani iradənin qüdrətinə olan insani inamı bəşərin şüurunda əbədi olaraq yaşatmaq üçündür.
Müşfiq ŞÜKÜROV: İradə daxildə uğultu yaradır, başqasını eşitməyə mane olur. Başqasını eşitmək üçün özünü dəf etməyi bacarasan gərək. Sizin fəlsəfənizin dili ilə deyilərsə – feminin olmağı da bacarasan gərək. Amma iradə yiyələri yalnız və yalnız maskulin olurlar, yəni özlərini eşidirlər, başqalarına qulaq asanda belə. Doğrudan da, çox qəribə «qulaq asma» üsuludur. Lider anlamağa başlayanda liderliyini itirir. Bu xarakterli məğlubiyyət onun üçün yolverilməzdir. Tarixi liderləri, hökmdarları, şahları məhdud adam hesab edirəm. Onların cəmiyyətə gətirdikləri nisbi xeyri danmasam da.
Adil ƏSƏDOV: Ötən söhbətlərimizin birində, Gözəlliyin fəlsəfəsinin müzakirəsi zamanı Siz Taqoramı, yoxsa Tolstoyamı münasibətdə şah sözünü necə ehtiramla tələffüz etdiyinizi yaxşı xatırlayıram. Siz deyəsən Tolstoyu və Taqoru şah «prozaiklər» adlandırmış və onları Şekspir və İbsen kimi şah «dramaturqlara» qarşı qoymuşdunuz. Siz tarixi liderlərin, hökmdarların, şahların, və ən nəhayət totalitarizmin nə qədər əleyhinə olsanız belə, şah sözünü necə də bir ehtiramla işlətdiyinizə diqqət yetirin?! Bu ehtiram Sizin ürəyinizin səsini, totalitarizmlə barışmazlıq isə Sizin real problemlərin həllindən yayınmağa meyilli olan, elə etiraflarınızdan göründüyü kimi feminin yönümlü ağlınızın səsini ifadə edir. Ən azı, elə bu səbəbdən də, tarixi liderləri məhdud adam hesab etməyinizdə, açığını desəm, onlara qarşı yalnız bir həsəd hissinin ifadəsini görürəm. Sıravinin liderə olan münasibətində, kütlənin şəxsiyyətə olan münasibətində, və, ümumiyyətlə, özündə maskulin başlanğıcı daşımalı olduğu halda, feminin başlanğıc daşıyıcısı olanın maskulin başlanğıc daşıyıcısına olan münasibətində, təəssüf ki, həmişə heyranlıq hissləri ilə yanaşı, həsəd hissləri də yaşanmışdır. Deyirsiniz, feminin olmağı bacarasan gərək. Özü də bu mülahizəni mənim fəlsəfəmə iqtibas edərək söyləyirsiniz. Mənsə, bunun tamamilə əksini düşünürəm. Mən yalnız qadının feminin olma zərurətini vurğulamışam. Kişinin feminin xüsusiyyətlərin daşıyıcısı olması eybəcərlikdir. Qadın isə yalnız feminin başlanğıcın mücəssəməsi olduqda idealdır, gözəldir. İcazə verin, qadın təbiəti ilə bağlı mövqeyimi bir daha dəqiqləşdirim. Qadın - sözün tam mənasında Qadın olmalıdır, incə, zərif, məlahətli, şəfqətli, mülayim, mədəni bir xanım olmalıdır, mehribanlığın və xoş rəftarın qoruyucusu olmalıdır, əgər o, körpədirsə, kiçikdirsə, şıltaq, qılıqlı bir qızcığaz, əgər o öz uşaqlıq dövrünü artıq başa çatdırıbsa, ailə qurmaq üçün ismətli, həyalı, bir qədər də, nazlı, işvəli, yetkin bir qız, əgər o, bir ər oğulun artıq evinin dirəyidirsə, onun qan yaddaşına əbədiyyət bəxş etməyi bacarmalıdır, onun ocağını sönməyə qoymamalıdır, sədaqətli bir xanım olmalıdır, əgər o, artıq bir anadırsa, balasını qayğıya qərq edən, onun üzərində yarpaq tək əsən, ağrılarına dözən, əzablarına qatlaşan, ən kiçik uğuruna belə uşaq tək sevinən müqəddəs bir varlıq olmalıdır. Qadın – insani mahiyyətin hələ ki gerçəkləşməyən məzmununun itirilməməsi üçün onu qəbul etməyə, öz bətnində, qoynunda, qayğı məkanında bəsləməyə təyinatlıdır. Qadın bir ana olaraq, unikaldır, təkrarolunmazdır. Analıq öhdəliklərini özünə yük bilən qadın isə adiləşir. Adiləşmə – öz unikallığını itirmədir, çoxsaylı insanlardan birinə çevrilmədir. Kişi və qadın psixologiyaları arasında mənim göstərdiyim bir fərqi isə düzgün anlamısınız: kişi daha çox ürəyinin səsini eşidir, qadın isə daha çox ətrafına diqqətlidir.
Aytən QULİYEVA: Mənim xəyalımda isə ideal qadın – Azərbaycan mentalitetinə uyğun olan bir qadındır. Azərbaycan mentalitetinə uyğun olan bir qadın dedikdə isə, ilk növbədə, gözlərim önündə ağbirçək bir ana canlanır. Onun hündür boyu, dolu, ağ vücudu, ağ saçları, boyasız və nura boyanmış siması vardır, başı örpəklidir, həyalıdır, abırlıdır, namusludur, ismətlidir, hər şeyin yerini biləndır.
Adil ƏSƏDOV: Bu xarakteristika nədir? Mənim ideal qadın obrazına verdiyim səciyyənin davamımı? İdeal qadının son yaş həddində təsvirimi, yoxsa, Azərbaycanın bir simvolumu?
Aytən QULİYEVA: Məncə, Sizin ideal qadın obrazına verdiyiniz səciyyənin davamı.
Tural MƏHƏRRƏMOV: Adil müəllim, mənim də Sizə bir sualım var. Siz qeyd edirsiniz ki, aristokratizm – maskulin təbiətlidir, demokratizm isə – feminin təbiətli. İndiki dövr də demokratizmin getdikcə daha çox inkişaf etdiyi dövrdür. Bütün bunlardan belə bir nəticə çıxmırmı ki, indiki dövrdə hökmdarlar daha çox qadın olmalıdırlar.
Adil ƏSƏDOV: Demokratik lider özündə bir qədər feminin başlanğıcı da daşıyır. Lakin elə əslində də, mahiyyəti etibarı ilə, demokratik olan və mahiyyəti etibarı ilə feminin olan hökmdar – təhlükəlidir.
Ləman SƏMƏDOVA: Qadının dövlətdə hökmdar olması, qadının evdə hökmran olmasına bənzəyir və bu da bir eybəcərlikdir.
Mətanət ABDULLAYEVA: Etiraz edirəm. Adil müəllim, mən Sizin öncə söylədiyiniz fikirlərə qayıtmaq istərdim. Kişi və qadın başlanğıcları, hər halda, hər bir kəsdə olmalıdır. Bunlardan hər biri – insani başlanğıcdır.
Adil ƏSƏDOV: Kişi və qadın başlanğıclarının hər ikisini özündə birləşdirən insanı cins psixologiyası qarışıq tip adlandırır. Nəzərinizə çatdırım ki, psixologiya qarışıq tipdən başqa cinsiyyət baxımından daha üç tipi tanıyır: maskulin, feminin və qeyri-müəyyən tiplər. Qarışıq tip özündə həm kişi, həm də qadın xüsusiyyətlərini daşıdığı halda, maskulin tip yalnız kişi xüsusiyyətlərini, ilk növbədə, əlbəttə ki, mərdliyi, cəsarəti, qətiyyəti, feminin tip isə yalnız qadın xüsusiyyətlərini, ilk növbədə, əlbəttə ki, incəliyi, zərifliyi, xeyirxahlığı, mədəniyyətliliyi, nəzakəti, nəvazişi daşıyır. O ki, qaldı qeyri-müəyyən tipə, onda nə kişi xüsusiyyətləri, nə də qadın xüsusiyyətləri aşkar bir şəkildə görünmür, nə mərdlik nümayiş etdirə bilmir, nə də nəvaziş, xalis maskulin tipdən və xalis feminin tipdən fərqli olaraq.
Mətanət ABDULLAYEVA: Adil müəllim, Sizin xalis maskulin tip və xalis feminin tip adlandırdıqlarınız – yarımçıq, tamamlanmamış insanlardırlar.
Adil ƏSƏDOV: Xalis maskulin tip xalis feminin tipin yanaşılığı ilə tamamlanmalıdır. Azərbaycan dilində yar və yarı sözləri arasında oxşarlığa fikir verin. Ruslar bir kəsin xanımı haqqında danışanda Ваша вторая половина deyirlər. Və nəhayət, Platonun o məşhur Ziyafətini yada salın: Dünyada hər bir kəsin öz yarısı var, həyatın mənası da, bəlkə, özünün ikinci yarısını tapmaqda və ona qovuşmaqdadır, Sizin dediyiniz yarımçılıqdan, tamamlanmamış vəziyyətdən qurtulmağın yolu, məncə, budur.
Vidadi ƏHMƏDOV: Adil müəllim, mən bir hüquqşünas olaraq konkret bir məsələdə Sizin mövqeyinizi bilmək istərdim: Ailə münaqişələrinə səbəb nədir? Kişi və qadın arasında ağıl fərqimi, yoxsa, kişinin hakimiyyətinə qadının bir etirazımı, kişi hakimiyyəti ilə barışmazlığımı? Məsələn, bu bir elmi faktdır ki, qadının beyni kişinin beynindən daha kiçikdir.
Adil ƏSƏDOV: Doğrusu, mən kişinin qadından daha ağıllı olduğunu söyləyə bilmərəm. Kişinin və qadının malik olduqları zehni qabiliyyətlər, sadəcə olaraq, bir-birindən fərqlidir. Kişinin ağlı daha çox daxili instinktlərdən qidalanır, Kanta və sonradan həm də Hegelə mənsub olan terminologiyadan istifadə edilsə, zəka xarakterlidir. Qadının ağlı isə daha çox xarici mənbələrdən – ictimai şüurdan, ictimai rəydən qidalanır, elə həmin terminologiyadan bir daha istifadə edilsə, dərrakə xarakterlidir. Ailədə kişi ağlının da, qadın ağlının da öz yeri var. Qadın ağlı – ictimai praktikanın, cəmiyyətin əldə etdiyi təcrübənin ailə problemlərinin həlli üçün istifadə olunmasında son dərəcə əhəmiyyətlidir. Qərar qəbul etmə məsuliyyəti isə həmişə kişinindir, qərar üçün əsas ola bilən ideya kişinin özündən də gəlsə, qadından da gəlsə. İndi isə qadının kişi hakimiyyəti ilə barışmazlığı ilə bağlı Sizin söylədiyiniz mülahizəyə də bir münasibət bildirmək istərdim. Əgər ailə – gözəl ailədirsə, ideal ailədirsə, burada belə bir barışmazlıq, düşünürəm ki, yoxdur. İdeal ailədə qadın ərinin hörmətli olmasından, hakimiyyətli olmasından, bir qədər, zəhmli olmasından, hökmlü olmasından qürur duyur. Ərinin hörmətli olmasını, hakimiyyətli olmasını, bir qədər, zəhmli olmasını, hökmlü olmasını istəməyən qadın ideal həyat yoldaşı olmaqdan çox uzaqdır. Ərini hörmətsiz, hakimiyyətsiz görmək istəyən qadın idealın tam əksliyidir. İdeal ailə – məhəbbət üzərində qurulan ailədir. Məhəbbət isə eqoizmin tam inkarıdır, özünü unutma və özünü tam təslim etmə deməkdir, özünü tam könlü ilə başqasının ixtiyarına vermə deməkdir. Sevən adam – bütün qəlbi ilə etibar edən adamdır. Sevən adam sevdiyi kəsin təkcə rasional iradəsinin deyil, həm də təhtəlşüur iradəsinin gerçəkləşdiricisidir. Sevən adam sevdiyi kəsin təkcə dediyi, dilə gətirdiyi arzularının deyil, həm də, hələ demədiyi, dilə gətirmədiyi, bəlkə də, hələ ki sona qədər hələ anlamadığı arzularının yerinə yetirilməsinə müntəzirdir. Əgər xatırlayırsınızsa, belə bir ailəni mən aristokratik ailə adlandırmışam və onu demokratik və tiranik ailələrə qarşı qoymuşam. Aristokratik ailə – məhəbbət hissi üzərində bərqərar olduğu halda, tiranik ailə qorxu hissi üzərində, demokratik ailə isə hörmət hissi üzərində bərqərar olur. O ailədə ki, kişini nə sevirlər, nə ondan, necə deyərlər, qorxurlar, nə də ona hörmət bəsləyirlər, bu artıq ailə deyil. Ailə münaqişələri dediyiniz həmin o hadisə yalnız bu halda və bu məkanda baş verir.
Ləman SƏMƏDOVA: Adil müəllim, Sizin bütün bu fikirlərlə razılaşmamaq qətiyyən mümkün deyil.
Vidadi ƏHMƏDOV: Ən ideal ailə – qarşılıqlı hörmət hissi üzərində qurulmuş ailə deyilmi?
Adil ƏSƏDOV: Tolstoy özünün o məşhur Anna Kareninasında Anna Kareninanın dilindən gözəl bir fikir irəli sürür: hörmət sözünü insanlar ona görə yaradıblar ki, məhəbbətlə dolmalı olan boşluğu ifadə edə bilsinlər. Anna Karenina bir insan olaraq idealdan çox uzaqdır, bəlkə də, hətta idealın antipodudur. Lakin, onun dilindən söylənilən bu sözlərdə dərin bir məna daşınır.
Müşfiq ŞÜKÜROV: Adil müəllim, Siz bir yerdə qeyd edirsiniz ki, adətən güclü kişilərin xanımları gözəl olurlar. Bunu necə başa düşmək olar? Yəqin ki, güclü olanlar – daha imkanlılardır. Buna görə də, bir qədər birbaşa və kobud deyilərsə, gözəl qızlar məhz onları seçirlər.
Adil ƏSƏDOV: Xeyr, mən bunu nəzərdə tutmuram. Kişi güclü olmadığı halda, hətta, ən gözəl bir qızla ailə qurduqda belə onu bədbəxt edir, və bununla da, onu əslində, eybəcərləşdirir.
Ləman SƏMƏDOVA: Elədir.
Adil ƏSƏDOV: Güclü kişi – problemlərini həll edə bilən və bununla da həm də öz xanımını və bütövlükdə öz ailəsini xoşbəxt edə bilən kəsdir. Kişi gücləndikcə onun xanımı və bütün ailəsi xoşbəxt olur və gözəl görünür. Kişi nə qədər güclüdürsə, onun xanımı bir o qədər də xoşbəxtdir və elə buna görə də, bunun nəticəsində də, gözəldir. Xanımın gözəlliyi – kişi gücünün bir ölçüsü və ifadəsidir.
Bəkir NƏBİYEV: Ola bilməz. Qadının gözəl olması ilə kişinin qüdrətli və qüdrətsiz olması arasında heç bir əlaqə yoxdur.
Tofiq KÖÇƏRLİ: Adil müəllimin fikirlərini bəşərin bütün təcrübəsi təkzib edir. Belə bir şey ola bilməz.
Ləman SƏMƏDOVA: Amma doğrusu, Adil müəllimin öncə dediyi sözlər mənim çox xoşuma gəldi, kişi güclü olanda ailədə hər bir şey yerində olur, xoşbəxtlik də, gözəllik də. Bu ailəni ideal və xoşbəxt saymaq olar.
Müşfiq ŞÜKÜROV: Adil müəllim, bir arqumentə də münasibətinizi bilmək maraqlıdır. Fəlsəfənizlə tanışlıqdan belə təəssürat yaranır ki, Sizə görə yalnız zadəgan psixologiyasının daşıyıcısı insan kimi özünü tam realizə edə bilər, sufilərin dili ilə desək, kamil insan ola bilər. Əgər belədirsə, bu, gerçəkliyin insan üzərindəki diktaturasını artırmağa, insanın isə daxili azadlığını azaltmağa xidmət etmirmi? Psixologiyaya gəlincə isə... Lao tszı kəndli psixologiyasını, Sokrat şəhərli psixologiyasını, Kəbir sənətkar psixologiyasını bir paltar kimi daşıdı, «paltarla» eyniləşmədən.
Adil ƏSƏDOV: Zadəgan o kəsdir ki, həqiqi həyatı həm özü yaşayır, həm də özgələrinə yaşatdırır. Zadəgan – zadəgan kimi, şəhərli – şəhərli kimi, kəndli də – kəndli kimi özünü reallaşdırmalıdır. Lao-tszı, doğrudan da, kəndli psixologiyasını fəlsəfiləşdirdi. Kəbir də sənətkar psixologiyasını tərənnüm etdi. O ki, qaldı Sokrata, o heç zaman, sözün həqiqi mənasında, şəhərli olmadı, nə şəhərli paltarını geydi, nə də şəhərli psixologiyasına sahib durdu. Yeri gəlmişkən qeyd edim ki, şəhərlilik, kəndlilik və həmçinin də, zadəganlıq və cəngavərlik hadisələri təkcə sosial mənşəli hadisələr deyildir, daha ümumi səciyyə daşıyan hadisələrdir, mən hətta müəyyən mənada deyərdim ki, bütün Yer üzünə, bütün Kainata, zamanın müxtəlif məqamlarına xas olan hadisələrin təzahür formalarıdır, ən azı simvollarıdır. Zadəgan – səhərin simvolu, kəndli – gündüzün, şəhərli – axşamın, cəngavər isə – gecənin simvoludur. Görünür heç də təsadüfi deyildir ki, ingilislər cəngavər və gecə mənalarını verən knight və night sözlərini bir qədər müxtəlif cür yazsalar da, eyni cür tələffüz edirlər. Knight(cəngavər) və night (gecə) sözləri arasında oxşarlıq bir də o səbəbdəndir ki, gündüz kənardan işıq almaq mənasına malik olduğu halda, gecə kənardan işıq almamaq mənasına malikdir və cəngavər həm də işığı öz daxilindən alan kəsdir. Ən ümumi cizgilərdə götürülsə, gecə - ideyanın təbii təşəkkül prosesidir, səhər - ideyanın doğuluş çağı və qərar qəbul etmə məqamı olduğu halda, gündüz - qərarı gerçəkləşdirmək zamanı, axşam isə - görülən işi təhlil etmək, yekunlaşdırmaq, nəticə çıxarmaq çağıdır. Bir qədər geniş, və bir qədər də məcazi mənada fikir yürütsək, gecə ana bətnində baş verən formalaşma, yetişmə, təşəkkül prosesinin bir simvolu, səhər doğuluşun simvolu, gündüz yaşa dolmanın, axşam isə qocalığın və ölümün simvolu kimi mənalandırıla bilər. Başqa bir paralel: Gecə - dünyanın öz daxili işığına, mahiyyətinə qayıdışının, özünəqapanmasının, səhər dünyanın nura qərq olaraq gözəlləşmə çağının, gündüz - gur işığa bürünərək aydınlaşan dünyadan faydalanma çağının, axşam isə – dünyanın zahirdən gələn gur işıqdan artıq yorulması və özünü ondan qoparıb ayırması çağının rəmzləridir. İstərdim ki, bu fikrin illüstrasiyası üçün yunan tarixinə bir ekskurs edək: Axey dövrü gecənin təcəssümü olaraq cəngavərlik dövrüdür, arxaik dövr sabahın təcəssümü olaraq zadəgan dövrüdür, klassik dövr gündüzün təcəssümü olaraq şəhərlinin, son əsrlər axşamın təcəssümü olaraq kəndlinin dövrüdür. Axey dövrü xalqın talanlara məruz qaldığı və buna görə də xoşbəxt ola bilmədiyi dövr idi, başqa cür, estetik terminologiyanın dili ilə deyilərsə, eybəcər dövr idi. Klassik dövr xalqın zahiri təmtəraqla bəzəndiyi, lakin, məruz qaldığı mənəvi sarsıntılar ucbatından xoşbəxt ola bilmədiyi dövr idi, mənəvi eybəcərlik dövrü idi. Son əsrlər xalqın transsendent dünyada özünə mənəvi bir dayaq tapdığı, lakin, real dünyada isə xoşbəxt ola bilmədiyi bir dövr idi, idealı transsendent dünyaya atılan reallığın eybəcərliyə düçar olduğu bir dövr idi. Dünya isə yalnız zadəgan ruhunun hökmü ilə qurulduqda gözəl olur.
Müşfiq ŞÜKÜROV: Fəlsəfə mütləq harmoniya axtarışındadır. Lakin Sizə elə gəlmirmi ki, Sizin mütləqləşdirdiyiniz aristokratik doktrina nisbi harmoniyaya xidmət edir. Zadəgan bir fövqəlinsan olaraq yaşayır, qalanları isə onun gözəl və mənalı həyatının təminatçısı «səadətinə» qovuşur. Heç yerdə qeyd olunmur ki, həyatının mənasını özgədən alanın həqiqi səadəti ola bilməz. Müstəqil olmayan yaşamır, əslində (A.Ata)! Problem budu! Və bu tənliyin mütləq həlli yoxdur. Nisbi, təxmini həllər ola bilər. Dünyanın öz imkansızlığına ilişir hər şey. Və bu sədd aşılmazdır.
Adil ƏSƏDOV: Dünyanın imkanları sonsuz və tükənməzdir. İnsanın imkanları isə, bir daha vurğulayıram ki, onun ağlının ölçüləri qədərdir. Zadəgan həm də ona görə lazımdır ki, insani ağılın imkanlarını insanların özlərinə açıb göstərsin və bununla da, nəticədə onların həm də real imkanlarını da bir qədər də genişləndirsin. Bu, bir. İkincisi, mən dəfələrlə eşitmişəm ki, məni Sizin Ata adlandırdığınız Asif Əfəndiyevlə müqayisə edirlər, mənimlə Asif müəllim arasında ümumi cəhətlər axtarırlar. Hətta, Sizin özünüz də bunu dəfələrlə etmisiniz. Bu səylər, doğrusu, məndə ziddiyyətli hisslər yaradır. Mən Asif müəllimə böyük ehtiramla yanaşıram, lakin, digər tərəfdən, onun taleyini də yaşamaq istəmirəm. İndi Siz Asif müəllimin fikirlərini mənə qarşı qoyursunuz. Xahiş edirəm, öz sözlərinizlə danışın.